Məhkəmə qərarları › İş №1(046)-98/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-98/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-98/2025 12.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, Göyçay rayonu Qaraxıdır kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını yaşadığı Göyçay rayonu, Qaraxıdır kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq torpağa əkib yetişdirərək kultivasiya etmiş, 01 iyul 2025-ci il tarixdə saat 22:12 dəqiqədən saat 22:37-dək Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda əkib yetişdirərək kultivasiya etdiyi yaş vəziyyətdə ümumi çəkiləri 560,0 qram olan 03 (üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 01 iyul 2025-ci il tarixdə saat 22 radələrində yaşadığı Göyçay rayonu Qaraxıdır kəndində olan zaman polis əməkdaşları onun yaşadığı evin qarşısına gəlib ona yaşadığı evdə narkotik tərkibli çətənə kolları əkməkdə şübhəli olduğunu, bu səbəbdən də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər, polis əməkdaşlarına etiraz etməmiş, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmələrinə etirazının olmamasını bildirib evin həyətyanı sahəsində çətənə tərkibli bitkilər əkdiyini, həmin bitkilərin yerini göstərə biləcəyini bildirmişdir. Polis əməkdaşları ilə birlikdə evinin həyətyanı sahəsinə daxil olmuş, evinin həyətində əkib yetişdirdiyi 03 ədəd çətənə kolunun olduğu yeri polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları ondan həmin çətənə kollarını nə vaxt və hansı məqsədlə əkdiyini soruşmuş, polislərə həmin çətənə kollarını 2 ay bundan əvvəl əkdiyini və həmin kollardan şəxsi istifadə üçün narkotik vasitə marixuana əldə etmək istədiyini demiş, bundan sonra kolların uzunluğu ölçülmüş, çətənə kollarının uzunluqlarının 0,68 metr, 0, 76 metr və 2,38 metr olduğu müəyyən edilmiş, daha sonra orada olan mütəxəssis tərəfindən torpaq nümunəsi götürülmüş, qablaşdırılmış, aşkar edilmiş çətənə kolları bir kisəyə qoyularaq qablaşdırılmış, üzəri imzalanmışdır. Çətənə bitkilərinin çəkisi 0.620 kq təşkil etmiş, daha sonra ondan yenə də yaşadığı evin həyətində və ya evdə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, polis əməkdaşlarına yerini göstərdiyi çətənə kollarından başqa yaşadığı evdə və ya həyətyanı sahəsində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Baxış yekunlaşdıqdan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, şöbədə Müdafiəçi ilə təmin olunmuş, daha sonra isə videogörüntü vasitəsilə həyətindən aşkar edilərək qablaşdırılmış çətənə kolları təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu Qaraxıdır kəndində yerləşən həyətyanı torpaq sahəsində çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi, Göyçay rayonu Qaraxıdır kəndində yerləşən evin həyətinə və üzərinə baxış keçirilməsi üçün qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs özünə məxsus evdə olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 22:12 radələrində CAB-m əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və əməliyyat tədbirinə qoşulmuş aqronom Şahid7 ilə birlikdə Göyçay rayonu Qaraxıdır kəndində yerləşən evinə gedərək, Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs elan edib ona məxsus evə baxış keçiriləcəyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, baxış zamanı videoçəkilişdən istifadə edilmiş, videoçəkilişi əməliyyat müvəkkili Şahid5 həyata keçirmiş, əvvəlcə əməliyat tədbirində iştirak edən şəxslər barədə məlumat vermiş, saxlanılan Təqsirləndirilən şəxs üzərində və evində qanunsuz olaraq narkotik vasitə saxlamaqda, narkotik tərkibli çətənə kolu əkməkdə şübhəli olduğu üçün saxlanıldığını, polis şöbəsinə getdikdən sonra müdafiəçi ilə təmin olunacağını bildirmiş, Təqsirləndirilən şəxs üzərində və ya yaşadığı evdə qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs evində narkotik tərkibli ağaclar olduğunu, narkotik vasitə qurudulmuş marixuana olmadığını demiş, daha sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmış,Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evinin həyətində olan çətənə bitkilərinin yerini göstərməsini bildirmiş, Təqsirləndirilən şəxsla birlikdə evin həyətinə daxil olub çətənə kolları olan yerə getmiş, çətənə kolları olan yerə çatan zaman Təqsirləndirilən şəxs həmin çətənə kollarına qulluq edib-etmədiyini soruşmuş, Təqsirləndirilən şəxs isə həmin çətənə kollarına qulluq etdiyini, təxminən 1-2 ay əvvəl özü istifadə etmək üçün əkdiyini demiş, daha sonra həmin 3 ədəd kol torpaqdan çıxarılmış, aqronom tərəfindən torpaq nümunəsi götürülmüş, aşkar edilən kolların uzunluğunu ölçmüş, kolların uzunluğu 0, 68 metr, 0, 76 metr və 2,38 metr təşkil etmiş, daha sonra çətənə kollarının bitdiyi yerdən götürülmüş torpaq və çətənə kolları qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmiş, evin içərisindən də qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Göyçay RPŞ-nə gəlmişlər, təhqiqatçı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş, aşkar edilmiş maddi sübutlar götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Göyçay rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək özlərini təqdim etmiş, ona Təqsirləndirilən şəxs Göyçay rayonu Qaraxıdır kəndində yerləşən evində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu və həmin evdə baxış keçirəcəklərini, onu da əməliyyat tədbirinə cəlb etdiklərini bildirib həmin prosesdə aqronom ixtisası üzrə mütəxəssis qismində iştirak etməyini xahiş etmişlərlər. Keçiriləcək baxışda iştirak etməyə könüllü olaraq razılıq vermiş, polis işçiləri ilə birlikdə Təqsirləndirilən şəxs məxsus Qaraxıdır kənində yerləşən evə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs evdə olduğundan həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həyətində əkib becərdiyi 03 ədəd çətənə bitkisini göstərmiş,həmin bitkilər kökündən torpaqdan çıxarılaraq diblərindən torpaq nümunələri götürülmüş, evin həyətində qablaşdırılması üçün yerə düzülmüş, bundan sonra çətənə bitkilərinin uzunluqları ölçülmüş, ölçüləri 0, 68 metr, 0, 76 metr və 2,38 metr təşkil etmiş, həmin bitkilər bir ədəd sintetik kisədə qablaşdırılmış, bundan başqa götürülmüş torpaq nümunələri də ayrıca olaraq sellofan torbada qablaşdırılmış, torbanın ağzı bağlanmış, üzəri imzalanmışdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının 02 iyul 2025-ci il tarixli 17/492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs yaşadığı yerin həyətindən aşkar edilmiş 3 ədəd çətənə kolu ’ yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 68 smdən 238 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri - 560,0qram olan 03(üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir.Aqronom (mütəxəssis) Şahid7 01 iyul 2025-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunəsində cüzi miqdarda çətənə(kannabis) bitkisinin hissəcikləri vardır.Qeyd: çətənə bitkilərinin ümumi çəkisi 0.560 qr, tədqiqata sərf edildi 0.30 qr, qalıq 559.70 qr. Aparılmış tədqiqatın dəyəri 34.55 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 10 sentyabr 2025-ci il tarixli 1441 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui- istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata aınması məsləhət görülür. DİN-nin BƏSİl-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Göyçay rayon Məhkəməsinin 1(046)-81/2022 saylı, 01.11 2022-ci il tarixli hökmünə əsasən məhkum X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bununla əlaqədar olaraq Göyçay rayon Məhkəməsinin 1(046)-81/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə sabiq böyük icra məmuru Anar Zeynalovun icraatına daxil olmuş və həmin tarixdə şöbənin sabiq böyük icra məmuru (Probasiya üzrə) Anar Zeynalov tərəfindən qeydiyyata alınmışdır. X4 barəsində olan Göyçay rayon Məhkəməsinin 1(046)- 81/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə cəzasını çəkib bitirmiş və xx.xx.2025-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. X2 Göyçay rayon Məhkəməsinin 1(046)- 81/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilməmiş cəzası qalmamışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə CM-nin 234.1-ci maddəsi ilə 1 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən ona cəza təyin edilərkən məhkumluq nəzərə alınmamalıdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X2 istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 03 ədəd ümumi təmiz çəkisi 0.560 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini xx.xx.2025-ci il tarixdə saat 22:12-də Göyçay rayonu Qaraxıdır kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:20-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə saat 18:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən hesablanmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ümumi çəkisi 559.70 qram olan 03 ədəd çətənə bitkiləri və torpaq nümunələrində olan bitki hissəcikləri məhv edilməli, 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 34.55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 559.70 qram olan 03 ədəd çətənə bitkiləri və torpaq nümunələrində olan bitki hissəcikləri məhv edilsin, 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 34.55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilsin. Hökmün icrası maddi sübuta və məhkəmə xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar