Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-11/2024 24.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində, 24 sentyabr 2024-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs - xx.xx.1986-cı ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər Balakən rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm ləğv edilərək cinayət işi 1-ci instansiya məhkəməsinə qaytarılmış, sonra eyni iş üzrə Zaqatala rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Zaqatala rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, bundan sonra Şəki rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi tətbiq edilərək daha əvvəlki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq qəti olaraq 6 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 5 il 7 aya endirilməklə xx.xx.2018-ci il tarixdə cəzadan azad edilmiş, daha sonra Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri təqsirli bilinsə də, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət işi üzrə icraata xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş, hazırda məhkumluğu olmayan, Salyan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Laçın rayonunda fəaliyyət göstərən N saylı hərbi hissədə minaatan batareyasının komandiri vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs ilə 2023-cü ilin iyul ayında tanış olduqdan bir müddət sonra sonuncunun xidməti fəaliyyəti ilə əlaqədar hərbi hissənin ayrı-ayrı hərbi postlarında və digər birləşmələrində təmir və tikinti işləri aparılması ilə əlaqədar müxtəlif tikinti materiallarına ehtiyacı olduğunu və ucuz qiymətə belə materialların satıldığı yer axtarmasını bildikdən sonra, aldatma, habelə etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs ilə söhbətləşərkən guya işlədiyi "xxxx" MMC-nin anbarından bazar qiymətindən daha ucuz qiymətə istənilən tikinti materiallarını təşkil etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, habelə bu mövzu ətrafında bir qədər danışaraq özü vasitəsi ilə tikinti materialları almasına dair istək yaratdıqdan sonra, sonuncu istintaqa məlum olmayan miqdarda taxta, şifer, panel, mismar, reyka və digər tikinti materiallarına ehtiyacı olduğunu bildirərkən həmin tikinti materiallarını guya 3.510 manata təşkil edə biləcəyini bir daha yalandan bildirib, özü barəsində mövcud bazar qiymətlərindən ucuz qiymətə tikinti materialları təşkil edə bilən şəxs obrazı yaradaraq Zərərçəkmiş şəxs həmin pulu öncədən ödəməsinə razılaşdırıb, əslində isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyək niyyəti ilə istifadəsində olan "xxxx" ASC tərəfindən adına verilmiş, 4169 7388 0080 3870 saylı bank kart hesabını internet üzərindən “WhatsApp” proqramı vasitəsi ilə öz istifadəsində olan ***-***-**-** nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəyə göndərərək Zərərçəkmiş şəxs xahişi əsasında sonuncunun tanşları tərəfindən Tovuz rayonu və Bakı şəhəri ərazilərində yerləşən ödəniş terminalları vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 1.010 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1.005 manat, daha sonra isə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Laçın rayonu ərazisində olarkən öz telefonundakı Azərbaycan Beynəlxalq Bankın mobil aplikasiyası vasitəsi ilə “card to card” əməliyyatı icra edib 995 manat məbləğlərində olmaqla ümumilikdə 3.510 (üç min beş yüz on) manat pul vəsaitinin vahid niyyətlə həmin bank kart hesabına köçürülməsinə nail olduqdan sonra həmin pul vəsaitini "xxxx" ASC-nin Salyan şəhəri ərazisində yerləşən müxtəlif bankomatlarından nağdlaşdıraraq, lakin bu sahədə Zərərçəkmiş şəxs xeyrinə heç bir hərəkət etməyərək, yəni heç bir miqdarda tikinti materialları göndərməyərək aldığı pul vəsaitlərini “topaz” mərc oyunlarına sərf edib şəxsi ehtiyaclarına xərcləməklə – Zərərçəkmiş şəxs məxsus 3.510 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşagıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin may ayında Laçın rayonunda fəaliyyət göstərən "xxxx" MMC-də sürücü kimi işə qəbul olunmuş və həmin tarixdən Laçın rayonunda işləmişdir. Həmin ilin təxminən iyul ayında Laçın rayonunun Mirik kəndində olarkən həmin kəndin yaxınlığındakı “N” saylı hərbi hissədə xidmət aparan Zərərçəkmiş şəxs adlı hərbi qulluqçu ilə tanış olmuş və tədricən aralarında səmimi münasibət yaranmışdır. 2023-cü il avqust ayının ortalarında Arifin işlədiyi hərbi hissənin ərazisində olarkən sonuncunun iş yoldaşları ilə birlikdə yataqxana və hərbi post tikməklə məşğul olduqlarını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ucuz qiymətə tikinti materialları satan birini tanıyıb-tanımadığını soruşarkən o, Laçın şəhərində tikinti işlərini icra edən "xxxx" MMC-nin anbarından müxtəlif tikinti materiallarını onun üçün ucuz qiymətə təşkil edə biləcəyini, yəni sata biləcəyini demişdir. Onun bu təklifi Zərərçəkmiş şəxs diqqətini çəkmiş, sonuncu onun vasitəsi ilə müxtəlif tikinti materialları almağa maraq göstərmişdir. Əslində onun ucuz qiymətə hər hansı tikinti materialları təşkil etmək imkanı olmamış, məqsədi Arifi aldadıb müəyyən qədər pul vəsaitini ələ keçirmək olmuşdur. Bu söhbət onunla Zərərçəkmiş şəxs arasında təklikdə olmuş, həmin zaman yanlarında başqa heç kəs olmamışdır. Bir qədər bu mövzu ətrafında danışıb Zərərçəkmiş şəxs inandırdıqdan sonra saylarını xatırlamadığı miqdarda taxta, şifer, panel, mismar və reyka kimi tikinti materiallarını 3.500 manat pul müqabilində, yəni bazar qiymətindən ucuz qiymətə təşkil edəcəyini vəd etmiş və həmin pulun öncədən ödənilməsini tələb etmişdir. Sonuncu nağd qaydada üzərində pul olmadığını bildirib pulu göndərmək üçün bank kart hesabı istədikdə o, "xxxx" ASC tərəfindən verilmiş, özünə məxsus olan 4169 7388 0080 3870 saylı bank kart hesabını Arifə vermişdir ki, pulu həmin hesaba göndərsin. Bundan bir müddət sonra, yəni 2023-cü ilin sentyabr ayında, ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs onun bank kartna 1.000 manat, 500 manat, 1.000 manat və 1.000 manat olmaqla, ümumilikdə 3.500 manat pul göndərmiş və danışdıqları miqdarda tikinti materiallarının göndərilməsini xahiş etmişdir. Lakin o, 3.500 manat pulu bank kartından istifadə etməklə "xxxx" ASC-yə məxsus müxtəlif bankomatlardan nağdlaşdıraraq şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ara-sıra zəng edib tikinti materialların göndərilməsi vəziyyəti ilə maraqlanmış, o, isə hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın müddət ərzində tikinti materiallarını göndərəcəyini yalandan bildirib müəyyən vaxt qazanmış, lakin heç bir tikinti materialı göndərməmişdir. Daha sonra Arif onu yenidən axtardıqda isə guya göndərdiyi 3.500 manat pulu tikinti materiallarına görə başqa şəxsə ödədiyini, həmin şəxsdən xəbər gözlədiyini bildirməklə yalanlarına davam etmişdir. Ümumiyyətlə onun ilk öncədən Arifə tikinti materialı göndərmək niyyəti olmamış, məqsədi aldatma yolu ilə Arifin pulunu ələ keçirmək olmuşdur. Zərərçəkmiş şəxs göndərdiyi 3.500 manat pulun bir hissəsini anasının müalicəsinə, digər hissəsini isə “Topaz” mərc oyunlarına xərcləmişdir. Müddət keçdikcə Arif onun heç bir tikinti materialı göndərmədiyini görüb verdiyi pulu geri tələb etməyə başlamış, lakin o, telefon zənglərinə cavab verməyib pulu qaytarmaqdan yayınmışdır. Daha sonra Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan cinayət əməlini təkbaşına törətdiyini, bu əməldə başqa heç kəsin təqsiri olmadığını, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam şəkildə ödədiyini, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi səs yazılarının həqiqəti əks etdirməklə həmin səslərin özünə məxsus olduğunu, Zərərçəkmiş şəxs ilə tanış olarkən özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməsi, vəd etdiyi tikinti materiallarını isə DTX-nin Bakı şəhərində yerləşən anbarından gətirəcəyi barədə, habelə ayrı-ayrı vaxtlarda Arifə oğrulanmış plafonlar, günəş panelləri satması barədə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatların tamamilə yalan olduğunu, özünü heç vaxt DTX əməkdaşı kimi təqdim etmədiyini, tikinti materiallarını isə "xxxx" MMC-nin anbarından gətirəcəyini deyib aldatdığını, eyni zamanda Arifə heç bir oğurluq mal-material satmadığını, Zərərçəkmiş şəxs hərbi hissə üçün kimdənsə plafonlar və digər əşyaların alıb-almamasından məlumatsız olduğunu, əvvəllər dələduzluq etməsinə görə məhkum olunsa da, cəzasını çəkib bitirdiyini, bundan sonra yalnız Zərərçəkmiş şəxs aldadıb pul vəsaitini ələ keçirdiyini, başqa heç bir qanunsuz əməl törətmədiyini, Zərərçəkmiş şəxsndən başqa İzzət Balacayev adlı şəxsə qarşı da dələduzluq edib sonuncuya məxsus 500 manat pul vəsaitini ələ keçirməsi barədə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatın da tamamilə yalan olduğunu, həmin şəxsi tanımadığını və onunla heş bir əlaqəsi olmadığını, İzzətə qarşı heç bir qanunsuzluq etmədiyini, sonuncunun Zərərçəkmiş şəxs dostu olduğunu, Arifi aldadıb ələ keçirdiyi 3.500 manat pulun 500 manatının İzzətə məxsus olmasını sonradan öyrəndiyini, belə ki, Zərərçəkmiş şəxs həmin pulu İzzətdən borc alıb ona verdiyini, özünün İzzətdən heç bir məbləğdə pul almadığını göstərmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, dəymiş ziyanı tamamilə ödədiyini, artıq zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək və iş üzrə digər yüngülləşdirici halları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayının 4-dən Laçın rayonu Bozlu kəndində yerləşən “N” saylı hərbi hissədə minaatan batareyasının komandiri vəzifəsində xidmət edir. Laçın şəhərində quruculuq bərpa işləri aparıldığından 2022-ci ilin sentyabr ayından köhnə tikililər sökülərkən bu işləri icra edən şirkətlərin icazələri ilə söküntüdən çıxan müxtəlif köhnə tikinti materiallarını Ermənistanla dövlət sərhədində yerləşən hərbi postlara daşıyaraq postların şəraitini yaxşılaşdırmaq üçün sərf etmişlər. Həmin köhnə tikinti materiallarının daşınması zamanı, yəni 2023-cü ilin təxminən avqust ayında, Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu özünü ona Laçın şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə köhnə tikinti materiallarının daşınmasında ona köməklik etmiş, bununla bağlı Təqsirləndirilən şəxslə yaxın münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxslə söhbətlərin birində komandir kimi öz təşəbbüsü ilə Laçın rayonunda “Qaragöl” adlanan ərazidə hərbi təyinatlı sığınacaq tikmək istədiyini bildirmiş və ucuz qiymətə tikinti materialları satan birini tanıyırsa bu barədə ona məlumat verməsini demişdir. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin avqust ayının sonunda Təqsirləndirilən şəxs ona zəng edərək "xxxx" MMC-nin Bakı şəhərində yerləşən anbarında taxta, şifer, panel və sair tikinti materiallarının olduğunu, lazım olarsa həmin tikinti materiallarından ona ucuz qiymətə sata biləcəyini demişdir. O, bir qədər Təqsirləndirilən şəxs bu təklifi haqqında düşündükdən sonra sonuncuya zəng edib hərbi postların vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan, lakin hazırda miqdarını dəqiq xatırlamadığı sayda taxta, şifer, panel, mismar və digər tikinti materialları almaq istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs heç bir problem olmadığını, həmin tikinti materiallarının qiymətini hesablayıb deyəcəyini bildirmişdir. Az sonra Təqsirləndirilən şəxs zəng edib həmin tikinti materiallarının ümumi qiymətinin 3.500 manat təşkil etdiyini, əgər almaq istəsə qısa zaman ərzində həmin materialları göndərə biləcəyini demişdir. O, Bayramın dediyi qiyməti mövcud bazar qiymətləri ilə müqaisə edəndə sonuncunun daha ucuz qiymət dediyini müəyyən edib həmin qiymətlə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus olan 4169 7388 0080 3870 nömrəli bank kartını göndərərək 3.500 manat pulu həmin karta göndərməklə öncədən ödəməsini demişdir. Həmin vaxt onun pulu az olduğundan 3.500 manat pulu qısa müddət ərzində hissə-hissə olmaqla göndərəcəyini Bayrama bildirmiş, sonuncu da buna razılaşmışdır. 01 sentyabr 2023-cü il tarixdə Laçın rayonunda olduğu ərazidə hər hansı ödəniş terminalı olmadığından, yəni özünün pul göndərmək imkanı olmadığından, Tovuz rayonunda yaşayan dostu Şahid zəng edib Təqsirləndirilən şəxs 4169 7388 0080 3870 nömrəli bank kart hesabına 1.010 manat pul göndərməsini xahiş etmiş, sonuncu da onun bu xahişini icra edərək Tovuz rayonu ərazisində “Ailəm” adlı marketdə yerləşən ödəniş terminalı vasitəsilə Bayramın kart hesabına 1.010 manat pul göndərmişdir. Bir neçə gündən sonra yəni 03 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində olarkən digər dostu İzzət Balacayevdən 500 manat pul borc alaraq həmin şəhərdə olan “El” adlı marketdə yerləşən ödəniş terminalı vasitəsilə sözügedən kart hesabına 500 manat pul göndərmişdir. Daha sonra 07 sentyabr 2023-cü il tarixdə yenidən Şahid zəng edərək həmin kart hesabına təkrarən 1.005 manat pul göndərməsini xahiş etmiş, sonuncu da Tovuz rayonu ərazisində “Sultan” adlı marketdə yerləşən ödəniş terminalı vasitəsilə həmin kart hesabına 1.005 manat pul göndərmişdir. Yekun olaraq 10 sentyabr 2023-cü il tarixdə Laçın rayonunun Bozlu kəndində olarkən öz mobil telefonunda olan Azərbaycan Beynəlxalq Bankın mobil aplikasiyası vasitəsi ilə özünə məxsus olan 4127 2081 1713 5789 saylı bank kart hesabından Təqsirləndirilən şəxs 4169 7388 0080 3870 nömrəli kart hesabına 995 manat pul göndərməklə sonuncuya ümumilikdə 3.510 manat pul göndərmişdir. Şahid və X4 Atayevin bank kartına pulları onun xahişinə əsasən göndərmiş, lakin bunun nə ilə bağlı olduğunu bilməmişlər. Daha sonra o, hər ay əmək haqqından hissə-hissə olmaqla Şahid və İzzət Balacayevə olan borcları geri qaytarmışdır. O, tikinti materiallarının alınması üçün Təqsirləndirilən şəxs 3.500 manat pul göndərsə də, sonuncu vəd etdiyi tikinti materiallarını ona göndərməmişdir. Vaxt uzandıqca o, narahat qalıb tez-tez Təqsirləndirilən şəxs zənglər edib vəziyyətin nə yerdə olması ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirərək tikinti materiallarının göndərilməsində guya hansısa problemlər olduğunu bildirib bir müddət vaxt uzatmışdır. Daha sonra o, dağ yerində havaların tez soyuduğunu bildirib payız aylarınadək lazımi tikinti işlərini bitirməli olduğunu bildirib həmin tikinti materiallarını ən qısa zamanda göndərməsini qəti şəkildə tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gah telefonlara cavab verməmiş, gah da telefonunu söndürmüşdür. O, Təqsirləndirilən şəxs onu aldadıb 3.500 manat pul vəsaitini ələ keçirməsindən şübhələnib tikinti materiallarının lazım olmadığını bildirib aldığı pulu geri qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs yenə müxtəlif bəhanlərlə vaxtı uzadıb ona pulu qaytarmaqdan da yayınmışdır. Daha sonra isə ümumiyyətlə telefon zənglərinə cavab verməyib əlaqədən itmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirməsindən tam əmin olmuşdur. Buna görə DİN-in “102” xidmətinə zəng edib Təqsirləndirilən şəxs törətdiyi qanunsuz əməl barədə məlumat verərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs ifadəsində ötən müddət ərzində pulunu geri tələb etməsi ilə əlaqədar Təqsirləndirilən şəxslə telefonla mübahisə etsələr də, sonuncunun onu hədələmədiyini, aldığı 3.500 manat puldan ona heç bir məbləğdə qaytarmadığını, Təqsirləndirilən şəxs ona qarşı etdiklərindən əsəbi olduğundan şikayətində sonuncunun müxtəlif markalı plafonlar, günəş panelləri oğurlayıb satması, özünü ona Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməsi, Bakı şəhərində DTX-yə məxsus anbardan ona tikinti materialları gətirəcəyi barədə xüsusatlar qeyd etdiyini, əslində isə Bayramın özünü DTX əməkdaşı kimi təqdim etmədiyini, yalnız bir dəfə mobil telefonda olan “Getcontact” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs telefon nömrəsini yoxlayarkən kiminsə onun adını “Bayram DTX” kimi qeyd etdiyini görüb, sonuncudan DTX-də işləyib-işləmədiyini soruşduğunu, həmin vaxt Bayram dəqiq bir söz demədiyinə görə sonuncunun DTX-də işləməsini zənn etdiyini, lakin sonradan Bayramın DTX-də işləmədiyini öyrəndiyini, habelə onun hər hansı oğurluq etməsinin şahidi olmadığını, bu barədə yalnız ətrafdan şifahi məlumat aldığını və bu barədə heç bir real məlumatı olmadığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid da məhkəmə baxışı iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən istintaqa könüllü təqdim olunmuş ödəniş qəbzlərinə və telefon ekran şəklinə baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Tovuz rayonu H.Aslanov küçəsində yerləşən “Ailəm” marketdə quraşdırılan “Milliön” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 12:19-da "xxxx" ASC tərəfindən verilmiş, sahibinin adı isə A***** B***** Y***** oğlu” kimi qeyd olunan 416973******3870 saylı bank kart hesabına 1.010 (bir min on) manat pul göndərilmişdir. Sumqayıt şəhəri Azərbaycan küçəsində yerləşən “E1” marketdə quraşdırılan “Milliön” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 10:34-də "xxxx" ASC tərəfindən verilmiş sahibinin adı isə A***** B***** Y***** oğlu” kimi qeyd olunan 416973******3870 saylı bank kart hesabına 500 (beş yüz) manat pul göndərilmişdir. Tovuz rayonu M.Əzizbəyov küçəsində yerləşən “Sultan” marketdə quraşdırılan “Milliön” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 17:23-də "xxxx" ASC tərəfindən verilmiş sahibinin adı isə A***** B***** Y***** oğlu” kimi qeyd olunan 416973******3870 saylı bank kart hesabına 1.005 (bir min beş) manat pul göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:14-də 4127********5789 saylı kart hesabından “card to card” əməliyyatı icra edilərək 4169********3870 saylı kart hesabına 995 (doqquz yüz doxsan beş) manat pul göndərilmişdir (4.98 manat komissiya haqqı tutulmaqla). İşdə olan və məhkəmə iclasında tədqiq olunan Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaqa təqdim edilən elektron-maqnit daşıyıcılarda (DVD diskdə) olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, DVD diskdə 05 ədəd audio yazı vardır. Həmin audio yazılar “WhatsApp” proqramı vasitəsi ilə səsli mesaj şəklində bir şəxsin digər şəxsə göndərdiyi danışıqlardan ibarətdir. Həmin audio yazıların mətni aşağıdakı kimidir. “WhatsApp Audio 2024-01-22 at 20.59.37 (1)” adlı audioyazı 00:16 saniyə davam edir və danışıqda bir şəxs iştirak edərək “Yox əlbəttə ki, sən məni tanıyırsan. Mən sənə demirəm ki, sən onu tanıyırsan. Əlbəttə ki, sən məni tanıyırsan, mən də səni tanıyıram, qaqa. Mən də deyirəm ki, narahat olma, yaxşı olar. Hər iki variantına yaxşı olar, allahın köməkliyi ilə” məzmununda səsli mesaj göndərmişdir. “WhatsApp Audio 2024-01-22 at 20.59.37 (2)” adlı audio yazı 00:33 saniyə davam edir və danışıqda bir şəxs iştirak edərək “Bunu sənə niyə atdım qaqa? Deyirəm ki, yəni qaqa sənin bu mesajını ona atdım ki, yəni bax mənə belə mesajlar gəlib. Məni də dedim üz-göz qoyma da, yəni kimləsə belə deyim də çörək kəsdiyim oğlanla məni üzbəüz qoyma. Dedim, yəni problem yaradacam mən sənin üçün. Mənə dedim şeyi eləmə, baxmayıb whatsappa, bir xətdir indi baxar deyər mənə, a inanmıram ey amma yenə inşallah allahın köməyi ilə yaxşı olar qardaşım. Yaxşı fikirləşək, yaxşı olsun. İnşallah yaxşı olar” məzmununda səsli mesaj göndərmişdir. “WhatsApp Audio 2024-01-22 at 20.59.37” adlı audio yazı 00:20 saniyə davam edir və danışıqda bir şəxs iştirak edərək “Qaqa mənim pulum, mən çıxdım qırağa, mənim pulum belə pis çıxmasın kimdəsə yubana bilər, mənə kimsə ağlından keçirə bilməz ki, mən Bayrama pul fırladım. Mənim 37 yaşım var, bunun srokunu da görmüşəm, yəni mənə az tafot eliyir bunun içərisi də, çölü də. Kimsə ağlının ucundan keçirə bilməz ki, Bayrama mən pul fırladım, yəni onun başı üçün də deyil” məzmununda səsli mesaj göndərmişdir. “WhatsApp Audio 2024-01-22 at 20.59.38 (1)” adlı audio yazı 00:57 saniyə davam edir və danışıqda bir şəxs iştirak edərək “Qardaş, salam nətərsən? Nə var, nə yox, necəsən? Sən mənə deyirsən ki, materialı qardaş mən kiminsə materialını necə göndərim sənə, Tovuzun materialını necə göndərim sənə qurban sənə? Sən bilirsən hər yer bu dəqiqə bağlıdır hər bir şey. 3400 pulunu istəyirsən vurum adına, 22-nə qədər vaxtın olsun, səbrin olsun. Ya sənin materialını vurum, ya da ki pulunu vurum qardaş. Bunu cibimə qoymuram ki, mən də kiməsə verirəm. Yəqin gözəl başa düşürsən ki, bu günləri Laçındır, Şuşadır, bütün hər yer bağlıdır, qardaş. Sən mənə məsləhət elə, mən də o dərəcədə eliyim. 22-nə qədər vaxtın olsun, səbrin olsun, ya pulunu vururam, qardaş, yol açılsın ordan, ya da ki, materialını göndərirəm. Mən də başa düşürəm, mən də heç nə pul qoymuram” məzmununda səsli mesaj göndərmişdir. “WhatsApp Audio 2024-01-22 at 20.59.38” adlı audio yazı 00:15 saniyə davam edir və danışıqda bir şəxs iştirak edərək “Bu mesajını atdım ona indi, yəni dedim ki, yəni məni dedim, yəni belə deyim məni ortada saxlama. Bir cavab demir. İndi inşallah baxar deyər mənə” məzmununda səsli mesaj göndərmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/467 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu aşağıdakılardan ibarətdir. K1-qaqa, mənim pulum, mən çıxdım qırağa, mənim pulum belə pis çıxmasın, kimdəsə yubana bilər, mənə kimsə ağlından keçirə bilməz ki, mən Bayrama pul fırladım. Mənim 37 yaşım var, bunun srokunu da görmüşəm, yəni mənə az ... eliyir bunun içərisi də, çölü də. Kimsə ağlının ucundan keçirə bilməz ki, Bayrama mən pul fırladım, yəni onun başı üçün də deyil. K1-yox, əlbəttə ki, sən məni tanıyırsan. Mən sənə demirəm ki, sən onu tanıyırsan. Əlbəttə ki, sən məni tanıyırsan, mən də səni tanıyıram, qaqa. Mən də deyirəm ki, narahat olma yaxşı olar. Hər iki variantına yaxşı olar, allahın köməkliyiynən. K1-bu mesajı atdım ona indi. Yanı dedim ki, yanı məni dedim yanı belə deyim, məni ortada dedim saxlama. Bir cavab demir. İndi inşallah, baxar deyər mənə. K1-qardaş, salam nətərsən? Nə var, nə yox, necəsən? Sən mənə deyirsən ki, materialı qardaş mən kiminsə materialını necə göndərim sənə, Tovuzun materialını necə göndərim sənə, qurban sənə? Sən bilirsən, hər yer bu dəqiqə bağlıdı, hər bir şey. 3400 pulunu istəyirsən vurum adua. 22-nə qədər vaxtın olsun, səbrin olsun. Ya sənin materialını vurum, ya da ki, pulunu vurum, qardaş. Bunu cibimə qoymuram ki, mən də kiməsə verirəm. Yəqin gözəl başa düşürsən ki, bu günləri Laçındı, Şuşadı, bütün hər yer bağlıdır qardaş. Sən mənə məsləhət elə mən də o dərəcədə eliyim. 22-nə qədər vaxtın olsun, səbrin olsun, ya pulunu vururam qardaş yol açılsın ordan, ya da ki, materialını göndərirəm. Mən də başa düşürəm, mən də öz cibimə heç nə ... qoymuram. K1-bunu sənə niyə atdım, qaqa? deyirəm ki, yanı sənin bu mesajını ona atdım mən ki, yəni bax mənə belə mesajlar gəlib də. Yanı məni dedim üz-göz qoyma da, yanı mən indi kimnənsə yanı belə deyim də, çörək kəsdiyim oğlanla məni üzbəüz qoyma. Dedim, yəni problem yaradacam mən sənin üçün. Mənə dedim şey eləmə, baxmayıb whatsappa, bir xətdir, indi baxar deyər mənə. A inanmıram e, amma yenə inşallah allahın köməyi ilə yaxşı olar qardaşım. Yaxşı fikirləşək, yaxşı olsun. İnşallah, yaxşı olar. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqlar bir nəfər kişi cinsinə məxsus diktor tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan fonoqramlardakı danışıqların “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamədən, hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm ləğv edilərək cinayət işi 1-ci instansiya məhkəməsinə qaytarılmış, sonra eyni iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, bundan sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi tətbiq edilərək daha əvvəlki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq qəti olaraq 6 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 5 il 7 aya endirilməklə xx.xx.2018-ci il tarixdə cəzadan azad edilmiş, daha sonra Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri təqsirli bilinsə də, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət işi üzrə icraata xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Salyan rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-68/2-624/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaqa təqdim edilmiş 01 ədəd DVD disk və 4 ədəd ödəniş çeklərinin surətləri iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon İHB-nın Qarabağlı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs, həyat yoldaşı X2, anası X3 və bir nəfər azyaşlı uşağı ilə birlikdə Salyan rayonu Qarabağlı kənd İƏD-nin Təzəkənd kəndində yaşayırlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanan və notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənildiyi üçün onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Odur ki, “N” saylı hərbi hissədə işlədiyi üçün və yolunun uzaqlığı ilə əlaqədar olaraq bütün məhkəmə hazırlıq və baxış iclaslarını onun iştirakı olmadan keçirib Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununda dəyişiklik edilməklə yenidən ittihamın elan edilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs ilkin müraciətlərində Təqsirləndirilən şəxs barəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin epizodlar üzrə sonuncu barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən xitam verilməsi, Zərərçəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq hərəkəti protokollarının, ekspert rəyinin, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş səsli mesajların yazıldığı 1 ədəd DVD diskin və 04 ədəd ödəniş qəbzlərinin surətlərinin xx.xx.2024-cü il tarixli qərarla maddi sübut qismində tanınaraq cinayət işinə əlavə olunmasının nəzərə alınması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini tam boynuna almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin zərər çəkmiş şəxslə barışmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi şəraitini, başqa şəxslər tərəfindən eyni xarakterli yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması baxımından ona məhz həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı hədlərdə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi daha məqsədəmüvafiqdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli isə tutulduğu vaxtdan, yəni 24 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaqa təqdim edilmiş 01 ədəd DVD disk və 4 ədəd ödəniş çeklərinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, ibtidai istintaq dövründə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməsi həyata keçirilmişdir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaqa təqdim edilmiş 01 ədəd DVD disk və 4 ədəd ödəniş çeklərinin surətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-11/2024
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-11/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver