Məhkəmə qərarları › İş №1(047)-12/2025

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-12/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-12/2025 10.12.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X12, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Ağcabədi şəhərində, 10 dekabr 2025-ci il tarixdə, məhkəmənin inzibati binasında, xx.xx.1984-cü ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də çilingər vəzifəsində işləyən, əvvəllər Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 328.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2015-ci il tarixli amnistiya qərarına əsasən xx.xx.2016-cı il tarixdə həmin cəzadan vaxtından əvvəl azad edilmiş, hazırda məhkumluğu olmayan, Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan üç zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, bir zərərçəkmiş şəxsin isə ölümünə səbəb olmuşdur. Belə ki, o, "xxxx" MMC-də çilingər kimi işləyərkən xx.xx.2025-ci il tarixdə ona verilmiş istirahət hüququndan istifadə edərək həmin MMC tərəfindən adına təhkim olunmuş **-CU- *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L-200” markalı nəqliyyat vasitəsi ilə yaşadığı Füzuli rayonuna gedib bir neçə gün istirahət etdikdən sonra xx.xx.2025-ci il tarixdə işə başlamalı olduğundan geri qayıdarkən şirkət rəhbərliyinin istirahətdən qayıdan digər əməkdaşları da, istifadəsində olan nəqliyyat vasitəsi ilə MMC-nin Laçın rayonun Kürdhacı kəndi ərazisində yerləşən düşərgəsinə gətirməsi barədə tapşırığına əsasən xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində qeyd edilən MMC-də fəhlə kimi işləyən həmkəndliləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Şuşa rayon sakini X14 ilə Füzuli rayonu ərazisində görüşüb idarə etdiyi nəqliyyat vasitəsinə mindirib birlikdə işlədiyi Laçın rayonun Kürdhacılı kəndi istiqamətində yola düşərək həmin gecə, yəni xx.xx.2025-ci il tarixdə saat 05:30 radələrində, tikilməkdə olan “Laçın – Kəlbəcər” avtomobil yolunun Laçın rayonun Hacısamlı kəndi ərazisində istifadəyə hazır olan hissələrində hərəkətdə olarkən həmin yolun üzərində yerləşən, şərti olaraq “9 nömrəli tunel” kimi adlandırılan tuneldə tikinti işləri tamamlanmadığından müvafiq məlumatverici nişan və maneələr qoyulmaqla həmin tunelə giriş-çıxışın məhdudlaşdırılmasına baxmayaraq lazımi diqqət yetirmədiyindən bu maneələri görməyib həmin tunelə daxil olub hərəkətinə davam edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq həmin tələblərə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və nəqliyyat vasitəsinin idarə olunmasından ayırmamalı, hərəkətin təhlükəsizliyini təmin edə biləcəyinə əmin olduğu vəziyyətdə nəqliyyat vasitəsini idarə etməli və yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bu tələblərə əməl etməyib, habelə nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, yəni idarə etdiyi nəqliyyat vasitəsinin sərnişinlərlə dolu olmasını, havanın qaranlıq vaxtı görünüş dairəsi dar olan tuneldə hərəkətdə olmasını nəzərə almayıb, tikintisi başa çatmayan, heç bir işıqlanması olmayan tuneldə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərək, qeyd olunan qanunun tələblərə əməl edəcəyi halda hadisənin qarşısını almağa texniki imkanı olduğu halda tunelin digər çıxışına çatarkən həmin hissəyə 0,5-1 metr hündürlüyündə torpaq topası tökməklə giriş-çıxışın bağlanmasını qəfildən görüb qəzadan yayınmağa çalışsa da, ara məsafəsinin çox az olması səbəbindən buna nail olmayaraq idarəetməni itirmiş, torpaq topasına çırpılmanın qaçılmaz olduğunu görüb nəqliyyat vasitəsini torpaq topasının nisbətən alçaq olan hissəsinə doğru döndərib nəqliyyat vasitəsini gəldiyi sürətlə həmin torpaq maneəyə zərblə çırparaq üzərindən keçmiş - bununla da yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş, bu əməl həmin vaxt nəqliyyat vasitəsinin salonunda olan şərnişinlərin zərbənin təsirindən nəqliyyat vasitəsinin salonunda müxtəlif ehtiyyat hissələrinə dəyib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır, X1 isə ağır zərər vurulmasına, sonuncunun həmin xəsarətlərin təsirindən bir neçə gündən sonra, yəni xx.xx.2025-ci il tarixdə müalicə aldığı Bərdə rayon Mərkəzi xəstəxanasında ölümünə səbəb olmuşdur. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yaşayır. 2022-ci ilin mart ayından "xxxx" MMC-də çilingər, yəni nəqliyyat vasitəsi ustası kimi işləyir. İşi ilə əlaqədar şirkət tərəfindən 2025-ci ilin mart ayında adına “Mitsubishi L200” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhkim olunmuş, həmin nəqliyyat vasitəsini “yol vərəqəsi” əsasında idarə etmişdir. Çilingər kimi onun xidməti vəzifəsi "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələrini təmir etməkdən ibarətdir. Bəzən olur ki, şirkətə məxsus yük və ya minik nəqliyyat vasitələri iş vaxtı xidməti sahələrdə xarab olub qalır. Bu zaman o, adına təhkim olunmuş nəqliyyat vasitəsi ilə təmirə ehtiyacı olan nəqliyyat vasitəsinin olduğu əraziyə gedib təmir işlərini icra etmişdir. "xxxx" MMC-də texniki işçi vəzifələrində işləyən Zərərçəkmiş şəxs3, X14, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə iş yoldaşı kimi aralarında münasibəti daimi yaxşı olmuş, aralarında heç vaxt heç bir ədavət və ya söz-söhbət olmamışdır. 24 may 2025-ci il tarixdə ona 6 günlük istirahət verildiyindən həmin tarixdə yaşadığı Füzuli rayonuna getməyə hazırlaşmışdır. Eyni anda Zərərçəkmiş şəxs1 da istirahət verildiyindən o, həmin gün adına təhkim olunmuş “Mitsubishi L200” markalı nəqliyyat vasitəsi ilə Elnurla birlikdə Laçın rayonunun Hacısamlı kəndindən çıxıb Füzuli rayonuna yola düşmüşdür. Həmin vaxt yeni çəkilən Kəlbəcər-Laçın avtomobil yolunun üzərində yerləşən tunellər bağlı olduğundan heç bir tunelə daxil olmamış, alternativ yol kimi köhnə kənd yolları ilə getmişdir. Elnuru yaşadığı Füzuli rayonunun Alxanlı kəndində düşürüb sonra öz evinə getmişdir. 31 may 2025-ci il tarixdə istirahət vaxtı bitdiyindən işə, yəni Laçın rayonunun Hacısamlı kəndinə qayıtmalı olmuşdur. Eyni gündə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Raqif Əliyevin də istirahət vaxtları bitdiyindən şirkət rəhbərliyi həmin işçiləri də adına təhkim olan nəqliyyat vasitəsi ilə Laçın rayonuna gətirməsini tapşırmışdır. Həmin şəxslərlə danışıb xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Füzuli rayonu ərazisində görüşüb birlikdə Laçın rayonunun Hacısamlı kəndinə doğru yola düşmüşlər. Həmin vaxt nəqliyyat vasitəsini o, idarə etmiş, Zərərçəkmiş şəxs1 ön sağ oturacaqda, Raqif Əliyev arxa oturacaqda sol tərəfdə, Zərərçəkmiş şəxs3 arxa otruacaqda ortada, Zərərçəkmiş şəxs2 isə arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. Bütün yolu onlar bu formada getmiş və heç kim yerini dəyişdirməmişdir. Zəngilan rayonunun Ağalı kəndi ərazisindən keçərkən yolda avtomobili saxlayıb təxminən 20 dəqiqə istirahət etmiş, sonra yollarına davam etmişlər. Həmin gecə, yəni 01 iyun 2025-ci il tarixdə saat 03-04 radələrində Laçın rayonu ərazisinə çatmışlar. Saat təxminən 04-dən sonra dəqiq xatırlamadığı vaxtda Laçın şəhərindən Kürdhacılı kəndi istiqamətinə gedən yolda hərəkətdə olarkən şirkətin yataq düşərgəsinə bir neçə kilometr qalmış nəqliyyat vasitəsinin yanacağı bitdiyindən onlar yolda qalmışlar. O, məcbur qalıb MMC-də sahə rəisi işləyən Şahid zəng edərək onlara yanacaq gətirməsini xahiş etmiş və təxminən 20 dəqiqə sonra Şahid nömrəsini xatırlamadığı “Mitsubishi L200” markalı avtomobillə təkbaşına onların yanlarına gələrək onun idarə etdiyi nəqliyyat vasitəsinə 20 litr yanacaq töküb getmişdir. Yola çıxmazdan əvvəl Şahid idarə etdiyi nəqliyyat vasitəsinin boş olduğunu bildirərək onun maşınındakı sərinşinlərdən ikisinin onunla getməsini təklif etmişdir. Lakin heç kim Şahid maşınına keçməmiş, yolun əvvəlini onunla gəldiklərindən sona qədər də birlikdə gedəcəklərini bildirmişlər. Əvvəlki kimi hərə öz yerinə əyləşmiş və onlar birlikdə yola davam etmişlər. İlk öncə o, Şahid idarə etdiyi nəqliyyat vasitəsinin arxasınca getsə də, sonuncu nəqliyyat vasitəsini asta sürətlə idarə etdiyindən səbri çatmamış, ilk tuneli keçdikdən sonra növbəti tunelə, yəni 9 nömrəli tunelə təxminən 50 metr qalmış Etibarı ötüb keçərək 9-cu tunelə girmişdir. Tunelin girişində heç bir məhdudiyyət və ya nişan olmadığından tunelin tam açıq olduğunu ehtimal etmişdir. Lakin bir qədər getdikdən sonra Şahid onun ardınca tunelə girmədiyini görmüşdür. Həmin vaxt hava qaranlıq olduğundan və tunelin içərisində işıq yanmadığından tunelin içərisində avtomobilin sürətini bir qədər azaldıb təxminən 80-90 kilometr saat sürətlə idarə etmişdir. Həmin tuneldən əvvəllər bir neçə dəfə keçdiyindən yola bələd olmuşdur. Tunelin çıxışına kimi heç bir maneə olmadan irəliləmiş, çıxışa çatanda təxminən 9-10 metr qarşıda yola təxminən 0,5-1 metr hündürlüyündə torpaq tökülüb yolun bağlandığını qəfildən görmüşdür. Yola tökülən torpağın bir tərəfi hündür, digər tərəfi isə nisbətən alçaq olmuşdur. Torpaq maneəni görən kimi əyləci sıxıb nəqliyyat vasitəsini saxlamağa çalışmış, lakin toqquşmanın qaçılmaz olduğunu görüb sükanı torpaq təpənin nisbətən alçaq olduğu tərəfə döndərmişdir. Toqquşma zamanı əyləc basılı vəziyyətdə qalarsa avtomobilin aşma ehtimalı olduğunu nəzərə alıb ayağını əyləcdən çəkmiş, bu vəziyyətdə nəqliyyat vasitəsi torpaq təpəsi ilə toqquşşmuş, zərbənin təsirindən torpaq topası dağılmış və nəqliyyat vasitəsi torpaq topasının üzərindən keçmişdir. Toqquşma nəticəsində o və sərnişinlər nəqliyyat vasitəsinin müxtəlif ehtiyyat hissələrinə çırpılmışlar. Torpaq topasının üzərindən keçəndən sonra nəqliyyat vasitəsinin yoldan çıxıb sol tərəfdəki dərəyə doğru getdiyini görüb sükanı sağa doğru döndərib idarə etməni ələ almağa çalışmış, bir neçə metrdən sonra yenidən əyləci sıxıb nəqliyyat vasitəsini yolun içərisində dayandırmışdır. Hadisə zamanı nəqliyyat vasitəsi aşmamışdır. Hadisədən sonra o və digər sərnişinlər nəqliyyat vasitəsindən düşmüş, həmin vaxt Zərərçəkmiş şəxs3 qolunun sındığını bildirmiş, eyni zamanda onun baş nahiyəsindən qan gəldiyindən az sonra huşunu itirmiş və yalnız Laçın şəhərində yerləşən RMX-da özünə gəlmişdir. Daha sonra X8 ağır xəsarətlər aldığına görə Bərdə Rayon Mərkəzi xəstəxanasına aparıldığını öyrənmişdir. Bir neçə gündən sonra Raqif Əliyev müalicə aldığı xəstəxanada ölmüşdür. Lakin o, Raqif Əliyevin həkimlərin səhlənkarlığı ucbatından öldüyünü bildirmişdir. Digər sərnişinlər Zərərçəkmiş şəxs2 sinə və əl nahiyəsindən, Zərərçəkmiş şəxs1 sağ ayaq nahiyəsindən, Zərərçəkmiş şəxs3 isə sağ əl nahiyəsindən xəsarətlər almışlar. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində əvvəllər alkoqollu içki qəbul edən şəxs olsa da, son bir neçə ay ərzində, yəni 2025-ci ilin mart ayından heç bir alkoqollu içki qəbul etmədiyini, hadisə günü də alkoqollu içki, başqa təsiredici maddə istifadə etmədiyini, yəni sərxoş olmadığını, idarə etdiyi nəqliyyat vasitəsinin texniki cəhətdən saz olduğunu, hadisənin onun təqsiri üzündən baş verdiyini, hadisə anında onu çaşdıra biləcək başqa nüans olmadığını, torpaq topası ilə toqquşmadan yayınmaq üçün əyləcdən istifadə etsə də, buna nail olmadığını, hava qaranlıq olduğundan və tunelin içərisində heç bir işıqlandırma olmadığından torpaq topasını gec gördüyünü, ara məsafəsi az olduğundan və yol bir qədər enişli olduğundan nəqliyyat vasitəsini dayandıra bilmədiyini, nəticədə torpaq topası ilə toqquşmanın baş verdiyini, hadisə baş verən anadək heç kəsin nəqliyyat vasitəsini yavaş sürməsinə dair ona iradlar bildirmədiyini, bu barədə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Raqif Əliyev və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdiklərinin yalan olduğunu göstərmişdir. Bundan başqa, o, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 01 iyun 2025-ci il tarixdə baş verən yol nəqliyyat hadisəsində ağır dərəcəli bədən səxarəti alıb iki gündən sonra vəfat edən X14 onun doğma qardaşıdır. O, xx.xx.2025-ci il tarixdə qardaşı Raqif Əlyevə zəng edərək iş yerinə çatıb-çatmadığını soruşarkən sonuncu Laçın rayonunun Hacısamlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyini, nəticədə xəsarət aldığını, özünü pis hiss etdiyini bildirmişdir. Bundan sonra o, Raqifə müayinə olunması üçün vaxt itirmədən Bərdə Rayon Mərkəzi Xəstəxanasına gəlməsini tapşırmış, özü də həmin xəstəxanaya getmişdir. Xəstəxanaya çatanda qardaşı X19 Tibbi Yardım şöbəsində olduğunu, sürücü Təqsirləndirilən şəxs eyni otaqda qardaşının yanında olduğunu görmüşdür. Hadisə nəticəsində sürücü Təqsirləndirilən şəxs da xəsarət almışdır. O, hadisənin necə baş verməsini Raqifdən soruşanda sonuncu bildirmişdir ki, onlar iş yerinə köhnə kənd yolları ilə getmişlər. Yeni çəkilən Kəlbəcər-Laçın avtomobil yolunun bəzi hissələri hazır olduğundan rahat olması üçün bəzən bu yeni yolla getmişlər. Yeni yolda olan tunelin girişinin truba və nişanlarla məhdudlaşdırılmasına baxmayaraq sürücü Təqsirləndirilən şəxs ehtiyatsızlıq göstərib köhnə yola qayıtmamış, tunelin içindən keçməklə yoluna davam etmişdir. Tuneldə hərəkətdə olarkən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyindən qəfildən qarşılarına çıxan torpaq maneəni vaxtında görüb nəqliyyat vasitəsini saxlaya bilməmiş, yüksək sürətlə həmin maneəyə çırpılmışdır. X20 və nəqliyyat vasitəsində olan digər şəxslər müxtəlif dərəcəli xəsarətlər almışlar. X21 lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmamış və xx.xx.2025-ci il tarixdə Raqif Əliyev müalicə aldığı Bərdə RMX-da ölmüşdür. Daha sonra o, Təqsirləndirilən şəxs ilə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin may ayından hal-hazıradək "xxxx" MMC-də fəhlə kimi işləyir. Əvvəllər şirkətin Füzuli rayonunda və Şuşa şəhərində avtomobil yollarının çəkilməsində işləmiş, 2025-ci ilin əvvəlindən isə Laçın rayon Hacısamlı kəndində işləyir. Fəhlə kimi əsas işi avtomobil yolunun kənarına istinad divarının çəkilməsi və üzlük daşların vurulmasından ibarətdir. İş yoldaşları Təqsirləndirilən şəxs, X14, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə münasibətləri həmişə yaxşı olmuşdur. İşlədiyi şirkət tərəfindən 24 may 2025-ci il tarixdən 01 iyun 2025-ci il tarixədək ona istirahət verildiyindən o, iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi **-CU-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L-200” markalı nəqliyyat vasitəsi ilə Füzuli rayonunda yerləşən evinə getmişdir. İstirahət müddəti bitənə yaxın MMC tərəfindən verilən məlumat əsasında Laçın rayonuna Təqsirləndirilən şəxsla birlikdə qayıtmalı olmuşdur. Bu minvalla 31 may 2025-ci il tarixdə axşam saatlarında Füzuli rayonu ərazisində o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3, Raqif Əliyev və Zərərçəkmiş şəxs2 ilə görüşüb birlikdə Qalibin idarə etdiyi **-CU-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L-200” markalı nəqliyyat vasitəsi ilə Laçın rayonuna yola düşmüşlər. O, sağ ön oturacaqda, Raqif, Qulu və Şənürək isə arxa oturacaqda əyləşmişlər. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saat 03 radələrində Laçın şəhərinə çatmışlar. Daha sonra şirkətin Laçın rayonunun Kürdhacılı kəndi ərazisində yerləşən yataq düşərgəsinə doğru yollarına davam etmişlər. Əsasən köhnə kənd yolları ilə getsələr də, arada yeni çəkilməkdə olan Kəlbəcər-Laçın avtomobil yolunun hazır hissələri ilə də getmişlər. Yeni avtomobil yolunun üzərində bir neçə tunel də inşa edilmişdir. Onlar əsas işlək yolla qayıdan zaman saat təxminən 04:50 radələrində nəqliyyat vasitəsinin yanacağı bitdiyindən yolda qalmışlar. Bundan sonra Təqsirləndirilən şəxs MMC-də sahə rəisi işləyən Şahid zəng edərək yanacaq istəmiş, sonuncu da saat 05:10 radələrində onların yanına çatıb onlara 20 litr yanacaq vermişdir. Həmin vaxt Şahid gəldiyi nəqliyyat vasitəsinin boş olduğunu bildirib sərnişinlərdən bir neçəsini özü ilə aparmağı təklif etmiş, lakin heç kəs sonuncu ilə getməmiş, hərə öz yerində əyləşərək birlikdə yollarına davam etmişlər. Şahid gəldiyi nəqliyyat vasitəsi ilə qarşıda tunel olan yol istiqamətində hərəkət etmiş, Təqsirləndirilən şəxs da Şahid ardınca həmin yola dönmüşdür. 9 nömrəli tunelə təxminən 50 metr qalmış Təqsirləndirilən şəxs Şahid idarə etdiyi nəqliyyat vasitəsini ötüb keçmiş və qarşıdakı uzunluğu 191 metr olan tunelə daxil olmuşdur. Təxmini xatırlamasına görə Şahid həmin tunelə daxil olmamışdır. Təqsirləndirilən şəxs tuneldə nəqliyyat vasitəsini təxminən 100 km/saat sürətlə idarə etmiş, o və digər sərnişinlər narahat olduqlarına görə Qalibə iradlarını bildirib sürəti aşağı salmalarını demiş, lakin sonuncu bu iradlara heç bir məhəl qoymayıb həmin sürətlə hərəkətə davam etmişdir. Sürətlə hərəkətdə olan zaman tunelin bitdiyi hissədə qarşılarına anidən daşlı-torpaq topası çıxmışdır. Belə ki, həmin hissədə tunelə avtomobillərin daxil olmasının qarşısını almaq üçün yolun hərəkət hissəsinə sağ tərəfi 1,5 metr hündürlükdə, sol tərəfi isə 60 santımetr hündürlükdə olan torpaq tökülmüşdür. Həmin torpaq topası yolun bir tərəfində hündür, digər tərəfində isə nisbətən alçaq olmuşdur. Qalib əyləci basıb nisbətən sürəti azaldaraq qarşı zolağa çıxıb nəqliyyat vasitəsini torpaq topasının nisbətən alçaq olan hissəsinə tərəf istiqamətləndirmişdir. Nəqliyyat vasitəsi həmin torpaq topasına çırpılıb zərbənin təsirindən üstündən keçmiş, maşının alt hissəsində iri daş parçaları qaldığından nəqliyyat vasitəsinin sürəti azalmış, dərəyə yuvarlanmaqlarının qarşısı alınmışdır. Təxminən 15 metr irəlidə nəqliyyat vasitəsi qəzalı vəziyyətdə dayanmışdır. Hadisədən sonra hamı nəqliyyat vasitəsindən düşmüş, bircə Zərərçəkmiş şəxs3 xəsarət aldığını bildirərək nəqliyyat vasitəsindən düşməmişdir. Az sonra Şahid hadisə yerinə gəlmişdir. Hadisə nəticəsində o, da sağ ayaq nahiyəsindən xəsarət almışdır. Ondan başqa Raqif Əliyev qarın nahiyəsindən, Zərərçəkmiş şəxs2 sinə və əl nahiyəsindən, habelə sürücü Təqsirləndirilən şəxs da burun və sol göz nahiyəsindən xəsarətlər almışlar. Bir qədər sonra təcili tibbi yardım əməkdaşları gələrək onları Laçın rayon mərkəzi xəstəxanasına aparıb müvafiq yardım göstərmişlər. X14 aldğı xəsarətlərdən iki gün sonra, yəni 03 iyun 2025-ci il tarixdə müalicə aldığı Bərdə rayon mərkəzi xəstəxanasında ölmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs1 ifadəsində əyləşdikləri nəqliyyat vasitəsinin saz vəziyyətdə olduğunu, hadisəyədək heç bir texniki nasazlığının olmadığını, sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edən zaman sərxoş vəziyyətdə olmadığını, hadisədən öncə həmin tuneldən istifadə etmədiklərini, belə bir fikirlərinin də olmadığını, lakin Şahid tunel olan yeni yolla yanacaq gətirdiyini görüb tunelin açıq olduğunu ehtimal edərək rahat yolla getmək məqsədi ilə həmin tunelə daxil olduqlarını, tuneldə işlər bitmədiyinə görə orada heç bir işıqlandırma olmadığını, yalnız nəqliyyat vasitəsinin işığı ilə hərəkət etdiklərini, hadisənin Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yüksək sürətlə idarəetməsi səbəbindən baş verdiyini, əgər nəqliyyat vasitəsini asta sürətlə idarə edəcəyi təqdirdə maneəni görən kimi nəqliyyat vasitəsinin saxlanmasının mümkün olacağını bildirmişdir. Daha sonra o, dəymiş ziyanın ödənilməməsinə baxmayaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, həmin hadisə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini tuneldə yüksək sürətlə idarə etməsi səbəbindən baş vermiş və qeyd edilən hadisə nəticəsində sinə və əl nahiyəsindən xəsarətlər almışdır. Daha sonra o, dəymiş ziyanın ödənilməməsinə baxmayaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 da Zərərçəkmiş şəxs1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, həmin hadisə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini tuneldə yüksək sürətlə idarə etməsi səbəbindən baş vermiş və qeyd edilən hadisə nəticəsində burun və sol göz nahiyəsindən xəsarətlər almışdır. Daha sonra o, dəymiş ziyanın ödənilməməsinə baxmayaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləyir. "xxxx" MMC Kəlbəcər-Laçın avtomobil yolunun Laçın rayon Kürdhacılı kəndi ərazisindən keçən hissəsində körpü tikintisini həyata keçirir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə, saat 04:50-də şirkətin çilingəri Təqsirləndirilən şəxs ona zəng edərək idarə etdiyi nəqliyyat vasitəsinin yanacağının bitməsi səbəbindən Laçın rayonunun Hacısamlı kəndi ərazisində 9-cu tunellə 10-cu tunelin arasındakı yolda qaldıqlarını bildirmiş və ondan yanacaq gətirməsini xahiş etmişdir. O, MMC-nin yanacaq çənindən 20 litr yanacaq götürərək MMCyə məxsus “Mitsubishi L200” markalı nəqliyyat vasitəsinə əyləşib Təqsirləndirilən şəxs dediyi yerə getmişdir. Saat təxminən 05:10 radələrində 9-cu tunelə çatmış, tuneldən təxminən 30 metr aralıda alternativ yola keçidi göstərən ox işarəsi nişanı olduğunu, tunelə yaxınlaşdıqda isə tunelin qarşısında asfalt-beton örtüyünün üzərində təxminən 50 santimetrdən - 1 metrədək hündürlüyündə torpaq maneənin olduğunu görmüşdür. Yollarda və ya tunellərdə iş gedərkən həmin hissəyə kənar nəliyyat vasitəsinin girişinin məhdudlaşdırılması məqsədi ilə tez-tez yolun ayrı-ayrı hissələrində belə torpaq topaları tökülmüşdür. O, tunelə girişin bağlandığını görüb yol nişanı ilə verilən istiqamətdə alternativ yolla irəliləyərək Təqsirləndirilən şəxs olduğu yerə çatıb yanacağı sonuncuya vermişdir. Yanacaq əlavə olunduqdan sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini işə salmışdır. İşçilər gəldikləri avtomobilə əyləşərkən o, gəldiyi nəqliyyat vasitəsinin boş olduğunu bildirib kimsə istəsə onunla gedə biləcəyini təklif etmişdir. Lakin həmin nəqliyyat vasitəsi ilə gələn işçilər, yəni Raqif Əliyev, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 axıra qədər bir yerdə gedəcəklərini bildirib Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə minmişlər. O, da təkbaşına gəldiyi avtomobillə MMC-nin düşərgəsi istiqamətində yola düşmüşdür. İlk öncə o, öndə, Təqsirləndirilən şəxs isə onun arxasıycan 30-40 km/saat sürətlə hərəkət etmişlər. 9-cu tunelə çatmağa təxminən 300 metr qalmış Təqsirləndirilən şəxs sürətini artırıb onu ötüb keçmiş, bu vaxt o, yaşca, habelə vəzifədə böyük olduğu üçün Qalibin onu ötüb keçməsi ona pis təsir etmişdir. Qalib sürətlə qarşıdakı 9-cu tunelə daxil olmuşdur. Tunelin bu girişi açıq olsa da, digər tərəfinin bağlı olduğunu bildiyi üçün o, həmin tunelə girməmiş, tunelin yanında olan alternativ yolla hərəkətini davam etmişdir. O, ümumi uzunluğu 192 metr olan həmin tunelin sonunda Qalibin maneənin olduğunu görüb geri qayıdacağını zənn etmiş, bu səbəbdən sonuncuya zəng etməmişdir. Yan yolla hərəkət edib tunelin digər çıxışına çatanda Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi L200” markalı nəqliyyat vasitəsinin torpaq topasının üstündən aşıb 10-15 metr irəlilədikdən sonra qəzalı vəziyyətdə dayandığını, sərnişinlərin isə yaralı halda yerdə uzandıqlarını görmüşdür. Bu vaxt dərhal təcili tibbi yardıma zəng edərək tibbi yardım çağırmış, özü isə dərhal nəqliyyat vasitəindən düşüb həmin şəxslərə yaxınlaşmışdır. Sürücü və nəqliyyat vasitəsində olan sərnişinlərin hamısı müxtəlif dərəcəli xəsarətlər almışlar. Bir müddət sonra təcili tibbi yardım maşını ilə həkimlər gəlib xəsarət alan şəxsləri Laçın rayon mərkəzi xəstəxanasına, oradan isə Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar. Bundan əlavə Şahid ifadəsində "xxxx" MMC-yə məxsus **-CU- *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs yol qaiməsi əsasında idarə etdiyini, hadisə vaxtı yalnız qeyd olunan nəqliyyat vasitəsinin və adıkeçən şəxslərin zərər gördüyünü, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini hansı sürətlə idarə etməsi barədə dəqiq bir söz deyə bilməyəcəyini bildirmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Laçın rayonun Hacısamlı kəndi ərazisində, yeni çəkilməkdə olan Laçın-Kəlbəcər avtomobil yolun “9-cu tunel”in çıxışında baş vermişdir. Sözügedən yol asfaltbeton örtüklüdür, yol qurudur, yolda hər hansı yol nişanı yoxdur, nişanlanma xətti isə mövcud deyil. Yolda sağ tərəfə məcburi hərəkət nişanı və plastik baryerə bağlanmış qadağanedici siqnal lent qoyulmuşdur. Hadisə zamanı “Mitsubishi L-200” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Laçın rayon Hacısamlı kəndi ərazisindən Laçın rayon Kürdhacılı kəndi istiqamətində 9-cu tuneldə hərəkətdə olarkən idarəetmədən çıxaraq tunelin çıxış hissəsində olan yolu bağlamaq məqsədilə yığılmış torpaq maneənin sol hərəkət zolağında olan hissəsinə çırpılmış və həmin maneənin üzərindən keçib sağ tərəfə istiqamətlənib 15.47 metr məsafə irəliləyərək yolun sağ hərəkət zolağında dayanmışdır. Hadisə yerində yolun hərəkət hissəsi asfalbeton örtüklü yoldur, yol qurudur. Hadisə yerində üzü Laçın rayon Kürdhacılı kəndi istiqamətinə yolun sağ hissəsi torpaq örtüklü sahə, sonra sağdan təpə, sol hissəsi isə torpaq örtüklü sahə, sonra soldan dərə ərazi ilə əhatələnmişdir. Hadisə baş verən yerdə hər hansı yol kəsişməsi yoxdur. Yol örtüyünün eni 12 metr, hərəkət hissəsinin eni isə 10 metrdir. Sözügedən nəqliyyat vasitəsinin toqquşduğu torpaq təpə ilə son dayandığı yer arasındakı məsafə 15 metr 47 sm-dir. Hadisə yerində tormuz izi aşkar edilmədi, “Mitsubishi L-200” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin torpaq maneəyə dəydiyi yer hadisə yeri kimi götürüldü. İzlərə əsasən sözügedən nəqliyyat vasitəsinin torpaq təpəyə dəydiyi istiqamətin hərəkətdə olduğu yolun sağ zolağında deyil, əks istiqaməti göstərən sol zolağında olduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 21 nömrəli rəyindən görünür ki, mərhum X8 bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Döş qəfəsi və qarının küt travması. Qaraciyərin və dalağın zədələnməsi, burun kökünün, burun belinin sol yan səthinin, sol baldırın yuxarı-orta 1/3nin ön səthinin sıyrıqları vardır. Həmin xəsarətlər həyatidirlər. Ölümdən az vaxt əvvəl törənmişdir, xx.xx.2025-ci il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X8 ölümünə səbəb döş qəfəsinin və qarının qapalı küt travması ilə əlaqədar kəskin daxili qan itirmə olmuşdur. X9 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin məhkəmə-tibbi müayinəsindən 3 (üç) saat əvvəl xx.xx.2025-ci il tarixdə saat 10:00-da xəstəxanada baş vermişdir. X9 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakliamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 383 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Döş qəfəsinin əzilməsi, ayaq barmağının (barmaqlarının) dırnaq lövhəsinin zədələnməsi və əzilməsi, digər əl daraq sümüyünün sınığı, burnun səthi travması - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, xəsarətlərin yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə yuxarıda qeyd edilən xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 384 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Sağ bazu sümüyünün böyük qabarının yerdəyişmiş sınığı - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, xəsarətlərin yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2025ci il tarixli 451 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Sağ bazu sümüyünün sınığı- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2025ci il tarixli 450 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Burun sümüklərinin sınığı, burun tini üzərində və sol alt göz qapağında əzilmiş yaralar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/1527 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, **-CU-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən yol işlərini aparan şəxslər məhkəmə yol-nəqliyyat ekspertizasının tədqiqat obyekti olmadığından və yol işlərini aparan şəxslərin hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən yol işlərini aparan şəxslərin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan X8 adına verilmiş xx.xx.2025-ci il tarixli 483945 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, R.Əliyevin ölüm səbəbi travmatik ikincili və ya residivləşən qanaxma olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Təqsirləndirilən şəxs məxsus BD 805672 seriyalı, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs bu növ nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın RPŞ-nin DYPB-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-94/2-207-2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus BD 805672 seriyalı B1, B, C1, C kateqorialı, sürücülük vəsiqəsi vardır, sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək qüvvədədir. BA 187288 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Mitsubishi L- 200” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ünvan 2 ünvanında qeydiyyatda olan X2 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin muayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən anda alkoqollu içki təsiri altında olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Füzuli Rayon Mərkəzi xəstəxanasının xx.xx.2025-ci il tarixli, 18-1-36/2-809/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Mərkəzi xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xasiyyətnamədən, arayışdan, şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonunu Yuxarı Kürdmahmudlu kəndində qeydiyyatdadır və həmin ünvanda həyat yoldaşı X4, xx.xx.2008-ci il təvəllüdlü qızı X10, xx.xx.2009-ci il təvəllüdlü qızı X5, xx.xx.2014-cü il təvəllüdlü oğlu X6 və xx.xx.2017-ci il təvəllüdlü qızı X11 ilə birlikdə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 328.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2015-ci il tarixli amnistiya qərarına xx.xx.2016-cı il tarixdə həmin cəzadan vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 20 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə yenidən ittihamın elan edilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində, X12 isə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasının nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs məxsus BD 805672 seriyalı, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsinin əslinin cinayət işinin istintaq materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, onlara dəymiş ziyanın ödənilməməsinə baxmayaraq onlar təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışlar və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edirlər. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyaında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən boynuna almasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində dörd yetkinlik yaşına çatmayan və azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, həmçinin səmimi peşmançılığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin təqsirini qismən boynuna almasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində dörd yetkinlik yaşına çatmayan və azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, həmçinin səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla, onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli isə tutulduğu vaxtdan, yəni 10 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 iş saatı üçün 132 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 12 iş saatı üçün 132 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar