Məhkəmə qərarları › İş №1(047)-14/2024

Laçın Rayon Məhkəməsi Qərar — İş №1(047)-14/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 1(047)-14/2024 18.07.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi vəzifəsini müvəqqəti icra edən Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Pərvanə Qurban qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-258/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət baxılması üçün X3 yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığı yarandığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsi 07 iyun 2024-cü il tarixli məktubu ilə xüsusi ittiham qaydasında şikayət üzrə materialın Laçın Rayon Məhkəməsində baxılmalı olduğu qeyd edilərək sözügedən iş Bakı Apellyasiya Məhkəməsi tərəfindən (Laçın Rayon Məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olması səbəbindən materialın aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsi üçün) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X16 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin və ona əlavə edilmiş materialların baxılması üçün aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, 17 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X5 15 nəfər kollektiv üzvü və 4 nəfər online olmaqla 19 nəfərdən ibarət pedoqoji şura iclası keçirilmişdir. Şura iclası keçirilən zaman müzakirə edilən məsələlərdən biri də əmək intizamına əməl edilməsi məsələsi olmuşdur. Əmək intizamını pozduğu üçün Laçın rayon X5 dərnək rəhbəri X6 17 mart 2023-cü il tarixdə mərkəzin X18 töhmət elan edilmişdir. Töhmət elan edildikdən sonra X10 yerindən qalxaraq bütün kollektivi, dərnəyin direktorunu müxtəlif sözlərlə təhqir edərək şəxsən onun və kollektivin digər üzvlərinin hər birinin üzünə tüpürmüşdür. Əlavə olaraq Laçın rayon X5 dərnək rəhbəri X10 20 iyul 2023-cü il tarixdə “Whatsapp” ani mesajlaşma programında ona səs ataraq “Zəravənd müəllimə sizi qoyub cırıq yerinə, ayıb olsun Sizə” sözlərini demişdir. İş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 və onun müdafiəçilərinə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayətə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və onların müdafiəçilərinin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materialları ilə tanış olaraq, habelə iş materiallarında olan sübutları nəzərdən keçirərək hesab edir ki, işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində məhkəmələr arasında fikir ayrılığı yarandığından xüsusi ittiham qaydasında verilmiş şikayət məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Odur ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Bundan başqa, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan əlavə, həmin Qərarının 12-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən: 74.1. Cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2. Uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 74.3. Xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 74.4. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Beləliklə xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, təhqir hesab edilən hərəkətlər 17 mart 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X5 15 nəfər kollektiv üzvü və 4 nəfər online olmaqla 19 nəfərdən ibarət X18 baş vermişdir. Daha sonra isə 20 iyul 2023-cü il tarixdə Pərvanə Rüstəmova “Whatsapp” ani mesajlaşma proqramında İlhamə Teymurluya səs ataraq onu təhqir etmişdir. Birinci halda ehtimal edilən cinayətin törədildiyi yer şübhəsiz ki, Bakı şəhəri Xətai rayon ərazisidir. Belə ki, törədilməsi ehtimal edilən cinayətin baş verdiyi Laçın rayon X11 Bakı şəhəri Xətai rayon ərazisində yerləşir. İkinci halda isə ümumiyyətlə törədilməsi ehtimal olunan cinayətin mövcud olub-olmamasına diqqət yetirmək lazımdır. Belə ki, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə bir şəxsin digər şəxsə təhqir xarakterli məlumatların göndərilməsi kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılma kimi qiymətləndirilə bilməz. Çünki, 20 iyul 2023-cü il tarixdə Pərvanə Rüstəmovanın “Whatsapp” ani mesajlaşma proqramında İlhamə Teymurluya səs ataraq onu təhqir etməsi iki nəfər arasında olan yazışma kimi qiymətləndirilməlidir ki, belə olan halda isə Pərvanə Rüstəmovanın hərəkətləri mülki hüquqi məsuliyyət yaratdığından onun hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, X14 Teymurluya səs ataraq onu təhqir etməsi halında “Whatsapp” ani mesajlaşma proqramı kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı statusuna da malik olmamışdır. Bundan başqa məhkəmə onu da bildirir ki, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə bir şəxsin digər şəxsə təhqir xarakterli məlumatların göndərilməsi internet informasiya ehtiyatında yayılma kimi qiymətləndirilsə belə yenə də qeyd edilən xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılması Laçın Rayon Məhkəməsinin səlahiyyətlərinə aid edilə bilməz. Çünki, “Whatsapp” ani mesajlaşma mübadilə sisteminin hüquqi ünvanı Amerika X1sa belə həmin mübadilə sisteminin fəaliyyət göstərdiyi mobil telefon nömrəsi Azərbaycan Respublikası ərazisində qeydiyyata alındığından, hal-hazırkı halda isə 20 iyul 2023-cü il tarixdə Pərvanə Rüstəmovanın “Whatsapp” ani mesajlaşma proqramında İlhamə Teymurluya səs ataraq onu təhqir etməsi faktı Pərvanə Rüstəmovanın şikayət ərizəsində qeyd edilən onun yaşayış ünvanı üzrə ünvan 4ni zamanda cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən yaşayış yeri dedikdə həmin şəxsin qeydiyyatda olduğu yer deyil, onun faktiki olaraq yaşadığı yer başa düşüldüyündən və belə olan halda isə qeyd edilən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Göründyü kimi hər iki halda da qeyd edilən xüsusi ittiham qaydasında verilmiş şikayətə Laçın Rayon Məhkəməsində baxılması istisna edilir. Bundan əlavə, həm xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16, həm də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10, eyni zamanda iş üzrə dindirilməsi zəruri hesab edilən beş nəfər şahid Bakı şəhəri ərazisində yaşadıqlarından qeyd edilən xüsusi ittiham qaydasında işə Bakı şəhəri Xətai Rayon və yaxud Nərimanov Rayon Məhkəmələrindən birində baxılmasını məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından daha məqsədəmüvafiq hesab edir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X9 xüsusi ittiham qaydasında şikayətinə baxılması, şikayətdə göstərilən hallara uyğun olaraq ya Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin, ya da ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, yəni şikayətdə qeyd edilən hər iki halda da həmin xüsusi ittiham qaydasında verilmiş şikayətə Laçın Rayon Məhkəməsində baxılması istisna edildiyindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 xüsusi ittiham qaydasında şikayətinə baxılmasının hansı məhkəmənin səlahiyyətinə aid olması məsələsinin həll edilməsi məqsədilə ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 77-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 xüsusi ittiham qaydasında şikayətinə baxılmasının hansı məhkəmənin səlahiyyətinə aid olması məsələsinin həll edilməsi məqsədilə ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar