Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-2/2023 11.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Ağayev Seyid-Əzim Nağı oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində, 11 may 2023-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, ayonu Dambulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Dambulaq kəndində qeydiyyatda olmaqla ünvan 2-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını qəsdən gizlin olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 2021-ci ilin dekabr ayının sonunda işdən çıxdıqdan sonra maddi çətinlikləri olduğunu görub ailə üzvlərini Abşeron rayonunda yaşayan qohumlarının evinə yerləşdirib, özü isə 2022-ci ilin yanvar ayının əvvəlində Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, ünvan 1 ünvanında yaşayan qardaşı Zərərçəkmiş şəxs evinə gələrək müvəqqəti orada yaşayarkən, sonuncunun özünə məxsus pul vəsaitlərini yataq otağındakı sandığa yığıb saxladığını öyrəndikdən sonra, həmin sandığın qıfılını sındırmaqla açıb içərisindən müəyyən qədər pul oğurlamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs evdə olmadığını görüb bu fikrini qətiləşdirərək bununla bağlı heç kəsin ona mane olmaması üçün həmin vaxt evdə olan bacısı Şahid1 qızını evdən çıxartmaq niyyəti ilə yalandan mahnıya qulaq asmaq istədiyini bildirib yaxınlıqda yaşayan qohumu Türkanə Süleymanovanın evinə gedib orada olan “wi-fi” vasitəsi ilə internetə qoşulub öz telefonuna bir neçə mahnı yükləməsini xahiş edib sonuncunun evdən çıxıb getməsinə nail olduqdan sonra sandığın qıfılını sındırmaq üçün evin həyətyanı sahəsində yerləşən əl damından çəkic alətini götürüb Zərərçəkmiş şəxs yataq otağına daxil olaraq orada olan və sonuncu tərəfindən maddi qiymətli əşyaların saxlanc yeri kimi istifadə edilən sandığın qapısındakı qıfıla həmin çəkiclə bir neçə zərbə vurub qıfılı sındıraraq saxlanc yeri olan sandığa qanunsuz, yəni sahibinin iradəsindən kənar daxil olaraq içərisində Zərərçəkmiş şəxs məxsus olan 4.447 (dörd min dörd yüz qırx yeddi) manat pulun bir qismini, yəni 1.200 (bir min iki yüz) manatını gizli olaraq talayıb öz xeyrinə yönəldərək oğurluq etmişdir. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşagıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirirlən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Əvvəllər Abşeron rayonu ərazisində işləməklə ünvan 2 ünvanında yaşamış, 2021-ci ilin sonunda işsiz olduğundan maddi cəhətdən dolana bilmədiyindən məcbur qalıb həyat yoldaşı və övladlarını Abşeron rayonunda yaşayan qohumlarının evinə yerləşdirmiş, özü isə 2022-ci ilin yanvar ayının 1-də Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, ünvan 1 ünvanında yaşayan qardaşı Zərərçəkmiş şəxs evinə gedərək müvəqqəti olaraq orada yaşamışdır. Həmin ev ata yurdu olmaqla orada qardaşı Zərərçəkmiş şəxs və bacısı Şahid1 ilə birlikdə yaşamış, sonunculardan başqa özü də həmin ünvanda qeydiyyatda olmuşdur. Qeyd olunan ünvana gəldikdən sonra hərdən Taxta-körpü qəsəbəsində yaşayan digər bacısı Şahid2 evinə gedib bir müddət orada da yaşamışdır. Onlar Laçın rayonundan məcburi köçkün olduğundan təxminən 2012-ci ildən onlara dövlət tərəfindən “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər” əvəzinə “vahid aylıq müavinət” ödənilmiş, onun adına hesablanan 60 (altmış) manat məbləğində “vahid aylıq müavinət” qardaşı Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC tərəfindən verilmiş bank kart hesabına köçürülmüşdür. Həmin kart Zərərçəkmiş şəxs olduğuna görə pullar sonuncu tərəfindən nağdlaşdırılmış, uzun müddət ona çatası pulu sonuncu özünə götürərək ona heç bir məbləğdə pul verməmişdir. Ötən müddət ərzində o, bir neçə dəfə Zərərçəkmiş şəxs müraciət edib ona çatası pulu istəmiş, lakin sonuncu ona pul verməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs psixoloji problemləri olmuş, bu səbəbdən heç yerdə işləməmiş, rayon ərazisində hamı onu ruhi xəstə və “seyid” kimi tanıyıb imkanları daxilində əl tutaraq müəyyən miqdarda pullar vermişlər. Qasım aldığı pulları yığıb evində olan sandığın içərisinə saxlamış, heç kəs onun puluna toxunmasın deyə sandığı qıfılla bağlayıb açarını mütəmadi şəkildə üzərində gəzdirmişdir. Həmin dövrlər o, işsiz olduğundan heç yerdən gəliri olmamış, bu səbəbdən dövlət tərəfindən adına ayrılan “vahid aylıq müavinət” pulunu özünə verməsini Qasıma dəfələrlə demişdir. Lakin Qasım bir daha ona pul verməkdən imtina etmiş, buna görə də o, 2022-ci ilin aprel ayında belə qərara gəlmişdir ki, Qasımın pul saxladığı sandığın qıfılını sındırıb oradan özünə aid olduğunu hesab etdiyi qədər pul götürüb Bakı şəhərinə getsin. Bu məqsədlə xx.xx.2022-ci tarixdə, saat 15 radələrində evdə heç kəsin olmadığı vaxt həyətdə olan əl damından çəkic alətini götürərək sandığın yerləşdiyi otağa daxil olub çəkiclə sandığın qıfılına bir neçə zərbə vuraraq qıfılı qırmışdır. Bundan sonra sandığın qapısını açıb içərisində pul axtarmış, göy və qəhvəyi rənglərin qarışığından ibarət olan pul qabı tapıb içərisinə baxanda çoxlu sayda 100 manatlıq, bir neçə ədəd isə 200 manatlıq əskinaslardan ibarət pullar olduğunu görmüşdür. O, həmin pul qabındakı pulları saymasa da, kənardan görünüşünə görə orada təxminən 2.000 (iki min) manatdan artıq pul olmasını müəyyən etmişdir. Bundan sonra həmin pul qabından 3 ədəd 100 (bir yüz) manatlıq əskinas, yəni 300 (üç yüz) manat pul götürmüş, qalan pulları isə yenidən pul qabına qoyub sandığın içinə atmış, sandığın qapısını örtüb evdən çıxıb heç kimə heç bir söz demədən “Vaz-2107” markalı yol taksisi ilə Ağcabədi rayonuna, oradan isə tanımadığı “Mercedes” markalı başqa taksi ilə Bakı şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixinə kimi Bakı şəhərində olmuş, xx.xx.2022-ci il tarixdə gecə saatlarında polislər onu Laçın RPŞ-nə çağırdığı üçün yenidən Ağcabədi rayonu Taxta-körpü qəsəbəsinə qayıtmışdır. Orada olarkən qardaşı Zərərçəkmiş şəxs qarşısını maskalı şəxslərin kəsib cibində olan pulları götürməsi barədə məlumat almışdır. Onun bu hadisəyə heç bir aidiyyəti olmamış, bu barədə ümumiyyətlə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs psixoloji xəstəlikdən əziyyət çəkdiyindən belə bir hadisəni özündən uydura, yəni sonuncunun bu barədə göstərdikləri həqiqətə uyğun olmaya bilər. Qasım savadsız olduğundan sonuncunun pullarının hesabatını digər qardaşı Hacı Səmədov aparmış, eşitdiyinə görə həmin gecə Zərərçəkmiş şəxs qardaşı Hacı Səmədovun evindən çıxıb öz evinə gedərkən hadisə baş vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qardaşı Qasımın onun barəsində göstərdiklərinin yalan olduğunu, yəni sandıqdan 1.200 (bir min iki yüz) manat deyil, 300 (üç yüz) manat pul götürdüyünü, bu məsələyə qədər onun adına dövlət tərəfindən ödənilən “vahid aylıq müavinət” Zərərçəkmiş şəxs adına olan bank kartına köçürülsə də, sonradan öz adına bank kartı açdırdığını və həmin tarixdən bu müavinəti öz adına olan kart vasitəsi ilə aldığını, törətdiyi bu əməldən heç kəsin məlumatı olmadığını da bildirmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, dəymiş ziyanı ödədiyini, artıq zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək və iş üzrə digər yüngülləşdirici halları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, Taxta-körpü qəsəbəsi ünvan 3 ünvanında bacısı Şahid1 ilə birlikdə yaşayır. Valideynləri illər öncə vəfat etmiş, ailədə beş qardaş, beş bacı olmuşlar. Məlahət və ondan başqa digər bacı və qardaşları ailəli olmaqla müvafiq olaraq Taxta-körpü ərazisindəki 552 saylı qəsəbədə, habelə Bakı şəhərində və Abşeron rayonu ərazisində yaşamışlar. Abşeron rayonu ərazisində yaşayan qardaşı Təqsirləndirilən şəxs işiz olduğundan dolana bilməyib 2022-ci ilin yanvar ayında Taxta-körpü qəsəbəsinə gələrək müvəqqəti olaraq onunla birlikdə yaşamışdır. Lakin Rahibin ailə üzvləri sonuncu ilə birlikdə gəlməyərək Abşeron rayonu ərazisində qalmışlar. Onlar Laçın rayonundan məcburi köçkün olduğundan dövlət tərəfindən “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər” əvəzinə hər bir şəxsə 60 (altmış) manat “vahid aylıq müavinət” ödənilmişdir. Onun, bacısı Şahid1 və qardaşı Təqsirləndirilən şəxs adına hesablanan “vahid aylıq müavinət”lər onun adına olan "xxxx" ASC tərəfindən verilmiş bank kart hesabına köçürülmüş və o, hər ay həmin pulları bankomatdan nağdlaşdırıb Rahibə çatası pulu tam şəkildə özünə vermişdir. Təqsirləndirilən şəxs onun evində qaldığı müddətdə heç vaxt özünə çatmalı olan hər hansı pulu ondan tələb etməmişdir. Sonuncunun bu barədə ifadəsində göstərdikləri tamamilə yalan və uydurmadır. O, son zamanlar özünə 4.447 (dörd min dörd yüz qırx yeddi) manat məbləğində pul yığmış və həmin pulları, habelə digər qiymətli əşyalarını evin yataq otağında yerləşən sandığın içərisində saxlamaqla sandığın qapısını daim qıfılla bağlayıb açarını üzərində gəzdirmişdir. Onun sandıqda pul saxlaması barədə digər yaxın qohumları kimi Təqsirləndirilən şəxs da məlumatı olmuşdur. 25 aprel 2022-ci il tarixdə günorta saatlarında o, evdə olmadığı vaxt Təqsirləndirilən şəxs həmin sandığın qıfılını çəkiclə sındırıb sandığın ağzını açmış, orada ona məxsus olan 4.447 (dörd min dörd yüz qırx yeddi) manat pulun bir qismini, yəni 1.200 (bir min iki yüz) manatını gizlincə götürüb Bakı şəhərinə getmişdir. O, evə qayıdarkən sandığın qıfılının qırılaraq açıldığını görmüş, dərhal sandıqdakı pulların yerində olub-olmamasını yoxlamış, orada qalan pulları sayarkən 1.200 (bir min iki yüz) manat pulun əskik olduğunu müəyyən etmişdir. O, Təqsirləndirilən şəxs arxasınca Bakı şəhərinə gedib pulunu geri almaq və sonuncunun bu əməli barədə hüquq mühafizə orqanlarına şikayət etmək istəsə də, həmin vaxt digər bacı və qardaşları ayıbdır deyib şikayət etməyə və Təqsirləndirilən şəxs arxasınca Bakı şəhərinə getməsinə imkan verməmişlər. Bundan sonra o, sandıqda pul saxlamağın etibarlı olmadığını görüb geridə qalan pullarını götürüb cibinə qoyaraq daim üzərində gəzdirmiş, gecələr yatarkən isə paltarını soyunub yasdığın altına qoymuşdur. Bundan bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 22 radələrində digər qardaşı Sahib ilə internet üzərindən “Whatsap” proqramı vasitəsi ilə görüntülü danışmaq üçün bacısı Şahid1 mobil telefonunu götürüb 552 saylı qəsəbədə yaşayan digər qardaşı Hacı Səmədovun evindəki internetə qoşulmaq üçün sonuncunun evinə getmişdir. Hacı Səmədovla evin həyətində görüşüb bir qədər söhbətləşmiş, “wi-fi” vasitəsi ilə internetə qoşularaq Sahib Səmədova bir neçə dəfə zəng etmiş, lakin Sahib telefona cavab vermədiyindən danışa bilməmişdir. Orada olduğu müddətdə Hacı Səmədovun uşaqları Ağa və Araz Səmədovlar çölə çıxıb onunla görüşərək hal-əhval tutmuşlar. Bir qədər sonra, yəni saat 23 radələrində o, evə qayıtmaq üçün sağollaşıb oradan çıxmış, Taxta-körpü ərazisi, 552 saylı qəsəbədə Elman və Seyfəli adlı şəxslərin evlərinin arası ilə təkbaşına piyada gedərkən qarşıda tanımadığı bir şəxsin yolun ortasında, digər bir şəxsin isə hevvanların aparılıbgətirilməsi üçün istifadə edilən ara yolda dayandığını görmüşdür. O, həmin şəxslərin yanından keçərkən yolun ortasında dayanan şəxs qəfildən onun üstünə hücum etmiş, bu zaman o, həmin şəxslərin üzündə maska, əllərində isə əlcək olduğunu görmüş, həmin şəxslərdən biri əlinin içi ilə onun üz nahiyyəsinə bir zərbə vurub yerə yıxmış, digər şəxsə sonuncuya kömək etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər onu gözləyirmişlər. O, qışqırıb köməyə adam çağırmaq istəyəndə həmin şəxslər əlləri ilə ağzından tutub qışqırmağa imkan verməmişlər. Yerdən qalxıb qaçmağa çalışanda ikinci maskalı şəxs əlində olan qara rangli bıçağı onun üzünə tutub yenidən yerə yıxmış və ciblərini axtarmağa başlamışdır. Bu zaman həmin şəxslər sol cibində olan 3.247 (üç min iki yüz qırx yeddi) manat pulunu, “vahid aylıq müavinəti” aldığı bank kartını və şəxsiyyət vəsiqəsini götürüb qaçmışlar. O, qorxusundan yaxınlıqda yerləşən Maarif Əsədovun evinin həyətinə keçərək sonuncunu köməyə çağırmış, səsinə Maarifin oğlu Mütalib Əsədov çıxanda o, baş verən hadisə barədə sonuncuya danışmışdır. Mütalib Əsədov evin həyətində olan ağac parçasını götürüb onunla birlikdə hadisə yerinə getmiş, həmin vaxt o, qardaşı Hacı Səmədova zəng edərək bu barədə məlumat vermişdir. Hacı Səmədov da DİN-in “102 xidməti”nə zəng edib bu barədə şikayət etmişdir. Mütaliblə birlikdə hadisə yerinə gəldikdən sonra yerə topa şəkildə düşən 242 (iki yüz qırx iki) manat pulu tapıb götürmüş, həmin pul onun sol cibində olmuş və maskalı şəxslər cibindən pulu çıxardarkən yerə düşmüşdür. Hadisə yerində heç kiminlə rastlaşmamış, az sonra hərə öz evinə getmişdir. O, bu hadisənin kim tərəfindən törədilməsini bilməmiş, əvvəl evindən pul oğurladığına görə qardaşı Təqsirləndirilən şəxs şübhələnsə də hadisə vaxtı sonuncu Bakı şəhərində olmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Taxta-körpü ərazisi, ünvan 4 ünvanında qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Digər qardaşı Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində yaşasa da, 2022-ci ilin yanvar ayından onların yaşadığı evə gələrək müvəqqəti orada, hərdən isə digər bacısı Zərifə Səmədovanın evində müvəqqəti yaşamış, çox vaxt sonuncunun həyat yoldaşı Rövşən Süleymanov ilə birlikdə vaxt keçirmişdir. Qardaşı Zərərçəkmiş şəxs özünə məxsus pulları evdəki sandıqda saxlamış, sandığı isə qıfılla bağlayaraq açarı daim üzərində saxlamışdır. Lakin sandıqdakı pulun miqdarı barədə heç bir məlumatı olmamışdır. 25 aprel 2022-ci il tarixdə, təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs evə gəlmiş, həmin vaxt evdə ondan başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaxınlıqda yaşayan Türkanə Süleymanovanın evinə gedərək orada internetə qoşulub onun üçün öz telefonuna bir neçə mahnı yükləsin. Bundan sonra o, Rahibin tapşırığını icra edib öz mobil telefonunu götürüb Türkanə Süleymanovanın evinə getmiş, ora çatanda sonuncunun qan təzyiqinin yüksəlməsinə görə halının yaxşı olmadığını görüb telefona mahnı yükləmədən, Türkanəyə kömək etmək məqsədi ilə limon götürmək üçün tez evə qayıtmışdır. Rahib onu görəndə “nə tez qayıtdın” deyə soruşmuş, o, da limon götürmək üçün gəldiyini bildirmişdir. Həmin vaxt Rahib özünü birtəhər aparmış, sanki onun evdən çıxıb getməsinə çalışmışdır. Limon götürdükdən sonra o, yenidən Türkanə Süleymanovanın evinə getmiş, daha sonra isə Rahibə görə öz mobil telefonuna mahnılar yükləmiş, bir neçə saatdan sonra, yəni saat 22 radələrində evə qayıdanda sonuncunun evdə olmadığını görmüşdür. Bundan sonra yaxınlıqda yaşayan bacısı Şahid2 yanına gedərək Rahibin evdə olmadığını bildirdikdə Zərifə qardaşı Rahibin onun oğlu Hüseyn Süleymanovla danışarkən Bakı şəhərinə gedəcəyini bildirdiyini demişdir. O, Rahibin pulu olmadığını, Bakı şəhərinə hansı pulla gedəcəyini soruşanda Zərifə bildirmişdir ki, 3 gün öncə Rahib onun evində olarkən Qasımın pul saxladığı sandığı qırıb oradan pul götürəcəyini dediyini bildirərək, bəlkə də sandıqdan pul götürdüyünü, gedib sandığı yoxlamasını demişdir. Bundan sonra o, təcili evə qayıtmış, evə çatarkən evin girişində qardaşı Zərərçəkmiş şəxsla rastlaşmış, o, Rahibin çıxıb getməsi, habelə Rahibin sandığı qırıb içərisindən pul götürmək fikrinin olması barədə Zərifənin dedikləri barədə Qasıma məlumat vermiş, bundan sonra birlikdə evə daxil olub sandığa baxanda sandığın qıfılının qırıldığını, sandığın yanında yerdə balta və bıçaq alətlərinin olduğunu görmüşlər. O, vəziyyətdən belə başa düşmüdür ki, Təqsirləndirilən şəxs həmin alətlər vasitəsi ilə sandığın qıfılını sındırıb qapısını açmış, işərisindən pul götürdükdən sonra qapısını örtüb çıxıb getmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Rahib mahnı yükləməyi bəhanə edib onu evdən çıxartmışdır. Zərərçəkmiş şəxs sandığı açıb içərisindəki qəhvəyi rəngli pul qabını götürərək oradakı pulları sayıb ilk öncə Rahibin 2.000 (iki min) manat, daha sonra isə 1.200 (bir min iki yüz) manat pul apardığını bildirmişdir. O, yerdə qalan pulun miqdarını bilməmişdir. Qasım Təqsirləndirilən şəxs bu hərəkəti barədə polisə şikayət etmək istəsə də, o, habelə digər qardaş və bacıları buna imkan verməmişlər. Bu hadisədən sonra Zərərçəkmiş şəxs qalan pulları sandığa qoymayaraq, cibində gəzdirmişdir. Qasımın üzərində çox sayda pulun olması barədə kimlərin məlumatı olmasını bilməmiş, Qasım xasiyyətcə pulu cibindən tez-tez çıxardıb sayan adam olmuşdur. Ola bilər ki, Qasım üzərindəki pulu çıxarıb sayarkən kimlərsə bunu görmüşdür. xx.xx.2022-ci il tarixdə gecə vaxtı iki maskalı şəxs Zərərçəkmiş şəxs qarşısını kəsib cibində olan pulu götürüb qaçıb getmiş, o, bu hadisənin necə baş verməsini görməmiş, yalnız Qasımın sözlərinə əsasən bu barədə məlumat almışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Taxta-körpü ərazisi, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qardaşlarıdırlar. Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində yaşasa da, 2022-ci ilin yanvar ayında gəlib Zərərçəkmiş şəxs evində müvəqqəti yaşamışdır. Bir qardaş kimi hər ikisi ilə yaxşı münasibətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun evində olarkən Qasım barəsində giley-güzar edərək onun adına dövlət tərəfindən ayrılan “çörək pulunu” kartdan çıxardıb ona vermədiyini bildirərək narazılıq etmiş və əlavə olaraq “dəli şeytan deyir sandığı qır pulu götür çıx get” demişdir. O, Rahibə səbirli olmasını, ağsaqqallar vasitəsi ilə Qasımdan pulunu almasını məsləhət bilmişdir. Bir qədər bu mövzu ətrafında söhbətləşdikdən sonra Rahib çıxıb getmişdir. 25 aprel 2022-ci il tarixdə saat 15 radələrində bacısı Şahid1 onun evinə gələrək Rahibin evdə olmadığını, harasa getməsini deyəndə bir gün öncə Rahibin sandığı sınıdırıb pul götürəcəyi barədə dediyi sözlər onun yadına düşmüş və o, bu barədə Məlahətə məlumat verərək gedib sandığı yoxlamasını demişdir. Məlahət evə gedib sandığa baxandan sonra zəng edib Rahibin sandığın qıfılını qırıb içərisindən bilmədiyi miqdarda pul apardığını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bu barədə polisə şikayət etmək istəmiş, lakin yaxın qohumlar ayıbdır deyib buna imkan verməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu Saray qəsəbəsində kirayədə ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə qaynıdır. 2021-ci iln dekabr ayında Təqsirləndirilən şəxs işdən çıxdığına görə maddi çətinlikləri yaranmış, evin kirayə pulunu ödəyə bilmədikləri üçün iş tapana qədər kirayədən çıxıb Rahibin müvəqqəti olaraq ata evinə gedib Ağcabədi rayonunda, onun isə uşaqları ilə birlikdə qohumlarının evində qalması qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə Rahib Ağcabədi rayonu, Taxta-körpü qəsəbəsində olan ata evinə gedərək qardaşı Zərərçəkmiş şəxsla birlikdə müvəqqəti yaşamışdır. 2022-ci ilin aprel ayının sonunda Rahibin əvvəl işlədiyi müəssisədə işlər bərpa olunduğundan o, Rahibə zeng edərək müəssisənin fəaliyyətə başladığını bildirib geri qayıtmasını demiş, lakin Rahib qayıtmağa pulu olmadığını, əgər tapa bilirsə 100 manat pul göndərməsini demişdir. O, da pulu olmadığını bildirəndə Rahib qardaşı Qasımdan pul ala bilsə Bakı şəhərinə gələcəyini demişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rahib onun Abşeron rayon Saray qəsəbəsində qaldığı bibisi Cəmilə Hacıyevanın evinə gəlmiş və bir neçə saatdan sonra Rahibin bacıları Şahid1 və Şahid2 ona zəng edib Rahibin Qasıma məxsus sandığın qıfılını qırıb içərisindən müəyyən miqdarda pul götürməsi barədə məlumat vermişlər. O, Rahibin nə qədər pul götürdüyünü soruşduqda, onlar bu barədə məlumatları olmadığını bildirmişlər. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə gecə yatarkən Rahibin xəbəri olmadan sonuncunun paltarlarının cibinə baxanda Rahibin cibində 270 (iki yüz yetmiş) manat pul olduğunu görmüş, səhəri gün Rahiblə danışarkən bacılarının zəng edib Qasımın sandığından pul götürməsi barədə məlumat verdiklərini bildirmişdir. Rahib pul götürdüyünü etiraf edərək ilk öncə Qasımdan ona çatmalı olan “çörək pulundan” bir qədər ona verməsini istdiyini, Qasım pul verməkdən imtina etdiyinə görə sandığın qıfılın qırıb oradakı pul qabından 300 (üç yüz) manat pul götürdüyünü bildirmişdir. Rahib Bakı şəhərinə qayıtmaq üçün pulu olmadığına görə məcbur qalıb bu hərəkəti etdiyini demişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon İcra Hakimiyyətinin 30 dekabr 2022-ci il tarixli, 11/107 nömrəli məktubundan görünür ki, Laçın rayonun Dambulaq kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid1 qızı vahid aylıq müavinətlərini 2012-ci ildən 2022-ci ilin may ayına kimi Zərərçəkmiş şəxs adına olan ******* hesab nömrəli bank kartı vasitəsi ilə almışlar. 2022-ci ilin may ayından etibarən isə “vahid aylıq müavinətləri” Təqsirləndirilən şəxs "xxxx" ASC tərəfindən verilmiş ******* hesab nömrəli, Zərərçəkmiş şəxs isə "xxxx" ASC tərəfindən verilmiş ******* hesab nömrəli plastik kartlar vasitəsi ilə almışlar. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon Mərkəzi xəstəxanasının xx.xx.2022-ci il tarixli, 350 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayon Mərkəzi xəstəxanasının X1 narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatına alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon Mərkəzi xəstəxanasının xx.xx.2022-ci il tarixli, 206 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs ağıl zəifliyi, “psixopatik gedişli” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində saxlanılıb elə həmin gün saat 08:30 radələrində Laçın rayon PŞ-nin İQ-na təhvil verilmiş və onun barəsində saat 12:51-də başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilərək bir gün müddətində tutulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan olan məcburi köçkündür, Abşeron rayonu Saray qəsəbəsi 20 yanvar küçəsində fərdi evdə həyat yoldaşı Şahid3 və oğlu xx.xx.2015-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və ona görə də Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində özünümüdafiə kimi göstərdiyi xüsusatların sübut növü kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsinin və barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünümüdafiə kimi qiymətləndirilən ifadələrinin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən hazırki cinayət işindən Zərərçəkmiş şəxs şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslər tərəfindən hücum edilərək üzərindəki pul vəsaitlərinin talanması epizodu üzrə materialın ayrılaraq araşdırmasının davam etdirilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər də araşdırılmış, belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində dövlət tərəfindən məcburi köçkün kimi adına hesablanmış “vahid aylıq müavinətin” 2022-ci ilin aprel ayının sonunadək olan müddətdə qardaşı Zərərçəkmiş şəxs adına olan bank kartına köçürüldüyünü, son dövrlər Zərərçəkmiş şəxs ona çatmalı olan pulu tam şəkildə vermədiyini, dəfələrə pulunu istəsə də sonuncunun bundan yayındığını görüb məcburən Qasımın pul vəsaitləri və digər şəxsi əşyalarını saxlandığı sandığın qıfılını sındırıb açdığını və oradakı pul qabında olan pul vəsaitlərinin hamsını deyil, bir qisimini, yəni 300 (üç yüz) manatını götürdüyünü, bu hadisədən sonra müvafiq qurumlara müraciət edib adına hesablanan “vahid aylıq müavinəti” öz adına olan bank kartı vasitəsi ilə aldığını göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatlar araşdırılmış və yuxarıda şərh olunan sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Bundan başqa iş üzrə məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına dövlət tərəfindən ayrılan “vahid aylıq müavinət” qardaşı Zərərçəkmiş şəxs adına olan bank kartına köçürülsə də, sonuncu tərəfindən həmin vasait vaxtlı-vaxtında Təqsirləndirilən şəxs çatdırılmışdır. Təqsirləndirilən şəxs işlədiyi müəssisə 2021-ci ilin dekabr ayının sonunda bağlandığından sonuncu işsiz olduğundan, yəni maddi cəhətdən çətinlikləri olduğundan həmin vaxt Zərərçəkmiş şəxs evinə gəlib orada müvəqqəti yaşamış, həmin ilin aprel ayının sonunda müəssisədə fəaliyyət bərpa edildiyindən Təqsirləndirilən şəxs Bakı şəhərinə qayıtmalı olmuş, lakin bunun üçün yol pulu və digər xərcləri ödəyəcək vəsaiti olmamış, buna görə qardaşı Zərərçəkmiş şəxs pulunu qanunsuz yolla götürmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs özünə məxsus pul vəsaitlərini evdəki sandıqda saxladığını əvvəlcədən bildiyi üçün evdə heç kəsin olmadığı vaxt həmin sandığın qıfılını çəkic aləti ilə vurub sındırmaqla açmış, oradakı pul qabında saxlanılan puldan 1200 manatını oğurlayıb dərhal Bakı şəhərinə getmişdir. Ona görə də Təqsirləndirilən şəxs bu barədə ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməməlidir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini boynuna almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiz ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, məcburi köçkün olmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi şəraitini, başqa şəxslər tərəfindən eyni xarakterli yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ümumiyyətlə məqsədəmüvafiq deyil və onun islah olunması baxımından ona məhz həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs 1(bir) gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədə tutulmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu bir gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəzanın müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə istintaqı dövründə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi həyata keçirilmişdir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə yoxdur. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədə tutulduğu bir gün müddət, bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-2/2023
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-2/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver