Məhkəmə qərarları › İş №1(047)-2/2024

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-2/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-2/2024 23.01.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində, 23 yanvar 2024-cü il tarixdə, məhkəməsinin inzibati binasında, xx.xx.1982-ci ildə Xocavənd rayonu Moreşen kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Ağdam şəhəri İ.Qayıbov küçəsi ev 76-da qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti 103A ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi ehtyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs etibarnamə əzasında idarə etdiyi ** NO *** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı beton qarışdırıcı (sement qarışdırıcı, beton daşıyıcı) xüsusi yük maşını ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Laçın şəhərinə işləmək məqsədi ilə gedərkən istintaqla müəyyən edilməyən şəraitdə alkoqollu işki qəbul edib sərxoş halda qeyd olunan nəqliyyat vasitəsini idarə edərək saat 22 radələrində Laçın rayonun Qayğı qəsəbəsi ərazisində, relyefcə sərt dağlıq ərazidə asfalt örtüklü yolda, yüksüz halda yoxuş yuxarı hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və xüsusi yük maşının idarə olunmasından ayırmamalı, yolun sərt yoxuşlu olmasını nəzərə alaraq nəqliyyat vasitəsinin hərəkətin təhlükəsizliyini təmin edə biləcəyinə əmin olduğu vəziyyətdə idarə etməli və nəqliyyat vasitəsini yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bu tələblərə əməl etməyib habelə nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, yəni nəqliyyat vasitəsinin sərt yoxuşlu yolda davamlı hərəkətini təmin edəcək sürət həddini düzgün tətbiq etməmiş, nəticədə yük maşınını sərt yoxuşlu yolda irəli hərəkət etdirmək mümkün olmamış, bu zamanı nəqliyyat vasitəsini dayandırmaq, daha sonra isə yenidən irəli hərəkət etdirmək istəyərkən buna dair əməliyyatları yalnış qaydada tətbiq etməsi nəticəsində nəqliyyat vasitəsi sürətini itirib qəfil geriyə doğru hərəkət etməyə başlamış, bunun qarşısını almaq üçün etdiyi digər cəhdlər də uğursuz olduğundan idarəetməni itirmiş, yük maşını sürətlə geriyə hərəkət edib arxasıcan eyni istiqamətdə dayanmış vəziyyətdə olan Tərtər rayon sakini Şahid1 etibarnamə ilə idarə etdiyi **-LM-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sol yan tərəfinə dəyərək toqquşmuş və bir qədər özü ilə arxaya doğru sürümüş-bununla da yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş, bu əməl həmin vaxt “VAZ- 2107” markalı nəqliyyat vasitəsinin sağ ön qapısının açılaraq ön sağ oturacaqda əyləşmiş sərnişin-xx.xx.1988-ci il təvəllüdlü, Ağcabədi rayonu Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan yerə yıxılıb sürüşməkdə olan həmin nəqliyyat vasitəsinin müxtəlif ehtiyat hissələri arasında sıxılıb sol bud-çanaq oynağında çıxıq və sol sirkə kasasında sümük qopması ilə müşayiət olunan, sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla faktiki Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospekti 103A ünvanında yaşayır. Əvvəllər ayrı-ayrı yerlərdə işləmişdir. Son dövrlər işsiz olduğundan özünə iş axtarmış, həmin vaxt Laçın şəhərində aparılan tikinti işləri ilə əlaqədar müxtəlif yük maşınlarına ehtiyac olduğunu eşidib bu sahədə işləmək qərarına gəlmişdir. Bu məqsədlə tanışı X7 müraciət edərək özünə məxsus “HOWO” markalı beton qarışdıran yük maşınını ona icarəyə verməsini, işləyib qazanacağı puldan müəyyən qədər ona da verəcəyini bildirmişdir. Natiq Hüseynli xx.xx.2023-cü il tarixdə ona idarəetmə hüququ verən etibarnəmə vermişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə **-NO-*** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı beton qarışdıran yük avtomobili ilə Laçın şəhərinə yola düşmüşdür. Həmin gün axşam təxminən saat 22 radələrində Laçın rayonunun Qayğı qəsəbəsi ərazisində, relyefcə dağlıq ərazidə, asfal örtüklü, sərt yoxuşlu yolda hərəkətdə olarkən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkmişdir. Belə ki, həmin ərazidə yol qəfildən sərt yoxuşa keçdiyindən yük maşınının gücü çatmayaraq həmin yoxuşu qalxa bilməmiş, sürət tədricən azalmış, daha sonra isə özbaşına arxa-arxaya qayıtmışdır. O, maşını saxlamaq və irəli hərəkət etdirməyə çalışsa da, bu mümkün olmamış və yük maşını geriyə doğru hərəkət etməyə davam etmişdir. Həmin vaxt hava şəraiti yağışlı və dumanlı olduğundan yol örtüyü yaş olmuşdur. Maşın öz-özünə geri hərəkət edərkən o, arxaya baxıb düzgün istiqamətə idarə etmək istəmiş, bu zaman arxada başqa nəqliyyat vasitəsinin işığını görmüş, həmin nəqliyyat vasitəsi yolun kənarına çəkilib dayanmış, yəni mövcud vəziyyətdə baş verə biləcək təhlükədən yayınmağa çalışmışdır. Bu zaman o, arxa-arxaya hərəkət edən yük maşınını yol kənarına çəkib saxlamağa çalışsa da bunu uğurlu icra edə bilməmiş, nəticədə yük maşını arxada olan **-LM-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” markalı minik maşınına çırpılmış və həmin nəqliyyat vasitəsini bir qədər özü ilə geriyə doğru sürüdükdən sonra dayanmışdır. Bundan sonra o, nəqliyyat vasitəsindən aşağı düşüb qəza baş verən hissəyə getmiş, idarə etdiyi yük maşınının “VAZ-2107” markalı minik maşınının sol yan tərəfindən dəyərək yanı üstə bir neçə metr sürüyüb yolun sağ istiqamətində olan torpaq qarışıq daşlığa dirədiyini, bunun nəticəsində nəqliyyat vasitələrinin dayandığını müəyyən etmişdir. Hadisə nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsi əzilmişdir. Həmin vaxt onun idarə etdiyi yük maşınında sərnişin olmasa da, “VAZ-2107” markalı nəqliyyat vasitəsində sürücüdən başqa iki sərnişin olmuşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları, daha sonra isə təcili tibbi yardım maşını gəlmişdir. Hadisə nəticəsində özü heç bir xəsarət almasa da, “VAZ-2107” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan şəxslər xəsarət almışlar. Lakin konkret olaraq kimin hansı xəsarəti almasından məlumatı olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində **-NO-*** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı beton qarışdıran yük avtomobilini idarə etmək hüququ verən “AF 022099” seriyalı, “BC” kateqoriyalı sürücülük vəsiqəsinin, həmçinin müvafiq etibarnaməsinin olduğunu, qəzadən öncə yük avtomobilində texniki cəhətdən heç bir nasazlıq olmadığını, hadisədən bir gün qabaq, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında alkaqollu içki olan araq qəbul etsə də, hadisə baş verən gün heç bir alkaqollu içki qəbul etmədiyini, yəni nəqliyyat vasitəsini sərxoş halda idarə etmədiyini, “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsünü və sərnişinlərini tanımadığını, həmin nəqliyyat vasitəsində olan şəxslərin hansı xəsarətlər almasından məlumatsız olduğunu, özünün isə heç bir xəsarət almadığını göstərmişdir. Bundan başqa, o, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə işləmək məqsədilə Şahid1 və Şahid2 adlı tanışları ilə birlikdə Şahid1 idarə etdiyi “VAZ-2107” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Laçın rayonuna yola düşmüşlər. O, ön oturacaqda, Şahid2 isə arxa oturacaqda əyləşmişdir. Saat təxminən 21:00 radələrində Laçın rayonu Güləbird kəndi ərazisindən keçərkən arxaları ilə yük maşının gəldiyini, tez-tez siqnal verib ötüb keçməsi üçün yol istəmiş, bu görə o, Şahid1 həmin yük maşınına yol verməsini demişdir. Nicat maşını kənara çəkib yol vermiş, beton qarışdıran yük maşını keçib getmiş, onlar da asta sürətlə həmin yük maşınının arxasınca Laçın şəhəri istiqamətində yollarına davam etmişlər. Saat təxminən 22 radələrində Qayğı qəsəbəsi ərazisində relyefcə sərt dağlıq ərazidə hərəkət edərkən, qarşıda, yəni sərt yoxuşda həmin beton qarışdıran yük maşınının dayandığını görmüşlər. Vəziyyətdən belə başa düşmüşdür ki, yük maşını sərt yoxuşu qalxa bilmir. Buna görə Şahid1 idarə etdiyi nəqliyyat vasitəsini yoldan çıxarıb sağ tərəfdə, kənarda saxlayıb yolu boşaltmışdır ki, yük maşını sərbəst hərəkət edə bilsin. Həmin vaxt yük maşını ilə onların arasındakı məsafə təxminən 40-45 metr olmuşdur. Bir neçə dəqiqə kənarda dayanıb yük maşınının yolu çıxıb hərəkətinə davam etməsini gözləmişlər. Bu zaman yük maşını qəfildən arxa-arxaya hərəkət etməyə başlamış və tədricən sürəti artmışdır. Süsücü həmin yük maşınını dayandıra bilməmiş və nəticədə onun da içərisində olduğu, VAZ 2107 markalı nəqliyyat vasitəsinin sol yan tərəfinə çırpılmış və yük maşını öz ağırlığı ilə həmin maşını yanı üstə sürütdəməyə başlamışdır. Zərbənin təsirindən onun əyləşdiyi tərəf, yəni maşının sağ ön qapısı özbaşına açılmış və o yerə yıxılıb sürüşməkdə olan nəqliyyat vasitəsinin altında qalıb sıxılmışdır. Bundan sonra o, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmış və həmin vaxt bədəninin müxtəlif nahiyələrində ağrılar hiss etmişdir. Bir neçə saatdan sonra onu Füzuli rayon Mərkəzi xəstəxanasına gətirmişlər. Orada müainələrdən keçirilərkən məlum olmuşdur ki, sol omba nahiyəsi və sol tərəfdən bir qabırğası sınmış, həmçinin digər xəsarətlər almışdır. Bundan əlavə Zərərçəkmiş şəxs ifadəsində hadisənin beton qarışdıran yük maışının sürücüsünün təqsiri ucbatından, yəni yük maşınını sərt yoxuşda düzgün idarə etməməsi səbəbindən baş verdiyini, bu hadisədə “Vaz 2107” markalı nəqliyyat vasitəsinin sürücüsü Şahid1 heç bir təqsiri olmadığını, həmin vaxt “Vaz 2107” markalı nəqliyyat vasitəsinin hərəkətdə olmadığını, Nicatın maşını kənara çəkib saxladığını, yolu boşaldıb yük maşınının sərbəst hərəkəti üçün şərait yaratdığını, Şahid1 həmin gün heç bir alkaqollu içki qəbul etmədiyini, yəni nəqliyyat vasitəsini idarə edərkən sərxoş halda olmadığını, lakin təqsirləndirlən şəxs baş vermiş yol-nəqliyyat hadisəsindən sonra istifadəsində olan yük avtomobilindən düşüb onların yanına gələrkən Təqsirləndirilən şəxs spirtli içki iyinin gəldiyini, hadisədən 20-30 dəqiqə öncə yağış yağsa da, hadisə vaxtı havanın yağıntılı olmadığını göstərmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs ilə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində yaşasa da, işləmək üçün xx.xx.2023-cü il tarixdə istifadəsində olan “VAZ- 2107” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Laçın şəhərinə yola düşmüşdür. Həmin nəqliyyat vasitəsi X8 məxsus olsa da, etibarnamə əsasında o, idarə etmişdir. O, Laçın şəhərinə tanışları Zərərçəkmiş şəxs və Şahid2la birlikdə getmiş, Fərid ön oturacaqda, Tural isə arxa oturacaqda əyləşmişdir. Həmin gün saat 22 sardələrində Laçın rayonun Qayğı qəsəbəsi ərazisində, relyefcə sərt dağlıq ərazidə hərəkətdə olarkən qarşıda **-NO-*** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı, beton qarışdıran yük maşının sərt yoxuşda qalxa bilmədiyini, bu səbəbdən dayandığını və irəli hərəkət etməyə çalışdığını görmüşdür. Buna görə o, yük maşınına yaxınlaşmamış, təxminən 40-45 metr aralıda idarə etdiyi “Vaz 2107” markalı nəqliyyat vasitəsini yoldan kənara çıxarıb saxlamış, yük maşınının sürüb yolu boşaldacağı vaxtı gözləmişdir. Yük maşınının sürücüsü həmin sərt yoxuşu qalxmağa çalışsa da bunu icra edə bilməmiş, qəfildən maşın geriyə doğru hərəkət etməyə başlamışdır. O, sürücünün maşını dayandıracağını zənn etsə də, bu baş verməmiş, yük maşını sürətlə arxa-arxaya hərəkət edib ona tərəf gəlmişdir. Bu zaman o, baş verə biləcək qəzadan yayınmaq üçün maşını hərəkət etdirmiş, lakin qəzadan yayına bilməmiş, yük maşını sürətlə arxa-arxaya gəlib onun idarə etdiyi nəqliyyat vasitəsinə sol yan tərəfdən çırpılmışdır. Zərbənin güncündən onun idarə etdiyi nəqliyyat vasitəsi bir qədər sağ yən tərəfə tullanmış, habelə yük maşını sıxıb maşını özü ilə bir qədər sürüyərək sağ istiqamətdə aşağı saldıqdan sonra “Vaz 2107” markalı nəqliyyat vasitəsi həmin ərazidə olan torpaq topasına dirənərək dayanmışdır. Zərbənin təsirindən sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs qapıya zərblə dəymiş, bu zərbədən qapı özbaşına açıldığından Zərərçəkmiş şəxs yerə yıxılaraq “Vaz 2107” markalı nəqliyyat vasitəsinin altında qalıb sıxılmışdır. O, Zərərçəkmiş şəxs kömək etmək üçün maşından düşmək istəmiş, lakin sürücü qapısı açılmadığına görə məcbur qalıb sağ ön qapıdan yerə düşmüşdür. Yerə düşərkən Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinin altında qaldığını görmüş, bu zaman arxa oturacaqda olan sərnişin Şahid2 da düşüb gəlmiş və birlikdə Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinin altından çıxarmağa çalışmışlar. Köməkləşib birlikdə Fəridi dartıb nəqliyyat vasitəsinin altından çıxardıqdan sonda kənarda təhlükəsiz yerdə qoymuşlar. Bu zaman Zərərçəkmiş şəxs ağrıları olduğundan ayağa qalxa bilməmişdir. Elə həmin vaxt yük maşınının sürücüsü də onların yanına gəlmişdir. Təxminən 20-30 dəqiqə sonra polis əməkdaşları və təcili tibbi yardım maşını hadisə yerinə gəlmişlər. Fərid Rzayevin xəsarətləri olduğundan təcili tibbi yardım maşını ilə sonuncunu xəstəxanaya aparmışlar. Şahid2 da yoldaş kimi F.Rzayevin yanında getmişdir. Bundan əlavə Şahid1 ifadəsində yol-nəqliyyat hadisəsinin **-NO-*** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı nəqliyyat vasitəsinin sürücüsünün təqsiri ucbatından baş verdiyini, özünün heç bir yol hərəkəti qaydasını pozmadığını, hadisə vaxtı hərəkətdə olmadığını, nəqliyyat vasitəsini yolun kənarında saxlayıb gözlədiyini, qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu, nəqliyyat vasitəsinin sahibi tərəfindən adına idarə etmək üçün müvafiq etibarnamə verildiyini, hadisə nəticəsində yalnız Zərərçəkmiş şəxs xəsarət aldığını, Şahid2 heç bir xəsarət almadığını, özünün isə sağ ayağından və sol qabırğa nahiyəsindən yüngül xəsarətlər aldığını, lakin xəsarətləri ciddi olmadığından xəstəxanaya müraciət etmədiyini, nəqliyyat vasitəsini idarə edərkən sərxoş halda olmadığını, yəni alkaqollu içki və ya hər hansı bihuşedici maddə qəbul etmədiyini, hadisədən 20-30 dəqiqə öncə hava yağışlı olsa da, hadisə zamanı yağıntı olmadığını, “HOWO” markalı yük nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərindən sərxoş olmasını hiss etdiyini, yük maşını arx-arxaya hərəkət edərkən nəqliyyat vasitəsini idarə edib hadisənin baş verməsindən yayınmağa çalışsa da, bunu çatdıra bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə işləmək məqsədi ilə tanışları Zərərçəkmiş şəxs və Şahid1la birlikdə sonuncunun “VAZ-2107” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərindən Laçın rayonuna yola düşmüşlər. Nəqliyyat vasitəsini Şahid1 idarə etmiş, Zərərçəkmiş şəxs ön oturacaqda, o, isə arxa oturacaqda əyləşmişdir. Saat 22 radələrində Laçın rayonun Qayğı qəsəbəsi ərazisində relyefcə dağlıq ərazidə, sərt yoxuşlu yolda hərəkətdə olarkən eyni hərəkət istiqamətində, təxminən 40-50 metr qarşıda “HOWO” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük maşınının yolu qalxa bilmədiyini görmüşlər. Yük maşınının yanından ötüb keçmək təhlükəli olduğundan Şahid1 nəqliyyat vasitəsini sürməmiş, yoldan kənara çıxardıb saxlamış, yük maşınının həmin yoxuşu qalxıb keçməsini gözləmişdir. Yük maşını qalxa bilmədiyinə görə yolun ortasında dayanmış və az sonra arxa-arxaya hərəkət edib onlara tərəf gəlməyə başlamışdır. Bu zaman Şahid1 baş verəcək toqquşmadan yayınmaq üçün nəqliyyat vasitəsini idarə edib bir qədər irəli sürmüş, lakin yük maşını sürətlə gəldiyindən qəzadən yayına bilməmişlər. Beton qarışdıran yük maşını zərblə “Vaz 2107” markalı nəqliyyat vasitəsinin sol yan tərəfindən dəymiş və ağırlığın təsirindən bir neçə metr sağ yanı üstə özü ilə sürüyüb həmin ərazidə olan torpaq topasına dirəmiş, nəticədə hər iki nəqliyyat vasitəsi dayanmışdır. Toqquşma zamanı zərbənin təsirindən Vaz 2107 markalı nəqliyyat vasitəsinin sağ ön qapısı açılmış, həmin oturacada əyləşən Zərərçəkmiş şəxs yerə yıxılıb nəqliyyat vasitəsinin altına düşmüşdür. Nəqliyyat vasitəsi bir qədər sürüşüb dayandıqdan sonra o və sürücü Şahid1 cəld yerə düşüb Fəridə köməklik etməyə başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs “Vaz 2107” markalı nəqliyyat vasitəsinin altında qalıb sıxıldığını görmüş, birlikdə köməkləşib sonuncunu olduğu yerdən çıxardaraq kənara qoymuşlar. Zərərçəkmiş şəxs ağır xəsarətlər aldığından ayağa dura bilməmiş, təxminən, 30 dəqiqə sonra polis və təcili tibbi yardım əməkdaşları hadisə yerinə gəlmiş və Zərərçəkmiş şəxs tibbi yardım maşına qoyaraq xəstəxanaya yola salmışlar. O, yoldaş kimi Zərərçəkmiş şəxsla birlikdə xəstəxanaya getmişdir. Hadisə nəticəsində özü heç bir xəsarət almamışdır. Bundan əlavə Şahid2 ifadəsində yol-nəqliyyat hadisəsinin “HOWO” markalı nəqliyyat vasitəsinin sürücüsünün təqsiri ucbatından baş verdiyini, Vaz 2107 markalı nəqliyyat vasitəsinin sürücüsü Şahid1 təqsiri olmadığını, sonuncunun heç bir yol hərəkəti qaydasını pozmadığını, hadisə vaxtı hərəkətdə olmadığını, nəqliyyat vasitəsini yolun kənarında saxlayıb gözlədiyini, hadisə nəticəsində yalnız Zərərçəkmiş şəxs xəsarət aldığını, özü və Şahid1, habelə “HOWO” markalı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs heç bir xəsarət almadığını, Şahid1 nəqliyyat vasitəsini idarə edərkən sərxoş halda olmadığını, yəni alkaqollu içki və ya hər hansı bihuşedici maddə qəbul etmədiyini, lakin “HOWO” markalı yük nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərindən sərxoş olmasından şübhələndiyini, yük maşını arx-arxaya hərəkət edərkən Nicat Vaz 2107 markalı nəqliyyat vasitəsini idarə edib hadisənin baş verməsindən yayınmağa çalışsa da, bunu bacara bilmədiyini göstərmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Laçın rayon Qayğı qəsəbəsi ərazisində baş vermişdir. Sözügedən qəsəbənin yolu örtüklüdür (asfaltbetondur), yolda hər hansı yol hərəkət nişanı, həmçinin üfüqi nişanlanma xətti yoxdur. Hadisə yerində yolun hərəkət hissəsi asfaltbeton yoldur, yol qurudur. Hadisə yerində üzü Laçın şəhəri istiqamətinə yolun sol hissəsi təpəliklə, sağ hissəsi isə enişli dərə formasında meşəliklə əhatələnmişdir. Hadisə baş verən yerdə hər hansı yol kəsişməsi yoxdur. Yol örtüyünün eni 20 metr, yolun sol çiyni 2 metr, sağ çiyni 10 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Hadisə yerində hər hansı tormuz izi aşkar edilmədi. Yük avtomobili ilə minik avtomobilinin toqquşmuş olduğu yer hadisə yeri kimi götürülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 407 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Sol bud-çanaq oynağında çıxıq və sol sirkə kasasında sümük qopması. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan AF022099 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi”nin surətindən və xx.xx.2023-cü il tarixli elektron qaydada tərtib edilmiş nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “HOWO” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2325 nömrəli rəyindən görünür ki, “HOWO” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-2107” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli alkotester müayinəsinin protokolundan və Ağcabədi rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli, 134 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeyd olunan nəqliyyat vasitəsini idarə edərkən 2.357% miqdarında sərxoş halda olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Ağdam rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli, 643 nömrəli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin narkoloji kabinetində “Çətənə” istifadəçisi diaqnozu ilə qeydiyyatdadır, lakin psixiatrik kabinetdə, eləcə də, alkoqol istifadəçisi kimi qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xasiyyətnamədən, arayışdan, məcburi köçkün vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan olan məcburi köçkündür, Bakı şəhəri Nərimanov rayonu H. Əliyev prospekti ev 103 A-da həyat yoldaşı X6, xx.xx.2008-ci il təvəllüdlü qızı X3 və xx.xx.2018-ci il təvəllüdlü qızı X4 ilə birlikdə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəmənin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Abşeron Rayon Məhkəmənin xx.xx.2013-cü il tarixli hökmü ilə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 334.1 və 339.1-1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 26 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ifadələrində özünümüdafiə kimi göstərdiyi xüsusatların sübut növü kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, Şahid1 əməlində cinayət tərkibi olmadığından barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əasən xitam verilməsi, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünümüdafiə kimi qiymətləndirilməyən ifadələrinin, habelə zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, cinayət işinin başlanmasının rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamışdır və ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və ona görə də təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən stasionar polis postunda saxlanılaraq Laçın rayon PŞ-nin əməkdaşlarına təqdim edilmiş, Təqsirləndirilən şəxs elə həmin gün saat 18:00 radələrində Laçın rayon PŞ-nin İQ-na təhvil verilmiş və onun barəsində saat 21:35-də başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilərək bir gün müddətində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq olunan “VAZ-2107” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X11 tərəfindən xx.xx.2023-cü il tarixdə Laçın RPŞ-yə ünvanlanan ərizədən görünür ki, sözügedən hadisə nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı Şahid1 və ya hər hansı şəxsdən heç bir şikayət, tələbi və ya mülki iddiası yoxdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq olunan “HOWO” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük nəqliyyat vasitəsinin sahibi X12 tərəfindən xx.xx.2023-cü il tarixdə Laçın RPŞ-yə ünvanlanan ərizədən görünür ki, sözügedən hadisə nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs və ya hər hansı şəxsdən heç bir şikayət, tələbi və ya mülki iddiası yoxdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq olunan Şahid2 tərəfindən xx.xx.2023-cü il tarixdə Laçın RPŞ-yə ünvanlanan ərizədən görünür ki, “VAZ-2107” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “HOWO” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük nəqliyyat vasitəsinin toqquşması nəticəsində heç bir xəsarət almamış və bu səbəbdən də sözügedən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Şahid1 və ya hər hansı şəxsdən heç bir şikayət, tələbi və ya mülki iddiası yoxdur. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər də araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “HOWO” markalı, **-NO- *** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük avtomobilini idarə edərkən alkaqollu içki qəbul etmədiyini, yəni sərxoş halda olmadığını göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatlar araşdırılmış və yuxarıda şərh olunan toplanmış sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Həmçinin, iş üzrə Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 134 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına və Laçın RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli alkotester müayinəsinin protokoluna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il qeyd olunan nəqliyyat vasitəsini idarə edərkən 2.357% miqdarında sərxoş halda olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs bu barədə ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyaında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən boynuna almasını, məhkumluğunun olmamasını, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin səmimi peşmançılığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin təqsirini qismən boynuna almasını, məhkumluğunun olmamasını, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla, onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs 01 (bir) gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədə tutulmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu bir gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədə tutulduğu bir gün müddət, bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar