Məhkəmə qərarları › İş №1(047)-4/2025

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-4/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-4/2025 02.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Xüsusi ittihamçı X7, onun nümayəndəsi və eyni zamanda vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Laçın rayonu Xırmanlar kəndində anadan olmuş, Laçın rayonu Xırmanlar kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi sosial bina 24 mənzil 15-də yaşayan X4 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X9 təqsirləndirilən şəxs X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işinin başlanmasına dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə Beyləqan rayonunda anadan olmuşdur. Orta təhsillidir, ailəlidir, iki övladı var və hal-hazırda Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tələt Şıxalıyev küçəsində yaşayır. 2019-cu ildən Qala Sığorta” ASC-də zərərlərin tənzimlənməsi departamentinin hadisələr şöbəsində qəza komissarı vəzifəsində işə başlamış və hal-hazırda da həmin vəzifədə əmək fəaliyyətini davam etdirir. xx.xx.2024-cü il saat 19:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı qaynar xəttlərinə zəng daxil olmuş, daha sonra həmin hadisəni qəbul edib hadisə yerinə getmişdir. Hadisənin təsvirini araşdıran zaman aydın olmuşdur ki, "xxxx" ASC də xx.xx.2024-cü il tarixli, PQA********** nömrəli AVSMMİS növü üzrə sığortalanmış “BMW 316” markalı, **-KS- *** dövlət qeydiyyat nişanlı avtomobil yol kənarındakı təmir emalatxanasından baş yola geriyə hərəkət edərkən, baş yolda hərəkətdə olan “Opel Astra” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaratmışdır. Qəza zamanı xəsarət alan olmamışdır. Hadisənin təsvirindən və Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolundan da aydın olur ki, sığortalı X6 hadisə nəticəsində təqsirli bilinmiş və barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülmüşdür. Hadisə günü və hadisədən sonra X6 (bundan sonra barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs) dəfələrlə ona zəng edərək maşınının tez bir zamanda təmir olunmasını tələb etmiş və o da bu zənglərə cavab olaraq ona rəsmi qərarı dəfələrlə izah etmiş və bildirmişdir ki, “siz bu hadisədə təqsirlisiniz və icbari sığorta haqqında qanunun tələblərinə əsasən əgər siz təqsirlisinizsə bu halda sığorta həmin qanunun 52.1-ci maddəsinin tələblərinə əsasən qarşı tərəfə dəymiş ziyanı ödəyir və sizə heç bir ödəniş həyata keçirilmir”. Barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs onun tərəfindən ona hadisənin dəfələrlə ətraflı şəkildə izah edilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs qanunvericiliyin tələblərini qəbul etməmiş, “TikTok” sosial şəbəkəsindən istifadə etməklə ona və çalışdığı sığorta şirkətinə ittiham dolu, qərəzli, həqiqətə uyğun olmayan, təhqirli, cəmiyyətdə mənfi rəy yaradan məlumatlar yayaraq ona qarşı təhqir və böhtandan istifadə etmişdir. Belə ki, sığorta şirkətinin əməkdaşı olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirdiyi halda əsassız sığorta ödənişi əldə etmək məqsədilə yalan məzmunlu kütləvi çıxışlar edərək onun ünvanına böhtan və təhqir xarakterli ifadələr işlətmişdir. Qeyd etmək istəyir ki, barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs “TikTok” sosial platformasında 7105 (yeddi min bir yüz beş) nəfər izləyiciyə sahibdir. Barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs həmin sosial şəbəkədə öz hesabından etdiyi birinci paylaşımında insanlara "xxxx" ASC-də sığorta etdirməyin xahişi ilə müraciət etmiş və daha sonra telefonlara cavab vermədiyini iddia etmiş, cəmiyyətə və ona qarşı “qaçıb gizlənirlər”, “fırıldaqçı” kimi ittihamlar irəli sürmüş, birbaşa onun özü ilə bağlı “maşenniq”, “paçan”, “mürdəşir” kimi qeyri-etik ifadələr işlətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs xx.xx.2024-cü il tarixində yayınladığı videoda sığorta şirkətinin onu 2 aya yaxındır süründürdüyünü iddia etmiş, amma mübahisə predmeti olan hadisə xx.xx.2024-cü il tarixində baş verib, yəni video yayımlandığı vaxt hadisədən tarixindən cəmi 8 gün keçmişdir. Bu hal da barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxsin danışıqlarının böhtan dolu olduğunu sübut edən bir haldır. Daha sonra barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs həmin videonu silmiş və “TikTok” sosial platformasında yenidən oxşar məzmunlu video yayımlamış, yenidən şəxsinə yönələn təhqir xarakterli ifadələrə yer vermiş və hazırkı tarixə qədər həmin video onun hesabında qalmaqdadır. Qeyd edilən videonu hal-hazırda 24300 (iyirmi dörd min üç yüz) nəfər izləmiş, lakin köhnə səhifəsini silərək yeni səhifə açmış və yeni videolar yükləməyə davam etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs hal-hazırda artıq 3-cü, 4-cü, 5-ci videoları da yayımlamışdır. Yeni səhifəsində hal-hazırda aktiv olan videolardan biri isə 109400 (bir yüz doqquz min dörd yüz) nəfər tərəfindən izlənmişdir və bu izlənmə reytinqi daha da artmaqdadır. Həmin video görüntülərin olduğu CD diski hazırkı ərizəyə əlavə olunur. Əlavə olaraq bildirmək istəyir ki, qeyd olunan videoda ona qarşı istifadə olunan təhqir və böhtan dolu sözlər onun gündəlik həyatına da təsir etmiş, bütün qohumları və yaxın dostları bu hadisə ilə bağlı ona zəng etmiş və onu gülünc vəziyyətinə salmışdır. Yuxarıda qeyd olunan maddələrdən və qeyd etdiyi faktlardan da aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs qeyd olunan cinayət əməllərini törətmiş, cünki barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs yalan olduğunu bilə-bilə onunla bağlı şəxsin şərəf və ləyaqətini ləkələyən və nufuzdan salan məlumatlarla və onun barəsində işlətdiyi “maşenniq”, “paçan”, “mürdəşir” kimi qeyri-etik ifadələri “TikTok” sosial şəbəkəsində paylaşmaqla onun niyyəti birbaşa onun şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaldmaq olmuşdur. Bununla da, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Odur ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X9 şikayət ərizəsinin mətninə uyğun ifadə verərək X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X7 nümayəndəsi və eyni zamanda vəkili Müdafiəçi1 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ifadə verərək bildirmişdir ki, özünə məxsus “BMW 316” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol kənarındakı təmir emalatxanasından geriyə hərəkət edərkən “Opel Astra” markalı avtomobil onun avtomobilini vurmuşdur. O, Talehi orada tanımışdır. Onunla heç bir qəsd-qərəzçiliyi yoxdur. O, Talehin bütün nəslindən “TikTok” sosial şəbəkəsində ona məxsus olan səhifəsində üzr istəmişdir. O, Talehə qarşı heç bir söyüş söyməmişdir. O, Talehə bircə “dümbələk” demişdir. "xxxx" ASCdə Banu adlı xanım var. Həmin şəxs ona dedi ki, “sənə sığorta verəcəm”. Sonra "xxxx" ASC-yə Taleh Mehdinin yanına gəlmiş və Taleh ona bildirmişdir ki, “bu iş mənlik deyil”. Zəng etmiş Taleh Mehdiyə, lakin Taleh onun nömrələrini bloka atmışdır. Sonra “TikTok” sosial şəbəkəsində ona məxsus olan səhifəsində video paylaşaraq demişdir ki, "xxxx" ASC-yə sığortalamaq üçün heç kim avtomobil aparmasın. Bundan əlavə bildirir ki, o, xüsusi ittihamçı ilə barışmaq istəyir və hal-hazırda ondan və onun işlədiyi sığorta şirkətinin rəhbərliyindən üzr istəyir və törətdiyi əməlindən səmimi peşmançılıq çəkir. Odur ki, törətdiyi əməli boynuna alaraq nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə xüsusi ittihamçının, onun nümayəndəsi və eyni zamanda vəkilinin, təqsirləndirilən şəxs X4 ifadələrini dinləyərək, həmçinin cinayət işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xüsusi ittihamçı X9 tərəfindən məhkəməyə təqdim edilmiş kompakt diskin: İlk faylında Sənan Əhmədov “TikTok” səhifəsində nitqini başlayaraq bildirir ki, heç kim Qala Sığortaya avtomobilini aparmasın. Əzilmiş avtomobilini göstərərk 6000-7000 manat ziyana uğradığını, həmin sığortanın isə telefonları açmadığını, qaçıb gizləndiklərini ifadə edir. Daha sonra: “Orda hələ bir mürdəşir var, paçan var orda Taleh, Allah onun bəlasını versin. Mənə bu qədər ziyan dəyib, nə telefonlara cavab verir, qaçıb gizlənirlər. Hər avtomobildən 70 manat, 100 manat, 150 manat pul yığırlar, o qədər milyonları yığırlar, fırıldaqdırlar. Heç kim orda sığortalamasın maşınını. “Qala-Sığorta” onlara stop deyilsin. Heç kim orda elətdirməsin. Mən bu videonu çəkmişəm, ölkədə, ölkədən xaricdə hər yerdə yayımlayacam bunu. “Qala-Sığorta” fırıldaqdı, başda Taleh olmaqla. Deyir ki, “mən eləmirəm, əcəb eliyirəm, mən beləyəm, hara istəyirsən şikayət et. Halbuki mən QAİ-yə gələndə oldu. QAİdən, burdan çıxanda yolda gəldilər vurdular mənim maşınımı. Kömək eləmir. 2 aya yaxındı, telefonlara da cavab vermir”. 2-ci faylında yenə həmin mövzu təkrarlanır. S.Əhmədov əlavə olaraq deyir: “Orda Taleh var, o Taleh maşennikdir. O sığorta şirkətində heç kim sığorta elətdirməsin. “Qala- Sığorta” başdan ayağa fırıldaqdırlar. Hər maşından 60-70—100-150 pul alırlar, qəza olanda qaçıb gizlənirlər. Biri çıxıb kömək eləmir. Deyir ki, “ayağım yuxarıdadı, hara istəyirsən get, şikayət elə”. Mən neyniyim, gedim onu vurum, zibilə düşüm? Bir adam da deyil, insan yox, mərifət yox, belənçik eliyən çaqqallardı. Nə oğlanlar şəhid oldu, torpağın üstündə gör kimlər qaldı, belə mürdəşirlər. Xahiş edirəm, o sığortada heç kim sığorta elətdirməsin. Başdan ayağa fırıldaqdırlar. Mənim başıma gəldi, yəni siz görəsiz də. Maşınım parça-parça olub”. 3-cü faylında Sənan Əhmədov məsələ ilə bağlı Cənab Prezidentə, Nazirə, Prokurorluğa müraciət edir və deyir: “Qala-Sığorta”da Taleh var, o mürdəşir Taleh. Allah onun bəlasını versin”. Avtomobili göstərərək deyir: “O Taleh ki, var telefonu götürmür, deyir büdcədə vəsait..., 2 aydı mənim maşnım bu vəziyyətdədir. Heç kim söğorta elətdirməsin, “Qala-Sığorta”, axmaq bir qurumdu. Camaatın pulunu yeyirlər, yalandan pul alırlar camaatdan... heç kimə kömək eləmirlər. Maşının yarısı yoxdu, indi qaçıb gizlənirlər. Ortalığa çıxmırlar. Oradakı Talehdi kimdi, rəhbərlikdi, müavindi kimdi orda. Özbaşınalıq baş alıb gedir orda. Sizdən xahiş, edirəm, tədbir görün. Həbs olunsun o. Camaatın pullarını yeyib, camaatın başına oyun açır o”. 4-cü faylında da mövzu və məlumatlar təktrarlanır və Sənan Əhmədov yenə deyir: “Orda Taleh var, o çox vicdansızın biridir. Telefonları götürmür, deyir mən sənə kömək eləmirəm. Deyir get hara istəyirsən ver. O, maşennikdi, fırıldaqdı. Allah sənin bəlavı versin, Taleh, Allah səni zəlil qoysun, Taleh, son dərəcə mundar adamsan sən. Mənə bu qədər ziyan dəyibdi, sən qaçıb gizlənirsən. Çıx ortalığa da, dümbələk. Heç o pulları salamat yeməyəsən, sənin burnundan gəlsin. Axşam gəlib demişəm, qardaş-qardaş”, niyə eləmirsən indi? Çıx ortalığa da, dümbələk. Fırldaqdı, maşennikdi, o, son dərəcə maşennikin biridi o. Şərəfsizsən sən. Bütün Respublikada biabır edəcəm səni. Azərbaycanda yox e, Avropada biabır eliyəcəm səni. Çıxammayacaqsan camaatın içinə. Maşennikin biri maşennik. Heç kim orda sığortalamasın dostlar. “Qala-Sığorta”, Talehdi başda duran, şərəfsizdi son dərəcə, şərəfsizin biridi, vicdansız. Sənin burnundan gəlsin o keçirtdiyim pul”. 5-ci faylında eyni fikirlər səsləndirilir, yenə ölkə rəhbərliyinə, səlahiyyətli şəxslərə müraciətlər edilir. Daha sonra S. Əhmədov bir daha deyir: “Taleh var, o çox tərbiyəsizin biridi, telefonları götürmür, mən baxmıram deyir, kömək eləmirəm. Qarşı tərəfdən pul alıb, neynəyibsə”. Sonda yenə bütün “Qala-Sığorta”nın maşennik olduqlarını bildirir. İnsanları orada sığorta etdirməməyə çağırır və deyir: “Taleh, Allah sənin bəlavı versin, sən çox mundar adamsan, alçaq”. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 27 may 2025-ci il tarixli 4/555 saylı rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş sənədlərdə (kompakt disk, flaşkart və digər materiallar) X6 tərəfindən X7 şərəf və ləyaqətini nalayiq formada alçaldan ifadələr mövcuddur. Həmin ifadələr: “mürdəşir”, “maşennik", “çaqqal”, “fırıldaq”, “adam deyil”, “mərifət yox”, “vicdansız”, “murdar”, “dümbələk”, “şərəfsiz”, “tərbiyəsiz”, “alçaq” kimi söz və söz birləşmələridir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, X4 məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, X6 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş vəsiqənin surətindən görünür ki, X1 rayonundan olan məcburi köçkündür. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətininin kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində nalayiq formada alçaldığı andan başa çatmış sayılır. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, X6 tərəfindən “Tik-Tok” sosial şəbəkəsində X7 barəsində “mürdəşir”, “çaqqal”, “adam deyil”, “mərifət yox”, “vicdansız”, “murdar”, “dümbələk”, “şərəfsiz”, “tərbiyəsiz”, “alçaq” kimi söz və söz birləşmələrini bildirməklə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X7 şərəf və ləyaqətini nalayiq formada alçaldan ifadələr işlətmiş, eyni zamanda həmin internet informasiya ehtiyatında “maşennik” və “firildaq” kimi söz və söz birləşmələrini bildirməklə yalan olduğunu bilə-bilə X7 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmışdır. Beləliklə, göstərilən sübutlarla X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, X4 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif olunmalı, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müvafiq cəzalarla isə cəzalanmalıdır. Həmçinin, məhkəmə X4 təqsirini boynuna almasını, məcburi köçkün olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq belə bir cinayət əməlini törətməsini, xüsusi ittihamçı ilə barışmağa cəhd etməsini və ondan üzr istəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eyni zamanda səmimi peşmançılığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X6 barəsində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyalarında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəza növləri də nəzərdə tutulmuşdur. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 2-ci bəndində həmçinin o da qeyd olunmuşdur ki, təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və sair hallar aydınlaşdırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğuluyur ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə, təqsirləndirilən şəxsin təqsirini boynuna almasını, məcburi köçkün olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq belə bir cinayət əməlini törətməsini, xüsusi ittihamçı ilə barışmağa cəhd etməsini və ondan üzr istəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eyni zamanda səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla, onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən az ciddi cəza növünün-cərimə cəzasının aşağı həddə tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Bununla yanaşı məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs X5 qəti cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri-250 (iki yüz əlli) manat X3 tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 12 (on iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X5 göstərdiyi cəmi 12 (on iki) saat hüquqi yardıma görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 132 (bir yüz otuz iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347 və 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat və Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə isə 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs X4 üzərində qəti olaraq 1200 (bir min iki yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri-250 (iki yüz əlli) manat X3 tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. X5 göstərdiyi cəmi 12 (on iki) saat hüquqi yardıma görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 132 (bir yüz otuz iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar