Məhkəmə qərarları › İş №1(047)-7/2023

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-7/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-7/2023 24.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində, 24 oktyabr 2023-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonun Qarakeçdi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır. Belə ki, o, “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən 15 yaşı tamam olan Azərbaycan Republikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olduğundan 15 yaşı tamam olmuş şəxs kimi xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxsnə dəvət edilərək “ilkin hərbi qeydiyyata alma komissiyası”nın tərkibində olan həkim mütəxəssislər tərəfindən tibbi və psixoloji müayinələrdən keçirilərək səhhətinə görə hərbi xidmətə yararlı hesab olunduğundan ilkin hərbi qeydiyyata alınaraq bu barədə İQ 217702 nömrəli vəsiqə verildikdən sonra, həmin Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, müddətli həqiqi hərbi xidmət keçməmiş, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməyən kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılmalı olduğundan və bu barədə Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2022-ci il tarixli «Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması» haqqında Sərəncamına əsasən xx.xx.2022-ci il tarixdə 18 yaşı tamam olmuş şəxs kimi xx.xx.2022-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə getməsi üçün toplanış məntəqəsi kimi həmin Xidmətin Laçın rayon bölməsinə gəlməsi barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə, yəni xx.xx.2022-ci il tarixdə imza etdirməklə çağırış vərəqəsi verilməsinə baxmayaraq hər hansı qanuni əsas (çağırışa möhlət hüququ və ya çağırışdan azad edilmə) və ya üzürlü səbəb olmadan, yalandan psixi xəstəlikdən əziyyət çəkməsini, bu səbəbdən özünü hərbi xidmətə getməyə hazır hesab etmədiyini bildirib qəsdən çağırış vərəqəsində göstərilmiş müddətdə toplanış məntəqəsinə, yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə gəlməməklə, daha sonra isə qeyd edilən Xidmətin xx.xx.2022-ci il tarixli, 94 nömrəli göndərişi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası”nda xx.xx.2022-ci il tarixdə ambulator müayinədən keçirilərək “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”nin 17-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmətə yararlı hesab edilən “yüngül nevrotik reaksiya” diaqnozu qoyulduqdan sonra, növbəti dəfə həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə getməsi üçün dəvət edilsə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə gəlməkdən imtina etməklə-hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşagıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirirlən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Laçın rayonunun Qarakeçdi kəndində qeydiyyatda olsa da, uzun illər Mingəçevir şəhərində, son bir neçə ay ərzində isə ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Orta təhsilini ünvan 3əktəblərdə almışdır. Belə ki, birinci sinfə Mingəçevir şəhəri, 15 saylı orta məktəbdə başlasa da, sonradan sinif yoldaşları və müəllimləri ilə yaşadığı problemlər səbəbindən bir neçə məktəb dəyişmiş, 2021-ci ildə isə Mingəçevir şəhəri 25 saylı orta məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ilin mart ayında, yəni 15 yaşı tamam olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin əməkdaşları tərəfindən hərbi qeydiyyata alınması üçün çağırılmış, o, da xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən qeyd olunan Xidmətinin Laçın rayon bölməsinə getmişdir. Həmin gün müvafiq qaydada tibbi yoxlanışdan keçmiş, komissiyasının rəyi ilə hərbi xidmətə yararlı hesab olunaraq ilkin hərbi qeydiyyata alınmış və bu barədə ona müvafiq vəsiqə də verilmişdir. X11 onun əkiz qardaşı olduğundan sonuncu da onunla eyni tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə çağırılaraq onunla birlikdə ilkin hərbi qeydiyyata alınmışdır. 9 fevral 2022-ci il tarixdə onun və qardaşı Yavuz Hüseynin 18 yaşları tamam olduqdan bir neçə gün sonra təxminən fevral ayın sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin əməkdaşları ona və qardaşı Yavuza zəng edib çağırmış, buna görə 2022-ci ilin mart ayının əvvəlində birlikdə həmin bölməyə getmişlər. Bu zaman təkararən tibbi yoxlanışdan keçirilib hərbi xidmətə yararlı olmaları bir daha təsdiq edilmiş, buna görə hərbi xidmətə getmələri üçün 2022-ci ilin aprel ayının 1-dən 10-dək SHXÇÜDX-nin Laçın rayon bölməsinə gəlmələri barədə ona və qarşdaşı Yavuza çağırış vərəqələri verilmiş, o və Yavuz müvafiq qeydada imza edib çağırış vərəqələrini qəbul etmişlər. Hətta həmin vaxt çağırışçı kimi onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə hərbi xidmət yerinin hansı hərbi hissəyə təyin edilməsi barədə sms də göndərilmişdir. Həmin sms-də qeyd edilən hərbi hissənin yerini öyrənmək üçün o, SHXÇÜDX-nin Laçın rayon bölməsinə gedib maraqlanmış, orada ona izah etmişlər ki, hərbi xidmət keçəcəyi hərbi hissə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşir. Lakin o və qardaşı Yavuz psixoloji problemlər yaşadıqlarına görə özlərini hərbi xidmətə getməyə hazır hesab etmədiklərindən çağırış vərəqəsində qeyd olunan tarixlərdə hərbi xidmətə getməmişlər. Bir neçə gündən sonra SHXÇÜDX-nin Laçın rayon bölməsinin əməkdaşları onları axtaranda psixioloji problemləri olduğunu bildirib hərbi xidmətə getmək istəmədiklərini bildirmişlər. Hətta həmin vaxt yaşadığları psixoloji gərginliklə əlaqədar, hərbi xidmətə aparılmamaları üçün o və qardaşı Yavuz Mingəçevir şəhərindəki evlərində ülgüclə hərə öz qoluna bir neçə yerdən xəsarət yetirmişdir. Lakin yetirdikləri xəsarətlər ciddi olmadığına görə xəstəxanaya müraciət etməmiş, bu barədə hüquq mühafizə orqanlarında heç bir rəsmiləşdirilmə aparılmamışdır. Bundan sonra hər hansı psixoloji xəstəliyi olub-olmamasını müəyyən etmək üçün SHXÇÜDX-nin Laçın rayon bölməsi tərəfindən göndəriş verilərək o və qardaşı Yavuz Hüseyn 1 saylı Respublika Psixiatriya xəstəxanasında müayinədən keçirilmiş, verilmiş rəyə əsasən onların psixoloji durumuna görə hərbi xidmətə yararlı olmaları müəyyən edilmişdir. Lakin o, bununla razılaşmayaraq hərbi xidmətə getməkdən bir daha imtina etmişdir. Bu proses aprel ayının sonuna qədər uzandığından, yəni hərbi xidmətə çağırış müddəti bitdiyindən onların hərbi xidmətə aparılması baş tutmamış, lakin SHXÇÜDX-nin Laçın rayon bölməsinin əməkdaşları növbəti çağırışda onu hərbi xidmətə aparacaqlarını bildirilmişdir. Bir müddət sonra, xatırlamadığı tarixdə, yəni 2022-ci ilin təxminən iyun ayının sonu, iyul ayının əvvəlində təkrarən SHXÇÜDX-nin Laçın rayon bölməsinin əməkdaşları onu və qardaşı Yavuzu axtararaq hərbi xidmətə getmələri üçün dəvət etmiş, bu zaman bölmənin adını xatırlamadığı rəhbər əməkdaşı onları fərdi qaydada qəbul edərək hərbi xidmətə getməyin vacib olması barədə söhbətlər aparmış, lakin o və qardaşı Yavuz psixioloji vəziyyətlərinə görə hərbi xidmətə getmək istəmədiklərini bildirib bundan qəti şəkildə imtina etmişlər. Budan sonra həmin əməkdaş hərbi xidmətdən keçməkdən imtina edəcəkləri halda əməllərinə hüquqi qiymət verilməsi üçün barəsində hüquq mühafizə orqanına müraciət edəcəklərini bildirmiş, buna baxmayaraq o və qadaşı Yavuz Hüseyn hərbi xidmətə getməkdən qəti şəkildə imtina etdiyini və bir daha çağırışa gəlməyəcəklərini bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində 9-cu sinifdə oxuyarkən, yəni 15 yaşında ilkin hərbi qeydiyyata alındığını, bu zaman həkim mütəxəssislər tərəfindən tibbi və psixoloji müayinələrdən keçirilərək səhətinə görə hərbi xidmətə yararlı hesab olunduğunu, 2022-ci ilin fevral ayında 18 yaşı tamam olduqdan sonra hərbi xidmətə çağırıldığını, çağırış yeri və vaxtı barədə ona məlumat verildiyini, hətta rəsmi şəkildə çağırış vərəqəsinin də təqdim edildiyini, lakin psixoloji cəhətdən hərbi xidmətə yararlı olması barədə həkim komissiyanın rəyi ilə razılaşmadığını, bu sahədə problemləri olduğunu, fikrini tam olaraq izah edə bilmədiyini, hərbi xidmətə getsə nəsə pis bir hadisənin baş verəcəyindən qorxduğunu, buna görə hazırda da, özünü hərbi xidmətə hazır hesab etmədiyindən hərbi çağırışdan imtina etdiyini, gələcəkdə də hərbi xidmətə getməyəcəyini, bundan qəti şəkildə imtina etdiyini, bunun səbəblərindən birinin psixoloji xəstəliyi olsa da, digər səbəbi isə ailəsinin maddi cəhətdən acınacaqlı vəziyyətdə olması, yəni hərbi xidmətə gedəcəyi təqdirdə tək qalacaq anasına baxacaq kimsənin olmamasının olduğunu göstərmişdir. Lakin sonradan o, əlavə olaraq bildirmişdir ki, hal-hazırda müddətli həqiqi hərbi xidmət keçmək arzusundadır və bununla bağlı Azərbaycan Respublikası SHXÇÜDX-nin Laçın rayon bölməsinə müraciət etsə də həmin xidmət tərəfindən onun müddətli həqiqi hərbi xidmətini çəkmək üçün aparılmasından imtina edilmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, hal-hazırda müddətli həqiqi hərbi xidmət keçmək arzusunda olduğunu və iş üzrə digər yüngülləşdirici halları nəzərə alıb onun barəsində olan cinayət işinə şəraitin dəyişməsi ilə bağlı xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə getmək üçün çağırış yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun üçün təyin edilmiş xx.xx.2022-ci il tarixdə çağırış yerinə gəlməmiş, bu səbəbdən onun müddətli həqiqi hərbi xidmətə aparılması mümkün olmamışdır. Bundan sonra Azərbaycan Respublikası SHXÇÜDX-nin Laçın rayon bölməsinin müvafiq əməkdaşları dəfələrlə Təqsirləndirilən şəxsə zənglər edərək hərbi xidmətə getməli olduğunu bildirərək bunun üçün bölməyə gəlməsi tapşırılsa da, o, heç bir çağırışa məhəl qoymayıb müddətli həqiqi hərbi xidmətə getməkdən imtina etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs öz xahişinə əsasən Xidmətin xx.xx.2022-ci il tarixli, 94 nömrəli göndərişi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müayinə olunmuş, lakin hərbi xidmətə yararlı olmasına baxmayaraq yenə də hərbi xidmətə getməkdən qəti şəkildə imtina etmişdir. Qeyd edilənlərə əsasən də Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar onun əməlinə hüquqi qiymət verilməsi üçün Laçın rayon prokurorluğuna gönədilmişdir. Bundan başqa o, bildirir ki, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə getmək üçün Azərbaycan Respublikası SHXÇÜDX-nin Laçın rayon bölməsinə müraciət etsə də tərəflərindən onun müddətli həqiqi hərbi xidmətə göndərilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə getmək istəyini nəzərə alaraq ona qanuni cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon böləməsinin çağırış üzrə müfəttişi vəzifəsinə işə qəbul olunmuş, lakin hal-hazırda vəzifəsindən kənarlaşdırılmışdır. Qeyd edilən cinayət işi ilə bağlı bildirir ki, ölkə qanunvericiliyə əsasən 15 yaşına çatmış hər bir kişi cinsindən olan vətəndaşlar bölmə tərəfindən ilkin hərbi qeydiyyata alnırlar. Bu zaman ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahısı icra nümayəndəlikləri və təhsil müəssisələri tərəfindən bölməyə təqdim olunur və təqdim olunmuş siyahılar əsasında həmin vətəndaşlar çağırış vərəqəsi ilə ilkin hərbi qeydiyyata alınmaları üçün bölməyə çağırılıb qeydiyyata alınırlar. Laçın rayon Qarakeçdi kənd sakini xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və sonuncunun qardaşı X6 əvvəllər tanımamış, ilk dəfə 2022-ci ilin əvvəlində hərbi çağırışçı kimi görüb tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs və Yavuz Hüseynin 18 yaşı 2022-ci ilin fevral ayında tamam olduğundan və onların hərbi xidmətə çağırışdan azad olunmaları üçün heç bir qanuni əsas olmadığından növbəti hərbi çağırışda, yəni 2022-ci ilin aprel ayında onlar həqiqi hərbi xidmətə aparılmalı olmuşlar. Bununla əlaqədar Yavuz Hüseyn və Təqsirləndirilən şəxs həmin ilin fevral ayında bölmənin əməkdaşı Şahid4 tərəfindən, habelə Laçın rayon İcra Hakimiyyəti başçısının Qarakeçdi kənd İƏD-si üzrə nümayəndəliyi vasitəsi ilə bölməyə çağırılmışlar. xx.xx.2022-ci il tarixdə Fatih və Yavuz hərbi həkim komissiyasınında tibbi və psixoloji müayinədən keçirilərək səhhətlərinə görə hər ikisi hərbi xidmətə yararlı hesab edilmişlər. Buna görə hər ikisi həmin gün hərbi çağırış yeri və vaxtı barədə rəsmi şəkildə məlumatlandırılmış, yəni hərbi xidmətə getmək üçün xx.xx.2022-ci il tarixdə SHXÇÜDX-nin Laçın rayon bölməsinə gəlmələri barədə çağırış vərəqəsi vermiş və bu barədə müvafiq qəbzə imza etdirilmişdir. Həmin vaxt Yavuz Hüseyn və Təqsirləndirilən şəxs qəbzləri imzalayıb çağırış vərəqəsini qəbul etmiş, çağırışa gəlməyəcəkləri təqdirdə Azərbaycan Respublikasının CM-nin 321-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıq edilmişlər. Qeyd edilən vaxt Yavuz Hüseyn və Təqsirləndirilən şəxs heç bir söz deməyib getmişlər. Fatih və Yavuz Hüseyn qardaşları hərbi xidmətə getmək üçün çağırış yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq hər ikisi təyin edilmiş xx.xx.2022-ci il tarixdə çağırış yerinə gəlməmiş, bu səbəbdən onların müddətli həqiqi hərbi xidmətə aparılmaları mümükün olmamışdır. Bundan sonra SHXÇÜDX-nin Laçın rayon bölməsinin müvafiq əməkdaşları dəfələrlə Təqsirləndirilən şəxs və Yavuz Hüseynə zənglər edərək hərbi xidmətə getməli olduqları bildirilərək bunun üçün bölməyə gəlmələri tapşırılsa da, hər ikisi çağırışa məhəl qoymayıb hərbi xidmətə getməkdən imtina etmişlər. Yavuz və Təqsirləndirilən şəxs qardaşlarının tapılıb hərbi xidmətə göndərilməsi ilə bağlı etdikləri çoxsaylı cəhdlərdən sonra Yavuz və Fatih yalnız 2022-ci ilin aprel ayının sonunda, yəni növəti hərbi çağırış müddəti bitdikdən sonra SHXÇÜDX-nin Laçın rayon bölməsinə gələrək psixoloji problemləri olduğunu, yəni əsəb və qıcolma kimi xəstəlikdən əziyyət çəkdiklərini bildirib müddətli həqiqi hərbi xidmətə getməkdən çəkindiklərini demiş, hətta bu xəstəliklə əlaqədar özlərinə xəsarət yetirdiklərini bildirib qollarındakı xırda cızıq izlərini də ona göstərmişlər. Həmin şəxslərin həqiqətən də hər hansı psixoloji xəstəliklərinin olub-olmaması, psixoloji cəhətdən hərbi xidmətə yararlı olub-olmamasını daha dəqiq müəyyən etmək üçün SHXÇÜDX-nin Laçın rayon bölməsinin müvafiq göndərişi ilə onlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müayinə olunmuş, xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunmasına” dair 1286/2022 nömrəli aktına əsasən Yavuz Hüseyn və Təqsirləndirilən şəxsə “yüngül nevrotik reaksiya” diaqnozu qoyulmuşdur. “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”nin 17-ci maddəsinin “ç” bəndinə əsasən həmin diaqnoz üzrə hər ikisi səhhətinə görə hərbi xidmətə yararlı hesab edilmiş, növbəti çağırış vaxtı hərbi xidmətə aparılacaqları onlara bildirilmişdir. X15 və Təqsirləndirilən şəxs hərbi xidmətə getməyin vacibliyi barədə SHXÇÜDX-nin Laçın rayon bölməsin əməkdaşları tərəfindən aparılan söhbətlərlə razılaşmayıb hərbi xidmətə getməkdən qəti şəkildə imtina etmişlər. 2022ci ilin iyul ayında respublikada həyata keçirilən növbəti hərbi çağırış vaxtı SHXÇÜDX-nin Laçın rayon bölməsinin əməkdaşları Yavuz və Fatih qardaşları ilə əlaqə saxlayıb bölməyə dəvət etsələr də hər ikisi telefonlarını söndürmüş, habelə kirayədə qaldıqları yaşayış yerini dəyişdirərək gizlənmiş, bununla da hərbi xidmətə getməkdən bir daha imtina etmişlər. Buna görə də onların əməllərinə hüquqi qiymət verilməsi üçün sənədlər toplanıb rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş SHXÇÜDX-nin Laçın rayon bölməsin müfəttişi vəzifəsində işləyən Şahid4 və Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən Laçın rayonu İH Başçısının Qarakeçdi kənd İƏDÜ nümayəndəliyində müavin, 2014-cü ildə isə icra nümayəndəsi vəzifəsinə təyin edilməklə hal-hazıradək həmin vəzifədə işləyir. Qarakeçdi kənd nümayəndəliyinin inzibati ərazisinə 2 kənd - Qarakeçdi və Katos kəndləri daxildir. Kənd icra nümayəndəsi kimi onun xidməti vəzifələrindən biri də icra nümayəndəliyinin inzibati ərazisində qeydiyyatda olan və 15 yaşı olmuş kişi cinsli şəxslərin gələcəkdə hərbi xidmətə aparılması ilə əlaqədar ilkin hərbi qeydiyyata alınmaları üçün adlı siyahını tərtib edib SHXÇÜDX-nin Laçın rayon bölməsinə təqdim etməkdən ibarət olmuşdur. Bununla əlaqədar hər il müvafiq şəxslərin adlı siyahısını həmin quruma təqdim etmişdir. Qarakeçdi kəndində pasport qeydiyyatında olan xx.xx.2004-cu il təvəllüdlü X11 və onun əkiz qardaşı xx.xx.2004-cü il təvəllüdlü X7 2019-cu ildə 15 yaşı tamam olduğuna görə onların ilkin hərbi qeydiyyata alınmaları üçün hər ikisinin adlarını siyahıya əlavə edərək 2019-cu ildə SHXÇÜDX-nin Laçın rayon bölməsinə təqdim etmişdir. Bundan sonra həmin şəxslər SHXÇÜDX-nin Laçın rayon bölməsinə dəvət edilərək müvafiq komissiyada yoxlanılıb hərbi xidmətə yararlı hesab edilərək ilkin hərbi qeydiyyata alınmışlar. 2022-ci ilin təxminən aprel ayının əvvəlində SHXÇÜDX-nin Laçın rayon bölməsinin əməkdaşı Şahid2 və Laçın RPŞ-nin rəis müavini Rəftar Səfərov ona zəng edərək X11 və onun əkiz qardaşı X7 həqiqi hərbi xidmətə getmələri üçün onların istifadəsində olan mobil telefonlara zəng etdiklərini, lakin telefonlara cavab vermədiklərini, həmin şəxslərin xidmət edəcəkləri yerlərinin də məlum olduğunu hər iki şəxsin təcili olaraq SHXÇÜDX-nin Laçın rayon bölməsinə gəlməsinə köməklik göstərilməsini xahiş etmişlər. Yavuz Hüseyn və Fatih Hüeynin ataları bir neçə il öncə vəfat etdiyi üçün o, sonuncuların böyük qardaşı Ömərsəyid Hüseynlə telefon əlaqəsi yaradıb qardaşlarının hərbi xidmətə getməli olduqlarını, lakin bununla bağlı çağırışa getmədiklərini bildirib onların SHXÇÜDX-nin Laçın rayon bölməsinə getmələrini təşkil etməsini tapşırmışdır. Ömərsəyid qardaşalarının evdən SHXÇÜDX-nin Laçın rayon bölməsinə getmək adı ilə çıxdıqlarını, lakin sonradan telefonlarını söndürdüklərinə görə əlaqə yarada bilmədiyini, hazırda harada olmaları barədə məlumatı olmadığını bildirib, onları tapan kimi məlumat verəcəyini demişdir. O, Ömərsəyidlə etdiyi danışıqla kifayətlənməyib əlavə olaraq Y.Hüseyn və F.Hüeynin əmiləri X2 və X3 ilə bir neçə dəfə görüşərək qardaşı uşaqlarının SHXÇÜDX-nin Laçın rayon bölməsinə getməli olduğunu bildirib bunu təşkil etmələrini demişdir. X13 və Şahin Hüseynov qardaşı uşaqlarının fərqli mühitdə böyüdüklərini, onların sözünü eşitmədiklərini bildirmişlər. Nəticədə növbəti hərbi çağırış müddətində Yavuz Hüseyn və Təqsirləndirilən şəxsin tapılıb hərbi xidmətə göndərilməsi mümkün olmamış, yəni sonuncular qəsdən hərbi xidmətdən yayınmaq məqsədi ilə çağırışa getməmişlər. Yavuz Hüseyn və Təqsirləndirilən şəxsin növbəti hərbi çağırışdan azad olunmaları üçün heç bir qanuni əsasları və üzürlü səbəbləri olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X11 və Təqsirləndirilən şəxs əkiz qardaşlar olmaqla onun övladlarıdırlar. O, Ağdaş rayonunda anadan olsa da, 1998-ci il tarixdə Laçın rayonunun Qarakeçdi kənd sakini X4 ilə ailə həyatı qurduqdan sonra ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşamış, 2007-ci il tarixdə həyat yoldaşı vəfat etmiş, 2022-ci il tarixdən etibarən isə ünvan 2 ünvanında yaşayır. Həyat yoldaşı X4 vəfat etdikdən sonra o, övladlarını təkbaşına böyütmüşdür. 2019-cu ilin mart ayında Yavuz Hüseyn və Təqsirləndirilən şəxs 9-cu sinifdə oxuyarkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin əməkdaşları tərəfindən çağırılmış, bunla əlaqədar hər ikisi xx.xx.2019-cu il tarixdə həmin bölmənin Bakı şəhəri, Nizami rayonunda yerləşən inzibati binasına getmiş, həmin gün müvafiq qaydada tibbi yoxlanışdan keçirilərək hərbi xidmətə yararlı hesab olunmuş və ilkin hərbi qeydiyyata alınmışlar. İlkin hərbi qeydiyyata alınmaları barədə hər ikisinə müvafiq vəsiqə də verilmişdir. xx.xx.2022-ci il tarixdə Yavuz və Fatihin 18 yaşları tamam olmuş, bundan bir neçə gün sonra təxminən fevral ayının sonunda SHXÇÜDX-nin Laçın rayon bölməsinin əməkdaşları yenidən onları çağırmış, buna görə həmin ilin mart ayının əvvəlində onlar birlikdə SHXÇÜDX-nin Laçın rayon bölməsinə getmişlər. Həmin vaxt bir daha tibbi yoxlanışdan keçirilib səhhətinə görə hər ikisinin hərbi xidmətə yararlı olmaları ilə bağlı qərar verilmiş və hərbi xidmətə getmək üçün 2022-ci ilin aprel ayının 1-dən 10-dək olan müddətdə SHXÇÜDX-nin Laçın rayon bölməsinə gəlmələri barədə çağırış vərəqələri verilmişdir. Həm Fatih, həm də Yavuz çağırış vərəqələrini imzalayıb qəbul etmiş, hətta həmin vaxt istifadələrində olan mobil telefon nömrələrinə hərbi xidmət yerlərinin hansı hərbi hissəyə təyin edilməsi barədə sms də göndərilmişdir. Hərbi hissənin hansı rayonda yerləşdiyini öyrənmək üçün SHXÇÜDX-nin Laçın rayon bölməsindən maraqlananda onlara izah edilmişdir ki, xidmət keçəcəkləri hərbi hissə Naxçıvan MR-nın ərazisində yerləşir. Hərbi xidmətə getmək vaxtı çatsa da, hər iki övladı psixoloji problemləri olduğundan özlərini hərbi xidmətə getməyə hazır hesab etməmiş, buna görə 2022-ci ilin aprel ayında çağırışa getməmiş, bununla əlaqədar SHXÇÜDX-nin Laçın rayon bölməsinin əməkdaşları onları axtaranda psixioloji xəstəlikləri olduğunu bildirib hərbi xidmətə getmək istəmədiklərini demişlər. Həmin vaxt övladları, barəsində danışmaq istəmədiyi gərginliklə əlaqədar sarsıntı keçirmiş, bu səbəbdən hərbi xidmətə getmək istəməmişlər. Bundan sonra SHXÇÜDX-nin Laçın rayon bölməsi Yavuz və Fatih barəsində göndəriş verərək 1 saylı Respublika Psixiatriya xəstəxanasında müayinədən keçirmiş və səhhətlərinə görə onların hər ikisi hərbi xidmətə yararlı hesab edilmişlər. Lakin bu proses aprel ayının sonuna qədər çəkdiyindən, yəni çağırış müddəti keçdiyindən övladlarının hərbi xidmətə aparılması baş tutmamışdır. 2022-ci ilin iyul ayında xatırlamadığı tarixdə SHXÇÜDX-nin Laçın rayon bölməsinin əməkdaşları təkrarən Yavuz və Fatihi çağırıb hərbi xidmətə getməyin vacib olması ilə bağlı söhbətlər aparmış, lakin Yavuz və Fatih psixioloji vəziyyətlərinə görə hərbi xidmətə getmək istəmədiklərini bildirərək bundan imtina etmişlər. Həmin müddətdə o, dəfələrlə övladları ilə danışaraq hərbi xidmətə getməyin vacib olduğunu izah edib onları buna razı salmağa çalışmış, lakin Yavuz və Fatih psixoloji vəziyyətlətinə görə hərbi xidmətə getməyə qorxduqlarını, hərbi xidmətə gedəcəkləri təqdirdə nəsə pis bir hadisənin baş verməsindən, orada kiminləsə mübahisə edib dalaşmaqlarından, qarşılıqlı bir-birinə xəsarət yetirməkdən ehtiyyat etdiklərini bildirib qəti şəkildə hərbi xidmətə getməkdən imtina etmişlər. Övladları psixoloji cəhətdən gərgin olduqlarından onların hərbi xidmətə aparılmamasını xahiş etmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/108 nörməli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli çağırış vərəqəsinin imzalanmasına dair qəbzin “imza” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 31 may 2023-ci il tarixli, 330 nömrəli rəyindən görünür ki, xx.xx.2004-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respubliksının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu Qarakeçdi kəndində pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra və hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malikdir. Onda hər hansı psixi xəstəlik aşkar edilmir və məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan SHXÇÜDX-nin Laçın rayon bölməsində Təqsirləndirilən şəxs barəsində toplanmış “Çağırışçının uçot kartıçkası”, 1286/2022 saylı “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs səhhətinə görə hərbi xidmətə yararlı hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan SHXÇÜDX-nin Laçın rayon bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs növbəti hərbi çağırışın vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmaqla bu barədə tərtib edilmiş çağırış vərəqəsi sonuncya imza etdirməklə təhvil verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan SHXÇÜDX-nin Laçın rayon bölməsinin xx.xx.2023-cü il tarixli, 3-43-41/2-489/2023 saylı məktubundan görünür ki, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı möbil telefon nömrəsinə sonuncunun hərbi xidmət yerinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinə təyin edilməsi barədə sms göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 03 fevral 2023-cü il tarixli 15 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinə hər hansı xəstəliklə bağlı müraciət etməmiş, nakoloji və psixiatrik kabinetində dispanser qeydiyyatında olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilkin hərbi qeydiyyata alınması barədə xx.xx.2019-cu il tarixli, 217702 saylı vəsiqə, Təqsirləndirilən şəxs səhhətinə görə hərbi xidmətə yararlı olmasını təsdiq edən SHXÇÜDX-nin Laçın rayon bölməsində toplanmış “Çağırışçının uçot kartıçkası”, 1286/2022 saylı “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”, sonuncuya çağırış vərəqəsinin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli “qəbz” maddi sübut kimi tanınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində özünü müdafiə kimi göstərdikləri xüsusatların sübut növü kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, iş üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin zərər çəkmiş şəxs qismində, həmin bölmənin çağırış üzrə zabiti Nümayəndə zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünü müdafiə kimi qiymətləndirilməyən ifadələrinin, şahidlərin ifadələrinin, ekspert rəyinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən, “Təqsirləndirilən şəxs ilkin hərbi qeydiyyata alınması barədə xx.xx.2019-cu il tarixli, 217701 saylı vəsiqənin, Təqsirləndirilən şəxs səhhətinə görə hərbi xidmətə yararlı olmasını təsdiq edən SHXÇÜDX-nin Laçın rayon bölməsində toplanmış “Çağırışçının uçot kartıçkası”, 1285/2022 saylı “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”, sonuncuya çağırış vərəqəsinin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli “qəbz”in 28 aprel 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınaraq cinayət işinə əlavə olunmasının nəzərə alınması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X5 müddətli həqiqi hərbi xidmətə göndərilmələri barədə müraciətlərinə baxılmış və onlara bildirilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.3-cü maddəsinə əsasən barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvəqqəti olaraq çağırılmırlar. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan olan məcburi köçkündür. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər də araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində hərbi xidmətə çağırışın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, psixoloji xəstəlikdən əziyyət çəkdiyini, bu səbəbdən özünü hərbi xidmətə hazır hesab etmədiyini, hərbi xidmətə gedərsə özünə və ətrafdakı şəxslərə xəsarət yetirə biləcəyini, buna görə hərbi xidmətə getməkdən imtina etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi bu xüsusatlar araşdırılmış və yuxarıda şərh olunmuş toplanmış sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Belə ki, iş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasın müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilməmiş və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra və hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malikdir. Həmçinin, Təqsirləndirilən şəxs sonrakı məhkəmə iclaslarında müddətli həqiqi hərbi xidmətə getmək arzusunda olduğunu da bildirmişdir ki, bu halın özünün də Təqsirləndirilən şəxs ifadəsinin əvvəlində verdiyi məlumatların həqiqətə uyğun olmadığının göstəricisidir. Ona görə də Təqsirləndirilən şəxs bu barədə ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünü müdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini boynuna almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, halhazırda müddətli həqiqi hərbi xidmətə getmək istəyində olmasını, məcburi köçkün olmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini, gənc olmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi şəraitini, başqa şəxslər tərəfindən eyni xarakterli yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə müəyyən olunmuş qaydada aşağı hədlərdə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli isə tutulduğu vaxtdan, yəni 24 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar-Təqsirləndirilən şəxs ilkin hərbi qeydiyyata alınması barədə xx.xx.2019-cu il tarixli, 217702 saylı vəsiqə, Təqsirləndirilən şəxs səhhətinə görə hərbi xidmətə yararlı olmasını təsdiq edən SHXÇÜDX-nin Laçın rayon bölməsində toplanmış “Çağırışçının uçot kartoçkası”, 1286/2022 saylı “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”, Təqsirləndirilən şəxs çağırış vərəqəsinin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli “qəbz” cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-125 (bir yüz iyirmi beş) manat məbləğində ekspertiza xərcinin 62,50 (altmış iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar-Təqsirləndirilən şəxs ilkin hərbi qeydiyyata alınması barədə xx.xx.2019-cu il tarixli, 217702 saylı vəsiqə, Təqsirləndirilən şəxs səhhətinə görə hərbi xidmətə yararlı olmasını təsdiq edən SHXÇÜDX-nin Laçın rayon bölməsində toplanmış “Çağırışçının uçot kartoçkası”, 1286/2022 saylı “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”, Təqsirləndirilən şəxs çağırış vərəqəsinin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli “qəbz” cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-125 (bir yüz iyirmi beş) manat məbləğində ekspertiza xərcinin 62,50 (altmış iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar