Məhkəmə qərarları › İş №1(047)-7/2025

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-7/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-7/2025 01.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və mütəxəssis X2 iştirakları ilə, Ağcabədi şəhərində, 01 aprel 2025-ci il tarixdə, məhkəmənin inzibati binasında, xx.xx.1948-ci ildə Laçın rayon Qarakeçdi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Laçın rayon Qarakeçdi kəndində pasport qeydiyyatında olmaqla, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 230-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs odlu silahını diqqətsiz saxlaması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, zavod üsulu ilə istehsal edilmiş, patronluqlarının üzərində “Zlatoust” silah zavodunun xüsusi nişanı, qəlibin sol yastığının üzərində isə “BELGİUM” yazısı həkk edilmiş, “146591” №-li, 24 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, atəş açmaq üçün yararlı vəziyyətdə olan, yivsiz odlu ov silahını istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdikdən sonra, silahı və onun döyüş sursatını (patronları) onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən şəraitdə saxlamalı olduğu halda odlu silahın təhlükəsiz saxlanılmasının bu qaydalarını pozaraq həmin silahı yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evində, bütün ailə üzvlərinin sərbəst şəkildə girib-çıxdığı, müxtəlif ev əşyaları və qida məhsullarının saxlanc yeri kimi istifadə edilən otaqda son dövrlər hazır qurulmuş və divara söykənilmiş vəziyyətdə, həmin silaha aid patronları isə digər otaqda, yəni ümumi istifadə olunan qonaq otağındakı çəkməcənin rəfində diqqətsiz saxlamış, son dövrlər bir evdə yaşadığı oğlu Şahid1 arvadı Ülviyə Baxşalızadənin ailədaxili münasibətlərə görə tez-tez özü və digər ailə üzvləri ilə mübahisələr etdiyi şəraitdə sonuncunun və digər kənar şəxsin həmin odlu silahdan istifadə edə biləcəyi və bunun ağır nəticələrə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək, yəni cinayətkarcasına etinasızlıq göstərərək malik olduğu odlu silahı diqqətsiz saxlaması ilə yaranmış şərait nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində gəlini Ülviyə Baxşalızadə həmin silahdan və onun patronundan istifadə edərək özünü öldürmək məqsədi ilə qarın boşluğuna dirənmiş vəziyyətdə bir dəfə atəş açıb dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, sonuncuya tibbi yardım göstərilməsinə baxmayaraq həmin gün müalicə olunduğu Ağcabədi RMX-da ölmüş, bununla da - odlu silahı diqqətsiz saxlaması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olmuşdur. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 230-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ülviyə Baxşalızadə onun gəlini, yəni oğlu Rövşənin həyat yoldaşı olmuşdur. Belə ki, 2014-cü ildə o, həyat yoldaşının qardaşı, yəni qaynı X5 el adəti ilə elçi gedib oğlu Rövşənə istəmiş, Bakir də öz razılığını verdikdən sonra övladlarına nişan etmişlər. Rövşən həmin vaxt ali məktəbdə təhsil aldığından bir neçə il nişanlı qalmışlar. 15 dekabr 2018-ci il tarixdə oğlu Şahid1 ilə Ülviyə Verdiyeva nikaha daxil olub, ailə həyatı qurmuş, bundan sonra onunla birlikdə Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, ünvan 3 ünvanında yaşamağa başlamışlar. Ülviyə nikaha daxil olduqdan sonra soyadını dəyişib ərinin soyadını qəbul edərək özünə Baxşalızadə soyadını götürmüşdür. Onun digər 5 qız övladı ayrı-ayrı vaxtlarda ailə həyatı qurub ər evinə köçdüklərinə görə ailə üzvləri ondan, arvadı Tərgül Baxşalızadə, oğlu Şahid1 və sonuncunun arvadı Ülviyə Baxşalızadədən ibarət olmuşdur. Bu nigahdan Rövşənin xx.xx.2020-ci təvəllüdlü Bəhlul və xx.xx.2023-cü il təvəllüdlü Hüseyn adlı iki övladı olmuşdur. Birgə yaşadıqları dövrdə Ülviyə ilə onun və digər ailə üzvlərinin münasibətləri daim yaxşı olmuşdur. Lakin gəlini Ülviyə Baxşalızadənin xasiyyətcə əsəbi olması səbəbindən ara-sıra ailədə söz-söhbətlər olmuş, sonuncu heç bir əsaslı səbəb olmadan əri Rövşənlə, habelə qayınanası Tərgül və qayınatası kimi onunla yerli-yersiz mübahisələr etmişdir. Belə söz-söhbətlər yarananda bir ailə başçısı kimi o, Ülviyə ilə təmkinli rəftar edib münasibətlərin yaxşılığa doğru getməsinə çalışmışdır. Habelə arvadı Tərgül və oğlu Rövşən də həmişə Ülviyə ilə xoş rəftar etmiş, heç vaxt sonuncuya qarşı hər hansı formada fiziki zor tətbiq etməmiş və ya digər şəkildə kobudluq etməmişlər. Rövşən xaraktercə çox səbrli insan olduğundan həmişə Ülviyə ilə sakit tərzdə danışıb kiçik məişət mübahisələrinin daha da böyüməsinə imkan verməmişdir. Onlar hər mübahisə zamanı Ülviyəni sakitləşdirməyə çalışsalar da, sonuncu hər xırda, adi məsələləri həmişə böyüdərək mübahisə həddinə çatdırmışdır. Belə söz-söhbətlər zamanı bir neçə dəfə olmuşdur ki, Ülviyə heç bir əsaslı səbəb olmadan küsüb ər evini tərk edib atası evinə getmişdir. Ülviyə hər dəfə atası evinə gedəndə ailə başçısı kimi o, qohum-əqrabadakı bir neçə ağsaqqalı götürüb Bakir Verdiyevin yanına barışığa gedib gəlinini geri qaytarmışdır. Bu hal 2-3 dəfə təkrarlanmışdır. Sonuncu dəfə 2024-cü ilin iyun ayında Rövşənin siqaret çəkməyə başlaması üstündə Ülviyə ailədə böyük söz-söhbət yaratmış və yenidən küsüb uşaqlarla birlikdə atasının yanına getmişdir. Hətta Ülviyə boşanmaq qərarına gəlib bununla bağlı Mediasiya xidmətinə də müraciət etmişdir. Bu dəfə də o, oğlunun ailəsinin dağılmaması üçün özünə borc bilib el ağsaqqalları ilə birlikdə yenidən Bakirin evinə gedib barışıq əldə edərək Ülviyəni geri qaytarmışdır. Ülviyə son aylar böyrək və sidik kanalı iltihabı xəstəliyindən əziyyət çəkmiş, bununla əlaqədar bir neçə dəfə Ülviyənin valideyinləri ilə birlikdə Bakı şəhərində yerləşən xəstəxanaya aparmışlar. Sonuncu dəfə 2024-cü ilin avqust ayında xəstəxanada müayinə olunarkən Ülviyənin böyrəklərində olan problem tam müalicə olunmayacağı təqdirdə dializə çeviriləcəyi bildirilmişdir. Ülviyə xəstəliyi barədə məlumat aldıqdan sonra sanki əsəbləri daha da gərginləşmiş, Rövşən ilə daha tez-tez mübahisə etməyə başlamışdır. Hətta son günlər bir-iki dəfə Ülviyə yaşamaq istəməməsi barədə sözlər də danışmışdır. O, da Ülviyəyə “qızım niyə belə deyirsən, səni müalicə elətdirəcəm hər şey yaxşı olacaq, narahat olma” deyə təsəlli vermişdir. Lakin Ülviyə sanki yaşamaqdan bezmiş kimi davranmışdır. xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində yuxudan durub ev heyvanlarını yerbəyer etməklə məşğul olmuş, az sonra işini bitirib evə qayıdarkən oğlu Rövşənin böyük nəvəsi Bəhlulu bağçaya aparmağa hazırlaşdığını, Ülviyənin isə ev işləri ilə məşğul olduğunu görmüşdür. Az sonra Rövşən oğlu Bəhlulu bağçaya aparıb bir neçə dəqiqədən sonra evə qayıtmışdır. Daha sonra özünə paltar almaq üçün Ağcabədi şəhərinə getməli olduğunu deyib, ona məxsus “Lada Priora” markalı nəqliyyat vasitəsinə əyləşib getmişdir. Evdə o, Tərgül və Ülviyə olmuş, bu müddətdə evdə heç bir mübahisə olmamış, hər şey qaydasında olmuşdur. Bir müddət sonra oğlu evə qayıtmış və bu zaman Ülviyə ilə arasında bilmədiyi səbəbdən mübahisə yaranmışdır. Mübahisə əsnasında ona məlum olmuşdur ki, Rövşən evdən çıxarkən Ülviyə uşaqlara peçenya almasını tapşırmış, Rövşən həmin peçenyanı almağı unutduğuna görə bu mübahisə yaranmışdır. Rövşən yenidən marketə gedib peçenyanı alacağını desə də, Ülviyə sakitləşməyib “sən elə həmişə belə edirsən” deyib mübahisəyə davam etmişdir. Buna görə Rövşən mübahisənin böyüməməsi üçün təxirəsalmadan peçenya almaq üçün evin yaxınlığında yerləşən marketə getmişdir. Lakin Ülviyə sakitləşməyib Rövşənin arxasıycan deyinməyə davam etmişdir. O, da Ülviyəyə “əsəbləşmə, olan şeydi, yadından çıxıb, gedib indi alıb gələr” deyə bildirəndə, Ülviyə əsəbi tərzdə Rövşənin həmişə belə etdiyini, məsuliyətsiz davrandığını demiş və bu mövzu ətrafında deyinməyə davam etmişdir. Bu zaman həyat yoldaşı Tərgül gəlini Ülviyənin deyinmələrini eşitməmək üçün evdən çölə çıxmışdır. O, təkrarən Ülviyəni sakitləşdirib bu mübahisəni uzatmamasını bildirəndə sonuncu daha uca səslə danışıb ona cavab qaytarmışdır. Ülviyənin səsinə nəvəsi Hüseyn qorxub ağladığından o, sonuncunu qucağına götürüb Ülviyəyə qışqırmamasını, uşağın səs-küydən qorxduğunu bildirib qonaq otağına keçmişdir. Bu zaman Ülviyə uşağın səs-küydən qorxduğuna görə deyil, Rövşənin peçenyanı almadığına görə ac olduğundan ağladığını demiş, uşaq sakitləşməyib ağlamağa davam etdikdə isə Ülviyə daha da əsəbləşmişdir. Bu söz-söhbət əsnasında Ülviyə ona “sən yaxşı ağsaqqal deyilsən” deyə bildirdikdə o, “mən yazıq nə edim, çalışıram ki, ailədə həy şey yaxşı olsun” deyə cavab vermişdir. Elə bu ərəfədə, yəni saat 12 radələrində oğlu Rövşən evə qayıdıb Ülviyənin onunla sözlü mübahisə etdiyini görüb nə baş verdiyini soruşmuşdur. Bu zaman Ülviyə qəfildən əsəbi halda “siz indi gözləyin görün nə olur” deyib, iti addımlarla mətbəxin yanında olan saxlanc otağı kimi istifadə olunan kiçik otağa girmişdir. Ülviyənin bu sözlərindən sonra o, sonuncunun nəsə yaxşı hərəkət etməyəcəyindən ehtiyat edib qucağındakı nəvəsini yerə qoyub Ülviyənin arxasınca həmin otağa getmiş, oğlu Rövşən də onun arxasınca gəlmişdir. Ülviyə otağa daxil olan kimi əli ilə qapını örtmüş, lakin qapının qulpu və kilidi olmadığına görə bağlaya bilməmiş, o, da dərhal əli ilə qapını itələyib açmışdır. Bu zaman Ülviyənin otağın sonunda, sandığın arxasında divara söykədilmiş halda olan ov tüfəngini götürüb sol əli ilə silahın lüləsini qarınına sıxıb saxladığını, qundaq hissəsini isə sifətinə doğru yuxarı qaldırıb sağ əli ilə tətikdən tutduğunu görüb özünə atəş açmaq istədiyini başa düşmüşdür. O, otağın giriş hissəsində baş verənləri görən kimi “balama qurban nə edirsən, balama qurban eləmə” deyib özünə qıymamasına dair yalvarmışdır. Bu zaman oğlu Rövşən onun arxasında olmuşdur. Ülviyə onların otağa girdiyini görən kimi “yaxın durmayın yoxsa özümü öldürəcəm” deyə hədələmiş, o, bunu etməməsini deyib yalvarmış, lakin Ülviyə heç bir sözə məhəl qoymayıq qısa zaman kəsiyində tətiyi basıb özünə atəş açmışdır. O, qaçıb silahı Ülviyənin əlindən almaq istəsə də, hadisələr çox sürətli baş verdiyindən buna macal tapmamışdır. Atəş açıldıqdan sonra zərbənin təsirindən Ülviyə arxası üstə yerə yıxılmış və əlindəki tüfəng qucağına düşmüşdür. Onlar dərhal Ülviyənin yanına qaçıb, güllənin harasına dəyməsinə baxdıqda sonuncunun qarının sol tərəfinə dəyib yaraladığını görmüşlər. Tüfəngin digər lüləsində ikinci patronun olmasından, yəni ehtyatsızlıqdan yenidən atəş açılacağından ehtiyat edərək cəld silahı götürüb çölə çıxıb orada tüfəngi açmış, içərisində başqa patronun olmadığını görüb tüfəngi evin həyətinə, içərisindən çıxardığı boş gilizi isə həyəcandan bilmədiyi istiqamətdə tullamışdır. Bundan sonra o, qışqırıb qonşuluqda yaşayan şəxsləri köməyə çağırmışdır. Rövşən qaçıb qonşuluqda yaşayan qızının əri Elçini köməyə çağırmışdır. Bu müddətdə o, evə daxil olub Ülviyənin yanına getmişdir. Bu zaman Ülviyənin can vermək üzrə olduğunu görüb, ona dözümlü olmasını, onu xəstəxanaya çatdıracağını demişdir. Səs-küyə həmin vaxt qonşuluqda yaşayan Rövşən, Vüqar və Şahnaz adlı şəxslər köməyə gəlmişdir. Qonşularla birlikdə köməkləşib Ülviyəni ehtiyatla götürüb ona məxsus “Lada Priora” markalı nəqliyyat vasitəsinin arxa oturacağına qoymuşlar. Şahnaz üzərindəki jaketi çıxardlb, qanaxmanın qarşısını almaq üçün Ülviyənin qarnına qoymuşdur. Rövşən sükan arxasına keçib nəqliyyat vasitəsini idarə etmək istəsə də, Məhərrəm adlı qonşuları Rövşənin bu vəziyyətdə nəqliyyat vasitəsini idarə edə bilməyəcəyini, həyəcandan qəza törədəcəyini demişdir. Bundan sonra o, Rövşəni düşürdüb özü nəqliyyat vasitəsini idarə etməyə başlamışdır. Arvadı Tərgül arxada Ülviyənin yanında əyləşib sonuncunun başını qucaqlamış, qonşuları Şahnaz isə ön oturacaqda əyləşmişdir. O, nəqliyyat vasitəsini bacardığı qədər sürətli idarə edib ən qısa zamanda Ağcabədi RMX-na çatdırmağa çalışmışdır. Hadisədən təxminən 25 dəqiqə sonra Ülviyəni xəstəxanaya çatdırmış, sonuncu dərhal əməliyyata götürülmüşdür. Bundan sonra hadisəni eşidən digər qohum və qonşuları da dəstək mənasında xəstəxanaya gəlmişlər. Bir müddət sonra Ülviyə əməliyyatda olan zaman ölməsi barədə ona məlumat vermişlər. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində gəlini X3 özünü öldürmək üçün istifadə etdiyi qoşa lüləli ov tüfənginin ona məxsus olduğunu, həmin silahı birinci Qarabağ müharibəsindən öncə Laçın rayonunda yaşayarkən mərhum atası Şirəlidən ona yadigar qaldığını, müharibə zamanı Laçın rayonundan köçkün düşəndə həmin silahı özü ilə götürüb Taxtakörpü qəsəbəsinə gətirdiyini, yəni həmin tüfəngin sənədsiz silah olduğunu, həmin tüfəngi əvvəllər sökülü vəziyyətdə saxlasa da, son dövrlərdə səhhətində yaranmış problemlərlə əlaqədar unutduğundan hazır qurulmuş vəziyyətdə, hadisə baş verən otaqdakı sandığın arxasında, divara söykəməklə saxladığını, patronları isə digər otaqda, yəni qonaq otağındakı çəkməcənin rəfində saxladığını, əvvəllər bir neçə dəfə ov etmək məqsədi ilə həmin silahdan istifadə etsə də, son bir neçə il ərzində istifadə etmədiyini, Ülviyə 6 il ərzində həmin evdə yaşadığından tüfəngin və patronların yeri barədə məlumatlı olduğunu, bu müddətdə silahı dəfələrlə söküb yağlayıb müvafiq qulluq etdikdən sonra yenidən yığıb hazır vəziyyətə gətirdiyini, bu prosesi Ülviyə gördüyündən silahdan necə istifadə etməyi öyrəndiyini, silahı hər hansı gizli saxlanc yerində saxlamadığını, silah uzun müddət istifadə olunmadığından həmin otaqda divara söykənilmiş vəziyyətdə qaldığını, silahın içərisində əvvəlcədən patron olmadığını, həmin patronu Ülviyənin tüfəngin içərisinə qoyduğunu, Ülviyənin qeyd edilən otağa daxil olması ilə hadisənin baş verməsi arasında çox qısa müddətin keçməsini nəzərə alaraq sonuncunun həmin silahı öncədən doldurmasını düşündüyünü, belə ki, o və oğlu Rövşən Ülviyənin arxasınca otağa daxil olarkən sonuncunun artıq tüfəngi götürüb qarnına dirədiyini gördüyünü, belə qısa müddətdə silahın doldurulmasının mümkün olmadığını, buna görə Ülviyənin öncədən özünü öldürməyə hazırlıq görməsi qənaətinə gəldiyini, sonuncunun əvvəllər özünü öldürməyə cəhd etməsinin heç vaxt şahidi olmadığını, lakin son günlər yaşamaq istəməməsi barədə bir neçə dəfə ötəri sözlər danışdığını, lakin o bunu ciddi qəbul etmədiyini, Ülviyənin həmin silahın nəzarətsiz qalmasından istifadə edib özünə atəş açmaqla intihar edəcəyi onun ağlına gəlmədiyini, hadisə zamanı cumub silahı Ülviyənin əlindən almaq istəsə də, bunu bacarmadığını göstərmişdir. Bundan başqa, o, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüququ varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, əvvəllər Laçın rayonun Qarakeçdi kəndində yaşamış, 1991-ci ildə birinci Qarabağ müharibəsindən sonra Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivinə köçmüşdür. 1996-cı ildə Şahid3 (İsgəndərova) ilə nikaha daxil olmuş və bu nikahdan 1998-ci təvəllüdlü qızı Ülviyə Verdiyeva və 1999-cu il təvəllüdlü oğlu Eyyub Verdiyev adlı iki övladı olmuşdur. Təxminən 2012-ci ildə dövlət tərəfindən Taxtakörpü qəsəbəsində 552 ailəlik yeni yaşayış massivi salınmış, bu zaman 110 nömrəli ev də ona verilmiş və həmin tarixdən hazıradək ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşayır. 2014-cü ildə bacısı Şahid2 və əri Təqsirləndirilən şəxs onun qızı Ülviyə Verdiyevaya elçi düşüb, oğulları Rövşənə istəmişlər. O, da aradakı qohumluq münasibətlərini və Rövşənin yaxşı oğlan olmasını, nəticə etibarı ilə hər şeyin qızı üçün yaxşı olacağını nəzərə alıb bu işə öz razılığını vermişdir. 15 dekabr 2018-ci il tarixdə qızı Ülviyə Rövşən ilə ailə həyatı qurub ər evinə köçərək Rövşənin atası Bəhlul və anası Tərgül ilə birlikdə yaşamışdır. Bu nikahdan Ülviyənin xx.xx.2020-ci təvəllüdlü Bəhlul və xx.xx.2023-cü il təvəllüdlü Hüseyn adlı iki övladı olmuşdur. Ailə həyatı qurduqdan sonra ilk vaxtlar qızı Ülviyə ailəsində hər şeyin yaxşı olduğunu demiş, o, da qızının ailə münasibətlərinin qaydasında olduğunu zənn etmişdir. Lakin vaxt keçdikcə Ülviyə ailə münasibətlərinin pisləşdiyini, evdə hər xırda məsələyə görə mübahisə etdiklərini demişdir. O, bu söz-söhbətin, mübahisənin səbəbini soruşanda Ülviyə qayınatası Bəhlul və qayınanası Tərgülün onun bütün işlərinə qarışdıqlarını, istənilən xırda məsələdə belə öz fikirlərini yürüdüb onlar deyən şəkildə hərəkət etməsini tələb etdiklərini, gündəlik həyat tərzində rahatlıq verməyərək bezdirdiklərini demişlər. Habelə əri Rövşən də onun işlərinə qarışaraq mübahisələr yaratmışdır. Vaxt keçdikcə Ülviyəni yola verməyərək bezdirməyə başlamışılar. Hətda tez-tez maliyyə məsələləri ilə bağlı da qızını sıxışdırmışlar. Belə ki, Ülviyə gəlin getdiyi 2-ci ayında qayınanası Tərgül Ülviyəyə «evin bir qızısan, sənin atan niyə sənə qızıl almayıb» kimi atmacalı sözlərlə qızını pərt etmişdir. Bu söhbət zamanı qızı Ülviyə maddi imkanı olmadığına görə qızıl ala bilmədiyini deyib pərt olmuş və ağlamışdır. Bundan başqa, nəvəsi Bəhlul olduqdan sonra sonuncuya beşik ala bilməmiş, qayınatası Bəhlul Ülviyəni alçaltmaq niyyəti ilə “atan, anan niyə nəvələrinə beşik almır” deyib Ülviyənin əsəblərini pozmuşdur. Ülviyə də, bu kimi söhbətlərə və hərəkətlərə pis olub çox vaxt ağlamışdır. Gəlin kimi Ülviyə evdə yemək bişirərkən qayınatası Bəhlul buna da müdaxilə edib yeməyi necə bişirməsi, israfçılığa yol verməməsi kimi göstərişlər vermişdir. Ülviyənin deməsinə görə dəfələrlə ailədə sonuncudan gizlin söhbətlər etmiş, Ülviyə bu məsələrə müdaxilə edib nəsə barədə maraqlananda Rövşən ona aid bir şey olmadığını, gizlin bir şey etmədiklərini deyərək qızının əsəblərini pozmuşlar. Ülviyə sanki onların ailəsidən deyilmiş kimi sonuncuya özgə münasibət bəsləmişlər. Həmin ailədə baş verənlərə baxmayaraq qızı Ülviyə mərd, kişi xasiyyətli olduğuna görə söz götürməmiş, öz haqqını həmişə müdafiə etmişdir. Belə ki, bir müddət öncə Ülviyə Rövşən və digər ailə üzvləri ilə harasa getməyə hazırlaşarkən qayınatası Bəhlul ona saçlarını açıq qoymasına irad bildirib, kənar kişilərinin baxa biləcəyini deyərək saçlarını yığmasına dair göstəriş vermişdir. Ülviyə də həmin vaxt çox əsəb keçirərək Bəhlulun yaxasından tutaraq heç kimin ona baxa bilməyəcəyini, bu işə də qarışmamasını demişdir. 2023-cü ildə Ülviyə ikinci uşağa hamilə olduğu vaxt digər övladı Bəhlulu tapa bilməyib qaynatası Bəhluldan uşağın harda olduğunu soruşmuş, sonuncu isə bilmədiyini deyib Ülviyəni həyəcanlandırmış, sonuncu stres keçirərək həyəcanlı vəziyyətdə uşağı axtararaq evlərinin yaxınlığında olan “Murad” marketin yanına tapmışdır. Bu müddətdə Ülviyə çox həyəcan keçirdiyindən doğuş sancıları tutmuş, həmin vaxt Ülviyəni Ağcabədi rayon mərkəzi xəsətəxanasına aparsa da, orada xəstəni qəbul etmədiklərinə görə o, Bəlul və Tərgül ilə birlikdə Ülviyəni təcili Bakı şəhərinə aparmalı olmuşdur. Ülviyəni xəstəxanaya çatdıra bilməmiş, təcili tibbi yardım maşını ilə Qaradağ rayonunda yolda olarkən uşağı doğulmuşdur. Həkimlər Ülviyənin yüksək həyəcan keçirməsi səbəbindən doğum aktının erkən baş verdiyini demişlər. Ülviyənin qayınatası maddi cəhətdən çox xəsis insan olduğundan ikinci uşaq olduqdan sonra ailədə qida, dərman, geyim və s. bu kimi xərclərin artmasına görə Ülviyənin başına qaxıb bu xərclərə görə tez-tez gileylənmiş, habelə atası kimi onun da bu xərclərə köməkdarlıq etməsini tələb etmişdir. Hətda dəfələrlə olmuşdur ki, uşaqlar xəstələnəndə Ülviyəni uşaqları ilə birlikdə onun evinə göndərmişlər ki, dərman və digər xərcləri atası kimi o, ödəsin. Nəvələri sağalsa da, qızı Ülviyə müxtəlif bəhanələrlə onun evində qalma müddətini uzadaraq ər evinə mümkün qədər gec qayıtmışdır. Hətda Rövşən də Ülviyəni öz evlərinə aparmaqda maraqlı olmamış, Ülviyə dəfələrlə “gəl məni apar, nə qədər burda qalarıq” dedikdən sonra Rövşən gəlib uşaqlarını və arvadını aparmışdır. Bəhlul, Tərgül və Rövşən xasiyyətcə qəliz, çətin insanlar olduqlarına görə Ülviyə ilə çətin yola getmiş, hər hərəkəti və danışığı ilə sonuncunu əsəbləşdirmişlər. Bir sözlə Ülviyənin geyiminə, rəftarına, yeməyinə və digər hərəkətlərinə daim müdaxilələr etməklə, habelə kobud rəftarlar etməklə sonuncunu daim gərgin vəziyyətdə saxlayaraq həyatdan bezdirmişlər. Bir dəfə də Ülviyə istifadəsində olan mobil telefonu itirdiyini zənn edib axtarmağa başlamış, bu zaman qayınatası Bəhlul Ülviyəyə baxıb gülmüş, sonuncu nəyə güldüyünü soruşanda Bəhlul telefonu özünün gizlətdiyini demişdir. Ülviyə də əsəbləşib niyə belə bir şey etdiyini soruşanda Bəhlul zarafat etdiyini demişdir. Ailədə müxtəlif məsələlərlə bağlı tez-tez mübahisə, söz-söhbət olsa da heç vaxt Ülviyəyə heç kim əl qaldırmamış, sonuncuya qarşı hər hansı formada fiziki zor tətbiq edilməmişdir. Belə ki, o və anası Manya dəfələrlə Ülviyədən ona qarşı kiminsə əl qaldırıb-qaldırmadığını soruşmuş, lakin qızı hər dəfə belə bir halın baş vermədiyini bildirmişdir. Son bir neçə ay ərzində qızı Ülviyə bu söhbətlərdən bezib, həmin evdə yaşamaq istəməmişdir. Belə ki, 2024-cü ilin fevral ayında Ülviyə ona zəng edərək, artıq bu evdə yaşamaq istəmədiyini uşaqları ilə birlikdə gəlib onu götürməsini demişdir. O, da nə baş verdiyini öyrənmək üçün qudası Bəhlulun evinə getmiş, bu zaman evdə mübahisə olduğunu özü də görmüşdür. Bu mübahisənin səbəbi Rövşənin hansısa səhv hərəkət etməsinə baxmayaraq atası Bəhlul və anası Tərgülün oğullarını müdafiə edərək Ülviyənin haqsız olmasını sübut etməyə çalışmaları olmuşdur. Ülviyə də bu kimi hərəkətlərdən bezdiyini, artıq ər evində yaşamaq istəmədiyini bildirib ondan xahiş etmişdir ki, onu özü ilə aparsın. Vəziyyəti belə görüncə o, qızı Ülviyəni onların evindən götürərək, uşaqları ilə birlikdə öz evinə aparmışdır. Bundan sonra Ülviyə ilə söhbət etmiş, bu zaman sonuncu həmin evə qayıtmaq istəmədiyini, boşanmaq istədiyini demişdir. O, da qızına dəstək olaraq hər şeyin onun istədiyi kimi olacağını deyib, müvafiq sənədləri toplayaraq boşanmaq üçün “Mediasiya” xidmətinə müraciət etmişdir. Lakin Bəhlul bu boşanmaya imkan verməmiş, bir neçə qohumla birlikdə onun evinə gəlib barışıq əldə etmək istiqamətində söhbət etməyə başlamışlar. Bu zaman qızı Ülviyə söhbətə müdaxilə edərək qayınatası Bəhlulun danışdıqlarının yalan olduğunu, ailədə olan sözsöhbətlərin səbəbkarının özünün deyil, Bəhlul, Rövşən və Tərgülün olduğunu bildirib bu ailədən bezdiyi üçün artıq həmin şəxslərlə bir evdə yaşamaq istəmdiyini demişdir. Həmin vaxt Bəhlul Ülviyə ilə mübahisə edilməsi halına son qoyacaqlarına, sonuncuya daha yaxşı baxacağına, hər şeyin yaxşı olacağına dair vədlər etdiyində görə qızının barışmasına razı olmuşdur. Ülviyə də onun sözündən çıxmayıb, ailəsinin dağılmaması üçün uşaqları ilə birlikdə Rövşənin yanına qayıtmış, boşanma ilə bağlı “Mediasiya” xidmətinə etdiyi müraciətdən imtina etmişdir. Lakin ailədə heç nə düzəlməmiş, hər şey əvvəlki kimi davam etmişdir. Onların evdə ən çox söz-söhbət maddiyatla bağlı yaranmışdır. Belə ki, Bəhlul Ülviyənin onların evinə gedən gündən sonra maddi vəziyyətinin zəiflədiyini deyərək sonuncunun heç bir maddi ehtiyaclarını qarşılamamış, müxtəlif bəhanələrlə həmin xərcləri növbəti maaşda edcəklərini deyib vaxtı uzatmışlar. Hətta qızının dişi ağrımasına baxmayaraq əlavə xərc etməmək üçün Ülviyəni həkimə aparmamışlar. Həyat yoldaşı Manya qızının üzündə şiş olmasını görəndə nə olmasını soruşmuş, Ülviyə də dişi ağrıdığına görə şişdiyini demişdir. Onlar həkimə nəyə görə getmədiyini soruşanda Ülviyə əri Rövşənin aparmadığını demişdir. O, Rövşənin pula görə Ülviyəni həkimə aparmadıqlarını başa düşmüşdür. 2024-cü ilin iyun ayında Rövşən siqaret çəkməyə başlamış, bunu Ülviyə öyrənincə ailədə böyük söz-söhbət yaranmışdır. Həmin vaxt Rövşən onun evdə olmadığı vaxt yaşadığı evə gedib, həyat yoldaşı Manyaya qızı Ülviyədən giley-güzar edib sonuncunu öz evlərinə aparmışdır. Manya da onların evinə gedib, mübahisənin nə üstündə yarandığnı soruşan zaman Ülviyənin yanında heç nə deyə bilməmişlər, eləcə Bəhlul deyinməyə başlamışdır. Hətta həmin vaxt Manya ilə Bəhlul və digər ailə üzvləri arasında da sözlü mübahisə yaranmışdır. Bundan sonra Manya ona zəng edib Bəhlulun evinə çağırmış, o, da həmin evə gedəndə Bəhlul əlləri ilə öz başına döyədöyə onu qarşılayıb içəri gəlməsini demişdir. O, nə baş verdiyini başa düşməmiş, evə daxil olub Ülviyədən nə baş verdiyini soruşmuş, bu zaman bacısı Tərgül qəfildən Ülviyənin sözünü ağzında qoyub nalayiq ifadələr işlətməyə başlamışdır. Tərgül onun ünvanına nalayiq ifadələr işlədən zaman Manyanın qardaşı İsgəndər də həmin yerə gəlmişdir. İsgəndər onların qarşılıqlı mübahisə etdiyini görüb bir müddət sakitlik yaranması üçün Ülviyəni öz evinə aparmağı təklif etmişdir. Ülviyə razılaşdığına görə İsgəndər sonuncunu öz evinə aparmış və Ülviyə bir neçə gün orada qalmışdır. Ülviyə İsgəndərin evində olduğu müddətdə Rövşən və valideynləri gəzmək üçün Laçın rayonuna getmişlər. Bəhlul xərcin çox olmaması düşüncəsi ilə qızı Ülviyənin nəvələri ilə Laçın rayonuna getmək istəmədiyi üçün söz-söhbət salmışdır. Həmin ərəfələrdə Bəhlul ona “qoy Elçin dağdan gəlsin gör nə edəcəm” demişdir. Bundan bir müddət sonra İsgəndər Ülviyəni onun evinə gətirmiş, bu zaman o, qızı ilə bir qədər ailə münasibətləri barədə söhbət etmiş, Ülviyə ər evində olan söz-söhbətlərdən bezdiyini, həmin evə qayıtmaq istəmədiyini demişdir. O, nə etmək istədiyini soruşanda Ülviyə boşanmaq istədiyini demişdir. O, bu dəfə də müvafiq sənədlərini toplayıb boşanma üçün “Mediasiya” xidmətinə vermişdir. Həmin xidmətdən Rövşənin ailəsinə müvafiq məktub gedəndən sonra Ülviyənin boşanmaq niyyətinin ciddi olduğunu görüb yenidən barışmaq üçün ağsaqqalları onun evinə göndərmişdir. O, bu dəfə də ağsaqqalların xahişindən keçə bilməyib boşanma fikrindən daşınmış, qızının razılığı olmadan Ülviyəni yenidən ər evinə göndərmişdir. Lakin Bəhlul və sonuncunun ailə üzvləri ilə küsülü olduğundan həmin şəxslərlə münasibətlərini kəsmişdir. Ülviyə təkrarən ər evinə qayıtdıqdan sonra yenə heç nə düzəlməmiş, ailədə söz-söhbətlər əvvəlki kimi davam etmişdir. 2024-cü ilin avqust ayında Ülviyənin səhhətində olan problemlərlə bağlı Bəhlul Manya ilə birlikdə Ülviyəni Bakı şəhərində yerləşən xəstəxanaya aparmış, müayinə zamanı Ülviyənin sidik kanallarında problem olduğu, müalicə olunmasa daha ciddi nəticələrə səbəb olacağını deyilmişdir. Bir neçə gün müalicə olunduqdan sonra Bəhlul Ülviyəni onun evinə qoyub getmişdir. Qızı ağlayaraq Bəhlulun evində qalan uşağı ilə görüşməyə imkan vermədiklərini bildirmişdir. Daha sonra Ülviyə əri Rövşənə yazaraq, onu götürüb uşağın yanına aparmasını desə də, Rövşən müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bir müddət sonra Bəhlul nəvəsi Pərvizlə onun evinə gəlib Rövşən ilə Ülviyənin münasibətlərinin pis olduğunu, buna baxmayaraq bir valideyn kimi onların xoşbəxt olmalarını istədiyini demişdir. Bu zaman həyat yoldaşı Manya əsəbiləşib Bəhlula “sakit dur, Ülviyəni bura niyə atıb getmisiz” deyə soruşanda Bəhlul deməyə bir söz tapmayıb, müxtəlif bəhanələr gətirmiş, daha sonra isə səsini yüksəldib mübahisə etməyə başlamışdır. Lakin o, Bəhlulun heç bir danışığına məhəl qoymayıb sonuncu ilə mübahisə etməmişdir. Bu zaman hər ikisinə qohum sayılan Elçin onun evinə gəlib səs-küyü eşidincə niyə dalaşıb mübahisə etdiklərini soruşmuşdur. Onlar da dalaşmadıqlarını, sadəcə söhbət etdiklərini demişlər. Bu zaman Elçin Bəhlula “dur getdik, heç kim sizin ailə münasibətinə qarışa bilməz, Bəhlulun öz gəlinidi necə istəsə elə də rəftar edə bilər” deyə ona öz iradını bildirmişdir. Ülviyə də Elçinin bu sözlərinə etiraz bildirdikdən sonra sonuncu oğlu Pərvizi götürüb öz yaşadıqları evə getmişdir. Bundan sonra Bəhlul Ülviyəni öz evinə aparmışdır. Bir neçə gündən sonra, yəni sentyabr ayının əvvəllərində Ülviyə uşaqları ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Kiçik nəvəsi Hüseyn Bəhlulun evində narahat olduğundan və yemək yemədiyindən Ülviyə uşaqları yedizdirmək üçün tez-tez onun evinə gətirmişdir. Bu dəfə də Hüseyni yedizdirmək üçün onun evinə gətirərkən Ülviyənin kefsiz olduğunu görmüş və sonuncudan nəsə baş verib-vermədiyini soruşmuşdur. Ülviyə heç nə baş vermədiyini, hər şeyin yaxşı olduğunu demişdir. Lakin o və arvadı Manya əl çəkməyib dəfələrlə nə baş verməsi ilə maraqlandıqdan sonra Ülviyə artıq evdə olan sözsöhbətlərdən bezdiyini demişdir. Ülviyənin deməsinə görə sonuncu dəfə ər evinə qayıtdıqdan sonra Bəhlulun ona hədə-qorxu gələrək oğlundan boşanacağı təqdirdə başına oyun açacağını dediyini, Bəhluldan çox qorxduğunu, onların onu döydüklərini bildirmişdir. Ülviyə əri Rövşənin evdə söz sahibi olmadığını, bütün hər şeyi Bəhlulun həll etdiyi, sonuncunun icazəsi olmadan heç bir hərəkət etmədiyini demişdir. Ülviyə oğlu Hüseyni yedizdirdikdən sonra yenidən ər evinə getmişdir. Bundan bir neçə gün sonra yəni xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Ağcabədi rayonu, Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivində öz heyvanlarını otlaq sahəsindən evə gətirərkən kimsə ona zəng edib qızının vəziyyətinin pis olduğunu bildirib, tez özünü çatdırmasını demişlər. O, da nə baş verdiyini başa düşmədən cəld Bəhlulun evinə getmişdir. Ora çatanda Bəhlulgilin evlərinin qarşısında çoxlu sayda adam olduğunu görmüş və qızına nəsə olduğunu fikirləşib daha da həyəcanlanmışdır. Bundan sonra dərhal evin darvazasını açmaq istəmiş, lakin həmin vaxt qapı bağlı olmuşdur. Məhərrəm adlı şəxs qızının tüfənglə özünə atəş açıb xəsarət yetdiyini, sonuncunun xəstəxanaya aparıldığını demişdir. Bundan sonra o, cəld şəkildə evə gedib pul götürərək Ağcabədi RMX-na getmişdir. Həmin vaxt həyat yoldaşı Manya xəstə olduğuna görə Ülviyənin vəziyyəti barədə sonuncuya heç nə deməmiş, bir balaca xəstələndiyini üçün xəstəxanaya aparıldığını demişdir. Xəstəxanaya çatdıqda çoxlu sayda Laçın rayon sakini xəstəxanada olmuş, o zaman hadisə barədə ona çox gec məlumat verildiyini anlamışdır. Orada onu qızının yanına buraxmasalar da, Bəhlul və sonuncunun ailəsi içəridə olmuşdur. Orada Bəhlulun qonşusu Şahid4 ona qızının xəstəxanaya sağ aparıldığını və yolda danışdığını desə də, əmisi oğlu X14 ağzından köpük gəldiyini, danışmasının mümkün olmadığını demişdir. Xəstəxanaya çatanda ona Ülviyənin əməliyyata götürüldüyünü demişlər. Bir müddət sonra isə həkimlər Ülviyənin əməliyyatdan sağ çıxmadığını, əməliyyat zamanı öldüyünü demişlər. Ülviyənin özünü öldürüb övladlarını anasız qoymasının qeyri-mümkün olduğundan qızının özünü öldürməsinə inanmır və bildirir ki, qızını Təqsirləndirilən şəxs qəsdən öldürmüşdür. Bundan əlavə Bakir Verdiyev ifadəsində qeyd olunan qoşalüləli ov tüfəngin Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin silahın sənədi olmadığını, yəni qanunsuz silah saxladığını, Bəhlulun həmin silahı nə vaxt və haradan əldə etməsi barədə heç bir məlumatı olmadığını, sonradan əldə etdiyi məlumata görə həmin silahın uzun müddət sonuncuda olduğunu və silahı hazır qurulmuş vəziyyətdə nəzarətsiz saxladığını göstərmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs ilə barışmadığını və ona görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 həyat yoldaşı Bakir Verdiyevlə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 atası Təqsirləndirilən şəxslə eyni məzmunlu ifadə verərək arvadı X3 özünü öldürmək üçün istifadə etdiyi, qoşa lüləli ov tüfənginin atası Bəhlul Baxşalızadəyə məxsus olduğunu, həmin silahın babası Şirəlidən atası Bəhlula miras qaldığını, Laçın rayonu işğal olunan zaman oradan özü ilə gətirdiyini, yəni tüfəngin qanuni sənədi olmadığını, həmin tüfəngin əvvəllər sökülü olsa da, son dövrlərdə hazır qurulmuş vəziyyətdə hadisə baş verən otaqdakı sandığın arxasında divara söykənilmiş şəkildə patronların isə digər otaqda, yəni qonaq otağındakı çəkməcənin rəfində saxlanıldığını, həmin rəfdə istifadəyə yararlı yalnız bir ədəd patronun olduğunu, digər patronların isə boş olduğunu, Ülviyə 6 il həmin evdə yaşadığından tüfəngin və patronların yeri barədə məlumatlı olduğunu, tüfəng uzun müddət heç kim tərəfindən istifadə edilmədiyinə görə, həmçinin yerdə nəzarətsiz qaldığını, silahın içərisində əvvəlcədən patron olmadığını, həmin patronu Ülviyənin tüfəngin içərisinə qoyduğunu, Ülviyənin qeyd edilən otağa daxil olması ilə hadisənin baş verməsi arasında çox qısa müddətin keçməsini nəzərə alaraq sonuncunun həmin silahı öncədən doldurmasını düşündüyünü, belə ki, o və atası Bəhlul Ülviyənin arxasınca otağa daxil olarkən sonuncunun artıq tüfəngi götürüb qarnına dirədiyini gördüyünü, belə qısa müddətdə silahın doldurulmasının mümkün olmadığını, buna görə Ülviyənin öncədən özünü öldürməyə hazırlıq görüb silahı doldurduğunu, Ülviyənin xasiyyətcə əsəbi, özündən tez çıxan, heç bir əsaslı səbəb olmadan mübahisə yaradan biri olduğunu, son günlər yaşamaq istəməməsi, özünü öldürəcəyi barədə bir neçə dəfə ötəri sözlər danışdığını, lakin Ülviyənin həmin silahın nəzarətsiz qalmasından istifadə edib özünə atəş açmaqla intihar edəcəyinin onun ağlına gəlmədiyini, sonuncunun əvvəllər də, bir dəfə özünü öldürməyə cəhd etdiyini, belə ki, 2022-ci ildə ailədaxili xırda söhbətə görə yataq otağında aralarında mübahisə yarandığını, bu zaman Ülviyə çox əsəbiləşib özünü öldürəcəyini ona dediyini, həmin vaxt o, sonuncunun bu sözlərini ciddiyə almayıb otaqdan çölə çıxmaq istəyərkən Ülviyə nə qədər ciddi olduğunu sübut etmək üçün otaqda olan balaca mətbəx bıçağını götürüb öz ürək nahiyəsinə tərəf tutaraq otaqdan çıxacağı təqdirdə özünü öldürəcəyi ilə hədələdiyini, bundan sonra o, Ülviyənin özünə qəsd edə biləcəyindən ehtiyat edib sakitləşdirici söhbətlər edib bu fikrindən daşındırdığını, həmin vaxt Ülviyənin özünü öldürməsinin qarşısını ala bilsə də, bu dəfə sonuncu ilə heç danışmağa belə macal tapmadığını, hadisələrin qısa zaman kəsiyində baş verdiyini, o və atası Bəhlul silahı Ülviyənin əlindən almağa çalışsalar da buna yetişə bilmədiklərini, Ülviyənin tüfəngi götürüb 1-2 saniyə ərzində tətiyi basaraq özünə atəş açdığını göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 həyat yoldaşı Təqsirləndirilən şəxs və oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncuların göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bəhlul Baxşalıyev və sonuncunun ailə üzvləri onunla qonuşuluqda 308 nömrəli evdə yaşasalar da, sonuncularla heç bir münasibəti olmamış, sadəcə qonşu kimi arada yaşadıqları qəsəbədə görüşəndə salamlaşmışlar. O, Ülviyəni yalnız hadisə baş verəndən sonra tanıdığına görə onların ailə daxili münasibətlərindən xəbəri olmamışdır. Onun yaşadığı evlə Bəhlulun evi arasındakı məsafə təxminən 50-60 metrdir. 11 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı evin həyətində olan vaxt qonşuluqda kiminsə yüksək səslə qışqıraraq köməyə adam çağırmasını eşitmiş, nə baş verdiyini öyrənmək üçün cəld həmin istiqamətdə getmişdir. Bu zaman Bəhlulun həyətində bir neçə şəxsin uca səslə kömək istəməsini eşitmiş, buna görə həmin evin həyətinə girmişdir. Bu zaman ev sahibi Bəhlulun nəqliyyat vasitəsinin içərisində gəlini Ülviyənin uzanıqlı vəziyyətdə qoyulduğunu, sonuncunun qarın nahiyəsindən qan axdığını görmüşdür. Orada olan söhbətlərdən belə başa düşmüşdür ki, Ülviyə özünü öldürmək məqsədi ilə evdə olan ov tüfəngi ilə özünə atəş açmışdır. Lakin hadisə barədə başqa heç bir məlumatı olmamışdır. Həmin vaxt Bəhlul və arvadı Tərgül həyəcandan donub qalmış, nə etməli olduqlarını bilməmişlər. O, qanaxmanın qarşısını almaq üçün əynindəki jaketi çıxarıb Ülviyənin yarasının üzərinə basmışdır. O, Bəhlula təcili olaraq Ülviyəni həkimə aparmaq lazım olduğunu demiş və bu zaman Bəhlul nəqliyyat vasitəsinin sükanına keçib maşını işə salmışdır. Tərgül arxa oturacaqda Ülviyənin yanında əyləşmiş, bu zaman o, qonşu kimi kömək mənasında ön sərnişin oturacağında əyləşib həmin şəxslərlə birlikdə xəstəxanaya getmişdir. Bəhlul nəqliyyat vasitəsini bacardığı qədər sürətli idarə edib Ağcabədi rayon Mərkəzi xəstəxanasına getmişdir. Yolda olarkən Ülviyənin huşu özündə olmuş və yavaş səslə danışmış, ağrının təsirindən qıvrılıb inildəmişdir. Yolda olarkən Tərgül Ülviyənin başını qucaqlayıb “bala bu nə işdi başımıza gətirdin” deyəndə Ülviyəyə bir neçə dəfə “ana qoyma ölüm, ana qoyma ölüm” deyə yalvarmışdır. Bəhlul nəqliyyat vasitəsini sürməklə məşğul olduğundan yolboyu heç nə danışmamışdır. Habelə Tərgül də əlavə heç nə danışmamışdır. Eləcə Ülviyəyə təsəlli verərək sağalacağını demişdir. Xəstəxanaya çatandan qısa müddət sonra Ülviyəni əməliyyata götürmüşlər. Həkimlərin lazımi tədbir görməsinə baxmayaraq Ülviyənin həyatını xilas etmək mümkün olmamışdır. Bundan başqa Şahnaz Hüseynov ifadəsində hadisə yerinə gəldikdən sonra orada, habelə yolda və xəstəxanada olduğu müddətdə baş verənlərdən Ülviyə Baxşalızadənin hansısa səbəbdən tüfənglə özünə atəş açaraq xəsarət yetirməsini başa düşdüyünü, belə ki, yolda Tərgül gəlini Ülviyəyə niyə özünə atəş açmasını soruşmasının, sonuncunun isə buna uyğun cavab verməsinin şahidi olduğunu, lakin Ülviyənin həmin tüfəngi hardan əldə etməsi, həmin silahın kimə məxsus olması barədə konkret heç bir məlumatı olmadığını, yalnız sonradan eşitdiyinə görə həmin tüfəngin Bəhlul Baxşalıyevə məxsus olduğunu və yaşadıqları evdə saxladığını, hadisə zamanı Ülviyənin həmin silahı götürüb özünə atəş açdığını, lakin bu hadisənin hansı səbəbdən yaranmasından məlumatsız olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Onların evləri arasındakı məsafə təxminən 20 metr olar. 2018-ci ildə Şahid1 öz qohumu Ülviyə Baxşalızadə ilə ailə həyatı qurmuş, həmin vaxtdan birlikdə Bəhlulun evində yaşamışlar. Bir qonşu kimi aralarında səmimi münasibət olsa da, münasibətləri o qədər də yaxın olmamış, bu səbəbdən birbirinin evinə gediş-gəlişləri olmamışdır. Yəni Bəhlulun ailədaxili məsələlərindən onun heç bir məlumatı olmamışdır. 11 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində öz evində olduğu vaxt Bəhlulun uca səslə «ay balam, ay balam» deyə qışqırdığını eşitmişdir. O, nə baş verdiyini öyrənmək üçün çölə çıxıb Bəhlulun evinə tərəf getmiş, sonuncun həyətinə daxil olanda Bəhlulun uca səslə qonşuları köməyə çağırmasını görmüşdür. O, nə baş verdiyini soruşanda Bəhlul gəlini Ülviyənin tüfənglə özünə atəş açaraq xəsarət yetirdiyini, hazırda yaralı vəziyyətdə olduğunu demişdir. Bundan sonra o, cəld içəri keçərək hadisə baş verən otağa daxil olmuşdur. Bu zaman Ülviyənin yerdə arxası üstə uzandığını, qarın nahiyəsindən isə qan axdığını görmüşdür. Həmin vaxt Bəhlulun arvadı Tərgül onu görən kimi kömək etməsini demişdir. Az sonra köməyə gələn Bəhlulun yeznəsi Elçin və digər qonşu Vüqar hadisəni görüb Ülviyəni xəstəxanaya aparmaq lazım olduğunu deyib qısa zaman ərzində birlikdə köməkləşib sonuncunu yerdən götürərək Bəhlulun “Lada Priora” markalı nəqliyyat vasitəsinin arxa oturacağına yerləşdirmişlər. O, Ülviyənin halının getgedə pisləşdiyini, huşunu itirmək üzrə olduğunu görmüşdür. Həmin vaxt Şahnaz adlı qonşusu da hadisə yerinə gəlmişdir. Şahnaz qanaxmanın qarşısını almaq məqsədi ilə üzərindəki jaketi çıxarıb Ülviyənin yarasının üzərinə qoymuşdur. Ülviyənin əri Rövşən cəld şəkildə nəqliyyat vasitəsinin sükanına keçərək idarə etmək istəmiş, lakin qonşusu Məhərrəm onun çox həyəcanlı olması səbəbindən nəqliyyat vasitəni idarə edə bilməyəcəyini deyib nəqliyyat vasitəsini başqasının idarə etməsini məsləhət bilmişdir. Bu zaman Bəhlul Rövşəni düşürdüb özü sükan arxasına keçmişdir. Elə həmin vaxt Tərgül Ülviyənin yanında arxa oturacaqda əyləşib sonuncun başını qucağına almış, Şahnaz isə ön sərnişin oturacağında əyləşmişdir. Bəhlul nəqliyyat vasitəsini sürətli idarə edib Ülviyəni ən qısa zamanda Ağcabədi rayon Mərkəzi xəstəxanasına çatdırmağa çalışmışdır. Bir müddət sonra isə Ülviyənin xəstəxanada öldüyünü eşitmişdir. Bundan başqa Şahid5 ifadəsində hadisə yerinə gəldikdən sonra orada olduğu müddətdə baş verənlərdən Ülviyə Baxşalızadənin hansısa səbəbdən tüfənglə özünə atəş açaraq xəsarət yetirməsini başa düşdüyünü, lakin Ülviyənin həmin tüfəngi hardan əldə etməsi, həmin silahın kimə məxsus olması barədə konkret heç bir məlumatı olmadığını, yalnız sonradan eşitdiyinə görə həmin tüfəngin Bəhlul Baxşalıyevə məxsus olduğunu və yaşadıqları evdə saxladığını, hadisə zamanı Ülviyənin həmin silahı götürüb özünə atəş açdığını, lakin bu hadisənin hansı səbəbdən yaranmasından məlumatsız olduğunu göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 Şahid5la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3/186; 3/1487; 3/1498 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş 24 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, «146591» №-li, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngidir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, silahın tətiyinə toxunmadan kənar fiziki təsir nəticəsində özü-özünə atəş açılmır. Silahın çaxmaqların döyüş bölməsindən çıxması üçün öndəki tətiyə 2,0 kq, arxa tətiyə isə 2,2 kq qüvvə ilə təsir etmək tələb olunur (normal hesab olunur). Silahın detallarında təyinatını dəyişdirən və zavod işarələrində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Silahın patronluqlarının üzərində “Zlatoust” silah zavodunun xüsusi nişanı, qəlibin sol yastığının üzərində “BELGİUM” yazısı həkk edilmişdir, lakin konkret olaraq modelini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 24 kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gilizidir. Həmin giliz, təqdim edilmiş ov tüfənginin sol lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kiçik ölçülü daşa oxşar parçadır. Həmin predmetin üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik eyniləşdirmə tədqiqat üçün yararlı xüsusi əlamətlərə malik izlər aşkar edilmədiyindən onun təqdim edilmiş ov tüfəngindən atılıb-atılmadığını, eləcədə atəşdən əvvəl təqdim edilmiş gilizlə vahid bütövlük təşkil edib-etmədiyini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş X4 məxsus bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd tünd çəhrayı rəngli ipli mayka, bir ədəd göy rəngli şalvar üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədənin ətrafında qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, zədənin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədənin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməsinə əsasən, ön hissəsində olan zədələr giriş zədəsi olmaqla hamarlüləli (yivsiz) odlu ov tüfəngindən açılan atəş nəticəsində yetirilməyə xarakterikdir. Həmin zədə qərarın təsviri hissəsində göstərilən şəkildə təqdim edilmiş silahdan açılan atəş nəticəsində yaranması mümkündür. Tədqiqata təqdim edilmiş Şahid1 məxsus bir ədəd qəhvəyi-qara rəngli ön hissəsi düyməli qısaqol köynək, bir ədəd boz rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli, üzərində boz-göy cızıqlı damaları olan ön hissəsi düyməli qısaqol köynək, bir ədəd göy rəngli, belində qəhvəyi rəngli kəməri olan cins şalvar üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr və atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməsinə əsasən həmin silahdan sonuncu təmizləmədən sonra atəş(atəşlər) açılmışdır. Lakin hazırlanmış müvafiq elmi metodika olmadığından açılan atəş(atəşlər)in vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş X4 məxsus bir ədəd tünd bənövşəyi rəngli, ön hissəsi düyməli qolsuz jaketin üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş X1 və sağ qolundan, eləcədə dırnaqlarından götürülmüş tampon və skoç band nümunələri üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş X4 məxsus bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd tünd çəhrayı rəngli ipli mayka, bir ədəd göy rəngli şalvar, bir ədəd tünd bənövşəyi rəngli, öz hissəsi düyməli qolsuz jaketin, X1 və sağ qolundan, eləcə də dırnaqlarından götürülmüş tampon və skoç band nümunələri üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri, təqdim edilmiş ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri ilə forma və ölçüsünə görə eynilik təşkil edir. Təqdim edilən üzərində X3 yazı qeydləri olan bağlamadan, üzərində Təqsirləndirilən şəxs yazı qeydləri olan və Şahid1 yazı qeydləri olan bağlamadan aşkar edilmiş geyim əşyaları üzərində trasoloji zədə, o cümlədən fiziki qüvvənin (dartınma, sökülmə, cırılma, qoparma, qırılma və sair) təsirindən yaranan zədələr yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 34 nömrəli rəyindən görünür ki, ******* saylı xəstəlik tarixçəsinə əsasən X7 11 sentyabr 2024-cü il tarixdə, saat 12:40 dəqiqədə güllə yaralanması ilə çox ağır vəziyyətdə xəstəxanaya gətirilmiş, xəstə təcili əməliyyata götürülmüş və həmin gün saat 13:50 dəqiqədə əməliyyat zamanı vəfat etmişdir. Xəstəxanada qoyulmuş son klinik diaqnoz: qarın boşluğuna daxilə keçən güllə yaralanması; travmatik və hemorragik şok İİİ- İV dərəcə, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı qarının sol yarısının ön səthindən qarın boşluğuna daxil olaraq qarın boşluğu orqanlarının dağılması və kəskin qanitirmə ilə müşayət edilən bir ədəd kor odlu silah (qırma) yaralanması aşkar edilmişdir. Yara kanalının istiqaməti öndən-arxaya, yuxarıdan-aşağı və bir qədər soldan sağa doğrudur. X3 bədənində olan xəsarət qırma ilə doldurulmuş ov tüfəngindən açılan bir atəş nəticəsində əmələ gəlmişdir, yetirilmə müddəti 11 sentyabr 2024-cii il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X3 bədənində olan xəsarətin (qarının sol yarısının ön divarında olan qırmaların giriş dəliyinin) yerləşmə lokalizasiyasını nəzərə alaraq göstərmək olar ki, həmin xəsarət zərərçəkmişin özü tərəfindən ayaqüstə olan vəziyyətdə ov tüfəngindən atəş açmaqla yetirilə bilərdi. X3 ətrafında kifəyət qədər hisin olmasına əsasən göstərmək olar ki, atəş dirənmiş vəziyyətdə açılmışdır. X3 odlu silah yarası aldıqdan sonra onun hər hansı sərbəst və məqsədyönlü hərəkətlər etmək imkanı olmamışdır. X3 ölümünə səbəb qarın boşluğu orqanlarının, qarın boşluğunda olan arteriya və venaların zədələnməsi nəticəsində meydana çıxmış kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, ölüm X3 meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən 1-2 saat əvvəl, yəni 11 sentyabr 2024-cü il tarixdə baş vermişdir. X3 meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında metil, etil, propil, butiİ və amil spirtləri aşkar edilməmişdir (3107/k saylı, 20 sentyabr 2024-cü il tarixli kimyəvi akt). İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 kalibrli qoşa lüləli yivsiz ov tüfəngini nə vaxt və kimdən əldə etməsini dəqiq müəyyən etmək mümkün olmasa da, keçirilmiş tədbirlərə əsasən, həmin tüfəngin Təqsirləndirilən şəxs atası Şirəli Baxşəliyevdən yadigar qaldığı müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın RPŞ-nin xx.xx.2024-cü il tarixli 3xx-xx/26923/2024 nömrəli məktubundan görünür ki, 12 kalibrli İJ markalı 146591 nömrəli qoşalüləli ov tüfəngi qeydiyyatda olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 dekabr 2024-cü il tarixli 18-1-57/3-429/2024 nömrəli məktubundan görünür ki, Laçın rayon Qarakeçdi kənd sakini, xx.xx.1948-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nin konsultativ poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatına alınmamış, alkoqolizmlə bağlı müalicəyə cəlb olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xasiyyətnamədən, arayışdan və məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan olan məcburi köçkündür, Ağcabədi rayonu Taxtakörpü ərazisi 52 ailəlik qəsəbədə həyat yoldaşı Şahid2, oğlu və nəvələri ilə birlikdə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 24 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, «146591» №-li, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngi və 04 ədəd giliz maddi sübut qismində tanınaraq Laçın RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X3 ölümündə maddi, xidməti və ya sair cəhətdən asılı olduğu hər hansı şəxsin sonuncu ilə amansız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma halı müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi, həmçinin X3 ölümündə qəsd halı müəyyən edilmədiyindən həmin xüsusat üzrə də cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 24 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 230-cu maddəlsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 228-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin əlamətləri olmadığından həmin xüsusatla bağlı barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün qəbul edilmiş qərarın surətinin Laçın RPŞ-nin İTB-yə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 ölümü ilə əlaqədar Laçın rayon prokurorluğununun müstəntiqinin cinayət işi başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarının olmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin və əşyaların sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 24 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, «146591» №-li, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfənginin və 04 ədəd gilizin 17 yanvar 2025-ci il tarixli qərarla maddi sübut qismində tanınaraq Laçın RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanmasının nəzərə alınması, iş üzrə əhəmiyyət kəsb etmədiyindən hadisə yerindən götürülmüş, mərhum Ülviyə Baxşalızadəyə məxsus “Samsung” markalı, Şahid1 məxsus «Honor8x» markalı mobil telefonların, Şahid1 və Bəhlul Baxşalıyevə məxsus müxtəlif paltarların Laçın rayon prokurorun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas İlqar Niftəliyev tərəfindən aidiyyəti üzrə qaytarılmasının, mərhum Ülviyə Baxşalızadənin hadisə vaxtı əynində olmuş paltarların və qırmaların məhv edilməsinin nəzərə alınması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın Rayon Məhkəməsinin 3(047)- 50/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib əldə edib özündə saxladığı mülki silah sayılan bir ədəd 24 kalibirli, nömrəsi 146591 olan qoşalüləli ov tüfəngi və 04 ədəd giliz müsadirə edilməklə 80 (səksən) manat miqdarda inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 230-cu maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyaında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs təqsirini boynuna almasını, məhkumluğunun olmamasını, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqaüdçü olmasını, həmçinin səmimi peşmançılığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 230-cu maddəsi üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi şəraitini, başqa şəxslər tərəfindən eyni xarakterli yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması baxımından ona məhz həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən nisbətən az ciddi cəza növünün, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini daha məqsədəmüvafiq hesab edir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cəzanın müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-Laçın RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 24 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, «146591» №-li, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfənginin və 04 ədəd gilizin Laçın Rayon Məhkəməsinin 3(047)-50/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət nəfinə müsadirə edilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 281 (iki yüz səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 230-cu maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-281(iki yüz səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar