Məhkəmə qərarları › İş №1(047)-8/2024

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-8/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-8/2024 08.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçilər Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4, X1 iştirakları ilə, Ağcabədi şəhərində, 08 may 2024-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1986-cı ildə Çex Respublikasının Fridek- Mistek şəhərində doğulmuş, Çex Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvəllər məhkum olunmayan, Çex Respublikasının Fridek-Mistek şəhəri Palkoviçe küçəsi 333 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmişdir. Belə ki, Çexiya Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə Ermənistan Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Laçın rayonu istiqamətində nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmişdir. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxx 1986-cı ildə Çexiya Respublikasının Fridek-Mistek şəhərində anadan olmuş və Çexiya Respublikasının Fridek- Mistek şəhəri Palkoviçe küçəsi ev 333 ünvanında yaşamışdır. 1992-2001-ci illərdə Çexiya Respublikasının Hranitse na Morave şəhərində Şromotovo Namesti məktəbində ibtidai təhsil almışdır. 2023-cü ilin dekabr ayında mobil telefonunun ucuz avia biletlərə dair elektron tətbiqinə ucuz səyahət biletləri haqqında məlumat daxil olmuş və ucuz aviabiletlərdən biri Ermənistana səfərlərə aid olmuşdur. Bununla bağlı cari ilin yanvar ayının sonu işlərinin az olması ilə əlaqədar Ermənistan Respublikasına səyahət etmək qərarına gəlmişdir. Belə ki, Ermənistan ərazisində yüksək dağ silsilələri olduğundan ora səfər etmək istəmişdir. Bununla bağlı Vyana-İrəvan marşrutu üzrə Wizzair şirkətindən aviabilet almışdır. 20 yanvar 2024-cü il tarixdə yaşadığı Fridek-Mistek şəhərindən avtobusla Vyanaya və sonra 21 yanvar 2024-cü il tarixdə isə Avstriya Respublikasının Vyana şəhərinin Vyana-Şvexat aeroportundan Ermənistan Respublikasının İrəvan şəhərinə təyyarə ilə gəlmişdir. İrəvanda olarkən “Booking.com” internet saytı vasitəsilə mərkəzdə yerləşən 1 otaqlı mənzili 1 gecəlik kirayə tutmuşdur. Növbəti gün, yəni 22 yanvar 2024-cü ildə səhər saatlarında avtobusla Ermənistan Respublikasının Qafan şəhərinə yollanmışdır. Belə ki, həmin şəhərdən Xustup dağının Aramazd yüksəkliyinə səfər üçün əlverişli yol mövcud olmuşdur. Qafan şəhərinə günün gec saatlarında çatdığı üçün xatırlamadığı oteldə gecələmişdir. 23 yanvar 2024-cü ildə Qafan şəhərindən bir qədər aralıda yerləşən kilsəyə səfər etmiş və daha sonra əsas yolda təsadüfi yük avtomaşını ilə axşam saatlarında yaxınlıqda olan Tatev qəsəbəsinə çatmışdır. Həmin qəsəbədə də gecələmək üçün internet saytı vasitəsilə 2 günlük mənzil kirayə götürmüşdür. 2 gün ərzində həmin qəsəbənin və onun ətrafındakı tarixi yerləri ziyarət etmişdir. Gecələdiyi mənzilin sahibindən Aramazd dağına hansı yol ilə gedə biləcəyini soruşduqda həmin ərazinin çox təhlükəli olduğunu mənzil sahibi ona bildirmişdir. Bu səbəbdən planlarını dəyişərək digər istiqamətdə hündürlüyü 3000 metrdən çox olan dağa getmək üçün xəritədə axtarışa başlamışdır. Bu zaman o, 1 gün ərzində gedib qayıtmağı üçün ən əlverişli dağın Mets İşxanasar olduğunu müəyyən etmişdir. Həmin dağ yüksəkliyi Ermənistan və Azərbaycan dövlətləri arasında sərhəddə yerləşmiş və dağın bir ətəyi Ermənistana, digər ətəyi isə Azərbaycana aid olmuşdur. 25 yanvar 2024-cü ildə o, həmin yüksəkliyə yola düşmüşdür. Bununla bağlı o, gecələdiyi Tatev qəsəbəsindəki evi səhər saat 07 radələrində tərk etmiş və həmin yüksəkliyə doğru hərəkət edən yük avtomobili ilə həmin yüksəkliyə yollanmışdır. 1 saat getdikdən sonra həmin yüksəkliyə hərəkət üçün əlverişli olan mövqedə avtomobili saxlatdırıb, həmin marşrut üzrə hərəkət etməyə başlamışdır. Təxminən saat 15 radələrində o, nəzərində tutduğu yüksəkliyə çatmışdır. Lakin bu zaman güclü külək, çovğun başlamışdır. O, bu zaman öz istiqamətini itirmiş və təxminən 50-100 metr uzaqlıqda hər hansı daşlar olduğunu görmüş və qərara almışdır ki, onların üstündə otursun. O, xəritəyə baxmaq istəsə də telefonunun sönməsindən qorxmuşdur. Bundan sonra o, həmin daşlara tərəf getmiş, lakin təxminən bir neçə dəqiqə hərəkət etdikdən sonra hərbi formada bir neçə şəxslə rastlaşmışdır. Bu zaman əsgərlər onu çağıranda o, bildirmişdir ki, turistdir və eyni zamanda alpinistdir. O, bilmirdi ki, onlar Azərbaycan əsgərləridir və o, eyni zamanda Azərbaycan Respublikasının sərhədi ərazisində olduğunu da bilmirdi. Bundan sonra əsgərlər onu hansısa anbara gətirdilər və bildirdilər ki, o, dövlət sərhədini keçmişdir. Buna baxmayaraq ona bildirdilər ki, qayıda bilməz, çünki, o, mina olan ərazini keçmişdir. Qeyd edilənlərə, yəni onun keçdiyi ərazidə minaların olması barədə məlumatlandırıldığına görə o, Azərbaycan əsgərlərinə minnətdarlığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, alpinizmlə məşğul olduğu üçün təsadüfən dövlət sərhəddini pozmuşdur. Həmçinin o, törətdiyi cinayət əməlinə görə çox peşman olduğunu, ata və anasının ağır xəstə olduqlarını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə olaraq belə bir cinayət əməli törətməsini və əvvəllər məhkum olunmamasını qeyd edərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, xidməti vəzifəsinin icrası ilə əlaqədar Laçın rayonundan keçən Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı dövlət sərhədində xidmətdə olarkən tabeçiliyində olan əsgər X5 naməlum əcnəbi şəxsin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməsi barədə məlumat vermişdir. Həmin vaxt o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüsal Qəmbərov ilə birlikdə əsgər Cavid Əliyevin yanına getmişdir. Saxlanılan şəxs uzun boylu, sarışın, eyni zamanda üzərində qırmızı gödəkçə və belində göy rəngli bel çantası olmuşdur. O, həmin şəxsə ingilis dilində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçdiyini söyləmişdir. O, GPS aparatı ilə saxlanılan şəxsin yerinin koordinatlarını müəyyən etmişdir. Həmin nöqtə x=4383695 y=8601345 koordinatlarında olmuşdur. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N fevral 2024-cü il tarixli, 384 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı x=4383695 y=8601345 koordinatların dislokasiya ərazisi Azərbaycan Respublikası Laçın rayonunun Əhmədli yaşayış məntəqəsindən 14,9 kilometr qərbə Azərbaycan Respublikasının dövlət sərhədindən 105 metr içəridə, yəni Azərbaycan Respublikasının ərazisi olmuşdur. İş materillarında olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Sony“ markalı rəqəmsal kameraya və 01 ədəd “iPhone SE” mobil telefon aparatına 30 yanvar 2024-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Vladimirin istifadəsində olan mobil telefon və rəqəmsal kamera vasitəsilə 25 yanvar 2024-cü il tarixdə Ermənistan Respublikasından Azərbaycan Respublikasının sərhəd ərazisinə yaxın məsafələrdən fotoçəkilişlər aparılmışıdır. İş materillarında olan Təqsirləndirilən şəxs məxsus 43643372 nömrəli pasportdan görünür ki, həmin pasportun 32-ci səhifəsində Ermənistan Respublikasının sərhəd-buraxılış orqanının müvafiq möhürü aşkar olunmuşdur. İş materillarında olan məhkəmə-psixiatrik ekspertizasının 13 fevral 2024-cü il tarixli 383 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayətin törədildiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsın əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tutulma haqqında protokoldan və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli, tutulduğu vaxtdan, yəni 27 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətinə, yəni 27 aprel 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone SE” markalı mobil telefon və 01 ədəd “Sony” markalı rəqəmsal kamera maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 30 mart 2024-cü il tarixli subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvədə saxlanılması və qərar barədə cinayət prosesinin maraqlı tərəflərinə məlumat verilməsi qərara alınmışdır. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər də araşdırılmış, belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Azərbaycan Respublikasının sərhədi ərazisində olduğunu bilmədiyini, həmçinin alpinizmlə məşğul olduğu üçün təsadüfən dövlət sərhəddini pozduğunu bildirmişdir. Lakin, toplanmış sübutlar, şahid ifadələri, ekspert rəyləri, baxış protoklları ilə sübuta yetirilmişdir ki, o, dövlət sərhəddini pozaraq Azərbaycan Respublikasının ərazisinə qəsdən daxil olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs bu barədə ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməməlidir. Beləliklə, Təqsirləndirilən şəxsın törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsın törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxsın ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olub törətdiyi cinayəti etiraf etməsini, əvvəllər məhkum olunmamasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə-min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxsın təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq cərimə cəzası da nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, törədilmiş cinayətin ictimai təhlükəliliyi, xarakteri və eləcə də idarəetmə qaydası əleyhinə olan cinayətlər kakteqoriyasına aid olması nəzərə alınmaqla ona daha ağır cəza növü olan azadlıqdan məhrumetmə cəzasının təyin olunması daha əsaslıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 27 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmçinin, Miqrasiya Məcəlləsinin 74.7-ci maddəsində qeyd edilir ki, məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə, bu barədə cəzanı icra edən orqanın verdiyi məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya bu Məcəllənin 79.1.3-cü maddəsində göstərilən halda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması məsələsini həll edir. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübutlar-Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone SE” markalı mobil telefon və 01 ədəd “Sony” markalı rəqəmsal kamera-Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay, 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmün bu hissəsinin icrası Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə olunsun. İş üzrə maddi sübutlar-Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone SE” markalı mobil telefon və 01 ədəd “Sony” markalı rəqəmsal kamera-Təqsirləndirilən şəxs geri qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar