Məhkəmə qərarları › İş №1(047)-9/2023

Laçın Rayon Məhkəməsi Qərar — İş №1(047)-9/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 1(047)-9/2023 26.09.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 iştirakı ilə, X6 və X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 01 sentyabr 1965-ci ildə Laçın rayonu, Ağbulaq kəndində anadan olmuş, Laçın rayonu Ağbulaq kəndində qeydiyyatda olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Südçülük sovxozunun ərazisində müvəqqəti yaşayan X6 və 20 oktyabr 1992-ci ildə Laçın rayonu, Ağbulaq kəndində anadan olmuş, Laçın rayonu Ağbulaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Südçülük sovxozunun ərazisində müvəqqəti yaşayan X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutlmuş cinayətlərin törədilməsində təqsirli bilinib, onların həmin maddələrin sanksiyası həcmində cəzalandırılması barədə xüsusi ittiham qaydasında şikayətlə Laçın rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 izahatında qeyd edilən şikayətin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə etirazının olduğunu bildirdi. İş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X8 və X7 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini xahiş etməmişdilər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 299-cu maddəsini rəhbər tutaraq X6 və X4 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin izahatını dinləyib hesab edir ki, qeyd olunan xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2. uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 74.3. xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 74.4. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 74.8. Eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qeyd olunan xüsusi ittiham qaydasında şikayətdən və digər sənədlərdən, o cümlədən Azərbaycan Respublikası QMKİ üzrə DK-nin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, X10 və X3 rayonu Ağbulaq kəndində qeydiyyatda olsalar da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Südçülük sovxozunun ərazisində müvəqqəti yaşayırlar və onların Laçın rayon ərazısində yaşamasına dair hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, X1 xüsusi ittiham qaydasında şikayətində göstərilən X8 və X7 istinad edilən hərəkətlərin (əməllərin) Laçın rayonu ərazisinə aid olmasını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan xüsusi ittiham qaydasında şikayətə baxılmasının da Laçın rayon məhkəməsinə heç bir aidiyyəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 300.1.4-cü maddəsinə müvafiq olaraq məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası CPM-nin 302.1.1-ci maddəsinə görə xüsusi ittiham qaydasında şikayət həmin məhkəməyə aid olmadıqda şikayətin icraata qəbul edilməsindən imtina edilir. Azərbaycan Respublikası CPM-nin 302.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxardır. Azərbaycan Respublikası CPM-nin 302.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi və həmin şikayətin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: 01 sentyabr 1965-ci ildə Laçın rayonu, Ağbulaq kəndində anadan olmuş, Laçın rayonu Ağbulaq kəndində qeydiyyatda olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Südçülük sovxozunun ərazisində müvəqqəti yaşayan X6 və 20 oktyabr 1992-ci ildə Laçın rayonu, Ağbulaq kəndində anadan olmuş, Laçın rayonu Ağbulaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Südçülük sovxozunun ərazisində müvəqqəti yaşayan X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutlmuş cinayətlərin törədilməsində təqsirli bilinib, onların həmin maddələrin sanksiyası həcmində cəzalandırılmasına dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və həmin xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Laçın rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar