Məhkəmə qərarları › İş №1(047)-9/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №1(047)-9/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 1(047)-9/2025 08.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Şükürov Yaşasın Valeh oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası CM) 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X6 12 may 1989-cu ildə Ağcabədi rayon Təzəkənd kəndində anadan olmuş, Ağcabədi rayon Şahsevən Təzəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X5 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işinin başlanılması, ona həmin maddə ilə ittiham elan edilməsi və qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmasına dair xüsusi ittiham qaydasında şikayətlə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramlar ünvanlayaraq Ağcabədi rayon sakini olduğundan işin Laçın Rayon Məhkəməsində baxılmasına etiraz etmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 299-cu maddəsini rəhbər tutaraq X5 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi Müdafiəçi çıxış edərək hazırkı materialın aidiyyəti üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, qeyd olunan xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Acabədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 və X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında iş üzrə barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X9 və X10 tərəfindən Ağcabədi Rayon Məhkəməsinin bütün hakimlərinə verilmiş etirazın təmin edilməsi, X4 və X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında icraat nateriallarının mahiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin 1(047)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X5 və X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında verdiyi şikayətin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 1-8/1-557/2025 nömrəli qərarından görünür ki, X4 və X5 Azərbaycan Respublikası CM-nin 147.1ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə materialın hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin 1(047)-5/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 şikayəti əsasında xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X5 və X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan bir ədəd kompakt diskə baxış keçirilməsindən müəyyən edilir ki, X10 “TikTok” sosial şəbəkəsində yaratdığı Kanal 21.az hesabında yenidən çıxış edərək X3 onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işinin başlanılması, ona həmin maddə ilə ittiham elan edilməsi və qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmasına dair xüsusi ittiham qaydasında şikayətin yeni iş olduğunu bildirərək həmin işə onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Ağcabədi Rayon Məhkəməsində baxılmalı olduğunu bildirimişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2. uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 74.3. xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 74.4. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 74.8. Eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi, X6 "xxxx" MMC-nin direktoru X5 və "xxxx" MMC-nin müxbiri X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutlmuş cinayətlərin törədilməsində təqsirli bilinib onların həmin maddələrin sanksiyası həcmində cəzalandırılması barədə xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş, X10 və X9 tərəfindən Ağcabədi Rayon Məhkəməsinə etiraz edilmiş, həmin etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qeyd edilən xüsusi ittiham qaydasında icraat materiallarının baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən qeyd edilən iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmə tərəfindən qeyd edilən işin aidiyyəti mübahisələndirilmiş və nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 aprel 2025-ci il tarixli qərarı ilə həmin iş baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Lakin bundan sonra Laçın Rayon Məhkəməsinin 1(047)-5/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 şikayəti əsasında xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X5 və X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, X3 "xxxx" MMC-nin direktoru X5 və "xxxx" MMC-nin müxbiri X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutlmuş cinayətlərin törədilməsində təqsirli bilinib onların həmin maddələrin sanksiyası həcmində cəzalandırılması barədə xüsusi ittiham qaydasında şikayət üzrə icraat başa çatmış və bununla bağlı artıq Laçın Rayon Məhkəməsinin 1(047)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı movcud olmuşdur. Lakin daha sonra X6 12 may 1989-cu ildə Ağcabədi rayon Təzəkənd kəndində anadan olmuş, Ağcabədi rayon Şahsevən Təzəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işinin başlanılması, ona həmin maddə ilə ittiham elan edilməsi və qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmasına dair xüsusi ittiham qaydasında şikayətlə yenidən Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, artıq bu xüsusi ittiham qaydasında yeni şikayət olduğundan hal-hazırkı halda qeyd edilən işə 12 may 1989-cu ildə Ağcabədi rayon Təzəkənd kəndində anadan olmuş, Ağcabədi rayon Şahsevən Təzəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X5 yaşadığı ünvan üzrə Ağcabədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Çünki, X1 Təranə Cabbar qızı barəsində “TikTok” sosial şəbəkəsində yaratdığı Kanal 21.az hesabında müxtəlif vaxtlarda müxtəlif məzmunlu çıxışlar etmiş, lakin “TikTok” sosial şəbəkəsi isə xaricdə qeydiyyata alınmışdır. Bundan başqa X2 “TikTok” sosial şəbəkəsində yaratdığı Kanal 21.az hesabında yenidən çıxış edərək, həmçinin məhkəməyə teleqram ünvanlayaraq X3 onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işinin başlanılması, ona həmin maddə ilə ittiham elan edilməsi və qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmasına dair xüsusi ittiham qaydasında şikayətin yeni iş olduğunu, eyni zamanda Ağcabədi rayon sakini olduğundan işin Laçın Rayon Məhkəməsində baxılmasına etiraz etdiyini və ona görə də həmin işə onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Ağcabədi Rayon Məhkəməsində baxılmalı olduğunu bildirimişdir. Bundan əlavə məhkəmə araşdırmaları zamanı X3 artıq Ağcabədi RMX-da işdən çıxdığı və onun hal-hazırda “Stimul” hospitalda baş həkim işlədiyi və qeyd edilənlərə əsasən də X5 Ağcabədi Rayon Məhkəməsinə ünvanladığı etirazda göstərilən əsasların da aradan qalxdığı müəyyən edilmişdir. Beləliklə də məhkəmə qeyd edir ki, X3 xüsusi ittiham qaydasında şikayətində göstərilən X8 istinad edilən hərəkətlərin (əməllərin) Laçın rayonu ərazisinə aid olmasını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Belə olan halda isə məhkəmə hesab edir ki, qeyd olunan xüsusi ittiham qaydasında şikayətə baxılmasının da Laçın Rayon Məhkəməsinə heç bir aidiyyəti yoxdur. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 300.1.4-cü maddəsinə müvafiq olaraq məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası CPM-nin 302.1.1-ci maddəsinə görə xüsusi ittiham qaydasında şikayət həmin məhkəməyə aid olmadıqda şikayətin icraata qəbul edilməsindən imtina edilir. Azərbaycan Respublikası CPM-nin 302.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 302.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən də məhkəmə belə qənaətə gəlir ki, 12 may 1989-cu ildə Ağcabədi rayon Təzəkənd kəndində anadan olmuş, Ağcabədi rayon Şahsevən Təzəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işinin başlanılması, ona həmin maddə ilə ittiham elan edilməsi və qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmasına dair X3 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 298-302-ci maddəslərini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: 12 may 1989-cu ildə Ağcabədi rayon Təzəkənd kəndində anadan olmuş, Ağcabədi rayon Şahsevən Təzəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işinin başlanılması, ona həmin maddə ilə ittiham elan edilməsi və qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmasına dair xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar