Məhkəmə qərarları › İş №1(048)-1/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-1/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-1/2025 07.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1976-cı il tarixdə Lənkəran rayonu, Haftonu qəsəbəsi, Talışlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Talışlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair, xx.xx.1981-ci il tarixdə Lerik şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinə Lerik Rayon Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan görünür ki, o, 2024-cü ilin əvvəlində ona müraciət edərək özünün istifadəsi üçün narkotik vasitə olan marixuana istəyən tanışı, Lerik şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə edib çatdırmasını vəd edərək istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz yolla əldə edərək özündə saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 10 ədəd kibrit qutusunda qablaşdırmış, istintaqla müəyyən edilməsi mümkün olmayan çəkidə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin mart ayının əvvəlində daşıyaraq Lerik şəhərinə gətirib hər bir kibrit qutusu dolu marixuananı 50 manatdan Lerik şəhər sakini Təqsirləndirilən şəxs1 sataraq 500 (beş yüz) manat əldə etmişdir. Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 28 mart 2024-cü il tarixdə, saat 19:40-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Lerik şəhəri, Nizami küçəsində yerləşən «Buta» çay evinin qarşısında saxlanılaraq Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 19:55-dən saat 20:22-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin sol yan cibində 01 ədəd selolofan bükümdə saxladığı 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,381 qram, 4,637 qram, 4,425 qram olan ümumi təmiz çəkisi 14,562 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan görünür ki, o, 2024-cü ilin mart ayının əvvəlində Lənkəran rayonununTalışlı kənd sakini Təqsirləndirilən şəxs2 satış məqsədi ilə 500 (beş yüz) manata alaraq əldə etdiyi təxminən 10 ədəd kibrit qutusunda qablaşdırılmış istintaqla müəyyən edilməsi mümkün olmayan çəkidə, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan 03 ədəd kibrit qutusunda orqanoleptik əlmətlərinə və bioloji komponent tərkibinə görə birbiriləri ilə eyni olan 14,562 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatı almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 28 mart 2024-cü il tarixdə, saat 19:40-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lerik şəhəri, Nizami küçəsində yerləşən «Buta» çay evinin qarşısında saxlanılaraq Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 19:55-dən saat 20:22-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin sol yan cibində 01 ədəd selolofan bükümdə saxladığı 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 5,381 qram, 4,637 qram, 4,425 qram olan ümumi təmiz çəkisi - 14,562 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair ********* saylı cinayət işi xx.xx.2024-cü il tarixdə Lerik Rayon Məhkməsinin icraatına daxil olmuş və Lerik Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 1(048)-1/2025 nömrəli hökmünə (hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi) əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barələrində ittihamedici hökm çıxarılmışdır. Cinayət işində olan Lerik Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 1(048)- 1/2025 nömrəli hökmündən(hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddətin ona təyin olunmuş cəzadan çıxılması və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv edilərək barəsində «həbs» qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 08 yanvar 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CMnin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddət ərzində ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması, Təqsirləndirilən şəxs1 cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddətin ona təyin olunmuş cəzadan çıxılması və üzərində 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv edilərək barəsində «həbs» qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 08 yanvar 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddət ərzində ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Lerik Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 1(048)-1/2025 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, hökmün Təqsirləndirilən şəxs2 aid olan hissədə ləğv edilərək onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 06 mart 2025-ci il tarixli 1(106)329/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair Lerik Rayon Məhkəməsinin 08 yanvar 2025ci il tarixli 1(048)-1/2025 nömrəli hökmü və həmin iş üzrə Lerik Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 1(048)-42/2025 nömrəli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işi birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılması və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Həmçinin qərarda göstərilmişdir ki, mövcud qanunvericiliyə əsasən birinci instansiya məhkəməsinin müxtəlif şəxslər tərəfindən törədilmiş müxtəlif cinayət işlərinə eyni icraatda baxması, eyni zamanda məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərdən birinin müdafiəçisi olmadan işə baxılması və bunun nəticəsində təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması kimi kobud pozuntuya yol verdiyindən hesab edir ki, belə olan halda işə baxılması qeyrimümkün olduğuna görə məhkəmənin hökmü və eyni zamanda, həmin məhkəmənin hazırlıq iclasının qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin birinci instansiya məhkəməsinə hazırlıq iclasına qaytarılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair ********* saylı cinayət işi 16 aprel 2025-ci il tarixdə Lerik rayon Məhkəməsinə daxil olmuşdur. Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında yazılı vəsatət verərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3, həmçinin Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etirazlarının olmadığını və təqsirləndirlən şəxslər barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş etdilər. Məhkəmə ittiham və müdafiə tərəfi dinləyib, iş materiallarını araşdırıb, dövlət ittihamçısının vəsatətinin dəlilləri ilə razılaşır və hesab edir ki, vəsatət təmin edilməli, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1 -ci maddəsinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası CPM-in 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 08 may 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, «CPM-in 49.2-ci maddəsinin məzmununa əsasən cinayət-prosessual qanunvericiliyi cinayət təqibi üzrə icraatların birləşdirilməsi üçün cinayət işləri arasında dolayı əlaqənin mövcudluğunu qəbul etməyərək, birbaşa əlaqənin olmasını tələb edir. Cinayət işləri arasında bu əlaqə isə ya subyektlər arasındakı (bir neçə şəxsin bir cinayəti birlikdə törətməsi) əlaqədən, ya da cinayət əməlləri ilə subyektin əlaqəsindən (bir şəxsin bir neçə cinayəti törətməsi) əmələ gəlir. Belə əlaqələrin mövcud olduğu halda, cinayət işlərinin birləşdirilməsi bir tərəfdən icraatın sürətli şəkildə davam etdirilməsinə, məhkəmə proseslərinin uzadılmasını aradan qaldırmaqla işlərə vaxtında baxılmasına şərait yaratmış olur, digər tərəfdən isə iştirakçılıqla törədilən cinayətlərdə cinayətin iştirakçılarının əməlləri bir-biri ilə əlaqəli olduğundan icraatda lüzumsuz təkrarlığın qarşısının alınmasına, işin daha hərtərəfli və obyektiv araşdırılmasına kömək etmiş olur. Lakin nəzərə alınmalıdır ki, qanunverici cinayət təqibinin (cinayət işlərinin) bir icraatda birləşdirilməli olmasını imperativ norma kimi müəyyən etməmişdir. Bu səbəbdən cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuşdur ki, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir (Cinayət- Prosessual Məcəlləsinin 50.1-ci maddəsi). Cinayət işinin ayrıca baxılmasının mümkünlüyü dedikdə, həm ilkin, həm də ayrılmış cinayət təqibi üzrə bütün halların müəyyən edilməsi üçün istintaqın, zəruri prosessual hərəkətlərin, o cümlədən məhkəmə baxışının müstəqil surətdə həyata keçirilə bilməsi başa düşülür». Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024 cü il tarixli Qərarında göstərilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Lakin hazırkı cinayət işinin öyrənilməsi zamanı iş üzrə ibtidai istintaq aparan müstəntiq tərəfindən qeyd edilən tələblərə tam riayət olunmadığı müəyyən olunmuşdur. Bu isə CPM-in 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. İşin faktiki hallarından görünür ki, hazırkı cinayət işində eyni şəxs tərəfindən müxtəlif cinayət əməllərinin törədilməsi və ya müxtəlif şəxslər tərəfindən eyni bir cinayət əməlinin, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi halı mövcud deyil. Hazırkı iş üzrə təqsirləndirilən şəxslər müxtəlif cinayətlər törətmişlər. Belə ki, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 (Təqsirləndirilən şəxs1 münasibətdə) satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətinin tödərilməsində, Təqsirləndirilən şəxs1 da həmçinin satış məqsədi ilə qanunsuz olaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətinin tödərilməsində ittiham edilmişlər. Beləliklə, qeyd olunan normaların tələbləri baxımdan belə qənaətə gəlmək olur ki, işin faktiki halları göstərilən əməllər üzrə cinayət təqibinin bir icraatda birləşdirilməsinə imkan vermədiyi halda, CPM-in 49-cu maddəsinin, eləcə də, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumunun istinad olunan Qərarlarının tələblərinə zidd olaraq müxtəlif şəxslər tərəfindən törədilmiş müxtəlif cinayət əməlləri üzrə işə eyni icraatda aparılmışdır. Məhkəmə hesab edir ki, müxtəlif cinayətləri törətmiş şəxslərə elan olunmuş ittihamın bir icraatda birləşdirilməsi onların müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, qeyd edilən bu pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Bu isə CPM-in 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Cinayət işində olan materiallardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 müalicə almaqla saxlanılır. Cinayət işində olan materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs “xəstə-məhkum 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Ən PX Bakı istintaq təcridxanasından "Ağciyər vərəmi" diaqnozu ilə ƏN PX İxtisaslaşdırılmış müalicə müəssisəsinə (İMM) daxil olmuşdur. Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda son klinik diaqnoz "Sağ ağciyərin aşağı payının infiltrativ vərəmi, dağılma mərhələsində, VM (+) pozitiv. Çoxsaylı dərmanlara davamlı forma (ÇDD). Şəkərli diabet, İİ tip insulin tələbli. Xroniki "C" virus mənşəli hepatit" təsdiqlənmişdir. Xəstə xx.xx.2025-ci il tarixdə "yeni" hal kimi 2-ci sıra vərəməleyhi dərmanlarla müalicəyə cəlb edilmişdir.Hal-hazırda xəstənin ümumi vəziyyəti kafidir, vərəməleyhi müalicələri davam etdirilir. Xəstənin müalicəsini və dərman preparatlarının qəbulunda fasilələr yaranmamasını nəzərə alaraq uzun müddətə müəssisədən göndərilməsi məqsədəuyğun hesab edilmir. Cinayət işi materiallarında olan Lerik rayon İHB-nın Lerik şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Cinayət işində olan materiallardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 saxlanılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 xx.xx.2025-ci il tarixdə "yeni" hal kimi 2-ci sıra vərəməleyhi dərmanlarla müalicəyə cəlb edildiyindən, hal-hazırda xəstənin ümumi vəziyyətinin kafi olması, vərəməleyhi müalicələri davam etdirilməsi, xəstənin müalicəsini və dərman preparatlarının qəbulunda fasilələr yaranmamasını nəzərə alaraq uzun müddətə müəssisədən göndərilməsinin məqsədəuyğun hesab edilməməsi səbəbindən barəsində seçilmiş seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 məhkumluğunun olmaması, Lerik şəhərində daimi yaşayış yerinin olması, cəmiyyətdən təcrid etmədən ibtidai isintaqın aparılmasının mümkün olduğunu, ilkin ibtidai istintaq zamanı çağırışlardan yayınmadığını, nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsaətətinin təmin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxsin məhkumluğunun olmaması, daimi yaşayış yerinin olması cəmiyyətdən təcrid etmədən ibtidai isintaqın aparılmasının mümkün olduğu qənaətə gəlməyə əsas verir. CPM-nin 155.2-ci maddəsinə əsasən qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən onun yaşı, səhhəti, məşğuliyyət növü, ailə, maddi və sosial vəziyyəti də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi azadlıq hüququnu ən yüksək ümumxalq iradəsi səviyyəsində tanıyır və həmin hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırmağa icazə verir. Azadlıq hər bir kəsin təbii haqqı və konstitusion hüququdur. Beləliklə, məhkəmə göstərilən normaları və tələbləri baxılan konkret məsələyə tətbiq edərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin edilməməli, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 trəfindən verilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməlidir. CPM-nin 159.10-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. CPM-nin 159.7-ci və 159.7.3-cü maddələrində göstərilmişdir ki, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq az ağır cinayətlər üzrə - 7 (yeddi) aydan artıq ola bilməz Beləliklə, məhkəmə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 159.10, 299, 300, 300.1.5, 303, 303.3.1, 303.3.6 və 306 -ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı - Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və onun həbsdə saxlama müddəti 01 (bir) ay müəyyən edilməklə xx.xx.2025-ci il tarixədək müəyyən edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilsin, dərhal həbsdən azad edilsin və ev dustaqlığında saxlama müddəti 01 (bir) ay yəni xx.xx.2025-ci il tarixədək müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Qərarın Təqsirləndirilən şəxs1 “ev dustaqlığı” qətimkan tədbiri hissəsində icrası Lerik Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan apelyasiya şikayəti və apelyasiya protesti verilə bilməz. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar