Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-10/2025 12.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Lerik rayonu, Lələdulan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, “Dost” Mərkəzində fəhlə işləyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 02 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 2,757 qram və 2,732 qram olmaqla, ümumi təmiz çəkisi 5,489 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 24 yanvar 2025-ci il tarixdə, saat 01:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu Lerik şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, üzəri yoxlanılarkən əynində olan gödəkçənin sağ yan cibində 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,757 qram və 2,732 qram olmaqla, ümumi təmiz çəkisi 5,489 qram xeyli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkblərinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Lerik şəhərində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orada yaşayır. O, şəxsi istifadəsi üçün 2 ədəd kibrit qutusunda olan marixuananı Lənkəran şəhərində tanımadığı şəxsdən 150 manata almışdır. 24 yanvar 2025-ci il tarixdə, saat 01 radələrində aldığı narkotik vasitə olan marixuananı istifadə etmək üçün evdən çıxıb Lerik şəhəri ərazisində gəzərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ona narkotik vasitələrin istifadəsi, daşımasında şübhəli olduğunu bildirmişlər. Ona qadağan olunan hər hansı bir əşyanın könüllü təhvil verməyini bildirdikdə o, polis əməkdaşlarına gödəkçəsinin sağ yan cibindən iki ədəd kibrit qutusunda olan marixuananı çıxaraq təhvil vermişdir. Həmin narkotik vasitəyə oxşar kütlə zərfdə qablaşdırılaraq götürülmüş və Lerik RPŞ-yə gətirilmiş, tərəzidə çəkilmiş, üzəri imzalanaraq götürülmüşdür. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-in CAB-ın rəisi Şahid4 ifadəsində göstərmişdir ki, 24 yanvar 2025-ci il tarixdə, saat 00:00 radələrində Lerik RPŞnin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Sətulla Rəhmanov ona Lerik şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə edib daşıması və istifadə etməsi barədə məlumat daxil olduğunu bildirmiş, məlumatın yoxlanılması üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunaraq Təqsirləndirilən şəxs cinayət başında yaxalanması üçün plan hazırlanmışdır. Tədbirin keçirilməsinə əmr hazırlanmış, əmrə uyğun Lerik RPŞ-nin əməkdaşlarından özü, Şahid1, Şahid2 və Şahid3 ibarət qrup yaradılmışdır. Əməliyyat-Axtarış tədbirinin keçirilməsi ilə bağlı yaradılmış qrupun tərkibində olan əməkdaşları təlimatlandırmışdır. Təqsirləndirilən şəxs Lerik şəhəri, H.Əliyev küçəsində üzərində narkotik vasitə əldə edərək daşıması barədə məlumat verildiyinə görə təsvir etdiyi ərazini nəzarətə götürmüşlər və Təqsirləndirilən şəxs həmin əraziyə gəlməsini görmüşlər. Belə ki, 24 yanvar 2025-ci il tarixdə, saat 01:10 radələrində, qaranlıq hava şəritində Təqsirləndirilən şəxs Lerik şəhəri, H.Əliyev küçəsi ilə piyada hərəkətdə olduğunu görmüşlər və ona yaxınlaşaraq üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da üzərində istifadə emək məqsədilə iki ədəd kibrit qutusunda içərisində narkotik vasitə daşımasını bildirmişdir. Məhkəmə iclasında şahidlər Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi materiallarında olan təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 24 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Lerik RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin istifadəsində və üzərində daşıması ilə bağlı şübhəli olduğundan, 24 yanvar 2025-ci il tarixdə, saat 01:10 dəqiqədə Lerik şəhəri, H.Əliyev küçəsində rayon mərkəzi xəstəxanasının yaxınlığında hərəktədə olan zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən ümumilikdə 2 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüş və Lerik RPŞ-yə gətirilmişdir. Cinayət işi materiallarında olan 24 yanvar 2025-ci il tarixli “cinayət törətməkdə şübhə yaradan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdə, saat 03:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin X4 24 yanvar 2025-ci il tarixli, 19/29 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Lerik şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -2,757 qram və -2,732 qram olmaqla, ümumi təmiz çəkisi - 5,489 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkblərinə görə bir-birləri ilə eynidirlər. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələri»n siyahısına daxildir (Siyahı İ). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. Cinayət işi materiallarında olan Lənkəran şəhər X2 X5 yoxlamanın 24 yanvar 2025-ci il tarixli, 40 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan “maddi sübut kimi tanımaq haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,389 qram olan narkotik vasaitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Lerik RPŞ-nin “əşyaları saxlama kamerasına” təhvil verilmişdir. Cinayət işi materiallarında olan 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qərarla 24 yanvar 2025-ci il tarixdə, saat 18:00-da tanış olmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 05 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Lerik RİB-nın Lerik şəhər ƏİN tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və əvvəllər məhkum olunmaması onun cəzasını yüngülləşdirən halllardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdən gecə saat 03:00-dan 24 yanvar 2025-ci il saat 18:00 tarixədək, yəni 01 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün saat 07:00dək yaşayış yeri ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs Lənkəran şəhər X2 X5 yoxlamanın 24 yanvar 2025-ci il tarixli, 40 nömrəli rəyinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,389 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 24 yanvar 2025-ci il tarixdən gecə saat 03:00-dan 24 yanvar 2025-ci il saat 18:00 tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün saat 07:00dək yaşayış yeri ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Lerik Rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,389 qram olan narkotik vasitə qurudulmuş marixunana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-10/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-10/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver