Məhkəmə qərarları › İş №1(048)-12/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-12/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-12/2024 06.03.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat:10:10 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxxx 1981-ci ildə Lerik rayonu, Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqla müəyyən edilməsi mümkün olmayan vaxtda və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 7,182 qram çəkidə, xeyli miqdarda, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 12 dekabr 2023-cü il tarixdə, 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lerik-Göydərə yolunun 3-cü kmdə yerləşən «Xəzri» istirahət mərkəzində saxlanılaraq Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 17:55-dən saat 18:15-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin sol yan cibində 01 ədəd bükümdə təmiz çəkisi 7,182 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik şəhəri, Valeh Müslümov küçəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır, əvvəllər narkotik vasitədən istifadə etdiyinə görə marixuananı tanıyır və ara-bir tapıb istifadə edir. 12 dekabr 2023-cü il tarixdə Lənkəran şəhərinə getmiş, Lənkəran şəhərində olduğu zaman böyük bazar adlanan ərazidə adını və soyadını bilmədiyi, tanımadığı şəxsdən 50 manat verib özü istifadə etmək üçün 01 bükümdə marixuana alaraq cibinə qoyub Lerik şəhərinə qayıtmış, həmin gün, yəni 12 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Lerik-Göydərə avtomobil yolunun 3-cü km-də yerləşən «Xəzri» istirahət mərkəzinin həyətində olduğu zaman sonradan adlarını bildiyi Lerik RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, onlarla Lerik RPŞ-na getməsini təklif etmişlər. Könüllü polis əməkdaşları ilə birlikdə idarə etdiyi VAZ-2107 markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobilində gəlmiş, vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı aşkar edib götürmüşlər, Lerik RPŞ-də şəxsi axtarışa məruz qaldığı zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada zorakı hərəkətlər edilməmiş, üzərində aşkar olunan marixuana ona məxsusdur, özü istifadə etmək üçün 12 dekabr 2023-cü il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsə 50 manat verib almışdır. Ötən müddət ərzində ara-bir narkotik vasitə marixuanadan istifadə etmiş, narkotik vasitəni əsasən Lənkəran şəhərində tanımadığı şəxslərdən, ayrı-ayrı vaxtlarda xatırlamadığı qiymətə alıb istifadə etmiş, narkotik vasitəni yalnız özü istifadə etmək məqsədi ilə əldə etmiş, əldə etdiyi narkotik vasitədən hər hansı bir şəxsə heç vaxt satmamış, narkotik vasitədən istifadə etməsini ailə üzvləri və onunla ünsiyyətdə olan şəxslər bilməmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini, nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2022-ci ildən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin onun narkotik vasitələrdən istifadə etməsi barədə son vaxtlarda ona bir neçə dəfə məlumat daxil olmuş, buna görə də onun ətrafında müşahidələr aparmış, 12 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi VAZ-2107 markalı, 43 VE-629 qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə ona məlumat daxil olmuş, məlumatı dərhal yoxlamaq məqsədi ilə Lerik RPŞ-nin rəhbərliyinə müvafiq raportla məruzə etmiş və Təqsirləndirilən şəxs müşahidəyə alınması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, qəbul etdiyi qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunaraq müvafiq əmrə əsasən Lerik RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və X3 ibarət qrup yaradılaraq Təqsirləndirilən şəxs müşahidəyə almaq üçün tədbirlər keçirtmişlər. 12 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Lerik-Göydərə yolunun 3-cü km-də yerləşən «Xəzri» istirahət mərkəzində olması barədə daxil olmuş məlumata əsasən həmin ünvana gedərək Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə və daşımasına əsaslı şübhələr olduğuna görə idarə etdiyi avtomaşınla Lerik RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və avtomobilinə baxışın keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmiş, əməliyyat-axtarış qrupun tərkibində iştirak edən təhqiqatçı Haldun Məmmədli dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq əynində olan gödəkcənin sol döş cibində sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmış, daha sonra idarə etdiyi avtomobilinə iştirakı ilə baxış keçirilmiş, avtomobilində hər hansı bir şübhə doğuran kütlə, cinayət xarakterli əşya və alət aşkar olunmamış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin marixuana olduğu özü istifadə etmək üçün son vaxtlarda Lənkəran şəhərində aldığını bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitə martxuananı əldə edib istifadə etməsi barədə ona məlumat daxil olmuş, lakin marixuananı hansı mənbədən əldə etməsi barədə məlumat əldə edə bilməmiş, onun narkotik vasitəni satması barədə məlumat əldə edə bilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə ona hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 13 dekabr 2023-cü il tarixli, 19/1040 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs götürümüş 01 ədəd bükümdə təmiz çəkisi 7,182 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X5 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 13 dekabr 2023-cü il tarixli, 1082 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 12 dekabr 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibində 01 ədədə, qara göy rəngli sellofan bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq müvafiq qaydada götürülərək qablaşdırlmışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il, 2015-ci il və 2019-cu il təvəllüdlü üç azyaşlı uşaqları vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə saat 17:20-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə saat 17:15-də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, ailənin qazanc gətirən yeganə şəxsi olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2023cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək tutulduğu müddəti ona təyin olunmuş cəzadan çıxılaraq qəti cəza saxlanılmasını, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını, həmçinin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınmasını, onun üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni ünvan 1 ünvanında yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut - 7,182 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,082 qram marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq 11 ( on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni ünvan 1 ünvanında yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altımış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut 7,082 qram marixuana məhv edilsin. Hökmün icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar