Məhkəmə qərarları › İş №1(048)-12/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-12/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-12/2025 16.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Lerik rayonu, Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Lerik rayonu, Cəngəmiran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, AKS-74 modelli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan yivli odlu silahlar növünə aid avtomatı, 01 ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı olan darağı və 07 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı silahlarında atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəşə yararlı patronları əldə edib Lerik rayonunun Osnağaküçə kəndinin girişində avtomobil yolunun altında beton borunun içərisində saxlamış, bu barədə məlumat almış Lerik RPŞ-nin əməkdaşları tərəfindən 28 yanvar 2025-ci il tarixdə, saat 18:00 raddələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Lerik rayonunun Osnağaküçə kəndinin girişində avtomobil yolunun altında beton borunun içərisində saat 18:00-dan 18:12-dək baxış zamanı 01 ədəd torbada həmin “Kalaşnikov” konstruksiyalı AKS-74 modelli avtomat silahı, həmin avtomata məxsus “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan bir ədəd daraq və darağın içərisində döyüş sursatı hesab olunan 5,45x39 mm kalibrli 07 ədəd patron aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o 22 avqust 2024-cü il tarixdə azadlığa çıxmışdır. O, azadlığa çıxdıqdan sonra hər bir məhkuma olduğu kimi ona da dövlət tərəfindən ayrılmış 1380 (min üç yüz səksən) manat sosial yardımı almaq üçün qeydiyyatda düşməkdən ötrü 23 avqust 2024-cü il tarixdə Lerik rayon Polis şöbəsinə gəlmişdir. O, qeydiyyata düşmüş, sənədləri götürmüş, 3 gündən sonra yəni 26 avqust 2024-cü il tarixdə Bakı şəhərinə qayıdaraq sosial yardımı almaq üçün sənədləri müvafiq orqana təqdim etmişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra 29 avqust 2024-cü il tarixdə anası ona zəng etmiş, telefonda ona Lerik rayonu, Cəngəmiran kəndində olan evlərinə polislərin gəldiyini, onlara evlərində silah olduğunu demişlər. Atası isə polis əməkdaşlarına onların evində heç bir silah olmadığını, evdə axtarış aparmaq üçün məhkəmə qərarının olmasını bildirmiş, bundan sonra polis əməkdaşları çıxıb getmişdir. Bir müddət sonra ona Lerik rayon Polis şöbəsinin Fərid adlı polis əməkdaşı bir neçə dəfə zəng etmiş, ona Lerik rayonuna gəlməsini bildirmiş, o isə vəkilinin olduğunu, onunla bağlı nə iş varsa yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi üzrə polis bölməsinə göndərilməsini bildirmişdir. Bir neçə gün sonra polis əməkdaşı yenə onun telefonuna zəng vurmuş, onu Lerik rayonuna çağırmışdır. O, təxminən sentyabr ayının əvvəlində Lerik rayon Polis şöbəsinə gəlmiş, şöbədə ona polislə əməkdaşlıq etməyi təklif etmişlər, o isə bundan imtina etmişdir. Daha sonra o, Polis şöbəsindən çıxmış və vəkilini telefonla yığmış, vəkilinə olanları demiş, vəkili də ona müvafiq orqanlara şikayət ərizələri göndərdiyini bildirmişdir. Şöbədən çıxıb Bakıya qayıtmış, bu müddət ərzində də onu Polis şöbəsindən yenə yığmışlar, Lerik rayonuna gələndə şöbəyə də gəlməsini bildirmişlər. Belə ki, 2025-ci ilin yanvar ayının əvvəlində Lerik rayonu, Cəngəmiran kəndində yaşayan atası və anası ona zəng etmişlər, onunçün darıxdıqlarını, onu görmək istədiklərini, bu səbəbdən Lerik rayonuna gəlməsini bildirmişlər, o da onlara gələcəyini bildirmişdir. O, 28 yanvar 2025-ci il tarixdə səhər saatlarında kəndə gələn yol maşınının sürücüsü ilə əlaqə saxlamış, həmin şəxsdən onu Lerik rayonuna aparmasını istəmişdir. Yol maşınının sürücüsü Azad adlı şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində onun yaşadığı ünvana gəlmiş, ona heç kimi götürməməsini, yol pulu olaraq ona 100 manat verəcəyini bildirmişdir. Sürücü isə 1 nəfər şəxsin də olduğunu, onu da Suraxanıdan götürəcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Sürücü o adamı da götürmüş və onlar rayona gəlmişlər, o həmin şəxsi tanımır. Onlar rayona çatanda polis əməkdaşları maşını saxlatmış, onlar maşından düşmüşlər. Bu zaman 10 nəfərə yaxın polis əməkdaşı onlara yaxınlaşmış, bir nəfər polis əməkdaşı onu dizi ilə vurmuş, o dərəyə düşmüş və onun əlini arxadan bağlamışlar. Ona üzərində narkotik vasitə olduğunu bildirmişlər, üzərini yoxlamışlar, o isə üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra onu döyməyə başlamışlar. Polis əməkdaşları ona qanunsuz olaraq odlu silah saxlamasını boynuna götürməsini, yoxsa “elə eləmə ki, gedək sənin evindən kilo ilə narkotik vasitə çıxaraq” demişlər. O, da məcbur olaraq Cəngəmiran kəndinə yaxın Osnağaküçə kəndinin girişində avtomobil yolunun altında borunun içərisində 6-7 il bundan əvvəl bir ədəd “Kalaşnikov” markalı avtomatı və onun patronlarını gizlətdiyini, həmin silah-sursatın yerini göstərərək təqdim edə biləcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı bir ünsiyyəti olmamışdır. 28 yanvar 2025-ci il tarixdə, günün ikinci yarısında mötəbər mənbədən ona məlumat daxil olmuş, həmin məlumatda Lerik rayon sakinləri X10 və Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi, istifadəsi, üzərilərində daşınması bildirilmişdir. Məlumatın yoxlanılması üçün icazə almaq məqsədi ilə şöbə rəhbərliyinə raportla müraciət etmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunaraq X10 və Təqsirləndirilən şəxs cinayət başında yaxalanmaları üçün plan hazırlanmışdır. Tədbirin keçirilməsinə əmr hazırlanmış, əmrə uyğun Lerik RPŞ-nin əməkdaşlarından özü, CAB-nin rəisi Şahid2, polis əməkdaşları Şahid4, Şahid3 və Şahid5 ibarət qrup yaradılmışdır. O, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı yaradılmış qrupun tərkibində olan əməkdaşları təlimatlandırmış və tədbirin hansı səbədən keçirilməsi ilə bağlı qısa olaraq onlara məlumat vermişdir. X10 və Təqsirləndirilən şəxs Azad Rufullayevə məxsus “Toyoto Corolla” markalı 77 FH 16 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Lerik şəhəri istiqamətində hərəkətdə olarkən narkotik vasitə əldə edərək daşıması barədə məlumat verildiyinə görə Lerik şəhəri istiqamətində hərəkətdə olarkən Lerik şəhəri, Şınbır adlanan ərazini nəzarətə götürmüşlər və həmin avtomobilin əraziyə gəlməsini görmüş, avtomobilə saxla işarəsini vermişlər, avtomobil saxlanılmış, X10 və Təqsirləndirilən şəxs avtomobildən düşmüş, onlara yaxınlaşmış və üzərlərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək hüquqlarını onlara izah etmişlər. X5 üzəri yoxlanılarkən üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamnin aşkar edilərək götürülmüş, lakin Təqsirləndirilən şəxs və X6 üzərində isə narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Lerik rayonuna atasının ad günü münasibətilə gəldiyini bildirmiş və səmimi etiraf edərək Lerik rayonunun Osnağaküçə kəndi ərazisində 01 ədəd “Kalaşnikov” markalı avtomat və ona aid sursat gizlətdiyini, Mikayıl Tağıyevin üzərində aşkar olunan psixotrop maddədən xəbəri olmadığını, həmçinin həmin silah-sursatın yerini göstərərək təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra 28 yanvar 2025-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Lerik rayonunun Osnağaküçə kəndinin girişində avtomobil yolunun altında beton borunun içərisində gizlətdiyi 01 ədəd bükülüdə içərisində 01 ədəd “Kalaşnikov” markalı avtomat, 01 ədəd avtomat darağı və 07 ədəd patronu təqdim etmiş, həmin silah-sursata baxış keçirtmişlər və götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Daha sonra şöbə rəhbrliyinə raport ilə müraciət edərək həmin qablaşdırdıqları silah sursatı şöbənin təhqiqatçısı Salman Əhmədova təqdim etmişlər, təhqiqatçı baxış keçirərək silah-sursatı qablaşdırmış, protokol tərtib olunaraq imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, daşınmasında şübhəli olsa da, üzəri yoxlanılarkən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, Təqsirləndirilən şəxs 01 ədəd “Kalaşnikov” markalı avtomat, 01 ədəd avtomat darağı və 07 ədəd patronu hardan və kimdən əldə etməsini müəyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs 01 ədəd “Kalaşnikov” markalı avtomat, 01 ədəd avtomat darağı və 07 ədəd patronu satmaqla məşğul olmasını bilmir. Şahid daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də polis şöbəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan: Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Lerik RPŞ-nin rəisi, polis polkovniki Ramil Mustafayevə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixində Lerik şəhər sakini X10 və Lerik rayon Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi, istifadəsi və üzərlərində daşınmasında şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, daxil olmuş əməliyyat məlumatının yoxlanılmasına icazə verilməsi xahiş olunmuşdur. Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxslərin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq X10 və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmalarından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda X10 və Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanmaları, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, X10 və Təqsirləndirilən şəxs olduqları yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onların olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, sonuncular tutulduqdan sonra üstlərinin yoxlanılması və qeyd olunan ünvanlara baxış keçirilməsi qərara alınmışdır. Lerik RPŞ-nin rəisi, polis polkovniki Ramil Mustafayev tərəfindən qəbul edilmiş Lerik şəhər sakini, xx.xx.1978-ci il təvəllüdlü X5 və Lerik rayon Cəngəmiran kənd sakini xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, istifadə etməsi və üzərlərində daşınması ilə bağlı daxil olmuş məlumat əsasında keçiriləcək əməliyyat-axtarış tədbirləri barədə xx.xx.2025-ci il tarixli 3-13- 95/220/25 nömrəli əmrindən görünür ki, daxil olmuş məlumatın yoxlanılması məqsədilə Lerik RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı X4 rəhbərliyi altında əməliyyat-axtarış qrupu yaradılmışdır. Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lerik RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi, istifadəsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı sonuncu 28 yanvar 2025-ci il tarixdə, saat 17:00-da Lerik şəhər Şınbır adlanan ərazidə Lerik şəhər sakini X6 idarə etdiyi “Toyota Corollo” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik istiqamətində hərəkətdə olarkən saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan hər hansı maddə olmamasını bildirdi. Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Lerik rayon Osnağaküçə kəndinin girişində 7-8 il öncə tapdığı “Kalaşnikov” markalı avtomat silahı gizlətdiyini, həmin silahı Bakı şəhərinə aparıb satmaq istədiyini bildirmişdir. Üstünü yoxlama Lerik şəhəri Şınbır adlı ərazidə keçirildi. Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə hadisə yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lerik RPŞ-ə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi, istifadəsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı sonuncu 28 yanvar 2025-ci il tarixdə, saat 17:00-da Lerik şəhər Şınbır adlanan ərazidə Lerik şəhər sakini X6 idarə etdiyi “Toyota Corollo” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhəri istiqamətinə hərəkətdə olarkən saxlanıldı. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik və psixotrop maddə aşkar olunmamışdır. Baxış zamanı o, Lerik rayonu Osnağaküçə kəndinin girişində 7-8 il öncə tapdığı “Kalaşnikov” markalı avtomat silahı gizlətdiyini, həmin silahı Bakı şəhərinə aparıb satmaq istədiyini bildirdi. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Hadisə yerinə baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Lerik rayon Osnağaküçə kəndinin girişində 7-8 il öncə tapdığı “Kalaşnikov” markalı avtomat silahı gizlətdiyini, həmin silahı Bakı şəhərinə aparıb satmaq istədiyini bildirdi. Təqsirləndirilən şəxs iştirakı ilə Lerik rayon Osnağaküçə kəndinin girişində yolun altına döşənmiş borunun içərisində, üzəri yarpaqla örtülmüş, ağ rəngli kisədə 01 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 01 ədəd həmin silaha aid daraq, 07 ədəd patron aşkar olunaraq qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq hadisə yerində aşkar olunmuş “Kalaşnikov” markalı avtomat silahı 7- 8 il öncə tapdığını, qeyd olunan yerdə gizlətdiyini bildirdi. Hadisə yerinə baxış Lerik rayon Osanağaküçə kəndinin girişində keçirildi. Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı polis mayoru Salman Əhmədov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Lerik rayon Polis şöbəsinə Təqsirləndirilən şəxs 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd darağ, 4 ədəd patronu qanunsuz olaraq əldə edərək Lerik rayonu, Osnağaküçə ərazisində saxlaması ilə bağlı şübhəli bilindiyi üçün, 28 yanvar 2025-ci il tarixdə, saat 17:05 dəqiqədə keçirilmiş əməliyyat zamanı Təqsirləndirilən şəxs Lerik rayonu, Osnağaküçə kəndinin girişində yolun altına döşənmiş borunun içərisində gizlətdiyi 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd həmin silaha aid daraq, 7 ədəd patron orada aşkar edilərək götürülərək qablaşdırılmış, götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 25/97 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm Kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Lerik Rayon Məhkəməsinin 4(048)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirir ki, üzərində narkotik vasitə və psixotrop maddə yoxdur, həmin gün Lerik rayonu ərazisinə atası Aliməmməd Qafarovun ad günü münasibətilə və Osnağaküçə kəndinin girişində beton borunun içərisində gizlətdiyi 01 ədəd torbada avtomat silahı 01 ədəd darağı və 07 ədəd patronu Bakı şəhərinə aparmaq məqsədilə gəlmişdir. Həmin silah-sursatın saxladığı yeri təqdim edə bilər. Təqsirləndirilən şəxs bildirir ki, Lerik rayonunun Osnağaküçə kəndinin girişində avtomobil yolunun altında beton borusunun içərisində gizlətdiyi 01 ədəd torbada 01 ədəd avtomat silahı, 01 ədəd daraq və 07 ədəd patron ona məxsusdur. Təxminən 7-8 il bundan əvvəl Lerik rayonunun Zuvand adlı bölgəsində örüş sahəsindən taparaq həmin tarixdən indiyədək gizlətmişdir. Maddi sübut kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə edib saxladığı 01 ədəd “Kalaşnikov” konstruksıyalı AKS-74 modelli odlu silah, həmin silahın komplekt hissəsi olmaqla 30 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik 01 ədəd daraq və ekspertiza tədqiqatından sonra qalıq qalmış 04 ədəd 5,45x39 mm kalibrli patronlar iş üzrə maddi sübut kimi tanınmış və işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin silah anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X17 X9” X18 tərəfindən verilmiş 09 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Lerik Rayon Polis şöbəsinin Lerik Rayon Məhkəməsinin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-nin TQ-nin tədqiqatçısı, polis mayoru Salman Əhmədovun şübhəli şəxsin tutulması haqqında protokoluna əsasən 28.01 2025-ci il tarixdə, saat 23:05-də Lerik RPŞ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə, səhər saat 10:35-də Lerik rayon mərkəzi xəstəxanasından çağırılmış növbətçi həkim tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı onun bədənində heç bir xəsarət aşkar olunmamışdır. Bu barədə tibbi yardım göstərilməsinin qeydiyyatı kitabında növbətçi həkim tərəfindən müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 Lerik Rayon Məhkəməsinin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin Lənkəran penitensiar kompleksinə qəbul olunan zaman tibb-sanitariya hissəsində onun üzərinə baxış keçirilmiş, baxış zaman heç bir xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Lerik Rayon Polis şöbəsinin Lerik Rayon Məhkəməsinin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-nin müvəqqəti saxlama yerinə daxil olmuş, daxil olan zaman və MSY-də olduğu müddət ərzində üzərində hər hansı xəsarət olmamış və həmin məlumatı təsdiq edən çıxarış aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. "xxxx" MMC tərəfindən Lerik Rayon Məhkəməsinin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, ********* saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsi şahidlərin ifadəsi, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və silahın ona aidiyyətinin olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması ittihamda qeyd olunan hallarla üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik rayonunun Cəngəmiran kəndində qeydiyyatda olmaqla, müvəqqəti Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ailə üzvlərilə birlikdə yaşayır, evlidir. 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında taksi kimi fəaliyyət göstərən X7 idarə etdiyi “Toyota Corolla” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Lerik rayonunun Cəngəmiran kəndinə atası Aliməmməd Qafarovun ad günü münasibət ilə gəlmişdir. 28 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində adlarını sonradan bildiyi Lerik rayon polis şöbəsinin əməkdaşları avtomobili saxlamışlar, daha sonra onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Avtomobildə sərnişin qismində əyləşmiş X8 üzərində narkotik vasitə varsa təqdim etmələrini tələb etmişlər, Mikayıl Tağıyev əynində olan gödəkçənin sol iç cibində 01 ədəd siqaret qutusunda içərisində 01 ədəd sellofan bükümdə psixotrop maddəyə oxşar kütləni polis əməkdaşlarına təqdim etmişdir. Həmin psixotrop maddənin Mikayıl Tağıyevin üzərində daşımasından xəbəri yoxdur. Mikayıl Tağıyev ona böhtan atır. O, həmin narkotik vasitəni üzərində daşımamış, onu tullamamışdır. Polis əməkdaşları bu barədə ona sual verərkən həqiqəti videoçəkiliş zamanı demiş, həmin psixotrop maddədən xəbəri olmadığını bildirmişdir. Həqiqət də, Lerik rayonuna gəlməkdə məqsədi yaşadığı Cəngəmiran kəndində yaxın Osnağaküçə kəndinin girişində avtomobil yolunun altında borunun içərisində 6-7 il bundan əvvəl gizlətdiyi 01 ədəd kisənin içərisində 01 ədəd “Kalaşnikov” markalı avtomat, onun 01 ədəd darağı və 07 ədəd patron gizlətdiyini və onu götürüb Bakı şəhərinə aparmaq istədiyini demişdir. Həmin silahı Bakı şəhərinə aparmaqda məqsədi istifadə etmək olmuşdur. 28 yanvar 2025-ci il tarixdə, saat 18 radələrində Osnağaküçə kəndinin girişində avtomobil yolunun altında borunun içərisində 6-7 il bundan əvvəl gizlətdiyi 01 ədəd kisənin içərisində 01 ədəd “Kalaşnikov” markalı avtomat, onun 01 ədəd darağı və 07 ədəd patronu polis əməkdaşlarına təqdim etmişdir. Silah-sursat götürülərək qablaşdırılmış, protokol tərtib olunmuş və imzalanmışdır. Onu Lerik rayon polis şöbəsinə gətirmişlər, vəkil təyin olunmuş və həmin silah-sursat təhqiqatçıya təhvil verilmiş, qablaşdırılmış, protokol tərtib olunmuş və imzalamışlar. Ona qarşı heç kim zor tətbiq etməmiş, heç kim ona hədə-qorxu gəlməmişdir. Bu barədə heç kimdən şikayət və tələbi yoxdur. Osnağaküçə kəndinin girişində avtomobil yolunun altında aşkar edilmiş 01 ədəd “Kalaşnikov” markalı avtomatı, darağını və 07 ədəd patronu 6-7 il əvvəl Lerik rayonunun Zuvand adlı ərazidə örüş sahəsində tapmış və onu həmin ərazidən götürərək saxlamışdır. Bir neçə dəfə həmin silahı polisə təhvil vermək də istəmiş, lakin bunu edəcəyi təqdirdə tutulacağından qorxduğuna görə silah və sursatı polisə təhvil verməmişdir. Lerik rayonuna gəlməkdə məqsədi həm atası Aliməmməd Qafarovun ad gününü qeyd etmək və həmin silah-sursatı gizlətdiyi yerdən götürərək Bakı şəhərinə aparmaq olmuşdur. Həmin vaxt həyəcanlı və əsəbi oldundan ola bilsin elə demiş, ama həmin silah-sursatı satmaq məqsədi olmamış, satmaq məqsədi olsaydı çoxdan satarmış, sadəcə silaha həvəsi var, Bakı şəhərinə aparıb saxlayacaq istəmişdir. Həmin psixotrop maddənin Mikayıl Tağıyevin üzərində daşımasından xəbəri yoxdur. Mikayıl Tağıyev ona böhtan atır. O, həmin narkotik vasitəni üzərində daşımamış, onu tullamamışdır. Polis əməkdaşları bu barədə ona sual verərkən həqiqəti videoçəkiliş zamanı demiş, həmin psixotrop maddədən xəbəri olmadığını bildirmişdir. Tutulacağından qorxduğu üçün həmin silah-sursatı polisə təhvil verməmişdir. Onun həmin silah-sursatı heç vaxt satmaq niyyəti olmamışdır. Heç kim onda silah-sursat olması barədə məlumatlı olmamışdır. Heç bir psixi qüsuru və ya psixi xəstəliyi yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində təzyiqə məruz qalması və döyülməsi ilə bağlı ifadəsi öz təsdiqini tapmamış, keçirilmiş məhkəmə tibbi ekspertizasında da Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Bundan başqa məhkəmənin sorğusu əsasında Lerik Rayon Polis şöbəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 cavab məktublarında da onun polis əməkdaşları tərəfindən döyülməsi faktı və ona qarşı hər hansı bir fiziki və mənəvi təzyiq olunması, üzərində hər hansı bir xəsarət və ya xəsarət izi olması aşkar olunmamışdır. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə olan cinayət təqibinə həmin maddənin Qeydinə əsasən xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 228-ci maddəsinin Qeyd hissəsinə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair 12 may 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilir. Şəxsin əməlində başqa cinayət tərkibinin də olduğu halda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilir. Qərardan görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu sorğuda xüsusi ilə qeyd edilən Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qeyd” hissəsinə münasibətdə bildirməyi vacib hesab edir ki, həmin normanın məzmununa əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün iki şərt mövcud olmalıdır: - Cinayət Məcəlləsinin 228-ci maddəsində göstərilən əşyalar (odlu silah, onun komplekt hissələri, döyüş sursatı və s.) könüllü surətdə təhvil verməli; - əməllərdə başqa cinayət əməlinin tərkibi olmamalıdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 15-ci maddəsinə əsasən, odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməlində başqa cinayət əməllərinin tərkibi yoxdursa, Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə məsuliyyət daşımır. Ali Məhkəmənin Plenumunun göstərilən mövqeyinə görə, əməlində Cinayət Məcəlləsinin digər bir maddəsində, məsələn 232.1-ci maddədə (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) təsbit edilən cinayətin tərkibi olan şəxs könüllü olaraq odlu silahı təhvil verərsə, ictimai faydalı məzmun daşıyan bu cür davranışın doğurduğu hüquqi nəticələr ona tətbiq edilməli və o, yalnız Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli, Cinayət Məcəlləsinin 228-ci maddəsində göstərilən əməllərə görə isə həmin maddənin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin digər maddələrinin cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan “Qeyd” hissələrində “əməldə başqa cinayət tərkibinin olmaması” ilə bağlı hər hansı müddəanın nəzərdə tutulmaması səbəbindən sorğuda qeyd edildiyi kimi hüquq tətbiqetmə təcrübəsində yaranan fikir ayrılığına münasibətdə nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin müvafiq maddələrində elə cinayət tərkibləri nəzərdə tutulmuşdur ki, onlar bir çox hallarda ya cinayət əməlinin xarakterinə, ya da cinayət məsuliyyətini ağırlaşdıran tövsifedici tərkiblərin əlamətlərinə görə başqa cinayətlərin törədilməsi ilə müşayiət oluna və cinayətlərin məcmusununun yaranması ilə nəticələnə bilər (məsələn, qanunsuz olaraq əldə edilmiş və ya hazırlanmış silahdan istifadə etməklə müxtəlif cinayətlərin törədilməsi (Cinayət Məcəlləsinin 228, 229-cu maddələri və s.). Bu baxımdan Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş “əməlində başqa cinayətin tərkibi olmadıqda”, “onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa”, “əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda” kimi oxşar məzmunlu müddəalar şəxsin əməlində başqa cinayət tərkibinin olmadığı halda müvafiq qeydə əsasən tamamilə cinayət məsuliyyətindən azad edilə biləcəyini müəyyən edən, əməldə digər cinayət tərkibi olduqda isə yalnız həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə görə cəlb edilməli olduğunu ehtiva edən tənzimetməni nəzərdə tutur. Əks yanaşma, yəni həmin müddəaların genişləndirici şərhi müvafiq təşviqedici normaların müəyyən edilməsi zamanı qanunvericinin güddüyü məqsədə (cinayət törədən şəxsi ictimai faydalı davranışa stimullaşdırmaqla daha təhlükəli nəticələrin, başqa cinayət əməllərinin qarşısının alınması) və Cinayət Məcəlləsinin 2-ci maddəsində təsbit edilmiş vəzifələrə uyğunsuzluq təşkil edər. Cinayət işinin materiallarından və məhkəmə istintaqı zamanı verilmiş ifadələrdən, eləcə də məhkəmə iclasında sorğu-sual zamanı şahidlər - polis nəfərləri Şahid3, Şahid4, Şahid5 və Şahid1 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu, lakin üzərində yoxlanılan zaman narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar edilmədiyini, Təqsirləndirilən şəxs Lerik rayonuna atasının ad günü münasibətilə gəldiyini və səmimi etiraf edərək Lerik rayonunun Osnağaküçə kəndi ərazisində 01 ədəd “Kalaşnikov” markalı avtomat və ona aid sursatı gizlətdiyini, həmçinin həmin silah-sursatın yerini göstərərək təqdim edə biləcəyini bildirdiyini göstərmişlər. Məhkəmə həmçinin qeyd edir ki, əməliyyat məlumatının yoxlanılması barədə xx.xx.2025-ci il tarixli raportda, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarda, eləcə də əməliyyat-axtarış qrupunu yaradılması haqqında xx.xx.2025-ci il tarixli əmrdə xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, istifadə etməsi və üzərində daşınması ilə bağlı məlumatın olduğu, onun hər hansı odlu silahı qanunsuz saxlaması barədə məlumatın olması qeyd edilməmiş, bu hal əməliyyat-axtarış qrupunun üzvlərinə məlum olmamışdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 №-li Qərarının 15-ci bəndinə əsasən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurguları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməlində başqa cinayət əməllərinin tərkibi yoxdursa, CM-in 228-ci maddəsi ilə məsuliyyət daşımır. Sadalanan predmetləri könüllü surətdə təhvil vermə dedikdə, həmin predmetlərə istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin motivindən asılı olmayaraq, bu predmetləri təqdim etməsi və ya onların saxlandığı yer barədə məlumat verməsi başa düşülməlidir. CM-in 228.1-ci maddəsində nəzərdə tutulan predmetlərin həmin şəxsin öz təşəbbüsü ilə, həm də digər şəxslərin məsləhəti əsasında, eləcə də müəyyən növ silahı təhvil verməni vətəndaşların öhdəliyi qismində müəyyən edən müvafiq hakimiyyət orqanlarının tövsiyyələrinə görə təhvil verilməsi onları könüllü təhvil vermə kimi qiymətləndirilməlidir. Həmin predmetləri könüllü sürətdə təhvil verən şəxs CM-in 228.1-228.4-cü maddələrində qeyd edilən bütün növ əməllərə görə cinayət məsuliyyətindən azad edilir. Bununla yanaşı məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələrin və qurğuların əldə edilmə mənbəyini və ələ keçirilmə üsulunu, onların növünü, miqdarını və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən Qərarının 28-ci bəndi). Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən Qərarının müddəasına görə, eləcə də ibtidai istintaq və məhkəmə araşdırması zamanı tədqiq və təsdiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulan predmeti öz razılığı ilə təqdim etməsini onu könüllü surətdə təhvil vermə kimi qiymətləndirir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər (Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İ və X hissələri). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Bu mənada, qanunla nəzərdə tutulmuş hallarda cinayət təqibinə (cinayət işi üzrə icraata) məhkəmədə xitam verilməsi prosedurları da hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun tərkib hissəsi kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsada onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəlləsinin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun maddi və ya prosesual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zəırurəti kifayət qədər əsalandırılmasın. Məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin qaydaları Azərbaycan Respublikası CPM-in 43-cü maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin hallardan biri Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsində nəzərdə tutulmuşdur. Belə ki, həmin normanın göstərişlərinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilməlidir (o cümlədən başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.3-cü madəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-in 228-ci maddəsinin Qeyd hissəsinin göstərişlərini və “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 №-li Qərarının izahlarını əsas götürərək, onun barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə olan cinayət təqibinə həmin maddənin Qeydinə əasasən xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə görə müvafiq qətimkan tədbiri təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Ona görə də, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış - Lerik rayon Polis şöbəsində saxlanılan 01 ədəd “Kalaşnikov” konstruksıyalı AKS-74 modelli odlu silah, həmin silahın komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik 01 ədəd daraq və ekspertiza tədqiqatından sonra qalıq qalmış 04 ədəd 5,45x39 mm kalibrli patronlar Azərbaycan Respublikası DİN-nin X16 Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə ekspertiza xərci və mülki idda yoxdur, xüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 43.1.2, 321 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd “Kalaşnikov” konstruksıyalı AKS-74 modelli odlu silah, həmin silahın komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik 01 ədəd daraq və ekspertiza tədqiqatından sonra qalıq qalmış 04 ədəd 5,45x39 mm kalibrli patronlar Azərbaycan Respublikası DİNnin X16 Baş İdarəsinə təhvil verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar