Məhkəmə qərarları › İş №1(048)-13/2025

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-13/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-13/2025 23.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X8” sosial işçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda 173,255 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 23 yanvar 2025-ci il tarixdə, saat 22:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu Lerik şəhəri “Şınbır” adlanan ərazidə piyada hərəkətdə olan zaman saxlanılaraq üzəri yoxlanılarkən əynində olan gödəkçənin sağ yan cibində 01 ədəd sellofan torbada içərisində təmiz çəkisi 173,255 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun narkotik vasitəni əldə etməkdə məqsədi satış yox, istifadə etmək olmuşdur. Belə ki, təxminən 7-8 ay bundan əvvəl, 2024cü ilin təxminən may-iyun ayında Lerik şəhərinin aşağı tərəfində çayın kənarında meşəlik ərazidə örüş sahəsində yabanı halda bitmiş bir ədəd çətənə kolu görmüş, həmin kolu dərib qurutmuş, ondan arabir istifadə etmiş, 2025-ci ilin yanvar ayının əvvəlindən narkotik vasitədən istifadə etməmək qərarına gəlmiş, evində saxladığı 01 ədəd sellofan torbada olan narkotik vasitəni şəhərin aşağı tərəfindən axan çaya atmaq qərarına gəlmişdir. Bu məqsədlə o, 23 yanvar 2025-cı il tarixdə, saat 22 radələrində Lerik şəhəri “Şınbır” adlanan ərazidə piyada hərəkətdə olarkən adını bilmədiyi polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu demişlər. Bundan sonra onun üzərini yoxlamışlar, üzərində daşıdğı 1 ədəd sellofan torabada narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlələr qablaşdırılmış, tərəzidə çəkilmiş, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 23 yanvar 2025-ci il tarixdə şöbənin CAB-ın rəisi Coşqun Dilənçiyevə məlumat verərək, həmçinin şöbənin əməkdaşları Şahid2 və Şahid3 çağırıb ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaqla Lerik şəhəri “Şınbır” adlanan ərazidə piyada hərəkətdə olacağı barədə məlumat verildiyini bildirmişdir. O, tədbirlə bağlı şöbə rəhbərliyinə raportla müraciət edib icazə almış və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs Lerik şəhəri, “Şınbır” adlanan ərazidə üzərində narkotik vasitə əldə edərək daşıması barədə məlumat verildiyinə görə təsvir etdiyi ərazini nəzarətə götürmüşlər və Təqsirləndirilən şəxs həmin əraziyə gəlməsini görmüşlər. Belə ki, 23 yanvar 2025-ci il tarixdə, saat 22:10 radələrində radələrində, qaranlıq hava şəritində X6 şəhəri “Şınbır” adlanan ərazidə piyada hərəkətdə olduğunu görmüşlər, o və polis əməkdaşları hərəkət edib Təqsirləndirilən şəxs yaxınlaşmışlar və üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək hüquqlarını ona izah etmişlər. Təqsirləndirilən şəxs üzərində istifadə emək məqsədilə narkotik vasitə daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən əynində olan gödəkçənin sağ yan cibində 01 ədəd şəffaf rəngli torbanın içərisində kəskin iyi olan qurudulmuş və yaşıl rəngdə narkotik vasitəyə oxşar kütlələr aşkar olunaraq götürülmüş və çəkilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni istifadə etmək məqsədilə daşıdığını demişdir. Təqsirləndirilən şəxs Lerik RPŞ-yə gətirmişlər bu barədə şöbə rəhbərliyinə müraciət etmişlər, raportun icrası Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Mirsəfa Mustayevə həvalə olunmuş, götürülmüş narkotik vasitəyə oxşar kütləni Mirsəfa Mustayevə təqdim etmişlər, həmin kütləyə baxış keçirilmiş və bu barədə protokol tərtib olunaraq imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə ona məlumat daxil olmuş, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan marixuananı kimdən, hansı mənbədən əldə etməsini bilmir, Təqsirləndirilən şəxs narkotik vasitə satmaqla məşğul olması, onun hansı bir istehlakçı ilə qabaqcadan razılığının müəyyən edilməsi barədə ona heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Lerik RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 23 yanvar 2025-ci il tarixdə şöbənin CAB-ın rəisi Coşqun Dilənçiyevə məlumat verərək, həmçinin şöbənin əməkdaşları Şahid2 və onu çağırıb ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaqla Lerik şəhəri “Şınbır” adlanan ərazidə piyada hərəkətdə olacağı barədə məlumat verildiyini bildirmişdir. Şahid1 tədbirlə bağlı şöbə rəhbərliyinə raportla müraciət edib icazə almış və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs Lerik şəhəri, “Şınbır” adlanan ərazidə üzərində narkotik vasitə əldə edərək daşıması barədə məlumat verildiyinə görə təsvir etdiyi ərazini nəzarətə götürmüşlər və Təqsirləndirilən şəxs həmin əraziyə gəlməsini görmüşlər. Belə ki, 23 yanvar 2025-ci il tarixdə, saat 22:10 radələrində radələrində, qaranlıq hava şəritində X6 şəhəri “Şınbır” adlanan ərazidə piyada hərəkətdə olduğunu görmüşlər, o və polis əməkdaşları hərəkət edib Təqsirləndirilən şəxs yaxınlaşmışlar və üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək hüquqlarını ona izah etmişlər. Təqsirləndirilən şəxs üzərində istifadə emək məqsədilə narkotik vasitə daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən əynində olan gödəkçənin sağ yan cibində 01 ədəd şəffaf rəngli torbanın içərisində kəskin iyi olan qurudulmuş və yaşıl rəngdə narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüş və çəkilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni istifadə etmək məqsədilə daşıdığını demişdir. Təqsirləndirilən şəxs Lerik RPŞ-yə gətirmişlər bu barədə şöbə rəhbərliyinə müraciət etmişlər, raportun icrası Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Mirsəfa Mustayevə həvalə olunmuş, götürülmüş narkotik vasitəyə oxşar kütləni Mirsəfa Mustayevə təqdim etmişlər, həmin kütləyə baxış keçirilmiş və bu barədə protokol tərtib olunaraq imzalamışlar. Cinayət işi materiallarında olan: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Lerik RPŞ-nin rəis VMİE polis polkovnik-leytenantı Anar Şıxəliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixində Lerik şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, daxil olmuş əməliyyat məlumatının yoxlanılmasına icazə verilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadəsi və üzərində daşıması barədə məlumat daxil olmuş məlumatın yoxlanılması üçün yerinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qeyd olunmuşdur. Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Lerik RPŞ-nin rəis VMİE polis polkovnik-leytenantı Anar Şıxəliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Şahid2, Lerik RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid3 ilə birlikdə 23 yanvar 2025-ci il tarixində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin istifadəsində və üzərində daşımasında şübhəli bilinən, Lerik şəhər sakini, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin gün saat 22:10-da Lerik şəhəri “Şınbır” adlı ərazidə piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılaraq üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibində şəffaf sellofan torbada 01 ədəd bağlamada çəkisi 0,180 kq olan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra Lerik şəhər sakini Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Lerik RPŞ-yə gətirilmişdir. xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Lerik şəhər sakini xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşımasında şübhəli olduğundan 23 yanvar 2025-ci il tarixdə, saat 22:10 dəqiqədə Lerik şəhəri, “Şınbır” adlı ərazidə piyada hərəkətdə olan zaman saxlanılaraq üzərinə baxış keçirilmiş, əynində olan gödəkçənin sağ yan cibində şəffaf sellofan torbada, 01 ədəd bağlamada çəkisi 0,180 kq olan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən 01 ədəd ağ rəngli zərfdə götürülməsi və qablaşdırılması raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. 23 yanvar 2025-ci il tarixli “cinayət törətməkdə şübhə yaradan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə, saat 23:55-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirir ki, əynində olan gödəkçənin sağ yan cibində 01 ədəd şəffaf rəngli sellofan torbada narkotik vasitəyə oxşar kütlə ona məxsusdur. Həmin nakotik vasitəni meşəlik ərazidən istifadə etmək məqsədilə əldə edərək daşımışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 24 yanvar 2025-ci il tarixli, 19/28 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Lerik şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər 1 ədəd şəffaf sellofan torbada kütlə....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: - 173,255 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurua marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. Lənkəran şəhər X2 X7 yoxlamanın 24 yanvar 2025-ci il tarixli, 41 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2024-cü ildən “həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. 28 yanvar 2025-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 173,155 qram olan narkotik vasaitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Lerik RPŞ-nin “əşyaları saxlama kamerasına” təhvil verilmişdir. 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Lerik Rayon Məhkəməsinin 4(048)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Lerik RPŞ-nin CAB-nin baş ə/müvəkkili, polis polkovnik-leytenantı Vüqar Qəhrəmanov tərəfindən Lerik RPŞ-nin ƏİÜ rəis müavini polis polkovnik-leytenantı Anar Şıxəliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 22:10 radələrində Lerik şəhər sakini Təqsirləndirilən şəxs 01 ədəd sellofan torbada içərisində təmiz çəkisi 173,255 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş narkotik vasitə olan marixuananı ona kimin və neçə manata satması, həmin şəxsin şəxsiyyətinin müəyyənləşdərilməsi hələlik müyyən olunmamışdır. Bu şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. xx.xx.2025-ci il tarixli “telefon danışıqlarına dair bir ədəd diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı ***-***-**-** nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyatda olması müəyyən edilmişdir. 24 dekabr 2024-cü il tarixdən 24 yanvar 2025-ci il tarixinədək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** nömrəyə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 27 gün müddətinə islah işləri cəzasına, Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lerik Rayon İcra və Probasiya şöbəsinin 23 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Lerik Rayon Məhkəməsinin 1(048)-19/2021 saylı, 05 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 il 09 ay 05 gün çəkilməmiş cəzası 01 il azaldılmaqla üzərində 09 ay 05 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. O, cəzasının qalan çəkiməmiş 09 ay 5 gün hissəsini xx.xx.2022-ci il tarixdə bitdiyi üçün Lerik rayon İcra və probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satmaq niyyətinin olmasını təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına, üzərindən aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun üzərindən aşkar olunmuş nartotik vasitənin 01 bükümdə 173,255 qram olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 da Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatlarının olmadığını, sadəcə istifadə etməsi barədə məlumatlarının olduqlarını bildirmişlər. Bundan başqa iş materiallarından da görünür ki, xx.xx.2025-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə” qərarda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni istifadə etməsi və üzərində daşıması barədə Lerik RPŞ-yə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmış və bu məqsədlə həmin tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmçinin “telefon danışıqlarına dair bir ədəd diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 24 dekabr 2024-cü il tarixdən 24 yanvar 2025-ci il tarixinədək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə baxış zamanı iş üçün əhəmiyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Göründüyü kimi əməliyyat axtarış tədbirinin keçirilməsinə əsas olan ilkin məlumat məhz şəxsin narkotik vasitələrinin şəxsi istehlakı ilə bağlı olmuş, həmin məlumat əsasında əməliyyat axtarış tədbiri keçirilmiş, şəxs saxlanıldıqdan sonra onun üzərindən aşkar edilmiş bükümün çəkisi ilə ibtidai istintaq orqanı onun narkotik vasitənin satışı və ya satmaq niyyətinin olması qənaətinə gəlmişdir. Başqa hər hansı sübut işdə mövcüd deyildir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yol verilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühim əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qismən əməlini etiraf etməsi və peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli olmaqla himayəsində biri azyaşlı olmaqla iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər eyni cinayət əməlini törətməsinə görə məhkum edilməsini, yenidən qanunsuz olaraq narkotik vasitə istifadə etməsini onun əvvəlki cinayətə görə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində 2024-cü ildən “həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Lerik Rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 173,155 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində 2024-cü ildən “həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. Lerik Rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 173,155 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə rəsmi qaydada təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar