Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-15/2025 04.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı Umud oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Rusiya Federasiyası, Ufa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Mastail kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə, saat 00:00 radələrində Lerik rayonunun Mastail kəndi ərazisində Zərərçəkmiş şəxs fərdi yaşayış evinin yaxınlığında avtomobil yolunun üstündə Zərərçəkmiş şəxs ilə heç bir səbəb olmadan mübahisə edib xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs baş və üz nahiyələrinə qəsdən bir neçə dəfə yumruqla vuraraq sonuncuya üst çənədə iki kəsici dişin travma nəticəsində itirilməsi, sol gicgah, sol təpə, ənsə, alt dodaq nahiyələrində əzilmiş yaralar, başın təpə, burun nahiyələrində sıyrıqla nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən yəni ona elan olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə deyil, 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 mart 2025-ci il tarixdə, saat 16 radələrində Lerik rayonunun Mastail kəndində əmisi Rahim Eynəliyevin fərdi yaşayış evinə qonaq getmişdir. Həmin gün saat 23:40 radələrində əmisi Rahimin evindən çıxaraq öz yaşadığı evə gələrkən evinin yaxınlığında avtomobil yolu ilə piyada hərəkətdə olarkən bir nəfər şəxsin yaşadığı evin aşağı tərəfində olduğunu görmüş, həmin şəxsin oğurluq məqsədilə evlərini güddüyünü zənn etmiş, həmin istiqamətdə səssizcə hərəkət edərək həmin şəxsə yaxınlaşanda həmin şəxs onu görüb qaçmış, o qısa yol ilə qaçaraq həmin şəxsə çatmış, həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu görmüş, Azad qaça bilməyib yerə yıxılmış, onu əlləri ilə tutduqda onunla əlbəyaxa olmuş, o Zərərçəkmiş şəxs yaxasından tutub yerə yıxmış, ilk öncə üz nahiyəsinə, daha sonra isə yumruq və təpiklə vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs evlərinə oğurluq etmək məqsədilə güdməsini düşünüb onu yerində saxlayıb polisə məlumat vermək istəmiş, bu an qardaşı Asim onların olduğu yerə yaxınlaşmış, Azad ilə arasında hansı səbəbdən dava-dalaşın olduğunu soruşmuş, o bu barədə Asimə danışmışdır. Azad hadisə yerindən qaçmaq istəyərkən ona imkan verməmiş Asim bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, qonşusudur, aralarında bu hadisəyə qədər aralarında şəxsi ədavət və düşmənçilikləri olmamışdır. Hadisə baş verən zaman ətrafda ondan və Azaddan başqa heç kim olmamış, hadisə çox qısa müddət davam etmişdir. Azadla əlbəyaxa olmasının səbəbi Azadın oğurluq məqsədilə evlərini güddüyünü zənn etməsi və ucadan ünvansız söyüş söyməsi olmuşdur. Hazırda baş vermiş hadisəyə görə əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışlar. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən onun əməlinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif olunmasını və zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb iş üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2, Təqsirləndirilən şəxs və Şahid1 onun həmkəndlisi və qonşularıdır. Həmin şəxslərlə arasında hər hansı bir ədavət və ya düşmənçilikləri olmamışdır. 03 mart 2025-ci il tarixdə, saat 00:00 radələrində Lerik rayonunun Mastail kəndində yaşadığı evin qarşısında avtomobil yolunun kənarında siqaret çəkərkən atəş səsi eşitmiş, həmin atəşin kim tərəfindən açılmasını görməmiş, həmin şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu an bir nəfər şəxsin ona tərəf gəldiyini gördüyündən atası Balayar Quliyevin evi istiqamətində qaçmışdır. Evin arxa tərəfində o yerə yıxılmış, bu an bir nəfər şəxs ona çatmış, ona baxdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Samir ilk öncə əlləri ilə onun yaxasından tutub yerə yıxmış, daha sonra üz və baş nahiyəsinə yumruq ilə bir neçə dəfə vuraraq ona xəsarət yetirmiş, qorxduğu və həyəcanlı olduğu uçün huşunu itirmiş, ayılanda ətrafında Samir, Asim, Bəhlul və polis əməkdaşları olduğunu görmüşdür. Zərərçəkmiş şəxs daha sonra ifadəsində bildirmişdir ki, Samirlə arasındakı münaqişə evlərinin yaxınlığında baş vermiş, orada o və Samir olmuş, ətrafda qeyd etdiyi şəxslərdən başqa heç kim olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş tam ziyan ödənilmişdir. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi və qonşularıdır, aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmamışdır. 03 mart 2025-ci il tarixdə, saat 00:00 radələrində Lerik rayonunun Mastail kəndində fərdi yaşayış evində yatarkən həyətdə səs-küy eşitmiş, atası Bəhlul və anası İlhamə həyətə qaçaraq düşmüşlər, o da onların arxası ilə həyətə düşdükdə evin aşağı tərəfində qardaşı Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs yerə yıxdığını görmüşlər. Samirdən bu barədə soruşduqda Samir Azadın evin aşağı tərəfində evə tərəf baxdığını və onunla bunun üstündə mübahisə olduğunu demiş, o Azadın evə oğurluq etmək məqsədilə daxil olduğunu düşünüb DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi və qonşularıdır, aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmamışdır. 03 mart 2025-ci il tarixdə, saat 00:00 radələrində Lerik rayonunun Mastail kəndində fərdi yaşayış evində yatarkən həyətdə səs-küy eşitmişdir. Dərhal evin həyətinə düşmüş, həyətdə Samiri görmüş, daha sonra Azadı evin aşağı tərəfində yolun kənarında görmüşlər. Samirdən bu barədə soruşduqda Azadın evə oğurluq etmək məqsədilə girmək istədiyini və buna görə də onu döydüyünü demişdir. O, hadisənin birbaşa şahidi olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Lənkəran MTE və PA şöbəsinin 10 mart 2025-ci il tarixli, 17 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - üst çənədə iki kəsici dişin travma nəticəsində itirilməsi, sol gicgah, sol təpə, ənsə, alt dodaq nahiyələrində əzilmiş yaralar, başın təpə, burun nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 8-9 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 19 mart 2025-ci il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs üzünə qarşı onun tərəfindən yumruq və təpiklə döyüldüyünü bildirmişdir, İş materiallarında olan 19 mart 2025-ci il tarixli Zərərçəkmiş şəxs ilə Şahid1 üzləşdirilmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs tanışı Şahid1 üzünə qarşı onun tərəfindən döyülmədiyini, ancaq Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək göstərilən maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan Lerik RİHB-nin Livədirqə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci tarixli ərizəsindən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edilən dəlilləri qiymətləndirərək hesab edir ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın ən tutarlı dəlilləri hesab edilən iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri Təqsirləndirilən şəxs əməlinin məhz xuliqanlıq kimi tövsif edilməsi üçün yetərli deyildir. Belə ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Əməlin tövsifi Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə üz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalıqlara gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar) Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, qüvvədə olan cinayət qanunvericiliyinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun hüquqi mövqelərinə əsaslanaraq xuliqanlığın anlayışına, əlamətlərinə və mahiyyətinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin təsiri altına düşsə də, ibtidai istintaq orqanı həmin əməlin tövsifi ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmiş və onun əməlini düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Bununla yanaşı, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında hadisə ilə bağlı araşdırılan sübutlardan müəyyən olunur ki, hadisə Lerik rayonunun Mastail kəndi ərazisində Zərərçəkmiş şəxs fərdi yaşayış evinin yaxınlığında baş vermiş və hadisə yerində o və təqsirləndirilən şəxs olmuşdur. Bundan başqa baş vermiş hadisə 03 mart 2025-ci il tarixdə saat 00:00 radələrində qısa zaman kəsiyində başlamış və bitmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkəti hadisə vaxtı zərərçəkmiş şəxsin gecə saatlarında evinin yaxınlığında olması, ünvansız söyüş söyməsi və səbəbsiz yerə qaçması ilə bağlı zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri sonda məlum münaqişəyə səbəb olmuşdur ki, bu da təqsirləndirilən şəxsin özündən razı olması, özünü ətrafdakıların fövqünə qoymaq, bu məqsədlə öz ambisiyalarını həyata keçirmək kimi qiymətləndirilməməlidir. Bundan başqa, məhkəmə iclasında həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadələri ilə müəyyən edilir ki, hadisə qısa zaman kəsiyində baş vermiş, hadisə zamanı ətrafa insanlar yığılmamış və hadisəni təqsirləndirilən şəxsdən və zərərçəkmiş şəxsdən başqa bilavasitə görən və ya başqa formada iştirak edən olmamışdır. Məhkəmə işin faktiki hallarını və qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə sonuncunun qanunsuz hərəkətləri fonunda onların qarşılıqlı hərəkətləri nəticəsində baş vermişdir. İşin sübut olunmuş faktiki halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs niyyəti birbaşa ictimai qaydanı kobud surətdə pozmağa, ətrafdakılara qarşı açıq-aşkar hörmətsizliyə yönəlməmişdir. Onun əməlinin motivi zərərçəkmiş şəxslə aralarında yaranmış münaqişəni güc vasitəsi ilə həll etməyə, həmçinin ona xəsarət yetirməklə qisas almağa yönəlmişdir. Yəni xəsarət yetirərkən Təqsirləndirilən şəxs əməlinin motivi mənəm-mənəmliklə, özündən razılıqla, özündən müştəbehliklə müşayiət olunmamış, əməl səbəbsiz və ya cüzi səbəbə görə törədilməmişdir. Hadisənin təxminən bir neçə dəqiqə ərzində davam etməsi, eyni zamanda ani olaraq başlaması və bitməsi, hadisənin saat 00:00 radələrində baş verməsi, Təqsirləndirilən şəxs tərəfindən heç bir söyüşlə, ictimai qayda pozuntusu ilə müşayət olunmasının məhkəmə istintaqı zamanı təsdiq olunmaması, əməlin törədilməsinə konkret səbəbin olması əməlin xuliqanlıq kimi tövsif edilməsini istisna edir. Məhkəmə hesab edir ki, həmin əməl yalnız Zərərçəkmiş şəxs qarşı yönəlməklə ictimai qaydanı pozmaq niyyəti olmadan törədildiyindən şəxsiyyət əleyhinə törədilmiş cinayət kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsin göstərilən davranışı həm də onun, xuliqanlığın bilavasitə obyekti olan ictimai qaydaya qarşı kriminal hərəkətlərini istisna etmişdir. Belə ki, məlum olduğu kimi xuliqanlığın bilavasitə obyekti ictimai qayda, əlavə obyekti isə insanların sağlamlığı və ya səhhətidir. Konstitusiya Məhkəməsi yuxarıda göstərilən Qərarında qeyd etmişdir ki, əməl o zaman xuliqanlıq kimi tövsif edilə bilər ki, o, ictimai qayda əleyhinə yönəlsin, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunsun və vətəndaşlar üzərində zor tətbiqi ilə müşaiyət edilsin. Həmin hüquqi mövqeyə görə, habelə mövcud məhkəmə təcrübəsinə görə göstərilən hərəkətlər məcmu halında vahid davranışda birləşdiyi halda xuliqanlıq cinayətindən söhbət gedə bilər. Ayrı-ayrılıqda belə hərəkətlər başqa hüquqi nəticələr doğurur, məsələn yalnız ictimai qayda pozulursa və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunursa, bu halda yalnız xırda xuliqanlıqdan söhbət gedə bilər ki, bu da İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə səbəb olur. Bundan başqa, şəxsin hərəkətlərində yalnız başqasının üzərində zor tətbiqi aşkar olunursa bu şəxsiyyət əleyhinə müvafiq cinayət kimi tövsif oluna bilər və s. Lakin, təqsirkarın hərəkətlərində həm ictimai qaydaya qarşı kriminal davranış, həm cəmiyyətə hörmətsizlik, həm də şəxiyyət üzərində zor tətbiqi cəm halda müşahidə olunursa, bu halda xuliqanlıq müzakirə predmeti ola bilər. Təqsirkar Zərərçəkmiş şəxs hərəkətlərinin xronoloji ardıcıllığı onu deməyə əsas verir ki, bu şəxs bütün hallarda ictimai qaydaya qarşı durmaqdan, habelə cəmiyyətə açıq hörmətsizlikdən çəkinmiş, məqsədi yalnız zərərçəkmişi həmin ərazidən uzaqlaşdırmaq olmuş, sonradan isə zərərçəkmişə qarşı kriminal davranışa bilərəkdən yol vermişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 7 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Həmin qərarda həmçinin qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfdən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafeyinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında yaranan münaqişə qısa müddətdə baş vermiş və Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyəti, kütləvi tədbir və ya uzun müddətə ictimai asayiş pozulmamış, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olmamış, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydaları qərəzli surətdə pozulmamışdır. Hadisə gecə vaxtı zərərçəkmiş şəxsin yaşadığı evin yaxınlığında baş vermiş, ictimai qaydanın hər-hansı formada pozulmasına dair dəlillər isə ittiham tərəfindən təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə təqsirkar Təqsirləndirilən şəxs kriminal davranışında “ictimai qaydanın pozulması” və “cəmiyyətə açıq hörmətsizlik” elementləri istisna edildiyindən onun əməlinin xuliqanlıq kimi qiymətləndirilməsi mümkün sayıla bilməz. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməli, CM-nin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73- 1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunandan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-15/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-15/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver