Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-21/2023 17.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 11:50 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil X8, Təqsirləndirilən şəxs- X2 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1983-cü ildə Lerik rayonunun Lərmərud kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Lerik Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, 10 iyun 2021-ci tarixdə cəzasını tam çəkib qurtarmış, orta təhsilli, evli, fəhlə işləyən, Lerik rayonunun Lərmərud kəndində qeydiyyatda olmaqla yaşayan, 23 yanvar 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 15 sentyabr 2016-cı il tarixdən başlayaraq 02 sentyabr 2006-cı il təvəllüdlü Fərzulla Baxşıyevin, 19 sentyabr 2008-ci il təvəllüdlü Rufanə Baxşıyevanın və 22 avqust 2010-cu il təvəllüdlü Raidə Baxşıyevanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117,00 manat, cəmi 351,00 manat aliment tutularaq Zərərçəkmiş şəxs1 verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2(008)-456/2017 nömrəli və 3425,00 manat məbləğində pul və 30,00 manat ödənilmiş dövlət rüsumu, cəmi 3455,00 manat alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair Lerik Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(048)-235/2020 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 18 oktyabr 2021-ci il tarixdə 500,00 manat miqdarında cərimə edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 18 noyabr 2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 23 aprel 2022-ci il tarixədək Zərərçəkmiş şəxs1 15792,00 manat məbləğində aliment və Zərərçəkmiş şəxs2 olan borcundan cəmi 500,00 manat ödəməsi nəzərə alınaraq 2955,00 manat məbləğində borcunu ödəməyərək sonunculara maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu hərəkəti ilə təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə 2006-cı ildə evlənmişdir. 06 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan üç uşaqları doğulmuşdur. Evləndikdən sonra Rəvanə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Rəvanə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi 15 sentyabr 2016-cı il tarixdən başlayaraq 02 sentyabr 2006-cı il təvəllüdlü Fərzulla Baxşıyevin, 19 sentyabr 2008-ci il təvəllüdlü Rufanə Baxşıyevanın və 22 avqust 2010-cu il təvəllüdlü Raidə Baxşıyevanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117,00 manat, cəmi 351,00 manat aliment Zərərçəkmiş şəxs1 ödəməlidir. Bundan əlavə 23 dekabr 2017-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 mülkiyyətində olan və atası Əsab Həşimovun idarə etdiyi MİTSUBİSHİ AİRTREK markalı, ** KG *** dövlət nömrə nişanlı avtomobilə sonuncu ilə aralarında yaranan mübahisə zəminində ziyan vurmuşdur. Bu əməlinə görə Lerik Rayon Məhkəməsinin qərarı ilə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Törətdiyi cinayət əməlinə görə zərərçəkmiş Zərərçəkmiş şəxs2 mülkiyyətində olan avtomobilə vurduğu ziyanı ödəmədiyindən sonuncu ona qarşı məhkəmədə iddia qaldırmışdır. Lerik Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi ondan 3425,00 manat məbləğində pul və 30,00 manat ödənilmiş dövlət rüsumu, cəmi 3455,00 manat alınaraq Zərərçəkmiş şəxs2 ödəməlidir. Bu barədə icra sənədləri Lerik Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Lerik Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Lerik Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs və cərimə olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu və maddi zərəri ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fəhlə işləyir. Aylıq qazancı 450,00 manat olur. Qazancını özünə xərcləyir. İstintaq müddətində Tale Həşmova qətnamə üzrə borcundan 500,00 manat, aliment borcundan Rəvanəyə 1000 manat ödəniş etmişdir. Hazırda təkrar evlənmişdir. Himayəsində bir azyaşlı uşağı var. Qalıq aliment borcunu və maddi zərəri ödəmədiyindən qətnamələri icra etməmişdir. Ona görə də məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs X2 törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə evlənmişdir. 06 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan üç uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Feyzulla uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15 sentyabr 2016-cı il tarixdən başlayaraq 02 sentyabr 2006-cı il təvəllüdlü Fərzulla Baxşıyevin, 19 sentyabr 2008-ci il təvəllüdlü Rufanə Baxşıyeva və 22 avqust 2010-cu il təvəllüdlü Raidə Baxşıyevanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117,00 manat, cəmi 351,00 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən beş ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs aliment borcundan istintaq müddətində cəmi 1000 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs fərdi qaydada ev ustası işləyir. Aylıq 1000 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Feyzulla Baxşiyevdən qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edərək, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan qanuna müvafiq qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 keçmiş əridir. Mülkiyyətində olan MİTSUBİSHİ AİRTREK markalı, ** KG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə atası X11 idarə etmişdir. 23 dekabr 2017-ci il tarixdə saat 14:00 radələrində atası Əsab Həşimovun idarə etdiyi MİTSUBİSHİ AİRTREK markalı, ** KG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yaşadığı evin qarşısından keçən yolda hərəkətdə olarkən Təqsirləndirilən şəxs avtomobilin qarşısına keçmiş, bunu görən atası Əsab maşını saxlamış, Feyzulla sol tərəfə keçərək qabaq sol qapını açaraq atası Əsaba qarşı zor tətbiq edərək maşına daş atmış, bu zaman işlək vəziyyətdə olan avtomobil özü hərəkət edərək aşmışdır. Nəticədə maşına külli miqdarda ziyan dəymişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs törətdiyi hadisə ilə bağlı onun barəsində Lerik rayon Polis Şöbəsində ictimai yerdə törətdiyi xuliqanlığa görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış və baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Lerik Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə ödənilməklə 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Təyin edilmiş ekspertiza rəyinə əsasən avtomaşının təmir-bərpa xərci hadisə baş verən günə təxminən 3425,00 manat müəyyən edilmişdir. Lakin həmin tarixdən artıq xeyli müddət keçməsinə baxmayaraq Feyzulla hər dəfə müxtəlif bəhanələrlə ona vurduğu ziyanı ödəməkdən yayınmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətiində qalmışdır. Lerik Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 3425,00 manat məbləğində pul və 30,00 manat ödənilmiş dövlət rüsumu, cəmi 3455,00 manat alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs 3455,00 manat borcundan cəmi 500,00 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəmir. İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Feyzulla icradan yayınmış və bu səbəbdən də inzibati qaydada həbs və cərimə olunmuşdur. Təqsirləndirilən şəxs fərdi qaydada ev ustası işləyir. Aylıq 1000 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, Maddi vəziyyəti aşağı olduğundan öz borcunu tam tələb edir. Odur ki, Feyzulla Baxşiyevdən ona vurulmuş ziyanın alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edərək, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan qanuna müvafiq qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2(008)-456/2017 nömrəli və Lerik Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(048)-235/2020 nömrəli qətnamələri üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqələri icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Lerik Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 18 oktyabr 2021-ci il tarixdə 500,00 manat miqdarında cərimə edilmiş və qətnamələri icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(048)- 44/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hər iki icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs cəmi 18747,00 manat ödənilməmiş borcu qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək məhkəmə qətnamələrini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 Xaniş oğlu şahid qismində dindirilmiş X4 göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Lerik Rayon İcra Hakimiyyəti başçısının Nücü kənd ərazi icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X5 yaşayış yerindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Lerik Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum olunmuş10 iyun 2021-ci tarixdə cəzasını tam çəkib qurtarmışdır. “Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X2 yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X2 yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən X2 cəzasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, X3 təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırlması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. xx.xx.2022-ci il tarixli “ittiham elan etmək üçün şəxsin barəsindən axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, xx.xx.1983-cü ildə Lerik rayonunun Lərmərud kəndində doğulmuş, Lerik rayonunun Lərmərud kəndində qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirlən şəxs və axtarışda olan X5 barəsində axtarış elan edilməklə tutulması və tutulduqdan sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin MSY verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenanatı Ramal Həsənovun “Axtarışda olan şəxsin tutulması barədə protokoldan” görünür ki, xx.xx.1983-cü ildə Lerik rayonunun Lərmərud kəndində doğulmuş, Lerik rayonunun Lərmərud kəndində qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirlən şəxs və axtarışda olan X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq xx.xx.2023-ci il tarixdə saat 19:26da Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla X3 azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. X2 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini, yəni Lerik rayonu Lərmərud kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X2 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 günü həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrumetmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq cəzadan 04 gün çıxarılaraq qəti cəza təyin olunmalıdır. X5 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla X3 təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 üzərinə Lerik rayonun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu, Lərmərud kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X5 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası X2 yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-21/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-21/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver