Məhkəmə qərarları › İş №1(048)-27/2025

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-27/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-27/2025 29.10.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran rayon Vəkil Bürosunun vəkili – Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Lənkəran rayonu, Velədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdə, saat 08 radələrində idarə etdiyi faktiki istifadəsində olan “Ford Transit” yük markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili Lerik rayonu Noda-Xanagah avtomobil yolunun Lerik rayonunun Zenonu kəndindən keçən hissəsi ilə üzü Xanagah kəndi istiqamətində 20 km/saat sürətlə idarə edərkən sürücü olaraq hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında elə yerinə yetirməlidir ki, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunsun, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələblərinə əməl etməyərək, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Tranzit” yük markalı avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməyib idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxaraq ilk öncə yolun sağ kənarına istiqamətləndirmiş, daha sonra avtomobli öz istiqaməti ilə hərəkət etdiyi zolağına qaytarmaq istəyərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla avtomobili yolun sol tərəfindən yamaca aşırmış, nəticədə avtomobilin sağ qabaq oturacağında əyləşmiş sərnişin X4 həmin zərbənin güclü təsirindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik kəllə sümüklərinin (alın-təpə) açıq, qəlpəli sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, sağ tərəfli qabırğaların sınıqları (sağ İİ-Vİİ), sağ plevranın zədələnməsi, döş boşluğunda qanaxma (150 ml), sağ dirsək sümüyünün sınığı, alın nahiyəsində əzilmiş yara, hər iki əl, hər iki diz qapağı nahiyələrində sıyrıqlar, sağ bud, sağ kürəküstü, sağ bazu, sağ said nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (alın, sağ təpə) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Velədi kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. İstifadəsində “Ford Tranzit” yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobili özü sürüb istifadə edir. O, fərdi ticarətlə məşğul olmaqla ailəsini dolandırır. X6 və Şahid1 tanıyır, həmin şəxslərlə arabir paltar satmaq üçün Lerik rayonuna getmişlər. Sonuncu dəfə 24 aprel 2025-ci il tarixdə, saat 06 radələrində Lənkəran şəhərindən tanışları X6 və Şahid1 ilə birlikdə idarə etdiyi “Ford Tranzit” yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lerik rayonunun Xanagah kəndinə paltar satmaq üçün yola düşmüşlər, həmin gün saat 08 radələrində Noda-Xanagah avtomobil yolunun Lerik rayonunun Zenonu kəndindən Xanagah kəndi istiqamətində hərəkətdə olarkən yolun enişli sahəsində yolun başlanğıcında 1-ci sürətlər qutusu ilə təxminən 20 km/saat sürətlə hərəkətdə olarkən sərt eniş ilə təxminən 50-60 metr hərəkətdə etdikdə sonra avtomobilin əyləcinə basdıqda tormoz sisteminin işləmədiyini görmüş, avtomobil getdikcə sürətlənməyə başlamış, həmin yolda asfalt örtüyü zədələndiyindən yol çınqıllı və daşlı olmuş, avtomobilin sürətlənməsini görüb çökəklikdən qaçırmaq istəyərkən avtomobili sağ tərəfə istiqamətləndirdikdə idarəetməni itirib avtomobil ilk öncə yolun sağ tərəfində yamaca dəymiş, daha sonra avtomobili istiqamətini dəyişib öz yoluna qayıtmış və əks istiqamətli hərəkət zolağına çıxaraq avtomobili yolun sol tərəfinə bir neçə dəfə dərə istiqamətində yuvarlandıqdan sonra sərt aşırıma aşmışdır. Nəticədə avtomobil əzilmiş və onlar xəsarət almışlar. Daha sonra adlarını bilmədiyi şəxslər onları avtomobildən çıxararaq təcili tibbi yardım avtomobili ilə Yardımlı rayon Mərkəzi Xəstəxanasına, daha sonra Masallı rayon Mərkəzi xəstəxanasına və Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırmışlar. Ona sonradan avtomobildə olan sərnişin Rəsmiyyə Qasımovanın avtoqəza nəticəsində aldığı xəsarətlərdən Yardımlı rayon Mərkəzi Xəstəxanasında öldüyünü, digər sərnişin Şahid1 isə bədən xəsarətləri aldığını demişlər. O, özü də hadisə vaxtı bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. O, avtomobili idarə edən zaman sərxoş olmamış, ümumiyyətlə spirtli içki qəbul etməmiş, həmin vaxt avtomobili özü idarə etmiş, avtomobilin qabaq sərnişin yerində sağ tərəfdə Rəsmiyyə Qasımova, ondan sol tərəfdə isə Şahid1 oturmuş, qəza avtomobilin həmin an əyləc sisteminin işləməməsi səbəbindən baş vermişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti və tələbinin olmadığını, səhhəti və yaşı ilə əlaqədar məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir tələbi və şikayəti yoxdur, Təqsirləndirilən şəxs yaşlı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonunun Sütəmurdov kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orda yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onlarla uzun illərdi dostluq edirlər, aralarında düşmənçilik və ziddiyyət olmamışdır. Mərhum anası Rəsmiyyə Qasımova paltar alqı-satqısı ilə məşğul olmuşdur. 24 aprel 2025-ci il tarixdə, səhər saatlarında anası Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Zəkiyyə Bəşirova ilə birlikdə Lerik rayonuna gəlmişlər. Həmin gün saat təxminən 09 radələrində adını bilmədiyi şəxs onun mobil nömrəsinə zəng edib Lerik rayonunun Zenonu kəndi ərazisində X8 avtoqəza nəticəsində xəsarət almasını, onun Yardımlı rayon xəsatəxansına aparılacağını bildirmişdir. O, dərhal Yardımlı rayon Mərkəzi Xəstəxanına gəlmiş, o xəstəxanaya çatanda artıq anası dünyasını dəyişmişdir. X8 avtomobil qəzasında həlak olması ilə bağlı sürücü Təqsirləndirilən şəxs şikayət və tələbi, həmçinin hər hansı bir iddiası yoxdur. Təqsirləndirilən şəxs şikaytəçi deyildir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Zenonu kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə orda yaşayır. 24 aprel 2025-ci il tarixdə, saat 08 radələrində Lerik rayonunun Zenonu kəndinin aşağı tərəfində örüş sahəsində təsərrüfatında olan heyvanları otarakən kəndin aşağısında Xanagah kəndi istiqmaətində avtomobil yolu ilə hərəkətdə olan sarı rəngli “Ford Tranzit” yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin ilk əvvəl hərəkət istiqamətində yolun sağ tərəfinə çıxmasını, daha sonra isə öz yoluna qayıdaraq əks istiqamətli hərəkət zolağına çıxaraq avtomobilin yolun sol tərəfinə yamaca aşmasını görmüşdür. Dərhal bu barədə 102 xidmətinə məlumat vermiş, daha sonra adlarını bilmədiyi kənd sakinləri və polis əməkdaşları hadisə yerinə gələrək avtomobildə olan şəxslərə kömək etmişlər, həmin şəxslər xəstəxanaya aparılmışdır. Cinayət işi üzrə digər Şahid1 məhkəməyə teleqram ünvalayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, heç bir şikayət və təklifinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə orda yaşayır. X6 və Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslərlə arabir paltar satmaq üçün Lerik rayonuna gedirmişlər. O, fərdi ticarətlə məşğul olmaqla ailəsini dolandırır. Sonuncu dəfə 24 aprel 2025-ci il tarixdə, saat 06 radələrində Lənkəran şəhərindən tanışı X6 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Tranzit” yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lerik rayonunun Xanagah kəndinə paltar satmaq üçün yola düşmüşlər. Onlar həmin gün saat 08 radələrində Noda-Xanagah avtomobil yolunun Lerik rayonunun Zenonu kəndindən Xanagah kəndi istiqamətində hərəkətdə olarkən yolun enişli sahəsində yolun üzərində çökəklik olduğundan Təqsirləndirilən şəxs avtomobili sağ tərəfə istiqamətləndirdikdə idarəetməni itirmiş, avtomobil ilk öncə yolun sağ tərəfində yamaca dəymiş, daha sonra avtomobili yola qaytarmaq istədikdə əks istiqamətli hərəkət zolağına çıxaraq avtomobil yolun sol tərəfinə bir neçə dəfə dərə istiqamətində yuvarlandıqdan sonra sərt aşırıma aşmış, nəticədə avtomobil əzilmiş və onlar xəsarət almışlar. Daha sonra adlarını bilmədiyi şəxslər onları avtomobildən çıxararaq təcili tibbi yardım avtomobili ilə Yardımlı rayon mərkəzi xəstəxanasına, daha sonra Masallı rayon mərkəzi xəstəxanasına və Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırmışlar. Ona sonradan avtomobildə olan sərnişin Rəsmiyyə Qasımovanın avtoqəza nəticəsində aldığı xəsarətlərdən Yardımlı rayon mərkəzi xəstəxanasında öldüyünü demiş, o isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İş materiallarında olan 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 24 aprel 2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lerik rayonu, Zenoni kənd sakini Şahid2 24 aprel 2025-ci il tarixdə, 08:10-da Azərbaycan Respublikası DİN-in 102 XZM-nə məlumat verərək həmin ünvanda avtomobli aşması və iki nəfər şəxsin xəsarət alamasını bildirmişdir. Araşdırma zərurəti ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı hadisənin Noda-Xanagah avtomobil yolunun Zenoni kəndi ərazisindən keçən hissəsində yolun enişli sahəsində Xanagah kəndi istiqamətində baş verdiyi müəyyən edilmişdir. Avtomobil yolu asfalt örtüyü qismən zədələndiyindən çınqıllı və daşlıdır. Yol enişlidir, avtomobil Xanagah kəndi istiqamətində hərəkətdə olaraq ilk öncə yolun sağ tərəfində təpəlik əraziyə dəymiş, öz yoluna qayıtdıqda əks istiqamətli hərəkət zolağına çıxmaqla avtomobili yolun sol tərəfinə dərə istiqamətinə aşırtmış, avtomobil bir-neçə dəfə yuvarlandıqdan sonra yamacda yoldan təxminən 200 metr geridə aşmış vəziyyətdə qalmışdır. Yolun eni 6 metrdir. Tormozlanma məsafəsinin izi yoxdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib olunmuş baxış protokoluna əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” Publik hüquqi şəxsinin 14 may 2025-ci il tarixli, 02 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində - kəllə sümüklərinin (alın-təpə) açıq, qəlpəli sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, sağ tərəfli qabırğaların sınıqları (sağ İİ-Vİİ), sağ plevranın zədələnməsi, döş boşluğunda qanaxma (150 ml), sağ dirsək sümüyünün sınığı, alın nahiyəsində əzilmiş yara, hər iki əl, hər iki diz qapağı nahiyələrində sıyrıqlar, sağ bud, sağ kürəküstü, sağ bazu, sağ said nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vemə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə sərnişin olduğu “Ford Tranzit” markalı avtomaşının aşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və canlı şəxslərdə ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (alın, sağ təpə) sınığı, baş beyin toxumasına və mədəcəklərinə yayılmış qansızma səbəb olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” Publik hüquqi şəxsinin 09 iyun 2025-ci il tarixli, 48 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sağ İİİ, İV, Xİ qabırğaların sınıqları, xəlbir sümüyünün sınığı, sağ əl sümüyünün sınığı, sol üst göz qapağı, başın ənsə, alın nahiyələrində əzilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Ford Tranzit” markalı avtomaşının aşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olansağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” Publik hüquqi şəxsinin 09 iyun 2025-ci il tarixli, 49 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində - İİ, İİİ, İV bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları, sağ əlin İİİ barmağı nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə sərnişin olduğu “Ford Tranzit” markalı avtomaşının aşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olansağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan BE seriyalı, 002029 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Ford Transit» Yük markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli 435 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şahid1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, X17 ölmüş zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2025-ci il tarixli, 8/1063 saylı rəyindən görünür ki, «Ford Transit» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi hadisədən əvvəl texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Ford Transit» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. İş materiallarında olan 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə İƏD tərəfindən verilmiş 27 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı xx.xx.1967-ci il təvəllüdlü X7, oğlu xx.xx.1990-cı il təvəllüdlü X18, oğlu xx.xx.1991-ci il təvəllüdlü X15, gəlini xx.xx.1998-ci il təvəllüdlü X10, gəlini xx.xx.2000ci il təvəllüdlü X11, nəvəsi xx.xx.2018-ci il təvəllüdlü X19, nəvəsi xx.xx.2021-ci il təvəllüdlü X20, nəvəsi xx.xx.2020-ci il təvəllüdlü X12, nəvəsi xx.xx.2023-cü il təvəllüdlü X13. İş materiallarında olan Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə İƏD tərəfindən verilmiş 27 avqust 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxs Şahid1 tərəfindən yazılmış ərizədən görünür ki, 24 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi zamanı az ağır xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Şikayət və tələbi yoxdur. İş materiallarında olan 05 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi zamanı sağlamlığına az ağır zərər vurulmuş Şahid1 Təqsirləndirilən şəxs ilə barışmasını, şikayət və tələbinin olmamasını və ona dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həmin xüsusatın icraatına xitam xitam verilməsi və həmin hissənin ittihamdan xaric edilməsi, cinayət işi üzrə Şahid1 zərərçəkmiş şəxs qismində statusunun ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 3-13-16-5/2-216099 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini, cinayətin əlavə obyekti kimi insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşmançılığını və yaşını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar