Məhkəmə qərarları › İş №1(048)-3/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-3/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-3/2023 25.01.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat:10:35 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1970-ci ildə Lerik rayonu, Əvilə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, X9 X4 meşəbəyliyinin 2 saylı meşə dolayısında fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Əvilə kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdə, saat 14-15 radələrində istintaqa məlum olmayan mənbədən çətənə bitkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq 15,051 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamaqla daşımışdır. Lerik RPŞ-nin əməkdaşları tərəfindən 02 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lerik rayonunun Mastail kəndindən keçən yolla yaşadığı, rayonun Əvilə kəndi istiqamətində atla hərəkətdə olarkən Mastail kəndinin giriş hissəsində yerləşən körpünün üzərində, saat 15:30-da şübhəli şəxs qismində saxlanılaraq Lerik RPŞnə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol yan cibində saxladığı bir ədəd sellofan torbanın içərisində, təmiz çəkisi 14,991 qram və bir ədəd yarıçəkilmiş formada olan “Bakı” markalı siqaretin içərisində 0,060 qram olmaqla ümumi təmiz çəkisi 15,051 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Əvilə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Ailəlidir, 4 övladı vardır. Həmçinin 7 nəvəsinə də o baxır. Təxminən 30 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Buna görə də həmin narkotik vasitəni tanıyır. X10 X4 meşəbəyliyinin 2 saylı dolayında fəhlə işləyir. 02 oktyabr 2022-ci il tarixdə, saat 14-15 radələrində təsərrüfatında olan atla meşə sahəsini gəzib rayonun Mastail kəndindən keçən yolla yaşadığı Əvilə kəndinə doğru getmək üçün Mastail kəndinin örüş sahəsində hərəkətdə olduğu zaman kənd yoluna çatmağa az qalmış piyada yolunun kənarında qara rəngdə sellofan torba görmüş, torbanın içində nəsə olmuşdur. Torbanı yerdən götürüb içinə baxdıqda içərisində nəşə olduğunu görmüşdür. Nəşədən arabir istifadə etdiyinə və tanıdığına görə torbanı atmayıb sonrakı günlərdə gizli olaraq siqaret kimi çəkib istifadə edəcəyini düşünüb götürmüşdür. Cibində olan “Bakı” markalı siqaret qutusundan 1 ədəd siqaret götürüb içərisində olan tütünü çıxarmış, bundan sonra tapdığı nəşə ilə tütünü qarışdırıb həmin siqaretin içərisinə doldurmuşdur. Kibritlə siqareti yandırıb yarısını çəkmiş, ona kifayət etdiyinə görə siqareti söndürüb qalığını sellofan torbanın içərisinə qoyub torbanın ağzını bağlayaraq əynində olan gödəkçənin sol cibinə qoyub orada gizlətmişdir. Daha sonra atın üzərinə minib Mastail kəndinə doğru getməyə başlamışdır. Mastail kəndinin girəcəyində yerləşən körpünün üzərində atla hərəkətdə olarkən qəflətən polis əməkdaşları ona yaxınlaşmışlar və atdan düşmüşdür. Bundan sonra polis əməkdaşları onu tutub saxlamalarının səbəbini izah edib Lerik RPŞ-nə dəvət etmişlər. Birlikdə şöbəyə gəlmiş, daha sonra hal şahidlərinin və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan gödəkçənin sol yan cibində içrisində narkotik vasitə marixuana olan bir ədəd qara rəngdə sellofan torba aşkar edilmişdir. Şəxsi axtarış zamanı həmin narkotik vasitəni tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün gələcəkdə siqaret kimi çəkib istifadə etmək məqsədilə götürdüyünü demişdir. Tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini, nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik rayonunun Əvilə kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir düşmənçilik və ziddiyyət olmamışdır. 02 oktyabr 2022-ci il tarixdə, Lerik rayonunun Əvilə kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlayaraq daşıması barədə etibarlı mənbədən daxil olmuş məluatmla əlaqədar Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə almış, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Lerik PPXB-nin manqa komandiri Şahid2 və PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 çağırıb Lerik rayonunun Əvilə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, üzərində narkotik vasitə olmaqla saat 15 radələrində rayonun Mastail kəndi istiqamətindən yaşadığı Lerik rayonunun Əvilə kəndinə gedəcəyini bildirib əməllərini ifşa etmək üçün tədbir keçirəcəyi barədə təlimatlandırmışdır. Bundan sonra Mastail kəndinin giriş hissəsində yerləşən körpünün ətrafında gizlənib ərazini müşahidəyə götürmüşlər. Həmin gün, saat 15 radələrində Təqsirləndirilən şəxs atın üzərində olmaqla körpüyə yaxınlaşmış, dərhal ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onu saxlamalarının səbəbini izah etmiş və onu Lerik RPŞ-nə gətirmişlər. Şöbədə hal şahidlərinin və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibində bir ədəd sellofan torbada içərisində narkotik vasitəyə oxşar kütlə, həmçinin içərisində narkotik vasitəyə oxşar kütlə olan yarı çəkilmiş formada olan bir ədəd “Bakı” markalı siqaret aşkar edilmişdir. Aşkar edilmiş kütlələr ekspertiza tədqiqatından ötrü götürülərək qablaşdırılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli digər əşya və alət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni tapdığını və istifadə etmək məqsədilə götürüb üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik RPŞ-də PPX bölüyündə polis nəfəri vəzifəsində işləmiş, 2020-ci ildən Lerik RPŞ-də PPX bölüyündə manqa komandiri vəzifəsində işləyir. Lerik rayonunun Əvilə kənd sakini Təqsirləndirilən şəxs tanıyır, aralarında narazılıq və ziddiyyət olmamışdır. 02 oktyabr 2022-ci il tarixdə şöbənin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 onu və PPXB-nin digər əməkdaşları Şahid3 və Şahid4 çağırıb Lerik rayonunun Əvilə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, üzərində narkotik vasitə olmaqla saat 15 radələrində Mastail kənd yolu ilə yaşadığı Əvilə kəndinə gedəcəyini bildirib əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirəcəklərini demiş, buna görə də həmin gün, saat 15 radələrində Mastail kəndinin girəcəyində yerləşən körpünün ətrafında gizlənib ərazini müşahidəyə götürmüşlər. Həmin gün, saat 15 radələrində Təqsirləndirilən şəxs atın üzərində körpüyə yaxınlaşdığını görmüşlər. Körpünün üzərində hərəkətdə olarkən dərhal ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlanmasının səbəbini izah edib onu Lerik RPŞ-nə dəvət etmiş və birlikdə şöbəyə gəlmişlər. Lerik RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərində narkotik vasitə marixuana aşkar edilmişdir. Şahid X3 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik rayonunun Bilnə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Lerik rayonunun Əvilə kənd sakini Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir narazılıq və ziddiyyət olmamışdır. 02 oktyabr 2022-ci il tarixdə, saat təxminən 17 radələrində Lerik RPŞ-nin PPXB-nin manqa komandiri Rusif Canməmmədov onu Lerik şəhərinin mərkəzində görüb Lerik rayon polis şöbəsinə dəvət etmiş, Rusif Canməmmədovun avtomobili ilə Lerik RPŞ-nə gəlmişdir. Ondan sonra Lerik şəhər sakini Şahid6 şöbəyə gəlmişdir. Şöbədə baş təhqiqatçı Ruslan Əsədullayevin otağına daxil olmuşlar. Həmin otaqda X7 Şərifovu göstərib “onu şöbənin əməkdaşları Lerik rayonunun Mastail kəndi ərazisində şübhəli şəxs qismində saxlamışlar, üzərində vəkilin iştirakı ilə şəxsi axtarış aparmalıyıq” deyib o və Aqşindən şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Bundan sonra onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibində bir ədəd sellofan torbada içərisində narkotik vasitəyə oxşar qurumuş halda yaşıl rəngli kütlələr aşkar edilmişdir. Həmçinin həmin torbada içərisində narkotik vasitəyə oxşar kütlə olan bir ədəd yarıçəkilmiş formada “Bakı” markalı siqaret aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni tapdığını, gələcəkdə istifadə etmək məqsədilə üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər əşya və ya alət aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 03 oktyabr 2022-ci il tarixli, 19/1053 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükülüdə təmiz çəkisi: -14,991 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 1 ədəd istifadə üçün hazırlanmış siqaretin (papirosun) içərisində təmiz çəkisi -0,060 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ümumilikdə təmiz çəkisi 15,051 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X8 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 05 oktyabr 2022-ci il tarixli, 1043 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Livədirqə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət azadlığın məhdudlaşdırılması azadlıqdan məhrum etmə müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədhudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsini və ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınmasını, onun üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Əvilə kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış 15.051 qram marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 15.011 qram marixuana məhv edilməli, iş üzrə maddi ziyan və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Əvilə kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altımış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 15.011 qram marixuana məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar