Məhkəmə qərarları › İş №1(048)-30/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-30/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-30/2023 10.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ «10» may 2023-cü il Lerik şəhərində Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – X2 iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.2002-ci ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, tələbə, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Züvüç kəndində daimi qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 17 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Lerik rayonunun Züvüç kəndində yerləşən yaşadığı evin yaxınlığında olan “Heyvalıq” bulağından atası Təqsirləndirilən şəxs su nasosundan istifadə etməklə boru vasitəsilə evinə su çəkməsi ilə bağlı aralarında mövcud olan narazılığa görə qonşuları Zərərçəkmiş şəxs və Şahid1 ilə həmin bulağın yaxınlığında mübahisə edərək dalaşmış, dalaşma zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq ona sağ əlin İ barmağının daraq falanqasının yerini dəyişməyən sınığı, sağ əl, sağ bud nahiyələrində qançırlar, sağ əl nahiyəsində sıyrıqlarla nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X4 ona elan edilmiş cinayət üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 17 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Lerik rayonunun Züvüç kəndində yerləşən yaşadığı evin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və sonuncu ilə dalaşmışdır. Dalaşma zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbə vurmaqla ona xəsarət yetirmişdir. Məhkəmə hazırlıq iclasından sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır, hal-hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. O, zərər çəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 17 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Lerik rayonunun Züvüç kəndində kəndində həmkəndlisi X4 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Vadil əlində olan ağac parçası ilə onun əl və ayaq nahiyələrinə vurmaqla xəsarət yetirmişdir. Məhkəmə hazırlıq iclasından sonra təqsirləndirilən şəxs X4 ondan üzr istəmiş və onunla barışmışdır. Hazırda ondan heç bir tələbi və şikayəti yoxdur. X4 ilə barışdığını, nəzərə alaraq X2 cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Lənkəran MTE və PA şöbəsinin 18 fevral 2023-cü il tarixli, 15 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin İ barmağının daraq falanqasının yerini dəyişməyən sınığı, sağ əl, sağ bud nahiyələrində qançırlar, sağ əl nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Materiala əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. Materiala əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun X3 qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona görə də işə xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, X3 istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, X2 cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə təqsirləndirilən şəxs X2 cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X2 Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X4 Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X4 cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, X2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət cinayət işinə xitam verilsin. X2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar