Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-32/2024 05.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Lənkəran vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1993-cü ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Lerik rayon Kommunal Müəssisələr Birliyində fəhlə işləmiş, Lerik rayon məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmu ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə 11 ay 08 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lerik şəhəri Camal Şahiyev küçəsində qeydiyyatda olan barəsində “həbs qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı AK-74 modelli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan yivli odlu silahlar növünə aid avtomatı, 01 ədəd «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı olan darağı və 17 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəşə yararlı patronları əldə edib üzərində daşıyaraq Lerik şəhər zibilxanasının yaxınlığında yerləşən istifadə olunmayan tikilinin damında gizlətməklə saxlamış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat silahı, avtomat silahın üzərində «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab olunan 5,45x39 mm kalibrli 17 ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 35.258 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib daşıyaraq Lerik şəhər zibilxanasının yaxınlığında yerləşən istifadəolunmayan köhnə tikilinin damında gizlədərək saxlamış, əldə etdiyi narkotik vasitə marixuanadan bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni gümüşü rəngdə kağızlarda təmiz çəkisi 0,774 qram olan narkotik vasitə qurudulmuş marixuananı 03 ədəd bükümlərə ayıraraq üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 yanvar 2024-cü il tarixdə, saat 12:40-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lerik şəhər avtovağzal ərazisində saxlanılaraq Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 13:08-dən saat 13:30-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin sağ yan cibində 03 ədəd bükümdə təmiz çəkisi 0, 774 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində təqdim etdiyi Lerik şəhər zibilxanasının yaxınlığında yerləşən köhnə tikilinin damına həmin tarixdə, saat 15:00-dan saat 15:38-dək baxış keçirilərkən orada gizlətdiyi bir ədəd sellofan torbada içərisində təmiz çəkisi 34,484 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 234.1 və 228.1-ci maddələri ilə ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə və təqdim etdiyi silah və onun hissələri ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən ona məxsus olmasını bildirmişlər. O da məcbur qalaraq narkotik vasitə və silahın ona aid olmasını ibtidai istintaq zamanı bildirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyində fəhlə işləmişdir. Fəhlə işlədiyi müəssisənin əsas işi Lerik şəhər ərazisində toplanan tullantıları yığıb avtomaşınla Lerik şəhərinə bitişik, Hıramo kəndinə gedən yolun sağ tərəfindəki tərəfdə düzəldilən xüsusi zibil anbarına daşıyıb atmaqdan ibarətdir. Lerik şəhər ərazisində toplanan tullantıları mütəmadi yığıb avtomaşınla daşıyıb həmin anbara aparıb atırlar. Təxminən 3-4 ay bundan əvvəl zibil anbarına zibil atdığı zaman zibillərin içində ağ rəngdə kisədə 01 ədəd avtomat silahını, 01 ədəd darağını və 17 ədəd patronu görüb götürmüş, silahı və patronları polisə təhvil verməkdə qorxaraq zibil anbarının yaxınlığında yerləşən köhnə, istifadə olunmayan tikilinin damında gizlətmiş, silah tapdığını heç kəsə bildirməmiş, narkotik vasitə marixuanadan ara-bir istifadə etdiyinə görə buna tələbatı vardır. Narkotik vasitə marixuananı ötən dövrdə Lənkəran şəhərində tanımadığı şəxslərdən əldə edib istifadə etmiş, təxminən 15-20 gün bundan əvvəl Lənkəran şəhərində olduğu zaman ehtiyacına, yəni istifadə etməsi üçün tanımadığı şəxsdən 100 (bir yüz) manat verib qurudulmuş marixuana alaraq bir hissəsini aparıb zibil anbarının yanında olan tikilinin damında saxladığı avtomat silanının yanında gizlətmiş, az miqdarda hissəsini isə ara-bir siqaret kimi çəkib istifadə etmək üçün siqaret qutusunun içində olan gümüşü rəngdə kağızlara bir dəfə istifadə etmək üçün normaya ayırıb 3 ədəd büküm düzəldib cibinə qoyaraq üzərində gəzdirmiş, 10 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Lerik şəhər avtovağzal ərazisində piyada hərəkətdə olduğu zaman Lerik rayon polis şöbəsinin əməkdaşları ona yaxınlışıb ona «üzərində narkotik vasitə gəzdirməkdə və silah saxlamaqda şübhəlisiniz, bizimlə Lerik RPŞ-nə getməlisiniz» demişlər, onların təklifi ilə razılaşıb polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmiş, hüquqları ona izah edilərək üzərində hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkilin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitənin olub-olmaması varsa təqdim etməsi təklif olunmuş, bundan sonra üzərində, yəni əynindəki gödəkçənin sağ yan cibində saxladığı 03 ədəd büküm marixuananı təqdim etmiş, üzərində olan 03 ədəd bükümdəki narkotik vasitə marixuananı qablaşdırıb götürdükdən sonra zibilxananın yanında olan köhnə tikilidə gizlədib saxladığı marixuananın, avtomat silahın, darağın və patronların yerini könüllü polis əməkdaşlarına bildirmiş, daha sonra polis əməkdaşlarını həmin əraziyə aparıb tikilinin damında gizlətdiyi avtomat silahını, darağı, patronları və narkotik vasitə marixuananı götürüb təqdim etmiş, təqdim etdiyi avtomat silahı, darağı, patronları və marixuananı qablaşdırıb götürmüş, narkotik vasitə və silah onundur, əvvəllər də narkotik vasitədən istifadə etmiş, hazırda üzərində aşkar olunmuş və gizlətdiyi yerdən çıxarıb təqdim etdiyi marixuananı özü istifadə etmək məqsədilə əldə etmiş, daşımış və saxlamış, üzərində şəxsi axtarış aparılarkən və onunla bağlı digər hərəkətlər icra edilərkən polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmamışdır. Ötən müddət ərzində narkotik vasitə marixuanadan istifadə etmiş, digər növ narkotik vasitələrdən istifadə etməmiş, istifadə etmək üçün marixuananı ayrı-ayrı vaxtlarda Lənkəran şəhərində tanımadığı bir neçə nəfər şəxslərdən müxitəlif qiymətlərə əldə etmiş, əldə etdiyi narkotik vasitədən hər hansı bir şəxsə heç vaxt satmamış, narokotik vasitədən istifadə etməsini ailə üzvləri və onunla ünsiyyətdə olan şəxslər bilməmişlər. Polis əməkdaşlarına təqdim etdiyi avtomat silahı,darağ və patronları Lerik şəhər zibilxanasında görüb götürüb gizlətməklə saxlamış, həmin silahı satmaq fikri olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2022-ci ildən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla hər hansı bir unsiyyəti, ziddiyyəti və düşmənçiliyi olmamışdır. Lerik şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri daşımasında, istifadəsində və odlu silahı saxlamasında şübhəli olması barədə 10 yanvar 2024-cü il tarixdə ona məlumat daxil olmuş, məluatı dərhal yoxlamaq məqsədi ilə Lerik RPŞ-nin rəhbərliyinə müvafiq raportla məruzə etmiş və Təqsirləndirilən şəxs müşahidəyə alınması üçün təxirəsalınmaz əməliyyət-axtarış tədbirlərinin keçirilməsinə dair qəbul etdiyi qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunaraq müvafiq əmrə əsasən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, polis nəfərləri Şahid4 və Şahid3 ibarət qrup yaradılaraq Təqsirləndirilən şəxs müşahidəyə almaq üçün tədbirlər keçirtmiş, müşahidəyə aldıqları Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Lerik şəhər avtovağzal ərazisində olduğu zaman Şahid2, Şahid4 və Şahid3la birlikdə onu saxlayıb narkotik vasitələrdən istifadə və daşımasında, həmçinin odlu silah saxlamasına əsaslı şübhələr olduğuna görə onu Lerik RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz bildirmədən onlarla Lerik RPŞ-nə gəlmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət etmiş, əməliyyat-axtarış qrupun tərkibində iştirak edən təhqiqatçı dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibində 03 ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 03 ədəd bükümdə kütlə marixuana olduğunu bildirmiş, Lerik şəhərin ərazisində zibilxananın yaxınlığında köhnə tikilinin damında 01 ədəd avtomat silahı və narkotik vasitə saxladığını bildirmiş, əməliyyat-axtarış tədbirlərin davamı olaraq yuxarıda göstərdiyi tərkibdə Təqsirləndirilən şəxs dediyi və təqdim etdiyi əraziyə getmişlər. Təqsirləndirilən şəxs onları Lerik şəhərindən Hıramo kəndinə gedən maşın yolun kənarında, sağ tərəfdə zibilxanaya bitişik ərazidə yerləşən köhnə, istifadə olunmayan tikilinin qarşısına apararaq , avtomat silahı və narkotik vasitənin həmin tikilinin damında olduğunu və orada gizlətdiyini bildirərək tiklinin damına daxil olmuş, daha sonra özü daxil olmuş, Təqsirləndirilən şəxs həmin tiklinin damında gizlətdiyi 01 ədəd qara rəngdə sellofan torba və ağ rəngdə kisə götürüb təqdim etmiş, qara rəngdə sellofan torbaya və ağ rəngdə kisəyə baxış keçirilmişdir. Baxış zamanı qara rəngdə selofan torbada ağ şəffaf sellofana bükülmüş vəziyyətdə narkotik vasitəyə oxşar quru halda kütlə və ağ rəngdə kisədə digər boz rəngdə sellofana bükülmüş vəziyyətdə 01 ədəd avtomat silahı, 01 ədəd darağ və darağın içində 17 ədəd patron aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomat silahını və patronları həmin zibillikdə taparaq orada olan tikilidə gizlətdiyini, narkotik vasitəni isə özü istifadə etmək üçün son vaxtlarda Lənkəran şəhərində tanımadığı şəxsdən alıb bir hissəsini üzərində saxladığını, bir hisəssini gələcəkdə istifadə etmək məqsədi ilə tez-tez gəldiyi zibilxanananın yaxınlığındakı həmin tikilinin damında gizlədərək saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib istifadə etməsi barədə ona məlumat daxil olduğuna görə dərhal onu nəzarətə götürmüş, onun hansı mənbədən narkotik vasitəni və avtomat silahını əldə etməsi barədə məlumat əldə edə bilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni satması barədə məlumat əldə edə bilməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 digər Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Şəxsi axtarış keçirilməsi haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibində daşıdığı 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,39 qr, 0,41 qr və 0,36 qram olan narkotik vasitəyə oxşar kütləni təqdim edərək bildirmişdir ki, Lerik şəhər zibilxanasının yaxınlığında köhnə tikilinin damında 01 ədəd avtomat silahı və narkotik vasitə saxlayır. Üzərindən götürülmüş 03 ədəd bükümdə olan kütlələr qablaşdıralaraq götürlmüşdür. Baxış keçirilməsi haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki,, əməliyat-axtarış tədbirləri davamı olaraq 10 yanvar 2024-cü il tarixdə saat 15:00-dan saat 15:38-dək Lerik şəhər zibilxanasının yaxınlığında olan köhnə tikiliyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı tikilinin damında 01 ədəd sellofanda narkotik vasitəyə oxşar 39,40 qram çəkidə kütlə, 01 ədəd avtomat silahı, 01 ədəd daraq və 17 ədəd patron aşkar edilərək götürülüb qablaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza mərkəzinin X4 11 yanvar 2024-cü il tarixli, 19/22 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:0,260 qr; 0,286 qr; 0,228 qram –ümumitəmiz çəkisi: 0,774 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və komponent tərkiblərinə görə birbirilərilə eynidirlər. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs təqdim etdiyi tikilidən götürülmüş 01 ədəd sellofan torbada, 1 ədəd bükülüdə təmizçəkisi 34,484 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd bükümdə və təqdim etdiyi tikilidən götürülmüş 01 ədəd sellofanda, ümumilikdə 4 ədəd olmaqla ümumi təmiz çəkisi 35,258 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: marixuananın ümumi təmiz çəkisi 35,258 qram, cəmi tədqiqata sərf olundu-0,2 qr (hər.ob-o,5qr), qalıq 35,058 qramdır. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 11 yanvar 2024-cü il tarixli, 24/62 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı AK74 modelli avtomatdır, odlu yivli silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələri və mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidaraqdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 17 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümünələri DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 17 ədəd 5.45x39 mm kalibrli patronlardan 03 ədəd eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X6 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 11 yanvar 2024-cü il tarixli, 23 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməlləri törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndində göstərilmişdir ki, döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar. Təqsirləndirilən şəxs məhkəmədə narkotik vasitə və silahın və hissələrinin ona aid olmaması barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 228.1-ci maddələri ilə 10 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi Lerik RPŞ-in MSY-də saxlanılmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında Lerik rayon Məhkəməsinin 11 yanvar 2024cü il tarixli 4(048)-01/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən saat 12:40-dan hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görüünr ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 35.258 qram qurudulmuş maruxuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi rəngdə kağız paketdə qablaşdırlmış 35.058 qram qurudulmuş marixuana və 01 ədəd «Kalaşnikov» konstruksiyalı AK74 modelli avtomat, 01 ədəd avtomat silahın darağı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 14 ədəd patronlar maddi sübut kimi tanınaraq saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik şəhər ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016 və 2019-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik şəhər ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin xx.xx.2015-ci iltarixli hökmu ilə Azərbaycan RespublikasıCM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Bundan başqa, Lerik rayon məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmu ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə 11 ay 08 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ağ ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixli hökmlə təyin edilmiş cəzadan xx.xx.2022-ci il tarixli qərarla çəkilməmiş hissəsində şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan hazırki cinayət əməlini törətdiyi günədək iki il müddət keçmədiyinə görə CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsiə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətlərin sadə residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmadır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə Lerik RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınmış ümumi təmiz çəkisi ümumi təmiz çəkisi 35.258 qram qurudulmuş maruxuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi rəngdə kağız paketdə qablaşdırlmış 35.058 qram qurudulmuş marixuana məhv edilməli, cinayət işi üzrə maddi sübut olan- Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd «Kalaşnikov» konstruksiyalı AK74 modelli avtomat, 01 ədəd avtomat silahın darağı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 14 ədəd patronlar CM-nin 99-1.1.1-ci maddəsinə əsasən müsadirə edilsin və DİN-in Təchizat İdarəsinin silah anbarına təhvil verilməli, iş üzrə ekspertiza xərci olan 60 (altımış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 354, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,058 qram qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan - Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd AK74 modelli, Kalaşnikov konstruksiyalı avtomat silahı, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi hesab olunan 01 ədəd darağı və ekspertiza tədqiqatından sonra qalıq qalmış, döyüş sursatı hesab olunan 14 ədəd patronlar müsadirə edilsin və Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin Silah- Sursat anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-32/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-32/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver