Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-39/2024 27.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Xüsusi X1 , Xüsusi ittiham qaydasında şikayət olunan şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası CM-nin 147,148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 və X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X6 və X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası CM-nin 147,148 və 148-1-ci maddələri ilə məsuliyyətə cəlb etməklə cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X7 məhkəmə hazırlıq iclası zamanı şikayətini müdafiə edərək göstərdi ki, Vaqif Əliyev yaşadıqları Lerik rayonu ərazisində günlərini, güzəranlarını qara edərək həyatlarını zindana çevirmişdir. Belə ki, o hər gün yaşadıqları əraziyə gələrək, səs küy salaraq, qışqıraraq, onların ünvanına söyüşlər, təhqirlər yağdırmağa başlayır, ünvanlarına yalan həqiqətə uyğun olmayan sözlər deyərək onlara şər və böhtan atmaqdadır. Eyni zamanda Vaqif Əliyev internet informasiya ehtiyatlarında, sosial şəbəkələrdə,Tik-Tok, İnstoqram, Facebook sosial şəbəkələrində onların barələrində nalayıq sözlər işlədərək, təhqir edir. Rüsvayedici məlumatlar yayaraq onların şərəf və ləyaqətini alçaldır. Ona görə də məhkəmədən X4 Azərbaycan Respublikası Cinayət 147,148 və 148-1-ci maddələri ilə məsuliyyətə cəlb etməklə onun cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclası zamanı xüsusi ittiham qaydasında şikayət olunan şəxs X8 izahatında göstərdi ki, X6 və X5 təhqir etməmişdir. Hesab edir ki, o heç bir cinayət əməli törətməmiş və heç kimin şərəf və ləyaqətinə xələl gətirməmişdir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittihamçını və xüsusi ittiham qaydasında şikayət olunan şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilən şikayəti öyrənib belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. Həmin Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət məsuliyyətini yaradır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 saylı qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddələrinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən şikayətdə-şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, X3 əməlində Azərbaycan Respublikasının CM-in 147,148 və 148-1-ci maddələrinin tərkibi olmamaqla X6 və X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinin tələblərinə uyğun deyildir. Qeyd olunan Məcəllənin 302.2.3-cü maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq və qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışının keçirilməsindən və X6 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.1.6, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 və X2 X8 haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147,148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-39/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-39/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver