Məhkəmə qərarları › İş №1(048)-44/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-44/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-44/2024 12.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə Lerik Rayon Məhkəməsinə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə təqsirli bilinərək onun cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 22 fevral 2024-cü il tarixdə Lerik Rayon Prokurorluğuna yazdığı ərizədə onun direktor olduğu Lerik rayon Mastail kənd tam orta məktəbində dövlət vəsaitləri hesabına məktəbə ayrılan ləvazimatları mənimsədiyi barədə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymışdır. X7 prokurorluğa verdiyi şikayət ərizəsində və izahatında göstərmişdir ki, o məktəbə ayrılan ləvazimatların mənimsənilməsi barədə konkret olaraq heç nəyə şahidlik etməmişdir, sadəcə olaraq adlarını xatırlamadığı şəxslərdən eşitmişdir ki, o məktəbə ayrılan ləvazimatları mənimsəmişdir. Prokurorluq tərəfindən aparılan araşdırmalar zamanı onun məktəbə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi faktı öz təsdiqini tapmamışdır. X3 şikayət ərizəsi əsasında izahatları alınan məktəbdə təsərrüfat müdiri vəzifəsində işləyən X5, xadimə işləyən X8 və X6 göstərilən faktların yalan və böhtan olduğunu bildirmişlər. Lerik Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan X7 ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verməmişdir. X7 həmin şikayət ərizəsi əsasında verdiyi izahatında həmin məktəbə ayrılan dövlət vəsaitini mənimsədiyi barədə məlumatları xatırlamadığı şəxslərdən eşitdiyinə dair gətirdiyi dəlillər sübut olunmadığı halda özünü müdafiə xarakteri daşımaqla cinayət qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyətdən yayınmaq məqsədi daşıyır. X7 onu Azərbaycan Respublikasının CM-nin 179 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməyi barədə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, işgüzar fəaliyyətinə zərər gətirən və onu nüfuzdan salan məlumatları yaymaqla ağır cinayətdə ittiham etmişdir. O, 2010-cu ildən məktəb direktoru vəzifəsində işləyir, işlədiyi müddət ərzində üzərinə düşən vəzifə səlahiyyətlərinin məsuliyyətini dərk etməklə, daşıdığı vəzifənin vicdanla yerinə yetirilməsinə çalışmışdır. Məktəbdə təhsilin, təlim-tərbiyə işlərinin, müəllim və şagird kollektivinin müvəffəqiyyətlərinin artırılması üçün əlindən gələni əsirgəməmişdir. Məktəbin ümumi müvəffəqiyyət faizinin əldə olunmasına, qabaqcıl təhsil və tədris işlərinin yüksəlməsinə çalışmışdır. O, ailə başçısıdır, öz namuslu əməyi ilə, qazancı ilə dolanmışdır. İstər məktəbdə, istərsə də məktəbdənkənar öz şərəf və ləyaqətini qorumağa, ətrafında olan hər bir şəxsə hörmətlə yanaşmağa çalışmışdır. Şəhriyar Kərimov onun şərəf və ləyaqətini ləkələyən, yalan olduğunu bilə-bilə, qərəzli olaraq, qəsdən işgüzar fəaliyyətinə və onu nüfuzdan salan məlumatları yaymaqla onun barəsində istər cəmiyyət arasında, istərsə də yuxarı orqanlarda mənfi fikir yaratmışdır. Beləliklə, barəsində şikayət verilən şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulsan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun ifadə verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməməsini xahiş etdi və verilmiş suallara cavab olaraq X4 barəsində şikayətin hansısa kütləvi informasiya vasitəsində, internetdə, televizorda yayılmadığını, sadəcə Lerik Rayon Prokurorluğuna şikayət etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, Lerik rayonu, Mastail kənd sakini X1 rayon prokurorluğuna müraciət edərək Lerik rayonu, Mastail kənd tam orta məktəbinin direktoru Avdıl Ramazanov onun həyat yoldaşı Arzu Kərimovaya işləməyə icazə vermədiyini və məktəbə ayrılan təmizlik ləvazimatlarını mənimsəməsini bildirmişdir. Araşdırma zamanı cinayət hadisəsi olmadığına görə toplanmış 10C-24 saylı araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində böhtan xarakterli məlumatların orqana (Lerik Rayon Prokurorluğuna) ünvanlanmış ərizə və şikayətdə əks olunması qeyd edilmişdir. Lakin, nəzərə almaq lazımdır ki, böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi şəklində yayılması sayılmır və belə olan hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Əgər böhtan və təhqir xarakterli məlumatlar kütləvi şəkildə yayılmış olsa idi həmin məlumatlar qeyrimüəyyən şəxslər dairəsi üçün açıq olardı və burada kütləvilik əlaməti də mövcud olardı. Göründüyü kimi şikayət ərizəsində istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. - Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. - Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. - Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar