Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-45/2024 13.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Lerik rayonu, Mastail kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Lerik şəhəri, Nizami küçəsi, ev 75, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Lerik şəhəri, Nizami küçəsində yerləşən “Fərid” kafesinə gələrək Lerik şəhər sakini Zərərçəkmiş şəxs və digər tanışları ilə bir stola əyləşib yemək yeyərkən qolu Zərərçəkmiş şəxs əlində olan telefon cihazına toxunmuş, telefon cihazı stolun üzərinə düşdükdən sonra sonuncu stoldan durub getmək istəyərkən Təqsirləndirilən şəxs ondan getməməsini tələb etdiyinə görə heç bir səbəb olmadan aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs ünvanına uca səslə söyüşlər söyərək onunla əlbəyaxa olub ona qarşı fiziki zor tətbiq edərək qəsdən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona üst dodaq nahiyəsində əzilmiş yara, boyun nahiyəsində qançır, hər iki diz qapağı nahiyələrində sıyrıqla nəticələnən və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onunla arasında şəxsi münasibətlər zəmnində narazılığı yoxdur. 14 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Lerik şəhəri Şeytantəpə adlanan əraziyə getmişdir. Orada bir qədər tək qaldıqdan sonra Nizami küçəsində yerləşən “Fərid” kafesinə tək getmiş, kafeyə daxil olduqda Elmar, Novruz və Şəhriyarın bir masa arxasında əyləşib yemək yediyini görmüşdür. O, mətbəxə daxil olub, özü üçün çay dəmləyib onlardan ayrı masada əyləşmişdir. Həmin vaxt Elmar telefonunda mahnı oxudub, yüksək tonla musiqiyə qulaq asmış, o Elmara “mahnın səsini al, başım ağrıyır” demişdir. Elmar mahnının səsini almadığı üçün masası yaxın olduğu üçün onunla ayaqüstə əlbəyaxa olmuşlar. Onları Şəhriyar və Novruz ayırmışdır. O, oradan çıxb evə getmiş, həmin şəxslərlə bir masa arxasında əyləşəməmişdir, yemək yeməmişdir spirtli içki qəbul etməmişdir. Elmar ilə kafedə əlbəyaxa olsalar da, onu döyməmiş, ona heç bir xəsarət yetirməmiş və təhqir etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 aprel 2024-cü il tarixdə, saat təxminən 17 radələrində Lerik şəhəri, Şeytantəpə adlanan ərazidə yerləşən tanışı Şəhriyarın icarə əsasında işlətdiyi “dönərxana” kimi fəaliyyət göstərən obyektə getmiş, Şəhriyar ilə görüşüb masa arxasında tək əyləşmişdir. Evə getmək üçün taksi gözləmiş, həmin vaxt Şəhriyar ona “Fərid” kafesində uşaqların çay içdiyini, onlarla gedib domino oynamaqlarını təklif etmiş, o ilk öncə yorulduğunu və evə getmək istədiyini demiş, Şəhriyar təkrar xahiş etdiyi üçün “Fərid” kafesinə onunla birlikdə getmişdir. Çayxanaya girərkən Təqsirləndirilən şəxs və Şahid1 bir masa arxasında əyləşib yemək yediklərini görmüş, Şəhriyar onlarla birlikdə qonaq kimi oturmağı təklif etmişdir. O və Şəhriyar həmin masa arxasında Afiq və Novruz ilə birlikdə əyləşmişlər. Təxminən 30 dəqiqə onlarla birlikdə oturub yemək yemişlər, onlar spirtli içki qəbul etdiyi üçün təkliflə o, da 100 qram spirtli içki qəbul etmişdir. Telefonuna mesaj gəldiyi üçün telefonu masanın üzərində götürüb baxmaq istəyərkən Afiq telefona əli ilə toxunmuş və telefon masanın üzərinə düşmüşdür. Şəhriyar ona “gəl gedək” demişdir. O, oturduğu yerdən durub getmək istəyərkən Afiq onun qolundan tutmuş və oturmağını tələb etmişdir. O, getmək istədiyini demiş və buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Afiq onu nalayiq sözlərlə təhqir etmiş, ilk öncə sağ yumruğu ilə bir dəfə onun ağız nahiyəsinə zərbə endirmiş, zərbə nəticəsində yerə yıxılmış, bu zaman Afiq onun baş, boyun, sifət və ayaqlarına bir neçə dəfə təpik və yumruqla zərbə vurmuşdur. Şəhriyar və Novruz onları ayırarkən ayaqüstə Afiq təpiklə onun ayaq nahiyələrinə vurmuşdur. Şəhriyar və Novruz onu Afiqin əlindən almış, daha sonra kafenin qarşısına çıxmışdır. Afiq yenidən onun üzərinə hücum çəkmiş, gödəkçədən əlləri ilə tutmuş, yerdən stolu götürüb onu vurarkən stulu əli ilə tutmuşdur. O, oradan qaçaraq Gürşadın dükanının qarşına gəlmişdir. Gürşad adını bilmədiyi şəxsin idarə etdiyi avtomobilə saxla işarəsi vermiş, avtomobil dayanmış, o avtomobilə əyləşmiş, həmin şəxs onu evə aparan zaman Novruz avtomobilin qarşısına keçib avtomobilin sürücüsünə saxlaması barədə işarə vermiş, avtomobil dayanmış, Novruz ona avtomobildən düşməyini və onunla danışmasını tələb etmişdir. O evə getmək istədiyini demiş, sürücü avtomobili sürmüş və onlar oradan uzalaşmışlar. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Lerik şəhəri, Nizami küçəsində yerləşən “Fərid” kafesinə gedərək həmin kafeni icarə əsasında işlədən Novruz ilə bir masa arxasında əyləşib yemək yemişlər. O, Nizami küçəsində icarə əsasında işlətdiyi dönərxanaya qayıtmış, təxminən 10-15 dəqiqə sonra Elmar onun yanına gəlmişdir. Elmara “Fərid” kafesində Novruz ilə çörək yediyini, gedib birgə oturmalarını demiş, Elmar ilk öncə gəlmək istəməsə də, daha sonra onunla birlikdə ora getmək qərarına gəlmişdir. Elmar ilə birlikdə kafeyə daxil olub Novruz ilə bir masa arxasında əyləşmişlər. Yemək yeyib bir az spirtli içki qəbul etmişlər. Həmin vaxt Afiq də kafedə ayrıca masada tək əyləşmişdir. Təxminən 10 dəqiqə sonra Novruz Afiqi masaya dəvət edərək yemək yeməyi təklif etmiş, Afiq onların əyləşdiyi masada arxasında oturmuşdur. Afiq ilə təxminən 10 dəqiqə bir masa arxasında əyləşmişlər. Afiq ilə Elmar söhbət əsnasında mübahisə etmişlər. Mübahisə zamanı Afiq Elmar əlbəyaxa olmuşlar, Afiq Elmarı yumruqla döymüşdür. Novruz ilə o həmin şəxsləri ayırmışlar. Daha sonra o oradan çıxaraq dönərxanaya getmişdir. Həmin vaxt orada onlardan başqa hər hansı bir şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Lerik şəhəri, Nizami küçəsində yerləşən icarə əsasında işlətdiyi “Fərid” kafesində tək masa arxasında əyləşmiş, bu vaxt tanışı Şəhriyar ilə Elmar kafeyə gəlmişlər, onunla birlikdə bir masada əyləşərək spirtli içki qəbul edib, yemək yemişlər. Həmin vaxt Afiq ora gəlmiş, ondan çay verməyini xahiş etmiş, o yorğun olduğu üçün çayı özü dəmləsini və içməsini xahiş etmişdir. Afiq mətbəxə keçib özü üçün çay düzəltmiş və ona yaxın masada tək əyləşmişdir. Həmin vaxt Afiqlə Elmar arasında sonuncunun telefonda mahnıya yüksək səslə qulaq asdığı üçün mübahisə baş vermiş, Afiq Elmardan mahnının səsini aşağı salmasını tələb etmiş, mübahisə zamanı əlbəyaxa olmuş, o Şəhriyarla birlikdə həmin şəxsləri ayırmış, daha sonra çıxıb evlərinə getmişlər. Elmar evinə gedərkən Lerik şəhəri, Şeytantəpə adlanan ərazidə Elmarın adını bilmədiyi şəxsin idarə etdiyi avtomobildə əyləşdiyini görmüş və ondan avtomobildən düşməsini bu barədə söhbət etməyini xahiş etmiş, Elmar ona məhəl qoymayaraq çıxıb getmişdir. Cinayət işi materiallarında olan 15 may 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 aprel 2024-cü il tarixli, 24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - üst dodaq nahiyəsində əzilmiş yara, boyun nahiyəsində qançır, hər iki diz qapağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi materiallarında olan 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 06 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 02 il sınaq müddəti müəyyən edilmiş xx.xx.2021-ci il tarixdə şərti cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 02 il sınaq müddəti təyin edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Cinayət işi materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin 03 iyul 2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 02 il sınaq müddəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 02 il sınaq müddətini xx.xx.2021-ci ildə tam çəkib qurtarmışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs düzgün olmayaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsi, onun əməlinin həmin Məcəllənin 128-ci maddəsinin təsir dairəsinə düşdüyü ilə bağlı bildirdiklərini əsaslı hesab etmir. Cinayət qanunveriliciyinə əsasən xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır, ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir, üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə nəzər yetirdikdə görünür ki, birincisi, onun hərəkətləri ictimai qaydanı kobud surətdə pozmuş, ikincisi, onun hərəkətləri cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və üçüncüsü onun hərəkətləri zor tətbiq olunması ilə müşayiət edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin hər üç əlaməti mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 2 ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-45/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-45/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver