Məhkəmə qərarları › İş №1(048)-47/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-47/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-47/2024 10.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Lerik rayonunun Mastail kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Mastail kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə, saat 09 radələrində Lerik rayonunun Mastail kəndində yaşadıqları evin həyətində həyat yoldaşı X4 ilə aralarında yaranmış ailədaxili münasibətlər zəmnində mübahisə edərək dalaşmış, dalaşma zamanı həyat yoldaşı X2 bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə vuraraq ona alın nahiyəsindəki yumşaq toxumaların əzilməsi - hematoması, boyun, sol əlin İV barmağı nahiyələrində qançırla nəticələnən və dərcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Lerik rayonunun Mastail kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs həyat yoldaşı, Şahid1 isə qaynanasıdır. O, 2019-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 2 azyaşlı övladı vardır. Əvvəllər Zərərçəkmiş şəxs ilə arasında ailədaxili münasibətlər zəmnində mübahisələri olmamışdır. 2024-cü ilin aprel ayının ortalarında işləmək məqsədilə Bakı şəhərinə getmiş, işdən evə gəlmiş, əvvəllər Zərərçəkmiş şəxs istifadəsində olan “Samsung A21” markalı mobil telefonu onda olduğundan əsas səhifədə olan instagram tətbiqinə daxil olub mesajlar bölməsinə baxdıqda Kamran ilə mesajlaşmasını və Solmazın 02 ədəd öz fotoşəkilinin ona göndərilməsini görmüşdür. Dərhal anası Bahara zəng edərək telefonu Solmaza verməsini və onunla danışmaq istədiyini demiş, Solmazdan Kamranla niyə danışmasını soruşmuş, Solmaz cavabında Kamran ilə sosial şəbəkədə danışmadığını və ümumiyyətlə sosial şəbəkə hesabının olmadığını demişdir. O, telefonu söndürmüş, təkrar instagram sosial şəbəkəsində yazışmalarını “screen” edib vatsapda ona atmış, Solmaz yenə də Kamranla danışmadığını demişdir. O, bu barədə daha sonra atası Elmurada demiş, Elmurad da zəng edib Solmazın atası Şıxəliyə demişdir. O, bir gün sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan qaynatası Şıxəlinin evinə getmiş, ailəsinə Solmazın etdiyi əməllər barədə məlumat vermiş, Şıxəli də ona “bu barədə araşdırıb, sənə məlumat verəcəm” demişdir. Qaynatası Şıxəli 21 may 2024-cü il tarixdə Lerik rayonunun Mastail kəndinə gedərək Solmazlə birlikdə Lerik şəhərinə, daha sonra Bakı şəhərinə getmiş, azyaşlı uşaqları isə evdə valideynləri ilə qalmışdır. O, 24 may 2024-cü il tarixdə Mastail kəndinə qayıtmış, 25 may 2024-cü il tarixdə, saat 09 radələrində Lerik rayonunun Mastail kəndində yaşadığı evdə olarkən həyətdə səs-küy eşitmişdir. Həyətə düşdükdə Solmaz ilə qaynanası Narıngülü görmüş, Solmaz ondan uşaqları verməsini tələb etmiş, uşaqlar evdən çölə çıxmış, Solmaz azyaşlı oğlunu qucağına götürmüş, uşaq ağlamış, Solmazdan uşağı yerə qoymasını tələb etmiş, Solmazdan uşağı alıb yerə qoymuş, anası Bahar uşaqları götürüb evə aparmışdır. O, Solmaz və qaynanasından həyətdən çıxmalarını tələb etmiş, Bahar və nənəsi Dodobacı həyətə düşmüş, o pilləkənin üstündə əyləşmişdir. Bahar ilə Narıngül və Solmaz arasında mübahisə yaranmış, mübahisə zamanı onları uzaqlaşdırıb həyətdən çıxartmışdır. Həmin an Solmaz və Narıngül ilə Bahar və Dodoabacı arasında mübahisə olmuşdur. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, azyaşlı uşaqları Solmazgil ilə getmişdir. Həmin vaxt o nə, Solmaza, nə də ki, qaynanası Narıngülə xəsarət yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, 2019-cu ildə Elvin ilə ailə həyatı qurmuş, birgə nikahdan 2 azyaşlı uşaqları vardır. Əvvəllər Elvin ilə arasında ailədaxili münasibətlər zəmnində bir neçə dəfə mübahisə olmuş. sonuncu dəfə isə 21 may 2024-cü il tarixdə, səhər saatlarında Lerik rayonunun Mastail kəndində yaşadığı evdə olarkən Elvin ilə arasında telefon danışığı zamanı ailədaxili münasibətlər zəmnində mübahisələri olmuşdur. Elvin telefon danışığı zamanı ona “kəndə gəlib səni öldürəcəm” demiş, o isə cavabında heç bir fikir bildirməmiş, telefonu əlindən qaynanası Şahid2 almışdır. X5 atası Şıxəli Şərifova zəng edərək evdə mübahisə olmaması üçün onu gəlib aparmasını tələb etmiş, atası Şıxəli həmin gün, günortadan sonra Mastail kəndinə gələrək onu Bakı şəhərinə aparmış, azyaşlı uşaqları isə Mastail kəndində qalmışdır. 25 may 2024-cü il tarixdə, səhər saatlarında anası Şahid1 ilə birlikdə Lerik rayonunun Mastail kəndində həyat yoldaşı Elvinin yaşadığı evə gedərək 2 azyaşlı uşağının ona verilməsini xahiş etmişdir. Azyaşlı uşaqları onu görüb yanına gəlmiş, həyat yoldaşı Elvin bunu görüb uşaqları ona verməyəcəyini bildirmiş, üzərinə hücum çəkərək yumruq və təpiklə onun alın, əl, bel və boyun nahiyələrinə zərbə vurması nəticəsində həmin nahiyələrdə ona xəsarət yetirmiş, daha sonra anası Şahid1 üzərinə hücum edib yumruq və təpiklə ona xəsarət yetirmişdir. Ailə üzvləri Elvini onlardan ayırmışdır. O, bu barədə dərhal DİN-nin 102 xidmtinə məlumat vermiş, Elvin barəsində tədbir görülməsini xahiş etmişdir. Ona Təqsirləndirilən şəxs yumruq və təpiklə xəsarət yetirmiş, Elvin onu döyərkən orada qaynanası Bahar, həmçinin Telnaz və Dodobacı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək məhkəmədən onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkəni, Zərərçəkmiş şəxs isə qızıdır. Solmaz ilə Elvin 2019-cu ildə ailə həyatı qurmuş, birgə nikahdan 2 azyaşlı uşağı vardır. Əvvəllər Elvin ilə Solmaz arasında bir neçə dəfə ailədaxili münasibətlər zəmnində mübahisələri olmuşdur. Belə ki, 21 may 2024-cü il tarixdə Elvinin atası onun həyat yoldaşı Şıxəliyə zəng edərək kəndə gəlib Solmazı aparmasını xahiş etmiş, Şıxəli həmin gün Lerik rayonunun Mastail kəndinə gedib Solmazı götürüb ilk öncə Lerik şəhərinə, daha sonra isə 22 may 2024-cü il tarixdə Bakı şəhərinə yaşadığı evə getirmişdir. Solmazın iki azyaşlı övladı Mastail kəndində Elvingil ilə birlikdə qalmış, Solmaz ona uşaqlarsız qala bilməyəcəyini demişdir. Bundan sonra o, 25 may 2024-cü il tarixdə, səhər saatlarında Solmaz ilə birlikdə Lerik rayonunun Mastail kəndində kürəkəni Elvinin yaşadığı evə gedib 2 azyaşlı uşağı onlara vermələrini xahiş etmişlər. Azyaşlı uşaqlar Solmazı görüb yanına gəlmiş, Elvin bunu görüb uşaqları Solmaza verməyəcəyini demişdir. Bundan sonra o, Solmazın üzərinə hücum çəkərək yumruq və təpiklə Solmazın alın, əl, bel və boyun nahiyələrinə zərbə vurması nəticəsində həmin nahiyələrdə ona xəsarət yetirmiş, daha sonra onun üzərinə hücum edib yumruq və təpiklə ona xəsarət yetirmişdir. Ailə üzvləri Elvini ondan ayırmışdır. Solmaz bu barədə dərhal DİN-nin 102 xidmtinə məumat vermiş, Elvin barəsində tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yumruq və təpiklə ona da xəsarət yetirmiş, Elvin onu döyərkən orada Bahar, Solmaz, həmçinin Telnaz və Dodobacı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2ı qızı ifadəsində göstərmişdir ki, Lerik rayonunun Mastail kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs gəlini, Əzizova X3 anası, Təqsirləndirilən şəxs isə oğludur. Elvin Solmaz il 2019-cu ildə ailə həyatı qurmuş, birgə nikahdan 2 azyaşlı övladı vardır. Əvvəllər Solmaz ilə Elvin arasında ailədaxili münasibətlər zəmnində mübahisə baş verməmişdir. Elvin 2024cü ilin aprel ayının ortalarında işləmək məqsədilə Bakı şəhərinə getmişdir. 2024-cü ilin may ayının ortalarında Lerik rayonunun Mastail kəndində yaşadığı evdə olarkən Elvin ona zəng edərək həyat yoldaşı Solmaz ilə telefonda danışmaq istədiyini bildirmiş, ama ona heç nə deməmişdir. Elvinlə Solmaz telefon danışığı zamanı mübahisə etmiş, mübahisə zamanı Elvindən Solmaz ilə niyə mübahisə etdiyini soruşmuş, Elvin ona vatsap sosial şəbəkəsində mesaj və şəkil atmış, o gözü yaxşı görmədiyi üçün Solmazdan oxumasını istəmiş, Solmaz isə mesajı oxumamış və heç bir şeyin olmadığını demişdir. Elvin bu barədə ona demiş, Elvin isə ona Solmazın telefonda Kamran ilə mesajlaşdığını bildirmişdir. Bundan sonra 21 may 2024-cü il tarixdə Solmazın atası Şıxəli Lerik rayonunun Mastail kəndinə yaşadıqları evə gələrək Solmaz ilə birlikdə Lerik şəhərinə, daha sonra Bakı şəhərinə getmişlər, azyaşlı uşaqları evdə onlarla qalmışdır. Elvin 24 may 2024-cü il tarixdə Mastail kəndinə qayıtmış, 25 may 2024-cü il tarixdə, saat 09 radələrində Lerik rayonunun Mastail kəndində yaşadığı evdə olarkən həyətdə səs-küy eşitmişlər. Elvin həyətə düşdükdə Solmaz ilə Narıngülü görmüşlər, Solmaz ondan uşaqları verməsini tələb etmiş, uşaqlar evdən çölə çıxmış, Solmaz azyaşlı Ağayarı qucağına götürmüş, uşaq ağlamış, Elvin Solmazdan uşağı yerə qoymasını tələb etmiş, Solmazdan uşağı alıb yerə qoymuş, o uşaqları evə aparmışdır. Elvin onlardan həyətdən çıxmasını tələb etmişdir. O və qaynanası Dodobacı həyətə düşmüş, Elvin pilləkəndə əyləşmişdir. Onunla Narıngül və Solmaz arasında mübahisə yaranmış, Elvin Solmaz ilə Narıngülü döyməmiş, sadəcə onları uzaqlaşdırıb həyətdən çıxartmışdır. Nə o onlara xəsarət yetirmiş, nə də ki, həmin şəxslər ona xəsarət yetirmişdir. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2ı qızının göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi materiallarında olan Lənkəran MTE və PA şöbəsinin 25 may 2024-cü il tarixli, 31 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alın nahiyəsindəki yumşaq toxumaların əzilməsi - hematoması, boyun, sol əlin İV barmağı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində gösərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarında olan 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarında olan 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin hadisə zamanı zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini bildirməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilməli, cəzanın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilsin. Cəzanın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar