Məhkəmə qərarları › İş №1(048)-49/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-49/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-49/2023 04.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:40 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1964-cü ildə Lənkəran rayonunun Təngivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonunun Təngivan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 2023-cü ilin yanvar ayının (ilk günlərində) əvvəlində, qarlı hava şəraitində əlində meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan yaşadığı Təngivan kəndinə yaxın məsafədə yerləşən, Lerik rayonunun Piran kəndini əhatə edən, X7 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 23 a saylı meşə dolayısında yarımişlik növünə aid 01 ədəd 84 sm d-də, 4,79 kub metr həcmində fısdıq cinsindən kök üstə yaş ağacı özündə olan matorlu mişarla qanunsuz kəsib doğrayaraq meşə sahəsindən aparmaqla Dövldət meşə fonduna 1184,12 (bir min yüz səksən dörd man, on iki qəp) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, Lənkəran rayonunun Təngivan kəndində yaşayır, heç yerdə işləmir, təsərrüfatla məşğul olub ailəsini dolandırır. Yaşdığım evdə oduncaqdan yanacaq kimi istifadə edir. Buna görə də sərfəli yerlərdən odun tədarük edib istifadə edir, Şükür oğludur ailəsi ilə birlikdə ondan ayrı yaşayır. Təngivan kəndi Lerik rayonunun Piran kəndinə yaxın məsafədə olduğuna görə həmin kənd sakinlərini tanıyır, bir neçə nəfərlə qohumluğu vardır. 2022-ci ilin payız aylarında evinə odun gətirə bilməmiş, rəsmi sənədlə odun ala bilmədiyinə görə evinə odun gətirməmişdir. 2022-ci ilin dekabr ayının son günlərində ərazidə qar yağmış, oduna ehtiyacı yaranmış, 2023-cü ilin yanvar ayının əvvəlində yerdə qar olan günlərin birində günortadan sonra özündə olan matorlu mişarı götürüb Lerik rayonunun Piran kəndinə yaxın meşə sahəsinə gəlib, heç kəsdən icazə almadan dərə kənarında, maşın yoluna yaxın məsafədə, yamacda 01 ədəd fısdıq cinsindən ağacı kəsmiş, həmin ağacın gövdəsinin 4-5 metrdən sonrakı hissəsi əvvəlki illərdə sınıb yerə düşmüş və məhv olmuşdur. Həmin ağacın oduna yararlı hissələrini hissələrə bölüb, maşın yoluna yaxın dərəyə diyirlədib evinə qayıtmış, gecə saatlarında oğlu Şükürün avtomobili ilə odunu gətirmək üçün getmiş, Piran kənd sakini, qohumu Şahid4 də köməyə çağırmış, Vasif də köməyə gəlib odunu maşına yükləmişlər və evinə gətirib istifadə etmişdir. Ağacı qanunsuz kəsdiyinə görə peşmandır, qanunla ona köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, mütəxəssis rəyi, cinayət işində olan digər istintaq sənədləri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, Lənkəran şəhərində yaşamaqla X7 Təsərrüfatı Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir. Lənkəran rayonunun Təngivan kənd sakini Təqsirləndirilən şəxs əvvəllar tanımamış və onunla heç bir düşmənçiliyi olmamışdır. X7 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 23 a saylı meşə dolaysının ərazisində 01 ədəd fısdıq cinsindən ağacın 2023-cü ilin yanvar ayının ilk günlərində qanunsuz kəsilməsi barədə mərkəzin əməkdaşları tərəfindən tərtib olunmuş akt və hesablama cədvəli ona təqdim olunmuş, həmin akt əsasında aparılmış ilkin araşdırma zamanı məlum olmuşdur ki, Vizəzəmin meşəbəyliyinin 23 a saylı meşə dolayısında 2023cü ilin yanvar ayının ilk günlərində 01 ədəd fısdın cinsindən ağac Lənkəran-Lerik yolunun 23-cü km-də, yola yaxın meşə sahəsində qanunsuz kəsilib aparılmaqlda meşə fonduna xeyli miqdarda ziyan vurulmuşdur. Toplanmış material üzrə Azərbaycan Reçspublikası CM-nin 259-cu maddəsinin tərkibi yarandığına görə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Sözü gedən ağacın qanunsuz kəsilməsinə görə Dövlət meşə fonduna vurulmuş ziyanı tələb edir. Bununla bağlı tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 oğlu ifadəsində göstərdi ki, Lerik rayonunun Piran kəndində yaşamaqla 17 may 2021-ci il tarixdən hal-hazıra kimi X7 X2 meşəbəyliyini 23-a saylı meşə dolayısının gözətçisi işləyir. Mühafizə etdiyi meşə dolayısı tam olaraq Sivəkəran və Piran kəndlərini əhatə etmişdir. 05 yanvar 2023-cü il tarixdə, səhər saatlarında mühafizə etdiyi meşə sahəsini gəzdiyi zaman Lənkəran-Lerik yolunun 23-cü km-də Lerik istiqamətində yolun sağ tərəfində asfalt yoldan təxminən 100 metr yuxarıda, meşə sahəsində 01 ədəd fısdıq cinsindən ağacın gecə vaxtı qanunsuz kəsilərək işlik hissələrin emal olunub meşə sahəsindən aparılmasını aşkar etmiş, 12 yanvar 2023-cü il tarixdə yazılı məlumat yazıb mühafizə etdiyi dolayıda 01 ədəd fısdıq cinsindən ağacın kəsilməsini qeyd edib müəssisə rəhbərliyinə təqdim etmiş, 14 yanvar 2023-cü il tarixdə müəssisənin əməkdaşı Məhrəm Cəfərov meşəbəyi Amin Kazımovla həmin əraziyə gəlib mühafizə etdiyi dolayıda qanunsuz kəsilib işlik hissələrinin emal olunub meşə sahəsindən aparılmasını 05 yanvar 2023-cü il tarixdə, səhər saatlarında aşkar etdiyi 01 ədəd fısdıq cinsindən ağacın kötüyünü onlara təqdim etmiş, Məhrəm Cəfərov ağacın kötüyünə baxış keçirərək akt tərtib etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lerik rayonunun Piran kənd sakini Şahid4 qohumudur, şəxsi Mercedes markalı yük avtomobili vardır, özü istifadə edir. Lerik rayonu ərazisində yerləşən meşə sahələrində heç vaxt ağac kəsməmişdir. Heç bir təsir altında qalmadan könüllü ifadə verib bildirmişdir ki, şəxsən özü Lerik rayonu ərazisində meşə sahəsində ağaclar kəsməmiş və istifadə etməmişdir. 2023cü ilin yanvar ayının ilk günlərində axşam çağı atası ona «evdə odun olmadığına görə Piran kəndinin ərazisində yola yaxın sahədə ağac kəsib doğrayıb yola yaxın yerə gətirmişəm, gedib odunu gətirək» demiş, idarə etdiyi yük avtomobili ilə atası ilə birlikdə Piran kəndinə gedib qohu Vasifi də çağıraraq Lənkəran-Lerik yolunun 23-cü km-də yola yaxın məsafədə dərədə doğranmış odunu maşınına yükləyib atasının həyətinə gətirmişdir. Atasının ağacı harada kəsdiyini bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Cinayət işinin materiallarında olan şahid X4 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Lənkəran rayonunun Mamusta kəndində yaşamaqla X7Təsərrüfatı Mərkəzində meşələrin qorunası və mühafizəsi üzrə baş mühəndis vəzifəsində işləyir. Vizəzəmin meşəbəyliyinin 23a saylı meşə dolayısında 01 ədəd fısdıq cinsindən ağacın kəsilməsi barədə həmin dolayının gözətçisi Ramid Əskərovun 12 yanvar 2023-cü il tarixdə müəssisə rəhbərliyinə yazdığı məlumat üzrə araşdırma ona həvalə olduğuna görə 14 yanvar 2023-cü il tarixdə meşə sahəsində yoxlama aparmaq üçün gəlmiş, 23a saylı meşə dolayısının gözətçisi Ramid Əskərovla görüşüb məlumatında göstərdiyi ağacın yerini və dib kötüyünü təqdim etməsini təklif etmiş, Ramid Əskərov onu Lənkəran-Lerik yolunun 23-cü km-də olan meşə sahəsinə apararaq yoldan 100-150 metr yuxarıda, meşə sahəsində 01 ədəd fısdıq cinsindən ağacın dib kötüyünü təqdim etmiş, ,ağacın dib kötüyünə baxış keçirmiş, məlum olmuşdur ki, qanunsuz kəsilmiş ağac fısdıq cinsindən olmaqla işlik növünə aiddir, 2023-cü ilin yanvar ayının ilk günlərində qanunsuz kəsilmişdir. Ağac kəsildikdən sonra emal olunub oduncağı meşə sahəsindən aparılmışdır. Bununla bağlı akt və hesablama cədvəli tərtib edib tədbir görülməsi üçün müəssisə rəhbərliyinə təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxsu 23 iyun 2023-cü il tarixdə baxışa təqdim etdiyi ağacın dib kötüyü X7 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 23a saylı meşə dolayısında yerləşir. Həmin ağac 50 dərəcədən çox mailliyi olan yamacda kəsilmişdir. Yamacda bitən ağacların boyartımı zamanı dayanıqlı olmaq üçün kökləri yerin daha dərin qatlarına işləməklə dib hissəsi digər ağaclara nisbətən daha çox genişlənir. Həmin ağacların həcmi hesablanarkən ağac yerində yoxdursa ətrafda köküstə olan ağaclara uyğun nəzərə alınıb hesablanır. Təqsirləndirilən şəxs təqdim etdiyi ağacın dib kötüyünə yaxın demək olar ki, ağac yoxdur, meşə tam seyrəlmişdir. Bu ərazidə olan ağacların hündürlüyü 4-cü dərəcəyə uyğun gəlir, təqdim olunmuş kötüyün üzərində olan əlamətlərdən götürünür ki, yer səviyyəsində kəsilmişdir və kəsilməzdən əvvəl bir tərəfli çürük olmuşdur. Buna görə də ağacın işlik yox yarımişlik növünə aid olması tam olaraq görünür. Həmçinin ağac yer səviyyəsində kəsildyinə görə faktiki kəsik yerindən diamtrinə uyğun həcmin hesablanması məqsədəmüvafiq deyildir. Ağacın dib kötüyü girintili və çıxıntılı, həmçinin birtərəfli çürük olduğuna görə diametri 84 sm, ümumi həcmi 4,79 kub metrdir. Ağacın qanunsuz kəsilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən dövlət meşə fonduna vurulmuş ziyanın məbləği 1184,12 (bir min yüz səksən dörd) manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Şovu kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə 300 (üç yüz) manat X7 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyandan ödənilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin CM-nin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini CM-nin 59.1.3-cü maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunması və ailədə yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lənkəran rayonunun hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lənkəran rayonu Təngivan kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Amil Abdullayev tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə X7 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı Amil Abdullayev tərəfindən verilmiş mülki iddia təmin edilməli, X7 Təsərrüfatı Mərkəzinə vurulmuş və ödənilməmiş 384.12 (üç yüz səksən dörd manat, on iki qəpik) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X7 Təsərrüfatı Mərkəzinin hesabına köçürülməli, iş üzrə məhkəmə xərci və maddi sübutün olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lənkəran rayonu, Təngivan kəndində yerləşdiyi evi axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lənkəran rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran regional X3 direktoru Amil Abdullayev tərəfindən verilmiş mülki iddia təmin edilsin, dövlət meşə fonduna vurulmuş 384.12 (üç yüz səksən dörd manat, on iki qəpik)manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət meşə fondunun hesabına köçürülsün. İş üzrə maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar