Məhkəmə qərarları › İş №1(048)-49/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-49/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-49/2024 10.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Tərcüməçi – X3 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İran İslam Respublikasının Meşkin şəhəri, Rəzi rayonu, Ləngəbiz kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 05 iyun 2024-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Lerik rayonunun Orand kəndi ərazisində yerləşən 2-ci sərhəd zastavasının 1-ci sahəsinin xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən 06 iyun 2024-cü il tarixdə, saat 15 radələrində saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən saat 14 radələrində yaşadığı İran İslam Respublikasının Meşkin şəhəri, Rəzi rayonu, Ləngəbiz kəndi ərazisində çayı dadlandıran sancıgülü bitkisi yığmaq məqsədilə Azərbaycan Respublikası ilə sərhəddə yerləşən “Haçaqaya” deyilən yerə getmiş, bir qədər həmin ərazidə qeyd etdiyi bitkini topladıqdan sonra, həmin bitkidən Azərbaycan Respublikası ərazisində daha çox olduğunu görmüş, o maneə çəpərini keçərək Azərbaycan Respublikası ərazisində sancıgülü bitkisini yığmağa başlamış, bir müddət ərazidə bitki topladıqdan sonra havanın qaraldığını görmüş, İran İslam Respublikasına geri qayıtmaq qərarına gəlsə də, hava qaranlıq olduğundan azıb yolu tapa bilməmiş, yorulduğu üçün dağlıq bir ərazidə bir qədər dincəlmək məqsədilə oturmuş, bu zaman həmin yerdə yuxuya getmiş, növbəti gün yuxudan oyandıqdan sonra, yəni 06 iyun 2024-cü il tarixdə 3-4 nəfər hərbi qulluqçu ona yaxınlşamış, həmin şəxslər onun kim olduğunu, haradan gəldiyini soruşmuş, o da İran İslam Respublikası vətəndaşı olduğunu, bitki toplamaq məqsədilə Azərbaycan Respublikasına gəldiyini, azaraq geriyə qayıda bilmədiyini demiş, daha sonra hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Hazırda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının komendantı Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə bir nəfər naməlum şəxsin Lerik rayonu, Orand kəndi ərazsində müşahidə edildiyi ona məruzə edilmiş, daha sonra o, kapitan Şahid1la birlikdə xidməti avtomobilə əyləşərək həmin əraziyə doğru hərəkət etmiş, onlar ilkin axtarış tədbirləri həyata keçirdikdən sonra Orand kəndinin oba ərazisində 1 nəfər şəxsi saxlamış, həmin şəxs ilkin olaraq özünü İran İslam vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra aidiyyəti üzrə digər zəruri tədbirlər gördükdən sonra saxlanılan şəxs xidməti avtomobilə əyləşdirilərək 2-ci sərhəd zastavasına aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının SKK-nın təminat işi üzrə müavini Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 1-ci sərhəd komendantlığının komendantı Şahid2 tərəfindən ona zəng gəlmişdir. O, Lerik rayon Orand kəndi istiqamətində 1 nəfər naməlum şəxsin müşahidə edildiyini bildirmişdir. Bundan sonra o, Şahid2lə birlikdə xidməti avtomobilə əyləşərək kənd ərazisinə getmişlər və orada ilkin axtarış tədbirləri həyata keçirmişlər. Tərəflərindən Orand kəndində oba ərazisində 1 nəfər şəxsi saxlamışlar. Həmin şəxs ilkin olaraq özünü İran İsiam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Şahid2 aidiyyatı üzrə məruzə etmiş və saxlanılan şəxsi xidməti avtomobil ilə sərhəd zastavasına gətirmişlər. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissənin komandiri polkovnik Əli Əliyevin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 0606.2024-cü il tarixində saat 14:00 radələrində 1 nəfər şübhəli şəxsin olması barədə əməliyyat məlmatı daxil olmuş, həmin günü saat 15:30 radələrində Lerik rayonu, Orand kəndi ərazisində özünü İran İslam Respublikasının vətəndaşı əslən İran İslam Respublikası Rəzi rayon Ləngəbiz kəndindən olan hazırda arada yaşayan Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs sərhəd pozucusu kimi saxlanılmışdır. Cinayət işi materiallarında olan 07 iyun 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanıldığı ərazi N nömrəli hərbi hissənin Lerik rayonu, Orand kəndi ərazisində yerləşən 2-ci sərhəd zastavasının 1-ci sahəsi olmaqla dövlət sərhəd xəttindən 100 metr aralıdır. Bundan başqa, hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs mühəndis-texniki çəpərində aşkar olunmuş əzilmələrin onun tərəfindən edildiyini etiraf etmişdir. Cinayət işi materiallarında olan 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi materiallarında olan 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(009)-258/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 09 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosundan daxil olmuş məktubdan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs beynəlxalq axtarışda olması barədə “İnterpol”un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemi bazasında məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işi materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(009)-258/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhurmetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən, elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə rəsmi qaydada təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar