Məhkəmə qərarları › İş №1(048)-5/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-5/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-5/2025 05.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Lerik rayonu, Monidigah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin sentyabr ayının əvvəlində Lerik rayonunun Lüləkaran kənd sakini Zərərçəkmiş şəxs qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncunun təsərrüfatında olan doqquz baş mal-qaranı almaq məqsədilə rayonunun Lüləkaran kəndinə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə gəlmiş, 10200 manat dəyərində doqquz baş mal-qaranı alıb satdıqdan sonra pulunu verəcəyi barədə yalan vəd verərək həmin heyvanları avtomobilə yükləyib aparmış, heyvanları satdıqdan sonra əldə etdiyi 10200 manat puldan 5300 manatını Zərərçəkmiş şəxs ödədikdən sonra sonuncunun inam və etibarını qazanaraq ona həqiqətə uyğun olmayan məlumat verməklə, yəni qalan 4900 manat pulu sonrakı vaxtlarda Zərərçəkmiş şəxs verəcəyi barədə yalan vəd verib həmin məbləğdə pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə o, təkrar dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs ondan həmin ayın əvvəllərində ələ keçirdiyi 4900 manat pulu verməsini istədikdən sonra sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə inam və etibarını qazanıb həmin pulu ona səkkiz baş mal-qara tapmasını, həmin heyvanları alıb satdıqdan sonra pulunu birdəflik qaytaracağı vədi verib 8 baş qaramalı ələ keçirdərək aparıb satdıqdan sonra əldə etdiyi 8850 manat pulu şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 8850 manat miqdarında xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri, Maştağa qəsəbəsində yaşayır. O, mal-qara alqı-satqısı ilə məşğuldur, bundan başqa heç bir qazanc yeri yoxdur. Zərərçəkmiş şəxs tanıyır, əvvəllər ondan bir neçə dəfə mal-qara almış və pulunu ona vermiş, bununla bağlı aralarında heç bir ziddiyət olmamışdır. 2023-cü ilin sentyabr ayının əvvəlində Zərərçəkmiş şəxs ilə danışıb onun fərdi yaşayış evinin həyətyanı sahəsinə gedib və ondan mal-qaranı ona satmağını, əvəzində isə pulunu verəcəyini bildirmişdir. Əkrəm ona 10200 manat dəyərində təsərrüfatında olan doqquz baş mal-qaranı satıb pulunu ödəyəcəyi adı ilə almışdır. Bir neçə gün sonra o malqaranı sataraq 5300 manat pulu Əkrəmə qaytarmış, qalan 4900 manat isə verəcəyi qalmışdır. Bundan bir neçə gün sonra Əkrəm həmin pulu ondan tələb etdikdə onun üçün 8 baş mal-qaranı tapmağını, həmin mal-qaranı da sataraq pulunu birdəfəlik ödəyəcəyini bildirmiş, Əkrəm də onunla razılaşmışdır. 2023-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək satmalı mal-qaranı hazır etdiyini və gecə saat 23 radələrində gəlib almağını demişdir. Bununla bağlı o, həmin gün gecə saat 23 radələrində taksi kimi fəaliyyət göstərən şəxsin idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhərindən çıxaraq Zərərçəkmiş şəxs Lerik rayonunun Lüləkəran kəndində yerləşən evinin həyətyanı sahəsinə getmişdir. O, ora çatdıqda Əkrəmə məxsus evin həyətində 8 baş dişi döllü iribuynuzlu mal-qarası olmuşdur. Hətta Əkrəm həmin 8 baş heyvan ilə bağlı İcra nümayəndəliyindən arayış da almışdır. O, 8 baş mal-qaranı qiymətini 8850 manat olaraq hesablamış, ona əvvəlki mal-qaranın alqı-satqısından 4900 manata verəcəyi olmuşdur, ümumilikdə Əkrəm hesablayaraq ona 13750 manat pul verəcəyini demişdir. O, da hesablayıb Əkrəm ilə razılaşmış və qara malları avtomobilin yük yerinə yükləyib Bakı şəhərinə aparmışdır. Həmin heyvanları Bakı şəhərində Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ona məxsus evin həyətyanı sahəsində olan tövləyə salmışdır. Həmin vaxt həmin heyvanlardan biri onun bel nahiyəsinə xəsarət yetirmişdir. O, bununla bağlı xəstəxanaya müraciət etmiş, bundan sonra o, Əkrəmə zəng eləyib həmin malları gəlib aparmasını bildirmişdir. Səhəri gün Əkrəm ona zəng edərək pulunu ödəməyini tələb etmişdir. Təxminən 1 ay müddətində hissə-hissə həmin malları dəyərindən aşağı qiymətə Maştağa bazarında satmışdır. O, şəxsi işləri ilə bağlı Əkrəmə verməli olduğu 13750 manat pulu qaytara bilməmişdir. Əkrəm bununla bağlı Lerik RPŞ-nə müraciət etmiş, Lerik RPŞdə bununla bağlı araşdırma aparılmışdır. Araşdırma müddəti ərzində o, Əkrəmə 1000 manat pul ödəmiş, qalan məbləği isə hissə-hissə ayda 500 manat ödəyəcəyi ilə bağlı Əkrəmlə razılaşmışlar. Bundan sonra o, iki ay hər ay 500 manat məbləğində olmaqla daha 1000 manat ödəniş etmişdir. Bildirir ki, o, Əkrəmə ondan aldığı mal-qaraya görə 2000 manat pulu ödəmiş və bundan sonra onun 11750 manat borcu qalmışdır. Əkrəm polisə vermiş olduğu ərizəsində ona ödəmiş olduğu 2000 manat pulu da əlavə olaraq qeyd etdiyindən, araşdırma 13750 manat məbləğə görə aparılmışdır. Halbuki o, Əkrəmə artıq 2000 manat pulu ödəmişdir. O, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş 11750 (on bir min yeddi yüz əlli) manat məbləğində ziyanı tam ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Həmçinin vurulmuş zərərin 25 faizini də dövlət büdcəsinə ödəmişdir. Odur ki, bu halları nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lerik rayonunun Lüləkəran kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Lüləkəran kənd orta məktəbində mühafizəçisi işləyir. Lerik rayonunun Lüləkəran kəndində şəxsi təsərrüfatı vardır. Təqsirləndirilən şəxs tanıyır. Əvvəllər onunla aralarında mal-qara alqı-satqısı olmuşdur. 2023-cü ilin sentyabr ayının əvvəlində Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə gəlmiş və ondan qaramalları ona satmağını, əvəzində isə pulunu verəcəyini demişdir. O, Qəhrəmana 10200 manat dəyərində təsərrüfatında olan 9 baş mal-qaranı satıb pulunu ödəyəcəyi adı ilə vermişdir. Bir neçə gün sonra Qəhrəman mal-qaranı sataraq 5300 manat pulu ona qaytarmış, ona 4900 manat verəcəyi qalmışdır. Ondan bir neçə gün sonra həmin pulu tələb etdikdə onun üçün 8 baş mal-qara tapmağını, həmin mal-qaranı da sataraq pulunu birdəfəlik ödəyəcəyini demişdir. O, Qəhrəman ilə razılaşmış, Qəhrəmanın sözünə görə Lüləkəran kəndində həmkəndilərindən mal-qara satan şəxslər barəsində maraqlanmışdır. X2 bir baş, Anar Məcidovdan iki baş, Əliməmməd Həbibovvdan bir baş, İmran Babayevdən iki baş mal-qara alıb pulunu bir həftəyə verəcəyi adı ilə Lüləkaran kəndində fərdi yaşayış evinin həyətyanı sahəsinə gətirmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında Qəhrəman Nəzər adlı şəxsin idarə etdiyi göy rəngli “Ford” markalı avtomobillə Lüləkran kəndinin yaşadığı evin həyətyanı sahəsinə gəlmişdir. O, səkkiz baş mal-qaranı Qəhrəmana 8850 manata vermiş, həmin mal-qaranı satıb pulunu birdəfəlik ödəyəcəyi adı ilə satmışdır. Ümumilikdə Qəhrəman ona əvvəlki pulla birlikdə 13750 manat verəcəyi qalmışdır. Bundan 3-4 gün sonra Qəhrəmana zəng edərək pulunu verməsini xatırlatmış, o isə cavab olaraq heyvanın onu vurmasını, xəsarət aldığını və xəstəxanada yatdığını demişdir. O, bir müddət sonra aldadıldığını başa düşmüş, bu səbəbdən Lerik rayon polis şöbəsinə müraciət etmiş, Şöbənin təhqiqat qrupunda araşdırma aparılmışdır. Qəhrəman pulu hissə-hissə ödəyəcəyi barədə ona söz vermiş, onun barəsində cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Ümumlikdə o, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında 13750 manat dəyərində mal-qara satmışdır. Təqsirləndirilən şəxs həmin puldan 2000 manat pulu hissəhissə olmaqla ona ödəniş etmişdir. O, polisə ərizəsində Təqsirləndirilən şəxs ona ümumlikdə 13750 manat ziyan vurduğuna yazsa da, həmin vaxt artıq onun 2000 manat pulu ödənilmiş, ziyan 11750 manat qalmışdır. Bu səbəbdən də araşdırma 13750 manat məbləğində aparılmışdır. Halbuki hazırda ona ödənilməsi olan 11750 (on bir min yeddi yüz əlli) manat məbləğində ziyan da tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Lüləkaran kəndində qeydiyyatda olmaqla orada yaşayır. Zərərçəkmiş şəxs qardaşıdır, Təqsirləndirilən şəxs tanıyır, onunla arasında heç bir ziddiyət olmamışdır. Əvvəllər onunla arasında mal-qara alqı-satıqısı olmuşdur. 2023-cü ilin sentyabr ayının sonlarında, gecə saatlarında qardaşı Əkrəm ona zəng edərək Qəhrəman adlı satıcının ondan mal-qara alacağını və təsərrüfatında olan bir baş inəyi də gətirib satmağını demişdir. O, heyvanını nağd satacağını dedikdə, Əkrəm heyvanı Qəhrəmana nisyə verəcəyini, satıb pulunu ödəyəcəyini demişdir. O, Əkrəm ilə razılaşmamış, Əkrəmin Lüləkaran kəndində yaşadığı evin həyətinə getikdə “Ford” markalı avtomobilə Əkrəm, Qəhrəman və adını bilmədiyi şəxsin heyvanları yüklədiyini görmüş, yaxınlaşıb onlara kömək etmiş, Əkrəmə səkkiz baş inək vermiş, əvəzində 8850 manat Qəhrəman Əkrəmə heyvanları satdıqdan sonra verəcək adı ilə razılaşmışlar. Əkrəm orada Qəhrəmana demişdir ki, ona olan əvəvlki 4900 manat verəcəyi ilə birlikdə 13750 manat verəcəyi vardır. Qəhrəman həmin pulu bir həftəyə Əkrəmə ödəyəcəyini demişdir. Qəhrəman çıxaraq oradan getmiş, o da evinə gəlmişdir. Qəhrəman heyvanları satıb pulunu 1 həftə ərzində Əkrəmə ödəyəcəyi vədi ilə aldaraq dələduzluq yolu ilə ələ keçirtmişdir. Qəhrəman 1 il ərizində ümumi puldan 2000 (iki min) manat hissə-hissə ödəmiş, hazırda isə ödənilməmiş 11750 manat pulu qardaşı Əkrəmə ödənilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Cəlilabad rayonunun Maşlıq kəndində qeydiyyatda olmaqla orada yaşayır. Təqsirləndirilən şəxs tanıyır, münasibəti onunla yaxşıdır. Zərərçəkmiş şəxs tanımır. 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs onunla telefon vasitəsilə əlaqə saxlayaraq idarə etdiyi “Ford” markalı avtomobil ilə Lerik rayonuna gedərək mal-qaranı0 avtomobilə yükləyib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gətirməyini xahiş etmişdir. O, 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxslə birlikdə idarə etdiyi “Ford” markalı avtomobillə Lerik rayonuna gecə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə getmişlər. Qəhrəman orada olan şəxslərlə birlikdə mal-qaranı avtomobilin yük yerinə yükləmişlər. O, avtomobili idarə edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gətirərək malqaranı Qəhrəmanın evinin həyətinə aparmışdır. Qəhrəman ilə Əkrəm arasında olan danışığı bilmir, həmin vaxt orada özü, Əkrəm, Qəhrəman və adını bilmədiyi şəxs olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilsə də, iş üzrə maddi ziyanın məbləğinin 13750 (on üç min yeddi yüz əlli) manat kimi qiymətləndirilməsi əsassız olmuşdur. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Lerik rayon Polis şöbəsinə yazdığı ilkin ərizəsində, izahatlarında, ibtidai istintaqda verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqında da vermiş oğlduğu ifadəsində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ümumilikdə ona 13750 (on üç min yeddi yüz əlli) manat maddi ziyan dəysə də, həmin ziyan məbləğindən istintaq dövründən əvvəl 2000 (iki min) manatın ödənildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi nəticəsində Zərərçəkmiş şəxs 11750 (on bir min yeddi yüz əlli) manat ödənilməmiş maddi ziyan olduğundan, cinayət işi üzrə də dəymiş ziyanın məbləği 11750 (on bir min yeddi yüz əlli) manat kimi qiymətləndirilməlidir. Cinayət işinə əlavə edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət nəticəsində ona 11750 (on bir min yeddi yüz əlli) manat maddi ziyan dəymişdir. Hal-hazırda həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam ödənilmişdir. Onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə dəymiş 11750 (on bir min yeddi yüz əlli) manat maddi ziyanın 25 faizini, yəni 2938 (iki min doqquz yüz otuz səkkiz) manat dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyanın məbləği 13750 (on üç min yeddi yüz əlli) manat deyil, 11750 (on bir min yeddi yüz əlli) manat kimi qəbul edilib nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın 25 (iyirmi beş) faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə ödəməsini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, cinayət məsuliyyətindən azad edilıməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan ləğv edilsin. Qərar 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar