Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-56/2024 06.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdə, saat 19 radələrində Lerik şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən Şahid2 işlətdiyi kafedə tanışı Şahid1 ilə çay içərkən, həmin kafedə digər kabinetdə əyləşmiş Zərərçəkmiş şəxs yüksək səslə “bir az sakit olun” dediyini eşitmiş, əyləşdiyi kabinetdən çıxıb onun əyləşdiyi kabinetə gələrək Zərərçəkmiş şəxs nə dediyini soruşmuş, heç bir səbəb olmadan aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən yumruqla vurmaqla əlbəyaxa olaraq fiziki zor tətbiq etməklə itələyib divara çırpması nəticəsində ona alın nahiyəsində əzilmiş yara, burun, sağ kürək nahiyələrində sıyrıqlarla nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla aralarında şəxsi münasibətlər zəmnində narazılıq olmamışdır. Belə ki, 29 iyun 2024-cü il tarixdə, saat təxminən 17 radələrində Lerik Rayon Mərkəzi xəstəxanasının aşağı tərəfində yerləşən tanışı Səmədin işlətdiyi kafeyə çay içməyə tək getmişdir. Kafedə kabinetlərin birində əyləşmiş, təxminən 5-6 dəqiqədən sonra Şahid kafeyə gəlmiş, kabinetlərin birində stol arxasında onunla əyləşib çay sifariş etmişlər. Bu zaman bir nəfərin “bir az sakit olun” dediyini eşitmiş, lakin həmin şəxsin kim olduğunu bilməmişdir. Bir müddət sonra Şahid stoldan durub həmin istiqamətdə getmiş və o Şahidin bir nəfər şəxslə söhbət etdiyini eşitmişdir. O, Şahidin arxasınca getdikdə Şahidin Zərərçəkmiş şəxsla söhbət etdiyini görmüşdür. O, Nizami adlı şəxsi görmüş və ondan nə dediyini soruşmuş, Nizami ona cavabında “bura kafedir biraz sakit olun, səsizi aşağı salın” demişdir. O, Nizamiyə “ayıbdır, sən də mahnıya qulaq asırsan, gərək biz də sənə deyək ki, mahnının səsini aşağı sal” demiş, Nizami isə cavabında ona “özünə hörmət eləmirsən” demiş, bu an Nizami ilə onun arasında mübahisə yaranmış, mübahisəni Şahid sakitləşdirmişdir. Daha sonra onlar oturduqları kabinetə qayıtmışlar. Bir müddət sonra Nizami onların oturduğu stola yaxınlaşmış, onunla mübahisə etmiş, o Nizamiyə ayıb olduğunu, atası yaşında olduğunu bildirərək ondan uzaqlaşmasını xahiş etmişdir. Nizami isə ona “istədiyin yerdə sənlə danışaram, özünə hörmət elə” demişdir. Nizami stolu itələmiş, bu an o, əsəbləşib Nizamiyə bir yumruq zərbəsi ilə üz nahiyyəsinə vurmuş, Şahidlə Səməd onları ayırmış, Nizami ilə əlbəyaxa olan zaman əlləri ilə onun yaxasından tutub divara sıxmış, daha sonra onları ayırmışlar. Hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29 iyun 2024-cü il tarixdə, saat təxminən 13 radələrində Lerik şəhərində yerləşən “Nur” şadlıq sarayında tanışı Çərkəz adlı şəxsin adını bilmədiyi azyaşlı oğlunun kiçik toy məclisində iştirak etmişdir. O, təxminən saat 16 radələrində şadlıq sarayından çıxaraq Lerik şəhərində bir neçə saat şəxsi işlərini görmüş, daha sonra Lerik rayon mərkəzi xəstəxanasının aşağı tərəfində yerləşən tanışı Səmədin işlətdiyi kafeyə çay içməyə getmiş və kafedə kabinetlərin birində tək əyləşib çay sifariş edərək gözləmişdir. Həmin an digər kabinetdən səs-küy gəlmiş və söyüş söyüldüyünü eşitmişdir. O, əyləşdiyi yerdən həmin istiqamətdə “bir az sakit olun” demiş, lakin orada olan şəxslərin kim olduğunu bilməmişdir. Bu an kabinetdən Şahid adlı şəxs çıxıb onun yanına gəlmiş nə dediyini soruşmuş, o Şahiddən biraz sakit olmalarını xahiş etmişdir. Şahidin ardı ilə Elmar onun yanına gəlmiş və ondan nə dediyini soruşmuşdur. O, Elmara da “bura kafedir xahiş edirəm biraz sakit olun” demişdir. Elmar isə cavabında ona “ağsaqqal sən başqası olsaydın, sənlə başqa cür söhbət edərdim” deyə cavab vermiş və onunla stol arxasında üzbəüz əyləşmişdir. Elmar həmin məsələni onunla aydınlaşdırmaq istəyərkən, o Elmara “sənin atan yaşındayam, sənin atanı tanıyıram, heç bir hörmətsizlik etməmişəm, ona görə də mənim iradımı səmimi qəbul et” demişdir. Elmar ilə bu barədə söhbət edərkən Elmar qəflətən ayaqüstə durub külqabını onun baş nahiyəsinə tərəf fırlatmış, o əlini külqabının qarşısına vermiş, külqabı ilk öncə əlinə, daha sonra isə baş nahiyəsinə dəymişdir. Elmar külqabının ona xəsarət yetirmədiyini görüb onun üz nahiyəsinə iki dəfə şillə ilə zərbə endirərək alın və burun nahiyələrinə xəsarət yetirmiş, daha sonra əlbəyaxa olmuşlar. Elmarın onu kafenin divarına sürtməsi nəticəsində sağ kürək nahiyəsindən xəsarət almışdır. Orada olan Şahid və Səməd onları ayırmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Lerik rayon mərkəzi xəstəxanasının aşağı tərəfində yerləşən kafeni icarə əsasında işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 29 iyun 2024-cü il tarixdə, saat təxminən 17 radələrində işlətdiyi kafedə olarkən kabinetlərdən birindən səs-küy gəldiyini eşitmiş və həmin kabinetə doğru getmiş, orada Elmar ilə Nizaminin əlbəyaxa olduqlarını görmüşdür. Həmin vaxt Şahid orada olmuş, Şahid və o Elmarla Nizamini ayırmışdır. Hadisə baş verən vaxt Elmar Nizamini yumruq zərbəsi ilə vurmuş və onunla əlbəyaxa olmuşdur. Cinayət işi materiallarında olan 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi materiallarında olan Lənkəran MTE və PA şöbəsinin 02 iyul 2024-cü il tarixli, 41 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alın nahiyəsində əzilmiş yara, burun, sağ kürək nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarında olan 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi materiallarında olan 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 30 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin 21 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını xx.xx.2021-ci il tarixdə tam çəkib qurtarmışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Lerik rayon İHB-nin Lerik şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşağı vardır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət qanunveriliciyinə əsasən xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır, ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir, üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə nəzər yetirdikdə görünür ki, birincisi, onun hərəkətləri ictimai qaydanı kobud surətdə pozmuş, ikincisi, onun hərəkətləri cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və üçüncüsü onun hərəkətləri zor tətbiq olunması ilə müşayiət edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin hər üç əlaməti mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-56/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-56/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver