Məhkəmə qərarları › İş №1(048)-9/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-9/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-9/2023 29.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat:11:55-də Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1992-ci ildə Lerik rayonun Siyov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonun Piran kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində anası X2 ilə aralarındakı mülki xarakterli mübahisənin həll edilməsinə köməklik göstərilməsindən ötrü Lerik rayon İcra Hakimiyyəti başçısının Piran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə gedərək icra nümayəndəsi Zərərçəkmiş şəxs xidməti otağında ona müraciət edib sonuncudan anası ilə aralarındakı mübahisəni həll etməsini xahiş etmiş, Zərərçəkmiş şəxs öz növbəsində ona anası Kinəvəs Mirzəyeva ilə bir neçə dəfə profilaktiki söhbət aparmış, anasının ona məxsus əşyaları verməyəcəyini söylədiyini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs səs-küy salmış, Zərərçəkmiş şəxs ona şikayəti ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsini məsləhət görsə də, Təqsirləndirilən şəxs təkidlə anası ilə olan mübahisənin dərhal həll olunmasını tələb edib xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müşayiət olunan hərəkətlər edib müqavimət göstərməklə üstündə olan 100 mq həcm tutumuna malik plastik flakonun qapağını açaraq içərisindəki etil spirtini icra nümayəndəsi Zərərçəkmiş şəxs üzünə səpməklə ona hər iki göz almasında hissəvi qansızma və hər iki göz almasının buynuz qişasının səthi erozisiyası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası Kinəvəs Mirzəyeva ilə aralarında ev məsələsinə görə ədavət vardır, anasının yaşadığı evin təxminən 200-300 metr məsafəsində əri ilə birlikdə 2 il öncə özləri üçün ev tikmişlər, fasilələrlə əri ilə birlikdə həmin evdə, eləcə də Bakı şəhərində qohumlarının evlərində yaşamışlar. Təxminən 4-5 ay bundan əvvəl Bakı şəhərində xalası qızıgildə olarkən qaynatasının vəfatı ilə bağlı Piran kəndində olan əri Emin Nuriyev ona zəng edərək anası Kinəvəsin evilərini sökdürməsi barədə məlumat vermişdir. Anası həmçinin ona məxsus əşyaları özünə götürmüş, əşyalarını qaytarmasını tələb etsə də Kinəvəs məhəl qoymamışdır. Bununla bağlı anası ilə dəfələrlə mübahisələri olmuşdur. Həmin məsələ ilə bağlı bir neçə dəfə icra nümayəndəsi Zərərçəkmiş şəxs mobil telefonla zəng edib bu barədə ona məlumat verərək anası ilə danışıb əşyalarını qaytarmasını və ona köməklik etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs həmin məsələni həll edəcəyi barədə ona vədlər vermiş, lakin hər hansı tədbir görülmədiyindən və anası ilə aralarındakı mübahisə ilə bağlı ona köməklik göstərilmədiyindən 1 ay əvvəl Piran icra nümayəndəliyinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bir neçə şəxslə həyətyanı sahədə söhbət etdiyini, binaya daxil olduqdan sonra dəhlizdə olarkən Rizvan müəllim içəri daxil olub onu öz xidməti otağında qəbul etdiyini, stulda oturub yenidən ona öz dərdini danışdığını, əşyalarını götürmək üçün ona köməklik göstərilməsini xahiş etdiyini, təxminən 5 dəqiqə söhbət etdiklərini, həmin an özünü saxlaya bilməyib ağladığını bildirmişdir. Rizvan müəllim təkidlə köməklik edə bilməyəcəyini bildirib onu dinləməkdən və problemini həll etməkdən yayınmış, ona görə də şifahi mübahisə etmişlər. Ağladığından və gərgin olduğundan nə dediyini xatırlamamışdır. Rizvandan məsələni həll etməsini xahiş etməsinə baxmayaraq sonuncu onu əsassız şəkildə məhkəməyə yönəldərək problemi öz üzərindən atmaq istəmişdir. Bu zaman Rizvan ona “Dur çıx otaqdan” demiş, o, əsəbləşib stolun üstündə olan balaca qabı götürüb qapağını açıb dibindəki mayeni Rizvanın üstünə tökmüşdür. Həmin mayenin spirt olduğunu bilməmiş, lakin spirti onun üstünə tökdükdən sonra ona maddənin spirt olması iyindən məlum olmuşdur. Bundan sonra Rizvan onun qollarından tutub çölə çıxartmış, təxminən 3-4 dəqiqədən sonra qayıdaraq etdiyi hərəkətə görə Rizvandan üzr istəmiş, sonuncu rayon icra hakimiyyəti və rayon polis şöbəsi ilə əlaqə saxladığını və ona köməklik göstəriləcəyini vəd edib getməyini bildirmişdir. Bundan sonra o, Rizvana ümidinin qalmadığını söyləyib oranı tərk etdmişdir. Sonradan etdiyi əməldən peşmançılıq hissi keçirmiş, hadisə baş verən günü üzrxahlıq etmiş, həmçinin həmin günün səhəri yenidən üzrxahlıq etmişdir. Etdiyi əmələ görə çox peşman olmasını bildirmişdir. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lerik rayon İcra Hakimiyyəti Başçısının Piran inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Piran kənd sakini Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında qərəzli münasibət yoxdur. Təqsirləndirilən şəxs hazırda əri X4 ilə Piran kəndində yaşadığını, Seranə ilə anası Kinəvəs arasında uzun müddətdən bəri ədavət olduğunu, təxminən 7-8 il bundan əvvəl Kinəvəs İmanovanın öz həyətyanı sahəsində ev tikib, qızına əri ilə gəlib həmin evdə yaşamasını təklif etdiyini, Seranənin əri Emin ilə bir il həmin evdə yaşadığını, Emin ilə aralarında narazılıq olduğundan Seranənin Bakı şəhərinə getdiyini, daha sonra əri ilə barışıb birlikdə qaynata evinə köçdüyünü bildirmişdir. Kinəvəsin bu olanlara hiddətlənib qızı üçün tikdirdiyi evi sökdürməsini, evdə olan əşyaları özünə götürməsini, Seranənin dəfələrlə əşyaları tələb etməsinə baxmayaraq anası Kinəvəsin onun əşyalarını verməməsini, aralarındakı mübahisə və narazılığın uzun müddət davam etməsini qeyd etmişdir. 14 noyabr 2022-ci il tarixdə, səhər saat 11 radələrində Piran icra nümayəndəliyinin inzibati binasının həyətində mədəniyyət evinin müdiri Məhərrəm Aslanov və mədəniyyət evinin əməkdaşı Şahid2 ilə söhbət edərkən Seranənin inzibati binaya daxil olduğunu görmüş, nə üçün gəldiyini aydınlaşdırmaqdan ötrü içəri keçmiş, xidməti kabinetinə daxil olmuşdur. Həmin vaxt dəhlizdə olan Seranə onun xidməti otağının qapısının girişinə yaxınlaşıb onunla söhbət etmək istədiyini bildirmiş, o, Seranəyə “Buyurun, Sizi eşidirəm” demişdir. Seranə ondan anası ilə danışmağını və əşyalarını götürməsinə şərait yaratmasını xahiş etmişdir. O, Seranəyə “Ananla 10-15 gün əvvəl danışmışam və onunla profilaktiki söhbət aparmışam. O vaxt anan mənə əşyaların götürülməsinə icazə vermədiyini” demişdir. Ona səbrli olmasını və polis şöbəsinə, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Lakin Seranə onunla razılaşmayıb hay-küy salaraq bütün dövlət orqanlarına müraciət etdiyini və heç bir tədbir görülmədiyini söylədikdə bir daha Seranəyə müraciətinin səlahiyyətlərinə aid olmadığını bildirmiş, məhkəməyə müraciət etməsini bildirmişdir. Lakin Seranə təkid edərək hay-küy salmağa davam etmiş o, bir daha Seranəyə səbrli olmasını tövsiyə etmişdir. Buna baxmayaraq Seranə qışqıraraq anası ilə olan problemli məsələni dərhal həll etməyini ondan tələb etmiş, bu zaman anidən sağ cibindən içərisində maye olan qabı çıxardıb içindəki mayeni onun üzərinə səpmişdir. Daha sonra Seranə cibindən alışqanı çıxartmaq istəyəndə əllərindən tutub qarşısını almaqla onu sakitləşdirmişdir. Bu proses təxminən 1 dəqiqə davam etmiş, daha sonra onlar söhbət etməyə davam etmiş, Seranə sakitləşib stulda oturmuşdur. O, Seranə ilə bir qədər profilaktiki söhbət aparıb sakit olmasını bildirmiş, söhbətləri dəhlizdə də davam etmişdir. Seranə heç cür onunla razılaşmamış, təkidlə köməklik etməyini tələb etmiş və Seranənin məhkəməyə müraciət etməsini bir daha tövsiyə etmişdir. Bu zaman Məhərrəm, Namiq, Elşən və Nazilə də dəhlizdə olmuşlar. Təqsirləndirilən şəxs təxminən 10 dəqiqə icra nümayəndəliyində qalıb sakitləşdikdən sonra çıxıb getmişdir. Həmin ərəfədə o, gözlərində qaşıntı hiss edib və güzgüyə baxıb qızartı olduğunu gördükdə Masallı şəhərində yerləşən Z.Əliyeva adına göz klinikasına müraciət etmiş, təxminən 40 dəqiqə ərzində həkim onu müayinə edib, gözünə maye dərman tökdükdən sonra resept yazıb evə buraxmışdır. Kəndə qayıdanda Seranənin ona qarşı etdiyi qanunsuz hərəkətləri barədə polis şöbəsinə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərməklə təqsirləndirlən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lerik rayon İcra Hakimiyyəti Başçısının Piran inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsində işləyir, rayonun Piran kənd sakini Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında qərəzli münasibət yoxdur. Təqsirləndirilən şəxs hazırda əri X4 ilə Piran kəndində yaşadığını, Seranə ilə anası Kinəvəs arasında uzun müddətdən bəri ədavət olduğunu, təxminən 7-8 il bundan əvvəl Kinəvəs İmanovanın öz həyətyanı sahəsində ev tikib, qızına əri ilə gəlib həmin evdə yaşamasını təklif etdiyini, Seranənin əri Emin ilə bir il həmin evdə yaşadığını, əri Emin ilə aralarında narazılıq olduğundan Seranənin Bakı şəhərinə qaçdığını, daha sonra əri ilə barışıb birlikdə qaynata evinə köçdüyünü bildirmişdir. Kinəvəsin bu olanlara hiddətlənib qızı üçün tikdirdiyi evi sökdürməsini, evdə olan əşyaları özünə götürməsini, Seranənin dəfələrlə əşyaları tələb etməsinə baxmayaraq anası Kinəvəsin onun əşyalarını verməməsini, aralarındakı mübahisə və narazılığın hələ də davam etməsini qeyd etmişdir. 14 noyabr 2022-ci il tarixində, səhər saat 11 radələrində o, nümayəndəliyin inzibati binasında, Zərərçəkmiş şəxs xidməti otağında işi ilə əlaqədar tapşırıqları icra edən zaman Zərərçəkmiş şəxs qapını açıb onun otağında işlədiyini görmüş, Təqsirləndirilən şəxs onun yanında olmuş, bu zaman Rizvan onun otağında işlədiyini görüb müavinin otağında Təqsirləndirilən şəxs qəbul etmişdir. Həmin zaman o, öz işinə davam etmişdir. Təxminən 5 dəqiqə sonra o, işini yekunlaşdırıb həyətə çıxmış, həyətdə Məhərrəm və Namiqi görmüş, onunla təxminən 5-10 dəqiqə həyətdə söhbətləşmiş, bu zaman binadan səs-küy gəlmiş və Zərərçəkmiş şəxs qışqıra-qışqıra onun adını çağırmışdır. Onlar içəri daxil olanda Zərərçəkmiş şəxs ona hücum çəkən Təqsirləndirilən şəxs əlindən tutub sakitləşdirmək üçün çalışdığını görmüşlər. Zərərçəkmiş şəxs gözünün yaşarmasını və yüngül qızartıları olmasını bildirmişdir. Rizvan Seranədən gözünə nə tökdüyünü soruşanda, Seranə cavabında spirt olduğunu bildirdiyini, daha sonra Zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxs sakitləşdirməyə müvəffəq olmasını, təxmini olaraq 10-15 dəqiqə ərzində yenidən onların söhbət etməsini qeyd etmişdir. Bu olanlardan sonra Təqsirləndirilən şəxs nümayəndəliyi tərk edib getməsini, həmin vaxt Zərərçəkmiş şəxs gözündə qızartı və qaşıntı olduğuna görə də sonuncunun Masallı rayonunda yerləşən göz xəstəxanasına getdiyini və orada ona həkimlərin müalicə yazdığını, həmçinin Zərərçəkmiş şəxs hazırda müalicə aldığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Piran kənd kitabxanasının müdiri vəzifəsində işləyir. Xidməti iş otağının Lerik rayon İcra Hakimiyyəti Başçısının Piran inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında yerləşdiyini, 14 noyabr 2022-ci il tarixində, səhər saat 11 radələrində işdə olduğunu, həmin zaman dəhlizdə ucadan səs-küy eşitdiyini, otağının qapısını açıb çölə baxanda Zərərçəkmiş şəxs Şahid3 uca səslə çağırıdığını, həmin vaxt orada səs-küyün bir-neçə dəqiqə davam etdiyini və sonra sakitlik olduğunu qeyd etmişdir. O, qorxduğu üçün xidməti iş otağından çölə çıxmamış, bundan başqa bir şey görməmişdir. Sonradan Zərərçəkmiş şəxs qəbuluna gələn Təqsirləndirilən şəxs xidməti otaqda sonuncu ilə mübahisə edərək onun sifətinə spirt məhlulu səpdiyini eşitmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Masallı rayonunda yerləşən göz xəstəxanasına getdiyini və müalicə aldığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 1990-cı ildən Piran kənd folklor klubunun müdiri vəzifəsini işləyir, Folklor klubu ilə icra nümayəndəliyi bir inzibati binada fəaliyyət göstərir. 14 noyabr 2022-ci il tarixində, səhər saat 11 radələrində Piran icra nümayəndəliyinin inzibati binasının həyətində icra nümayəndəsi Zərərçəkmiş şəxs və folklor klubunun işçisi Şahid2 ilə birlikdə söhbət etdiyi zaman həmkəndlisi Təqsirləndirilən şəxs inzibati binaya daxil olduğunu, icra nümayəndəsi Rizvan Seranənin nə məqsədə gəlməsini aydınlaşdırmaqdan ötrü içəri keçdiyini qeyd etmişdir. Onlar çöldə qalıb söhbətlərini davam etdirmişlər. Həmin vaxt Rizvan mühasib Elşəni çağırmasını, onların da içəri keçməsini, Rizvanla Seranənin dəhlizdə söhbət etdiklərini, hər ikisinin də bir qədər gərgin görsəndiyini qeyd etmişdir. Seranənin mülki məsələ ilə bağlı öz şikayətini bildirdiyini, Rizvanın isə məhkəməyə müraciət etməsini tövsiyə etdiyini, Seranənin dövlət orqanlarının fəaliyyətindən şikayətlənib öz-özünə deyinərək inzibati binanı tərk edib getməsini bildirmişdir. Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış aparılan yer Lerik rayonunun Piran kəndi ərazisində yerləşən Lerik rayon İcra Hakimiyyəti Başçısının Piran inzibati-ərazi dairəsi üzrə icra nümayəndəliyinin inzibati binasıdır. Bina kəndin mərkəzində yerləşir, bir mərtəbədən, dəhlizdən, dörd otaqdan ibarətdir. Binaya daxil olduqda girişdən solda Folklor klubu otağı, girişdən irəlidə dəhlizdə solda Piran kənd icra nümayəndəliyinin mühasibinin otağı, həmin otaqdan sağda kitabxana və dəhlizdən sağda Piran kənd icra nümayəndəsi Zərərçəkmiş şəxs xidməti iş otağı yerləşir. Zərərçəkmiş şəxs xidməti iş otağında girişdən sağda yerləşən divarın dibində qara rəngli seyfin üzərindən göy rəngdə qapağı olan, 100 qram həcmində tutumu olan, üzərindəki kağızda “95% və gigiyenik vasitə” yazılmış plastik qab vardır. Həmin qabdan spirt iyi gəlir. Təqdim edilmiş spirt qabı qablaşdırılaraq götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər məhkəməsinin 07 mart 2013-cü il tarixli, 1(101)-241/2013 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 16/i-i455 ia nömrəli məktubundan görünür ki, Lerik rayonu, Piran kənd sakini Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 07 mart 2013-cü il tarixli, 1(101)-241/2013 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1120 saylı “ƏFV” sərancamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Lənkəran Rayonlararası MTE və PA zona mərkəzinin 15 noyabr 2022-ci il tarixli, 138 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində - hər iki göz almasında hissəvi qansızma, hər iki göz almasının buynuz qişasının səthi eroziyası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kimyəvi tərkibli mayenin (etil spirti) təsirindən törənmişlər, həmin xəsarətlər şəxsin özünü göstərdiyi şəraitdə, yəni etil spirtinin göz nahiyəsinə səpələnməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur, müddəti tibbi sənəddə göstərilən tarixə 14 noyabr 2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Pian kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və dəymiş ziyanı tam həcmdə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını CM-nın 59.1.12, 59.1.13-cü, təqsirlərini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının «Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.» tövsiyyəsini də nəzərə alır. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran halların müəyyən edilməməsini və Təqsirləndirilən şəxs əvvəllər də cinayət törətməsini nəzərə alıb təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nın 315-ci maddəsilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nın 70-ci maddəsi tətbiq edilərək sınaq müddəti müəyyən edilməklə barəsində təyin ediləcək cəzasının şərti hesab edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Belə ki, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs CM-nin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələr qoyulmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut sübut olan Lerik RPŞda saxlanılan 100 qram həcmində tutumu olan, üzərindəki kağızda “95 % və gigiyenik vasitə” yazılmış plastik spirt qabı məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilərək, ona 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm icra edilməsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış 100 qram həcmində tutumu olan, üzərindəki kağızda “95 % və gigiyenik vasitə” yazılmış plastik spirt qabı məhv edilsin. İş üzrə mülki iddia və məhkəmə xərclərini olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar