Məhkəmə qərarları › İş №1(049)-10/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-10/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-10/2023 17.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi,məhkəmə iclas katibi Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 12:55 xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2011-ci il tarixli hökmü ilə CM-nin 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasının çəkilməmiş hissəsinin 3 ay 24 günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş və Lənkəran Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 1 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 19 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 yanvar 2022ci il tarixdə, saat 17 radələrində etibarnamə əsasında X4 istifadəsində olan “VAZ-2121” markalı avtomobilin yük yerinin qapısını açaraq daxil olub orada Zərərçəkmiş şəxs məxsus olan, sürücü oturacağı ilə qabaq sərnişin oturacağı arasındakı 25 manat qiymətində əl çantasını onun içində olan 850 manat nağd pul vəsaiti, 500 manat dəyərində 01 ədəd qızıl üzük, 850 manat dəyərində 01 cüt qızıl sırğa, 500 manat dəyərində “Nokia” markalı mobil telefon, 30 manat dəyərində “Temus” markalı mobil telefon, 150 manat dəyərində 01 ədəd “Golden” markalı eynək, 50 manat dəyərində 01 ədəd “Swing” markalı eynək, 4 manat dəyərində 01 ədəd “Colgate” markalı diş pastası, 4 manat dəyərində 01 ədəd “Colgate” markalı diş fırçası, 2,5 manat dəyərində 01 ədəd plastik qabda tibbi spirt, 0,5 manat dəyərində 01 ədəd plastik qabda periks, 5 manat dəyərində 01 ədəd “Volakardin” tipli dərman preparatı, 5 manat dəyərində 1 ədəd “Diklofenat” tipli dərman preparatı, 0,5 manat dəyərində 01 ədəd qələm, 1,5 manat dəyərində 01 ədəd ağardıcı qələm, 10 manat dəyərində 01 ədəd mobil telefonların enerji yükləməsi üçün nəzərdə tutulmuş bir ədəd yükləyici başlığı, 1 ədədi 7,5 manat olmaqla ümumi 15 manat dəyərində olan 02 ədəd USB, 5 manat dəyərində 01 ədəd bıçaq, 3 manat dəyərində 01 ədəd qayçı, 5 manat dəyərində 01 ədəd dırnaq kəsən alət, 15 manat dəyərində 01 ədəd protez dişlərin qoyulması üçün nəzərdə tutulmuş plastik qab, 15 manat dəyərində 01 ədəd şüşə qabda 5 qram ətir, 16 manat dəyərində 01 ədəd 4 GB ölçüsündə yaddaş kartı, 8 manat dəyərində 01 ədəd 3 litrlik qaz balonu olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 3.070 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında, Lənkəran rayonunda istintaqla müəyyən edilməyən vaxtda və mənbədən 03 (üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.364 qram, 0.325 qram, 0.237 qram, ümumi təmiz çəkisi 0.926 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 13 mart 2022-ci il tarixdə, saat 16:10 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, uzun müddətdir narkotik vasitə qəbul edir. 05 yanvar 2022-ci il tarixdə narkotik vasitə almaq üçün pul tapa bilmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün saat 17 radələrində yaşadığı Lənkəran şəhəri, Nizami küçəsində piyada hərəkətdə olarkən 3 nömrəli məktəbin qarşısında “Niva” markalı avtomobilin dayandığını görmüşdür. Ətrafa baxdıqda çox da adam olmadığını gördükdən sonra həmin “Niva” markalı avtomobilin yük yerinin qapısını açıb içərisinə daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra avtomobilə yaxınlaşmış və onun yük yerinin qapısını açıb içəri daxil olmuşdur. Əvvəlcə avtomobildə olan maqnitafonu oğurlamaq istəmiş, biraz güc etsə də, maqnitafonu yerindən çıxara bilməmişdir. Bundan sonra avtomobilin içinə nəzər etdikdə sürücü oturacağı ilə qabaq sərnişin oturacağının arasında bir ədəd əl çantasının olduğunu görmüş və zəncirbəndi açaraq içinə baxmışdır. Çantanın içərisində pul və qızıl zinət əşyalarının olduğunu gördükdən sonra çantanın zəncirbəndini bağlamış və özüylə götürmüşdür. Həmçinin avtomobilin arxa hissəsində bir ədəd qaz balonunu da götürmüş və avtomobili tərk etmişdir. Daha sonra yaşadığı evə getdikdən sonra çantanı açmış və içərisində 850 manat pul vəsaiti, bir cüt sırğa, bir ədəd üzük və iki ədəd mobil telefon aşkar etmişdir. Aşkar etdiyi həmin əşyaları satmış və əldə etdiyi pul vəsaitlərini də çantadan götürdüyü 850 manat pul vəsaiti ilə birlikdə xərcləmişdir. Çantanın içərisində digər əşyalar da olmuş, həmin əşyaları çanta ilə birlikdə zibilliyə atmışdır. Bundan başqa, 12 mart 2022ci il tarixdə saat 12 radələrində Lənkəran şəhərində “kiçik bazar” deyilən yerdə üzdən tanıdığı şəxsdən 15 manat qarşılığında üç bükümdə narkotik vasitə olan heroin almış və üzərində saxlamışdır. Narkotik vasitəni almaqda məqsədi istifadə etmək olmuşdur. Narkotik vasitə olan heroini üç bükümdə əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 13 mart 2022-ci il tarixdə, saat 16 radələrində o, Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmiş, polis şöbəsinə getməkdən imtina etsə də polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirildikdə əynindəki şalvarın sağ yan cibindən üç ədəd bükümdə narkotik vastə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, həmin narkotik vasitə olan heroin ona məxsus olmaqla həmin kütlələri 12 mart 2022-ci il tarixdə Lənkəran şəhərində “kiçik bazar” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 15 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin narkotik vasitələrə olan tələbatını ödəmək üçün “Niva” markalı avtomobildən oğurluq etmişdir. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. O da protokolun doğruluğunu imzası ilə təsdiq etmışdir. Çantanın içərisində 850 manat pul vəsaiti, bir cüt sırğa, bir ədəd üzük və iki ədəd mobil telefondan başqa diş pastası, diş fırçası və xatırlamadığı digər bu tipdə əşyalar olmuş, həmçinin bəzi sənədlər də çantanın içində olmuşdur. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 05 yanvar 2022-ci il tarixdə əmisi oğlu X4 idarə etdiyi “Niva” markalı avtomobillə Lənkəran şəhərinə gəlmişlər. Gəlişinin səbəbi Qəni Cəbiyevin arvadının xəstəxanada olması olmuşdur. O, gedəcəyi yerlərə hər zaman əl çantasını özü ilə aparmışdır. Həmin gün də əl çantasını özü ilə götürmüş və sürücü oturacağı ilə qabaq sərnişin oturacağının arasında qoymuşdur. Həmçinin 1,5 litrlik qaz balonunu maye qazla doldurması üçün özü ilə götürmüşdür. Saat 14 radələrində Lənkəran şəhərində yerləşən mərkəzi xəstəxananın qarşısında avtomobili saxlamışlar. Onun əl çantası isə avtomobildə qalmışdır. Təxminən yarım saat ərzində Lənkəran şəhərində bir neçə mağazaya getmişlər. Daha sonra qayıdıb avtomobili saxladıqları yerə gəlmişlər. Avtomobilə əyləşmək üçün qapısını açdıqda avtomobilə kiminsə daxil olduğunu görmüşdür. Dərhal əl çantasını qoyduğu yerə baxmış və çantanın orada olmadığını görmüşdür. Həmçinin qaz balonu da yerində olmamışdır. Oğurluq barədə DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər. Avtomobili polis əməkdaşlarına təqdim etmiş və içərisindən ona məxsus əl çantasının və qaz balonunun oğurlandığını bildirmişdir. Bir müddət keçdikdən sonra ona avtomobilə daxil olaraq oğurluq edən şəxsin Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs tanımamışdır. Polis şöbəsində ona Əl çantasında 8 manat dəyərində diş pastası və fırçası, 2 manat 50 qəpik dəyərində spirt, 50 qəpik dəyərində periks, 10 manat dəyərində “Volakardin” və “Diklofenat” adlı, həmçinin adını xatırlamadığı digər dərmanlar, 2 manat dəyərində bir ədəd qələm və bir ədəd ağardıcı qələm, biri 150 manat, digəri isə 50 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd eynək, 25 manat dəyərində mobil telefonların enerji yükləməsi üçün nəzərdə tutulmuş bir ədəd yükləyici başlığı və iki ədəd USB, 5 manat dəyərində bir ədəd bıçaq, 3 manat dəyərində bir ədəd qayçı, 5 manat dəyərində bir ədəd dırnaq tutan, 6 ədəd açar, bir ədəd əlillik vəsiqə, 6 ədəd etibarnamə, bir cüt 850 manat dəyərində qızıl sırğa, bir ədəd 500 manat dəyərində qızıl üzük, 500 manat dəyərində bir ədəd “Nokia” markalı telefon və 30 manat dəyərində bir ədəd “Temus” markalı telefon, 15 manat dəyərində bir ədəd plastik qab, 15 manat dəyərində bir ədəd şüşə qabda ətir, 16 manat dəyərində bir ədəd yaddaş kartı, 850 manat nağd pul vəsaiti, bir ədəd kəbin kağızı, bir ədəd torpaqdan çıxarış barədə sənəd, bir ədəd xarici pasport olmuşdur. Əl çantanın özünün qiyməti 25 manat, baz balonunun qiyməti isə 8 manat olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial ərizədə, həmçinin verdiyi ifadəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın sonuncunun anası X2 tərəfindən tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmiş, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, icraatına ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat qrupu yaradılmış və qrupun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid3 və Şahid2 iştirak etmişlər. 13 mart 2022-ci il tarixdə, axşam saat 16 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində xidməti otaqlarının birində videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O da əynində olan şalvarın sağ yan cibindən üç ədəd sellofan bükümdə olan kütlələr təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddələr aşkar edilmişdir. Həmin bükümlərdəki maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ilə apardıqları şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, özünə məxsusdur, 12 mart 2022-ci il tarixdə Lənkəran şəhərində Kiçik Bazar deyilən ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata almışdır. Narkotik vasitə almağa pulu olmadığı üçün o, oğurluq etdiyini də etiraf etmişdir. Sonradan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdə Lənkəran şəhəri, Nizami küçəsində, Mərkəzi Xəstəxananın yaxınlığında Astara rayon sakini X4 avtomobilindən oğurluq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 13 mart 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Şəxsi axtarış və götürmənin aparılması haqqında 13 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarın sağ yan cibindən 03 ədəd bükümdə, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Narkotik vasitə olan heroinə bənzər kütlələrin ümumi çəkisi 1,1 qram olmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitə olan heroin ona məxsusdur və həmin kütlələri 12 mart 2022-ci il tarixdə Lənkəran şəhərində “kiçik bazar” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 15 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin narkotik vasitələrə olan tələbatımı ödəmək üçün “Niva” markalı avtomobildən oğurluq etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2022-ci il tarixli 19/330 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Lənkəran şəhəri, Nizami küçəsi 90/57-də yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 (üç) ədəd bükümdə heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,364 qram, 0,325 qram, 0,237 qram, ümumi təmiz çəkisi 0,926 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Rəydə heroinin xalis çəkisinin – 0.926 qram olduğu, tədqiqata 0.15 qram sərf edildiyi, qalıq çəkinin – 0.776 qram olduğu göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 14 mart 2022-ci il tarixli 317 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Liman Şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin verdiyi mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş 1 ədəd, əyarı 583, çəkisi 08 qram olan üzüyün qiyməti 500 manat, əyarı 750, ümumi çəkisi 08 qram olan 1 cüt sırğanın qiyməti 850 manat, 1 ədəd “Nokia” markalı, Smartphone tipli mobil telefonun qiyməti 500 manat, 1 ədəd “Temus” markalı mobil telefonun qiyməti 30 manat, 1 ədəd “Golden” markalı eynəyin qiyməti 150 manat, 1 ədəd “Swing” markalı eynəyin qiyməti 50 manat, 1 ədəd “Colgate” markalı diş pastasının qiyməti 4 manat, 1 ədəd “Colgate” markalı diş fırçasının qiyməti 4 manat, 1 ədəd plastik qabda tibbi spirtin qiyməti 2,5 manat, 1 ədəd plastik qabda periksin qiyməti 0,5 manat, 1 ədəd “Votakardin” tipli dərman preparatının qiyməti 5 manat, 1 ədəd “Diklofenat” tipli dərman preparatının qiyməti 5 manat, 1 ədəd qələmin qiyməti 0,5 manat, 1 ədəd ağardıcı qələmin qiyməti 1,5 manat, 1 ədəd mobil telefonların enerji yükləməsi üçün nəzərdə tutulmuş bir ədəd yükləyici başlığının qiyməti 10 manat, 2 ədəd USB, 1 ədədinin qiyməti 7,5 manat olmaqla ümumi qiyməti 15 manat, 1 ədəd bıçağın qiyməti 5 manat, 1 ədəd qayçının qiyməti 3 manat, 1 ədəd dırnaq kəsən alətin qiyməti 5 manat, 1 ədəd protez dişlərin qoyulması üçün nəzərdə tutulmuş plastik qabın qiyməti 15 manat, 1 şüşə qabda 5 qram ətrin qiyməti 15 manat, 1 ədəd 4 GB ölçüsündə yaddaş kartının qiyməti 16 manat, 1 ədəd 3 litrlik qaz balonunun qiyməti 8 manat, 1 ədəd əl çantasının qiyməti 25 manatdır. Baxış keçirilməsi haqqında 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Sevetulla oğlu, Niva markalı, 07BE253 dövlət qeydiyyat nişanlı təqdim etmiş və bildirmişdir ki, içərisində 850 manat pul, bir ədəd qızıl üzük, bir ədəd qızıl sırğa, iki ədəd mobil telefon, etibarnamə və şəxsiyyət vəsiqələrinin surətləri olan qara rəngli çanta avtomobilin arxa yerindən daxil olan naməlum şəxslər tərəfindən oğurlanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Babayev X3 Rayon Məhkəməsinin 22 yanvar 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.2009-cu il tarixli aministiya qərarının 4-cü bəndinə əsasən cəzası 1 il azaldılmış, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad olunmuş; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə cəzasının çəkilməmiş hissəsinin 3 ay 24 günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2019-cu ildə vaxtından əvvəl şərti müddət bitdiyindən qeydiyyatdan çıxarılmış; Lənkəran Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə 19 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 1(049)-252/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 4(049)-101/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu 13 mart 2022-ci il tarixdən hesablanmışdır. Maddi sübut kimi tanınma haqqında 11 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 bükümdə, ümumi təmiz çəkisi -0,926 qram narkotik vasitə heroin və 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 03 bükümdə, təmiz çəkisi -0,776 qram narkotik vasitə heroin Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən təqdim edilmiş 16 may 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Babayev X3 şəhəri, Nizami küçəsi ev 90/57-da tək yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi onun özünün, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, mütəxəssis və ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi hallarda təhlükəli sayılır. CM-nin 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə və ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Qəsdən cinayət törətməyə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2011-ci il tarixli hökmü ilə CM-nin 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasının çəkilməmiş hissəsinin 3 ay 24 günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş və Lənkəran Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 1 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə 19 gün vaxtından əvvəl şərti azad olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini ibtidai istintaq və məhkəmə istintaqı zamanı etiraf etməsi, əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi və onunla barışıq əldə etməsi (CM-nin 59.1.12 və 59.1.13-cü maddələri), yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddəti onun təqsirli bilindiyi maddələrdə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin üçdə ikisindən аz olmamalıdır. Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi üzrə narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut 0.776 qram heroin məhv edilməli, şəxsi axtarışın görüntüləri olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 6 ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut 0.776 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. Şəxsi axtarışın görüntüləri olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar