Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-103/2024 22.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 17:00 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə, xx.xx.2007-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran şəhəri, 20 yanvar küçəsində olarkən ona yaxınlaşaraq salam vermiş xx xxxx 2008-ci il təvəllüdlü tanışı Zərərçəkmiş şəxs “boyun” deyə müraciət etməsinə cavab olaraq, sonuncunun onun ünvanına eyni ifadəni işlətməsini özünə təhqir kimi qəbul edib, bunu bəhanə edərək, əslində isə istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirib, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqündə qoyaraq özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, etik normalara və ictimai birgəyaşayış qaydalarına zidd olaraq heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs münaqişəyə sövq edib yumruqla onun burun və sol gözaltı nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı, burun və sol göz altı nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə saat təqribən 17 radələrində evinin yaxınlığında Lənkəran şəhəri 20 Yanvar küçəsində dayanıb dostu Əhməd ilə söhbət edirmiş, məktəbdən tanıdığı Hüseyn adında şəxs onlara yaxınlaşaraq qəlyan satdığını bildirmişdir. Onlar Hüseynə qəlyan çəkmədiyin bildirmişlər, daha sonra Hüseyn zarafatyana söyüş söymüş, onun ünvanına “boynuyoğun” sözünü demişdir. Həmin söyüşü həzm edə bilməmiş, ona irad bildirmişdir. İradı Hüseynin xoşuna gəlmədiyi üçün onun sinəsinə yumruq atmışdır. O, isə qəsdən Hüseynin sifət-burun nahiyyəsinə hər iki əli ilə 4- 5 dəfə yumruq zərbələri vurmuşdur. Əhməd isə onları ayırmışdır. Sonra Hüseyn evinə getmişdir. Aralarında olan münaqişə təqribən 1 dəqiqə davam etmişdir. Aralarında münaqişə baş verərkən ətrafda kənar şəxslər olmamışdır. Hazırda Zərərçəkmiş şəxsla barışmışlar, ona dəymiş ziyanı ödəmişdir və Hüseynin ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən çox peşmandır. Barəsində ən yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində yaşadığı evin yerləşdiyi məhəllədə, yəni Lənkəran şəhəri 20 Yanvar küçəsində evə tərəf hərəkətdə imiş, məktəbdə oxuduğu vaxtlardan tanıdığı qonşusu X2 və X3 yolun qırağında dayanmışdır. O da onlara yaxınlaşıb salam vermiş və əllə onlarla görüşmüşdür. Orxan onu rişxəndlə təhqir etmiş, ona “boyun” demişdir. Orxan həmin söyüşü iki dəfə ona dedikdən sonra o da Orxana onu söydüyü söyüşü Orxanın özünə qaytarmışdır. Bundan sonra Orxan qəfildən qəzəblənərək onun üstünə cummuş və gödəkçəsinin papağını onun üzünə tərəf çəkib başını aşağı əymiş, sifət və burun nahiyəsinə 4-5 dəfə hər iki yumruğu ilə zərbələr endirmişdir. Daha sonra Orxan və Əhməd gülməyə başlamışlar. Bundan sonra o, özünə gəlmiş və özünə gəldikdən sonra çantasını yerdən götürüb evə tərəf gəlmişdir. Evə gəldikdən sonra anası Şahid2 onun üzünə baxarkən ona burnunun niyə əyildiyini soruşmuş, daha sonra o da məhəllədə baş verən xırda davanı anasına bildirmişdir. Bundan sonra ana nənəsi olan Qanuni nümayəndə1 məlum hadisəni öyrənmiş və daha sonra burnunda baş verən ağrılara və tənginəfəs olduğuna görə onu Lənkəran RMX-na aparmışlar. Həkim onu müayinədən keçirdikdən sonra bildirmişdir ki, burun sümüyü sınmışdır. Daha sonra onun burnunu gipsə salmışlar və həmin gips burnunda 20 gün qalmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və ona dəyən ziyan ödənilmişdir. Orxana qarşı heç bir şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə, saat təxminən 17 radələrində evdən çıxaraq məhləyə getmiş və bu zaman orada məhlə uşağı olan Orxanı görmüşdür, Orxanla salamlaşıb görüşmüş və onunla söhbət etməyə başlamışdır. Üzərindən biraz vaxt keçmişdir ki, digər məhlə uşağı olan Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və salamlaşaraq görüşmüşdür. Daha sonra Hüseyn onda elektron qəlyan olduğunu və istədikləri təqdirdə onlara təşkil edə biləcəyini bildirmişdir. O, Orxan Hüseynə qəlyan çəkmədiklərini bildirmiş və Orxan ona talış dilində “bo” deyərək müraciət etmişdir. Bundan sonra Hüseyn Orxana “boynuyoğun” deyərək cavab qaytarmış və Orxan ona həmin sözün mənasının bilib-bilmədiyini bildirmişdir. Hüseyndə cavabında ona bəli bilirəm deyə cavab vermiş, bundan sonra Orxan Hüseynə həmin sözü ona bildirib bildirmədiyini söylədikdə, Hüseyn Orxana “bəli, sənə deyirəm” deyə cavab vermişdir. Bundan sonra Orxan Hüseynin üstünə cumaraq əlbəyaxa olmuşlar. Bundan sonra onlar qarşılıqlı yumruqlaşmışlar və Orxan hər iki yumruğu ilə Hüseynin sifət nahiyəsinə bir neçə zərbə endirmişdir. Hüseyn də Orxana bir neçə yumruq zərbəsi endirsə də yumruqlar Orxanın çiyin və qol nahiyələrinə dəymişdir. Hadisə təxminən 5-10 saniyə davam etmiş, daha sonra onlar ayrılmışlar. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma nəvəsidir və bir ünvanda yaşayırlar. 22 sentyabr 2023-cü il tarixdə saat təxminən 17 radələrində nəvəsi Orxan Lənkəran şəhəri 20 Yanvar küçəsində olan zaman həmin küçədə yaşayan həmyaşıdı Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisə yaranmış və nəvəsi Orxan Hüseynin sifət və burun nahiyəsinə 4-5 dəfə yumruqla zərbələr endirmişdir. Sonradan öyrənmişdir ki, nəvəsi Orxanla Zərərçəkmiş şəxs dalaşmasına səbəb Hüseynin zarafatyana Orxana söyüş söyməsi və Orxanında həmin söyüşü həzm edə bilməməsi olmuşdur. Sonradan öyrənmişdir ki, nəvəsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs endirdiyi zərbələrin təsirindən Zərərçəkmiş şəxs burun sümüyü sınmışdır. Hadisəni biləvasitə görməmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində oğlu Hüseyn yaşadığı evin yerləşdiyi məhəllədə evə tərəf hərəkətdə imiş, oğlunun məktəbdə oxuduğu vaxtlardan tanıdığı qonşusu X2 və X3 yolun qırağında dayanmışlar. Hüseyn də onlara yaxınlaşıb salam vermiş və əllə onlarla görüşmüşdür. Orxan onu rişxəndlə təhqir etmiş, Orxan həmin söyüşü iki dəfə ona dedikdən sonra Hüseyn də Orxana onu söydüyü söyüşü Orxanın özünə qaytarmışdır. Bundan sonra Orxan qəfildən qəzəblənərək Hüseynin üstünə cummuş və gödəkçəsinin papağını onun üzünə tərəf çəkib başını aşağı əymiş, sifət və burun nahiyəsinə 4-5 dəfə hər iki yumruğu ilə zərbələr endirmişdir. Daha sonra Orxan və Əhməd gülməyə başlamışlar. Bundan sonra Hüseyn özünə gəlmiş və özünə gəldikdən sonra çantasını yerdən götürüb evə gəlmişdir. Evə gəldikdən sonra onun üzünə baxarkən ona burnunun niyə əyildiyini soruşmuş, daha sonra Hüseyn məhəllədə baş verən xırda davanı ona bildirmişdir. Bundan sonra anası Qanuni nümayəndə1 məlum hadisəni öyrənmiş və daha sonra Hüseynin burnunda baş verən ağrılara və tənginəfəs olduğuna görə Hüseyni Lənkəran RMX-na aparmışlar. Həkim Hüseyni müayinədən keçirdikdən sonra bildirmişdir ki, onun burun sümüyü sınmışdır. Daha sonra onun burnunu gipsə salmışlar və həmin gips burnunda 20 gün qalmışdır. Hadisənin biləvasitə şahidi olmamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Lənkəran rayon şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 980 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində – burun sümüyünün yerini dəyişən sınığı-burun tənəffüsünün pozulması ilə, burun, sol gözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 10548 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Ş.Zahid küçəsində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli məktəb-liseydən verilmiş xx.xx.2024-cü il tarixli xassiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin məktəbin 10-cu sinfində təhsil alır və müsbət xarakterizə edilir. Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxsLənkəran şəhəri, Şeyx Zahid küçəsi ev 13 ünvanında valideynləri ilə birlikdə yaşayır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş iş üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən imzalanmış və Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli 8İ-4947 reyestr nömrəli ərizədə bildirilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs – xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu, dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildiyini və təhsil aldığı müəssisədən müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 18 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Qeyd olunan Məcəllənin 86.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran şəhəri, Şeyx Zahid küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhəri, Şeyx Zahid küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-103/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-103/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver