Məhkəmə qərarları › İş №1(049)-103/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-103/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-103/2025 09.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-cı ildə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)- 72/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 354/2024 saylı, 08 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzı həmin hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun əvvəlki iş üzrə cəzasını çəkdiyi 05 ay müddət və iş üzrə şübhəli şəxs qismində tutulduğu 10 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 10 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Tərtər şəhəri, Nizami küçəsi, ev 85, mənzil 4-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 47, mənzil 41-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməlini törətmişdir. Belə ki, o, 13 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri, Nizami küçəsində fəaliyyət göstərən “ünvan 1 ünvanında yerləşən müştərilərin sərbəst giribçıxması üçün açıq olan qızıl-zinət əşyalarının satışı mağazasına daxil olub, satıcı Zərərçəkmiş şəxs qızıl almaq adı ilə yaxınlaşaraq, piştaxtanın arxasında dayanmış Zərərçəkmiş şəxs satış üçün ona təklif etdiyi 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğanı açıq talamaq qərarına gəlib, bu məqsədlə sonuncunun onu müşahidə etməsini şüurlu sürətdə anlayıb bunu dərk etdiyi şəraitdə ona əhəmiyyət verməyib Zərərçəkmiş şəxs gözləri qarşısında piştaxtanın üzərindəki çəkisi 7 qram olan 585 əyarlı bir ədəd 600 manat qiymətində qızıl bilərzik, çəkisi 3,5 qram olan 585 əyarlı bir ədəd 300 manat qiymətində qızıl üzük və çəkisi 2,4 qram olan 585 əyarlı bir cüt 200 manat qiymətində qızıl sırğa olmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1100 manat qiymətində əmlakını açıq talayıb qaçaraq oradan uzaqlaşmaqla soyğunçuluq etmişdir. xx.xx.2025-ci il tarixdə, məhkəmədə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, polis şöbəsində verdiyi ifadəsini təsdiq etmir. Göstərilən tarixdə o, mağazada soyğunçuluq deyil, oğurluq etmişdir. Oğurladığı malı zərəçəkmiş şəxsdən əlbəəl almamış, satıcının başı qarışıb selofandan sepləri çıxaran zaman, əlindəki malla bərabər mobil telefonla danışa-danışa mağazadan çölə çıxmışdır. Hadisə səhər vaxtı olmuşdur. Zərəçəkmiş şəxs Təvəkkülü əvvəllər tanımamışdır. Təvəkkül piştaxtaya mal yığırdı. «Pandora” adlandırılan qolbağı götürəndə, başqa qızıları da götürüb çölə çıxmışdır. Təvəkkül piştaxtanın arxasından qalxanda, görmüşdür ki, o yoxdur. Həmin vaxt o, telefonla çöldə danışırdı. Piştaxta ilə çıxış arasında 8 metr məsafə olardı. Oğurladığı bilərziyi, üzüyü, sırğanı satmış və özünə xərcləmişdir. Çünki gündəlik xərcə ehtiyacı olmuşdur. Sonra ona polis şöbəsindən axtarış şöbəsinin rəisi Tural müəllim zəng vurmuş, vurduğu ziyanı ödəmək üçün ondan 2 gün vaxt istəmişdir. Oğurladığı bilərziyi Masallıda 600 manata satmış, sonradan bilərzik sahibinə qaytarıldığı üçün aldığı 600 manat pulu bilərziyi satdığı adama yollamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində isə göstəmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ev 47, mənzil 41-də özünə məxsus evdə ailəsiylə birlikdə yaşayır. Evlidir 01 övladı var. Əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuşdur. 05 oktyabr 2024-cü il tarixdə azadlığa çıxmışdır. 12 oktyabr 2024-cü il tarixdə Astara rayon polis şöbəsində tutulduğu vaxt özünə məxsus olan 01 ədəd telefon, kəmər, plastik kart və qol saatı qaldığına görə Astaraya getmişdir. Həmin gün axşam orada otellərin birində qalmış, daha sonra səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə Qazel avtobusuyla Lənkərana gəlmişdir. Lənkərana gələndə saat təxminən 09-10 radələri olardı. Lənkərana gəldikdən sonra avtobusdan düşərək şəhərdə yerləşən Bazar adlanan əraziyə girmiş, Bazarda gəzdikdən sonra orada yerləşən qızıl dükanlarının olduğunu görmüşdür. Üzərində pul olmadığına görə, imkansızlıqdan o, həmin qızıl dükanlarının birindən qızıl-zinət əşyalarını oğurlamaq qərarına gəlmişdir. Bir neçə qızıl dükanını gəzdikdən sonra həmin dükanların birinə girmiş və orada satıcı ilə söhbət elədikdən sonra ona bildirmişdir ki, o, Gəncəlidir. Satıcı da ona Gəncədə oxuduğunu bildirmiş və o, satıcı ilə Gəncə ləhcəsində zarafat etməyə başlamışdır. Daha sonra satıcıya qızıl almaq istədiyini bildirmişdir. Satıcı da ona bildirmişdir ki, necə formada qızılzinət əşyaları almaq istəyir. O da satıcıdan komplekt qızıl dəsti istəmiş, satıcı isə ona bilərzik tipli qızıl zinət əşyası təklif etmişdir. Bundan sonra satıcı ona bir ədəd qolbaq (bilərzik) göstərmiş və o, həmin qolbağı götürüb baxmağa başlamışdır. Daha sonra o, həmin qızıl qolbağı götürüb arvadına göstərmək üçün dükandan çölə çıxmışdır. Belə ki, o, dükanda olan zaman telefonunu qulağına qoyaraq güya arvadını dükana gətirmək üçün yolu başa salmağa başlamışdır və çölə çıxaraq İmperial dükanının yanındakı dükanın qarşısına gəlməsini istəmişdir. Bundan sonra çölə çıxmış və məqsədi həmin qızılları oğurlamaq olmuşdur. Lakin o, çölə çıxan zaman artıq dərk etmişdir ki, satıcı onu tuta bilməz. Çünki satıcı piştaxtanın digər tərəfində imiş və buna görə də o, çölə çıxan kimi dərhal qaçmağa başlamışdır. Bazarın kənarında yolda dayanmış taksiyə yaxınlaşmış və taksidən onu Masallı şəhərinə aparmasını istəmişdir. Daha sonra taksi ilə birlikdə Masallı şəhərinə getmiş, qızıl bilərziyə baxanda selofanın içərisində bilərzikdən başqa bir ədəd üzük və bir cüt sırğanın da olduğunu görmüşdür. Orada maşından düşdükdən sonra qızıl dükanına girmiş, qızıllara baxdıqdan sonra dükanda işləyən satıcılara üzərindəki qızılları satmaq istədiyini bildirmişdir. Satıcılardan kök, başı keçəl olan bir satıcıya yaxınlaşmış və üzərindəki qızıl-zinət əşyalarını ona göstərmişdir. Həmin qızıllardan bir ədəd bilərziyi qramını 90 manatdan 600 manata satmışdır. Bundan sonra o, Astma xəstəsi olduğu üçün Quba rayonuna getmişdir. Quba rayonuna gedərkən üzərindəki qızıl sırğanı 120 manata özünün tanımadığı, ləzgi millətindən olan bir nəfərə satmışdır. Götürdüyü üzüyü isə Masallı rayonundakı qızıl dükanında ona sadə üzük olduğunu dedikləri üçün atmışdır. Sözügedən qızıl-zinət əşyalarından əldə etdiyi pulla yaşadığı ünvanda borclu olduğu dükandakı borcunu bağlamışdır və qalan pulu şəxsi tələbatına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən Asan xidmətdə özünə məxsus şəxsiyyət vəsiqəsini götürən zaman onu saxlamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi, fiziki təsir olmamışdır. Törətdiyi oğurluq əməlindən peşimandır. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Bazar adlanan ərazidə yerləşən qızıl dükanından götürdüyü qızıl-zinət əşyalarından başqa cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, baxış və götürmə protokolları və digər istintaq materialları ilə tam sübuta yetirilir. Belə ki, xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə günü dükanda tək olmuşdur. Dükanda kamera olmamışdır. Təqsirləndirlən şəxs onlardan əvvəl başqa dükanda da olmuşdur. O, Gəncə ləhcəsi ilə danışırdı. Gəncədə ali təhsil aldığından Gəncədən olduğunu soruşduqda, təqsirləndirlən şəxs “bəli” cavabını vermiş və bundan sonra bir az söhbətləşmişlər. Söhbət zamanı sonuncu bildirmişdir ki, arvadı və uşaqları bazardadırlar. Buna görə də ona demişdir ki, zəng edib onlara bildirsin ki, o, Təvəkkülün dükanındadır və uşaqlar ora gəlsin. Təqsirləndirilən şəxsin xahişi ilə o, baxmaq üçün ona bilərzik, sırğa, üzük vermiş, bu zaman təqsirləndirilən şəxs onları götürüb telefonla danışmağa başlamışdır. Təqsirləndirlən şəxs hər hansı bir qızıl-zinət əşyasını götürsəydi, o, onu görərdi. Vurulmuş ziyandan cəmi 600 manat pul qaytarılıb. “Pandora” adlanan qolbağı ona qaytarmışlar. 6 qram qızılını tələb edir. Dükanda 3-4 nəfər işləyirlər, özü səhər tezdən gəlir. Qadınlar biraz gec gəlirlər. Hadisə günü malları seyfdən çıxartmışdı. Mallar bazarda seyfdə qalır. Səhərlər bazarda dükanda vitrinə, axşam saat 4-də isə seyfə yığırlar. Mallar seyfdən çıxarıldıqdan sonra piştaxtanın üstündə, qutuda olur, sonradan piştaxtanın altına yığırlar. Malları vitrinə yığmadan öncə təqsirləndirlən şəxs dükana gəlmişdir. Soyğunçuluq etdikdən sonra polisə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında zərəçəkmiş şəxs məhkəməyə yazılı surətdə ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmiş, onun təqsirləndirlən şəxsə qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 2 ünvanında ailəsiylə birlikdə yaşayır. Evlidir, 2 övladı vardır. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. Lənkəran şəhəri Bazar ərazisində qızıl mağazasını işlədir. Mağazada qızıl sataraq dolanışığını təmin edir. xx.xx.2024-cü il tarixdə saat 10:07-də mağazasına əvvəllər tanımadığı bir şəxs daxil olmuşdur. Həmin şəxs pandora tipli qızıl axtardığını ona demişdir. Həmin şəxs ilə söhbət etməyə başlamış və ona Gəncə şəhərindən olduğunu bildirmişdir. O da, həmin şəxsə Gəncə dövlət universitetində oxuduğunu demişdir. Həmin şəxs ilə 5 dəqiqə danışdıqdan sonra qızıllara baxmışdır. Həmin şəxs baxdığı qızıllardan 3 növünü əlinə götürərək telefon ilə danışaraq çölə çıxmışdır. O da tanışlıq olduğu üçün qızılları ondan almamışdır. Belə ki, o, qızıl piştaxtasının arxasında imiş və həmin şəxs dükanda telefonu qulağına qoyaraq arvadının dükana gələcəyini və qızıllara baxıb bəyənibbəyənməyəcəyini ona bildirmişdir. Bu səbəbdən telefonla danışa-danışa çölə çıxmış və həmin vaxt o, həmin şəxsə baxırmış. Həmin şəxs çölə çıxan kimi ona tərəf baxmış və onun da ona baxdığını görmüşdür. Çölə çıxıb baxanda həmin şəxsin çöldə olmadığını qaçıb getdiyini görmüşdür. Həmin şəxs ondan 1100 manat dəyərində ümumi çəkisi 13.3 qram olan 1 ədəd qolbaq, 1 ədəd üzük, 1 cüt sırğa talayaraq aparmışdır. Qızıl qolbaq türk istehsalı 585 əyarlı 6.5 qram olmuşdur. 1 cüt sırğa da türk istehsalı 585 əyarlı 2.4 qram, üzərində ulduzlar var və ulduzun üzərində qaşlar olmuşdur. 1 ədəd qızıl tək qaş üzük türk istehsalı 585 əyyar 3.4 qram olmuşdur. Belə ki, məlum hadisə nəticəsində qızıl qolbağın qiyməti 600 manat, qızıl sırğanın qiyməti 200 manat və qızıl üzüyün qiyməti isə 300 manat imiş. Məlum cinayət nəticəsində ona ümumilikdə 1100 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əhməd oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Masallı rayonu Çaxırlı kəndində ailəsiylə birlikdə yaşayır. Evlidir, iki övladı var. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. Masallı rayonu köhnə bazar ərazisində Qızıl-Zinət almaz dükanında satıcı işləyir. Qızıl satışı və alışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində tanımadığı şəxs mağazada ona yaxınlaşaraq qızıl götürdüyünü soruşmuşdur. O da, həmin şəxsə qızıl satın aldığını bildirmişdir. Həmin şəxs üzərində olan qızılı ona təqdim etmişdir. Tanımadığı şəxsin ona təqdim etdiyi sümük qolbağa baxanda türk qızılı, 585 əyar, 6.6 qram olan qızıl olduğunu müəyyən etmişdir. Həmin qızıl qolbağı 600 manata tanımadığı həmin şəxsdən almışdır. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş, həmin şəxs də ona Gəncə şəhərindən olduğunu, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demişdir. O, kitaba qeyd aparan zaman həmin şəxsin telefon nömrəsini götürərək kitaba qeyd etmişdir. Həmçinin saat 11:07-də həmin şəxsin ***-***-**-** nömrəsinə zəng edərək nömrənin ona məxsus olmasını yoxlamışdır. Həmin şəxs mağazada onunla söhbət etdikdən sonra çıxaraq getmişdir. Həmin şəxsdən 1 ədəd qolbaq almışdır. Başqa qızıl ona verməmişdir. Həmin şəxsdə bir ədəd tək qaşlı altı kəsik olan üzüyü də ona göstərmiş və onun bahalı olduğunu bildirmişdir. Həmin şəxsə isə, ona qızıl üzüyün bahalı olduğunu briliant qaşlı üzük olduğunu bildirmişdir. O, həmin üzüyü alıb yoxladıqdan sonra həmin üzüyün bahalı olmadığını və briliant qaşlı olmadığını həmin şəxsə bildirmişdir. Daha sonra o, həmin üzüyü ondan almış və satmamışdır. Tanımadığı həmin şəxs ona 600 manat qarşılığında 1 ədəd türk qızılı, 585 əyar, 6.6 qram olan sümük qolbağ satmışdır. Həmin şəxs ona 1 ədəd qolbağ və bir ədəd tək qaşlı üzüyü göstərmişdir. Lakin o, həmin şəxsdən təkcə 1 ədəd qolbağ alımışdır. O, 1 ədəd qolbağı alan zaman onun oğurluq olduğunu bilməmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, o, Şəfa adlı xanımın adına olan Qızıl-Zinət- Almaz adlanan dükanda qızıl-zinət əşyalarının alışı-satışı ilə məşğuldur. Həmin qızıl dükanının idarəsini isə Şəfa xanımın əri X2 həyata keçir. O, həmin dükanda 2013-cü ildən əmək müqaviləsi ilə işləyir. Bundan başqa verilən suallara cavab olaraq bildirmişdir ki, o, sözügedən dükanda satıcı vəzifəsində işlədiyi üçün vergi ödəyicisi deyil. Belə ki, dükanın öz VÖEN-i vardır və onunla birlikdə digər satıcılar da həmin VÖEN əsasında dövlətə vergi verirlər. Təqsirləndrilən şəxs qızıl qolbaq satmış, o da onu 600 manata almışdır. Sonradan bilmişdir ki, həmin qolbaq oğurluq maldır və bununla əlaqədar polis şöbəsində ifadə vermişdir. Qolbaq qaytarılsa da, təqsirləndirlən şəxs 600 manat pulu ona qaytarmamışdır. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 istintaq zamanı verdiyi iffadəsini təsdiq edib göstərmişdir ki, 13 oktyabr 2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət edərək Lənkəran şəhəri Bazar adlanan ərazidə icarədarı olduğu qızıl dükanında ona məxsus olan 1100 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən götürülərək çöldə telefonla danışdıqdan sonra qaçaraq getməsi barədə məlumat vermişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs dükanından sözügedən qızılzinət əşyalarını götürərək qaçmış şəxsin Tərtər şəhəri, Nizami küçəsi ev 5, mənzil 4-də qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məlum hadisəni törətdikdən sonra Bakı şəhərinə getmişdir. Keçirilmiş axtarış tədbirləri nəticəsində o, Bakı şəhərində saxlanılaraq Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. Belə ki, Quluyev X3 şəhəri Bazar adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus qızıl dükanına gələrək orada olan piştaxtanın üzərində 01 ədəd qızıl qolbaq, 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğanı götürərək arvadına göstərmək adı altında dükanın yerini telefonla arvadına təsvir etmək adı altında çölə çıxaraq həmin qızıl əşyalarını götürərək qaçmışdır. Belə ki, məlum soyğunçuluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 1100 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qızıl zinət əşyalarından bir ədəd qızıl qolbağı Masallı şəhərində yerləşən Şahid2 məxsus qızıl dükanına apararaq 600 manata satmışdır. Qızıl sırğanı tanımadığı milliyətcə ləzgi olan bir nəfərə Bakı şəhərində satmış, üzüyün isə qızıl olmadığını öyrənmiş və deməsinə görə atmışdır. 2024-cü ilin oktyabr ayında zərərçəkmiş şəxs polisə qızıllarının oğurlanması ilə bağlı müraciət etmiş, əməliiyat-axtarış tədbiri nəticəsində təqsirləndirlən şəxs onlar tərəfindən saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 Baləddin oğlu ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs Təvəkkül DİN-nin 102 Xidmətinə zəng edib və polisə ərizə ilə də müraciət edərək bir nəfər şəxsin onun dükanından qızılları arvadına göstərmək adı ilə götürüb qaçıdığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, qızılları götürüb qaçmış şəxs hazırki iş üzrə təqsirləndirlən şəxs olmuşdur. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, ünvan 4 ünvanında özünə məxsus olan evdə ailəsiylə bərabər yaşayır. Evlidir, iki övladı var, onlarda onunla birlikdə yaşayır. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. 13 oktyabr 2024-cü il tarixdə saat 10 radələrində qonşu dükanda işləyən Zərərçəkmiş şəxs mağazasında bir nəfər şəxsin Təvəkkülə məxsus 01 ədəd qızıl bilərzik, 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğanı açıq şəkildə talayaraq qaçmasını öyrənmişdir. Belə ki, həmin vaxt o, öz dükanında imiş və Təvəkkül qışqıraraq mağazadan çölə çıxaraq həmin şəxsin qızıl-zinət əşyalarının oğurladığını bildirmişdir. Bundan sonra Təvəkkül Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə günü zərərçəkmiş şəxsin dükanının yanında olduğu zaman təqsirləndrilən şəxs telefonla zərəçəkmiş şəxsin dükanından çölə çıxaraq telefonla danışa-danışa oradan çıxıb getmişdir. Təvəkkül dükandan çıxıb onun dalınca qaçanda, təqsirləndirilən şəxs də qaçaraq gözdən itmişdir. Özü qızıl işi ilə məşğul olur. Onun dükanı ilə zərəçəkmiş şəxsin dükanı üzbəüz yerləşməklə, aralarında 2-3 metr məsafə vardır. Hadisə vaxtı qızılların təqsirləndirilən şəxsin əlində, dükanın çölündə olduğunu görmüşdür. İşdə olan zərərçəkmiş şəxsin Lənkəran ŞRPŞ-nin rəisinə yazdığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə, saat 10:08 radələrində onun tanımadığı şəxs onu aldadaraq 1100 manat dəyərində bir ədəd qolbaq, bir cüt sırğa və bir ədəd tək qaşlı üzük götürərək çöldə telefonla danışdıqdan sonra çıxıb getmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış protokolu” və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış keçirilən yer Lənkəran şəhəri bazar ərazisində yerləşən qızıl mağazasıdır. Obyektin giriş qapısı 2 laylı şüşə qapıdır. İçəridə qızıl vitrinlər müşahidə olunur. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs 585 əyyarlı 7.17 qram, 1 cüt sırqa türk istehsalı 585 əyyam 2 qram, 1 ədəd qızıl tək qaş üzük türk istehsalı 585 əyyar 4 qram qızılları götürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli “əşyaya baxış və götürülməsi haqqında” protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı Masallı rayonu, Çaxırlı kənd sakini Şahid2 01 ədəd qızıl bilərziyi təhqiqata təqdim etmiş, həmin bilərziyə baxış keçirilən zaman onuun türk istehsalı, 585 əyarlı, 6.6 qram çəkidə olması müəyyən olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, təqdim eilmiş 01 ədəd qızıl bilərzik ona məxsus olan pandora tipli bilərzikdir.Baxış keçirilən zaman qızıl bilərziyin şəkli çəkilərək götürülmüşdür. İşdə olan 28 mart 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış Lənkəran şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 16-da yaşayan Zərərçəkmiş şəxs icarədarı olduğu ünvan 5 ünvanında yerləşmiş obyektidir. Belə ki, həmin obyektdə Zərərçəkmiş şəxs qızıl-zinət əşyaların satışını həyata keçirdiyini bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs qızıl dükanındakı piştaxtanın üzərinə sözügedən 1 ədəd qızıl bilərzik, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü Təqsirləndirilən şəxs təqdim etdiyini bildirdi. Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını götürərək arvadına dükanın yerini təsvir etmək adı altında çölə çıxmış və Zərərçəkmiş şəxs onu tuta bilməyəcəyinə əmin olduqdan sonra qaçaraq oradan uzaqlaşmışdır. İşdə olan 17 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunan 1 ədəd əyarı 585, çəkisi 7,0 qram olan bilərziyin qiyməti 600 manat, 1 ədəd əyarı 585, çəkisi 3,5 qram olan üzüyün qiyməti 300 manat, 1 cüt əyarı 585, çəkisi 2,4 qram olan sırğanın qiyməti 200 manatdır. İşdə olan “Qiymətləndirmə xərclərinə dair” bildirşdən görünür ki, mütəxəssis tərəfindən aparılmış qiymətləndirmənin dəyəri 30 manat təşkil eləyir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməsindən, Bakı şəhəri Nəsimi Rayon və Astara Rayon Məhkəmələrinin hökmlərinin surətlərindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarının surətindən, eləcə də məhkumun cəza çəkdiyi müəsissədən verilmiş “Forma B” arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 06 il müddətə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, CM-də edilmiş dəyişikliklərlə əlaqədar Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 03 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 05 ay müddətə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 04 ay 29 gün azadlıqan məhrum etmə cəzası saxlanılmışdır. Onun Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqan məhrum etmə cəzasının çəkməsi nəzərə alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı CÇM-dən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 04 ay 29 gün müddətə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2024-cü il olmaqla xx.xx.2024-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)-72/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-354/2024 saylı, 08 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzı həmin hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası iiə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun əvvəlki iş üzrə cəzasını çəkdiyi 05 ay müddət və iş üzrə şübhəli şəxs qismində tutulduğu 10 gün müddət ona təyin edilmiş azadlıqdan məmumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 10 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 15 fevral 2025-cü il tarixdən hesablanması hökm edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli cavabından görünür ki, qeyd olunmuş hökm xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək 10 gün müddət şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. İşdə olan “Şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. İşdə olan “Qətimkan tədbirinin seçilməsi və həbsdən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin gün saat 17:00-də Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə o, həbsdən azad edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “Axtarışda olan şəxsin tutlmasına dair” protokolun surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə axtarışa verilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 11:30 radələrində Binəqədi rayonu ərazisində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” Qərardan görünür ki, cinayət işi üzrə əldə edilmiş bir ədəd bilərzik maddi sübut kimi tanınmışdır. İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, o, bir ədəd qızıl bilərziyi Lənkəran ŞRPŞ-nin İB-də təhvil almışdır. İşdə olan xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri, Nizami küçəsi, ev 85, mənzil 4-də qeydiyyatda olmaqla arvadı və xx.xx.2016-cı il təvəlüdlü oğlu Arda ilə birlikdə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ev 47, mənzil 41-də yaşamış, barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasından “naməlum etiyalogiyalı kardiomiopatiya” diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüş, klinik, laborator, instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “Naməlum etiyalogiyalı kardiomiopatiya. Xroniki ürək çatmamazlığı İİİ f.s. Səyrici artmiya, taxisistolik forma. Bronxial astma infeksion allergik forma. İkincili anemiya. Sağ tərəfli pulmoektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu müəyyən edilmiş, terapiya şöbəsində stasionar müalicə başlanılmışdır. Hazırda xəstənin vəziyyəti orta-ağır qiymətləndirilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş zərəçəkmiş şəxs və şahid ifadələri, işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməlini törətməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilsə də, soyğunçuluq deyil, oğurluq etdiyini bildirmişdir. Lakin məhkəmə iclasında verilmiş zərəçəkmiş və şahid ifadələri ilə həmin xüsusat tam təkzib olunur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, əvvələr də bir necə dəfə cinayət əməlini törədərək məhkum olunduğunu, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-ci maddəsinə əsaqsən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olmasını və 59.2-ci maddəsinə əsasən xəstə olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, iş materiallarından görünür ki, o, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5ci maddəsi tətbiq edilməklə 06 il müddətə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Onun törətdiyi həmin əməl az ağır cinayət hesab edildiyindən cəzadan azad olunduğu gündən hazırki cinayət əməli törədənədək 02 ilik müddət keçmişdir. Bundan sonra Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 03 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda CM-177.1-ci maddəsinin sanksiyasında cəzanın yuxarı həddi 3 il müddətə azdlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, həmin cinayət əməlini törətdiyi vaxt həmin maddənin sanksiyasında cəzanın yuxarı həddi 2 il müddətə azadlıqdan məhrum etmə olmuşdur. Belə ki, 13 iyun 2025-ci il tarixli 211-Vİİ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 177.1-ci maddənin sanksiyasında “iki” sözü “üç” sözü ilə əvəz edilmişdir. Həmin vaxt CM-nin 177.1-ci maddəsində nəzərdə tulumuş və ondan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilindiyi əməllər böyük ictimai təhlükə törətməyən əməllər hesab olunduğundan, Azərbaycan Respublikasının CM-nin 18.4.1-ci maddəsinə əsasən hazırda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu zaman CM-nin 66.5 və 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum" anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəzanın təyin edilməsi məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməlini Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən əvvəl törədilməsi müəyyən edildiyindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qızıl bilərzik hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs sahibliyində saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 30 manat mütəxəssis xərci tutularaq “Cənub Qiymətləndirici “MMC-nin hesaba köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 1(011)-354/2024 saylı 08 avqust 2024-cü il tarixli höküm ilə təyin edilmiş 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 10 gün müddət, həmçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 09 ay 24 gün, cəmi 1 il 3 ay 04 gün müddət ona təyin olunmuş 03 il 10 ay azadlıqdan məhrum etmə cəzasından çıxılaraq 02 il 06 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qızıl bilərzik hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs sahibliyində saxlanılsın. Təqsirləndirilən şəxs 30 manat mütəxəssis xərci tutularaq “Cənub Qiymətləndirici “MMC-nin aşağıdakı hesaba köçürülsün: Bank Respublika Lənkəran filialı, kod 504357, VOEN**********, müxbir hesab: AZ80 NABZ********************,SWİFTBRESAZ22, İBAN AZ11BRES********************1. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar