Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-105/2023 18.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, saat: 17:55 xx xxx 1989-cu ildə Lənkəran rayonu, Darquba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Lənkəran rayonu Darquba kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Lənkəran rayonu Darquba kəndində yerləşən bacısı Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncu ilə aralarında ailə-məişət münasibətlər zəminində, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən götürdüyü elektrik uzadıcısını gətirib qaytarmaq istəyi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə vurmaqla və əli ilə boğazından tutub sıxmaqla - sol çənə oynağı nahiyəsində yumşaq toxumaların əzilməsi-hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və boyun nahiyəsində qançır ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs 2008-ci il tarixdə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 1 qızı vardır. Lakin əri ilə yola getməmiş, onunla ayrılıb ata evinə qayıtmışdır. Bir müddət sonra Günay işləmək məqsədilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində olduğu zaman Türkiyə vətəndaşı olan Sərvət adlı şəxs ilə tanış olmuşdur. 2014-cü il tarixdə həmin şəxs ilə ailə həyatı qurmuşdur. Lakin həmin şəxslə də yola getməmiş, onunla ayrılmışdır. Təxminən 10 ay əvvəl yenidən ata evinə qayıtmışdır. Həmin zaman Rusiya Federasiyasında olmuş, sentyabr ayında Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra bacısı Günayın 10 ay əvvəl atasını, 2 ay əvvəl isə anasını evdən qovması ona məlum olmuşdur. Lənkəran rayonu Darquba kəndində yerləşən ata evində Zərərçəkmiş şəxs qızı Şahid ilə birlikdə yaşamağa başlamışdır. Halbuki Günaya məxsus Lənkəran rayonu, Liman şəhəri S.Vurğun küçəsində mənzili vardır. Atası əmilərinin evində, anası da bacılarının evində yaşamışdır. Anasını bacısının evindən götürüb evinə gətirmişdir. Günayla anasını barışdırmışdır. Bir neçə müddət normal şəkildə yaşamağa başlamışlar. 2022-ci ilin noyabr ayının 5-də anası vəfat etmişdir. Anası vəfat etdikdən sonra Günayın anasını təhqir etməsi, döyməsi ona məlum olmuşdur. Anası Günayın etdikləri barədə bir neçə şəxsə demişdir. Özünə eyni həyətdə ev tikdirmişdir. Lakin həmin ev təmirsiz vəziyyətdə olmuşdur. Anasının 40 mərasimini keçirmək üçün məcburi şəkildə həmin evi təmir etdirmişdir. Təmir etdikdən sonra həmin evə köçüb atası ilə birlikdə yaşamağa başlamışdır. Ata evində ona məxsus əşyaları götürərək yeni tikdirdiyi evinə aparmışdır. xx.xx.2022-ci tarixdə evdə olduğu zaman Günay ona zəng edib evdən elektrik uzadıcısını götürdüyünü soruşmuş, o da savabında evdə tapa biləcəyi halda gətirib qaytaracağını demişdir. Evdə çox axtarsa da elektrik uzadıcısını tapa bilməmişdir. xx.xx.2022-ci tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə gedərək ona məxsus digər bir əşyanı gətirib vermişdir. O, uzadıcını tapa bilmədiyini, yenisini alıb qaytaracağını demişdir. Bundan sonra hüzrdə qohumların istifadə üçün verdiyi qabları qaytarmasını Zərərçəkmiş şəxs xahiş etmişdir. Lakin Günay heç bir səbəb olmadan münaqişə yaratmışdır. Rəhmətə getmiş anasını təhqir etmişdir. Təhqir etdikdən sonra Zərərçəkmiş şəxs onun üzərinə hücum çəkməyə başlamışdır. Zərərçəkmiş şəxs özündən aralamaq məqsədilə boğazından tutaraq sıxmışdır. Günay yenə onun üzərinə hücum çəkməyə başlamışdır. Həmin zaman əsəbi olduğundan Günayın sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Günay DİN-in 102 xidmətinə zəng edərək onu döyməsi barədə məlumat vermişdir. Bundan sonra o, Günayın yaşadığı evi tərk edərək evinə qayıtmışdır. Münaqişəyə səbəb Günayın mərhum anasını təhqir etməsi olmuşdur. Zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd göstərməsinə baxmayaraq, Zərərçəkmiş şəxs bundan imtina etdiyi üçün sonuncu ilə barışmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014-cü il tarixdə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 1 qızı vardır. Lakin əri ilə aralarında mübahisələr baş verməsi səbəbindən ayrılmaq məcburiyyətində qalmışdır. Yaşamağa yeri olmadığından qızı ilə birlikdə Lənkəran rayonu Darquba kəndində yerləşən ata evinə qayıtmışdır. Bir müddət anası ilə həmin evdə yaşamışdır. Lakin 2022-ci ilin noyabr ayının 5-də anası vəfat etmişdir. Anası vəfat etdikdən sonra qardaşı Təqsirləndirilən şəxs ondan həmin evi tərk etməsini tələb etmişdir. Qardaşı ilə əvvəllər də münasibəti pis olmuşdur. Buna səbəb Qismətin onu gənc yaşlarında istəmədiyi bir şəxs ilə evləndirməsi olmuşdur. Qismət onu və qızı Şahid evdən çıxmasını tələb etdikdən sonra münasibətləri daha da pisləşmişdir. Qismətə gedəcək yerinin olmadığını, dolanışığının olmadığını izah etsə də Qismət təkidlə onun evdən çıxmasını tələb etmişdir. Təqsirləndirilən şəxs evi eyni həyətdə olsa da ayrıdır. Qismət Rusiya Federasiyasında yaşamışdır. Ara-sıra Lənkəran rayonuna gəlmişdir. Bir müddət əvvəl Qismət öz evinə köçmüşdür. Bu səbəbdən də yaşadığı evdə olan əşyalarını öz evinə aparmışdır. Elektrik uzadıcısının evdə olmadığını görüb Qismətə zəng etmişdir. Elektrik uzadıcısını onun götürüb-götürmədiyini soruşmuşdur. Qismət uzadıcını onun götürdüyünü, gətirib qaytaracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, evdə olduğu zaman Qismət əsəbi formada onun yaşadığı evə gəlmişdir. Onun evində oturub onunla uzadıcı söhbət etməsini deyərək sonuncunun boğazından bərk tutaraq sıxmışdır. Qismət ona hədələr gəlmişdir. Qismət onu boğduqda sonuncu qızına polisə məlumat verməsini demişdir. Qismət polisə məlumat verməsini eşidib onun boğazını buraxmışdır. Lakin onun sol çənə nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat verərkən Qismət evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxslə barışmamış və Təqsirləndirilən şəxs qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş iş üzrə Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Anası Zərərçəkmiş şəxs ilə dayısı Təqsirləndirilən şəxs arasında əvvəllər narazılıq olsa da, son zamanlar münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaşamışdır. 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycana gəldikdən sonra bir müddət onlarla yaşamışdır. Nənəsi vəfat etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahədə tikdirdiyi evi təmir etdirib oraya köçmüşdür. Həmin evə köçərkən yaşadığı evdə özünə məxsus əşyaları da özü ilə aparmışdır. xx.xx.2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs evdə olduğu zaman elektrik uzadıcısını tapa bilmədiyini bildirmişdir. Bundan sonra anası dayısı Qismətə zəng edərək elektrik uzadıcısının onda olub-olmamasını soruşmuşdur. Qismət uzadıcını onun götürdüyünü, gətirib qaytaracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, yataq otağında olduğu zaman Qismətin yaşadıqları evə gəlməsini görmüşdür. Qismət mətbəxə keçib anası ilə söhbət etməyə başlamışdır. Onların səsin eşitsə də, nə danışdıqlarını bilməmişdir. Qismətlə anasının ucadan səslə mübahisə etmələri ona məlum olandan sonra onlara yaxınlaşmışdır. Onlara yaxınlaşdıqda Təqsirləndirilən şəxs Günayla mübahisə etdiyini görmüş, birdən Təqsirləndirilən şəxs anasının üzərinə hücum çəkib sonuncunun boğazından tutaraq sıxmışdır. O, qışqıraraq ayrılmalarını istəmiş, Günay ondan polisə məlumat verməsi üçün telefonu gətirməsini dedikdə yataq otağından telefonu gətirmişdir. Həmin zaman dayısı Təqsirləndirilən şəxs anasının sifət nahiyəsinə yumruq zərbəsi vuraraq evdən çıxıb getmişdir. Bundan sonra anası polisə Təqsirləndirilən şəxs onu vurması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022 -ci il tarixli, 1240 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənin üzərində - sol çənə oynağı nahiyəsində yumşaq toxumaların əzilməsi-hematoması, boyun nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Baxış keçirilməsi haqqında 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Darquba kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş xx.xx.2022-ci il tarixli 1039 saylı məktubdan görünür ki, Quliyev X1 Şəhər Psixiatriya Xəstəxanasından qeydiyyatda olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər İHB-nin Kərgəlan kənd İƏD nümayəndəliyinin 16 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Quliyev X1 rayonu, Darquba kəndində qeydiyyatda olmaqla atası və bacıları ilə birlikfə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Buna görə də, məhkəmə cinayət əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cərimə cəzası ilə cəzalandırılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-105/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-105/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver