Məhkəmə qərarları › İş №1(049)-105/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-105/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-105/2024 13.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:45 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X2 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 05 avqust 2001-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Lənkəran rayonu Qumbaşı kəndində yerləşən yaşadıqları evdə qaynanası Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində, yəni Zərərçəkmiş şəxs qızı Şəbinə Məmmədovanı əri Təqsirləndirilən şəxs xəbər etmədən Sumqayıt şəhərinə aparması səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu yumruq ilə Zərərçəkmiş şəxs sifət nahivyəsinə qəsdən zərbə vurmaqla - sol göz almasına yayılmış qansızına, sol göz qapaqları-gözaltı nahiyəsində qançır ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X1 ilə rəsmi nikahları olmasa da, 2022-ci ildən qeyri-rəsmi evlənmiş və bir yerdə yaşayırlar. Şahid ilə evliliklərindən bir uşaqları vardır. Son dövrlərdə arvadı Səbinənin istəyi ilə qaynanası Zərərçəkmiş şəxs evində yaşayırlar. Qaynanası ilə əvvəllər münasibətlər yaxşı olsa da, son dövrdə münasibətləri pozulmuşdur. Qaynanası qızı Səbinədən onunla boşanmasını tələb etmiş və bu barədə ona Səbinə bildirmişdir. O, Səbinədən boşanmanın səbəbini soruşduqda, anası ilə yola getməməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Səbinə ilə telefon əlaqəsi saxlarkən Səbinə uşağı və anası ilə birlikdə Sumqayıt şəhərinə xalasıgilə getməsini bilmişdir. O, Səbinədən niyə ona xəbər etmədən Sumqayıt şəhərinə getməsini soruşmuş və evə qayıtmayacaqları təqdirdə evi yandıracağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Səbinə ona mesaj yazaraq evə gəldiklərini bildirmişdir. Bundan sonra o qaynanasıgilə getmiş və Səbinəyə onunla evə getməsini bildirmişdir. Bu zaman qaynanası Səidə gələrək qışqırmağa başlamış və küçəyə qaçaraq camaatı köməyə çağırmışdır. O, Səidəyə heç bir səbəb olmadan niyə camaatı evə çağırmasını soruşmuş, bu zaman Səidə ona aqressiv cavab vermişdir. O, da əsəbi olduğu üçün özünü cilovlaya bilməyib Səidənin sifət nahiyəsinə yumruqla zərbə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanın tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə və teleqram göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ondan şikayət və tələbinin olmadığını göstərərək Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cti il tarixli, 138 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində- sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Baxış keçirilməsi haqqında 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Qumbaşı kəndində yerləşən Şahid məxsus fərdi yaşayış evində baş vermişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 26.02.224-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində SU NPİ tərəfindən CM-in 228.4-ci maddəsi olan ********* saylı cinayət işi xx.xx.2018-ci il tarixdə məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan və ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar