Məhkəmə qərarları › İş №1(049)-106/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-106/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-106/2024 01.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Lənkəran rayonunun Cil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Cil kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 30 noyabr 2023-cü il tarixdə saat 09 radələrində "B,C" kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, "Opel Vectra minik" markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu, Girdəni kəndində asfalt yolla üzü Lənkəran şəhəri istiqamətində idarə edərkən,diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı,avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli,qarşıda onunla eyni istiqamətdə hərəkət hissəsinin sağ kənarı ilə düzünə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan ara məsafə seçərək piyadanın yanından keçib getməli olduğu,bununla da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin "yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı,öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına,onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar" və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin "nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər" tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda,həmin maddələrin tələblərini pozaraq,idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Opel Vectra minik» markalı avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirərkən,qeyd olunan yol şəraitində hərəkətin təhlükəsizliyini təmin edə bilməyib,yol hərəkəti qaydalarını pozaraq,qarşıda onunla eyni istiqamətdə hərəkət hissəsinin sağ kənarı ilə düzünə hərəkətdə olan piyada-Lənkəran rayonu, Girdəni kənd sakini olan 04 avqust 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol arxa tərəfindən vuraraq,avtomobilin xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik-baş beyinin ağır dərəcədə əzilməsi, kəllə qapağı (ənsə, kəllə əsası) sümüklərinin sınması ilə müşayiət olunan qapalı kəllə beyin travması,təpə-ənsə nahiyyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma,çənəaltı nahiyyəsində əzilmiş-cırılmış yara,sol almacıq, döş qəfəsi, sol diz qapağı nahiyyələrində sıyrıqlar və sol göz qapaqları-gözaltı nahiyyəsində qançırdan ibarət xəsarətlər alıb,başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (ənsə, kəllə əsası) sınığı və baş beyinin ağır dərəcədə əzilməsindən ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sürücülük hüququ və vəsiqəsi vardır. X1 istifadəsində baş etibarnamə əsasında OPEL-VECTRA markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobili vardır.Onun həmin avtomobili idarə etməyi üçün etibarnaməsi vardır.O, ünvan 1 ünvanında yerləşən bərbərxanada dəllək işləyir.O, hər gün saat 09 radələrində idarə etdiyi həmin avtomobillə yaşadığı Cil kəndindən çıxıb Lənkəran şəhərinə işə gedir və saat 20 radələrində işdən çıxıb evə gedir.O, həmişə olduğu kimi 30 noyabr 2023-cü il tarixdə saat 09 radələrində idarə etdiyi maşınla yaşadığı Cil kəndində yerləşən evin həyətindən çıxmış və Lənkəran şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. O, Girdəni kəndi ərazisində yerləşən döngəli yola daxil olmuş və Lənkəran şəhəri istiqamətində yolun sağ hərəkət hissəsi ilə Girdəni körpüsü istiqamətində hərəkətini davam etdirərkən, onunla eyni istiqamətdə yolun hərəkət hissəsinin sağ tərəfi ilə asfaltın üzərində bir piyadının getdiyini görmüşdür.O, idarə etdiyi avtomobili saxlaya bilməmiş və həmin piyadanı arxa tərəfindən vurmuşdur.Zərbənin təsirindən həmin piyada əvvəlcə idarə etdiyi avtomobilin qabaq alın şüşəsinin üstünə düşmüş,sonra isə yolun sağ kənarına yıxılmışdır.O, idarə etdiyi avtomobili Lənkəran şəhəri istiqamətində yolun sol kənarına çəkib saxlamışdır.Sonra isə tez maşından düşüb yerə yıxılmış həmin piyadaya yaxınlaşmışdır.Bu zaman sonradan adını bildiyi Rauf adlı şəxs onların yanına gəlmişdir.O, hadisə törətdiyi üçün özünü itirmişdir. Bu zaman Rauf ona "maşınla vurduğun şəxs mənim əmim oğludur,maşını tez bura sür" bildirmişdir.O da həyəcanlı olduğu üçün maşını idarə edə bilməyəcəyini Raufa bildirmişdir.Bundan sonra,Rauf onun maşınının sükanı arxasına əyləşmiş və maşını vurduğu piyadanın yanına gətirmişdir.O, Rauf və hadisə yerinə sonradan gəlmiş adını bilmədiyi bir nəfər şəxslə birlikdə, maşınla vurduğu həmin piyadanı maşınının arxa salonuna uzatmışlar və Rauf onun maşınının sükanı arxasına əyləşmişdir.O da maşının qabaq sağ oturacağına əyləşmiş və maşınla vurduğu piyadanı Lənkəran Mərkəzi rayon xəstəxanasına gətirmişlər.Xəstəxanada həkimlər onun maşınla vurduğu piyadaya tibbi yardım göstərdikləri zaman məlum olmuşdur ki, həmin şəxs ölmüşdür.Həmin vaxtı ona məlum olmuşdur ki, maşınla vurduğu həmin şəxsin adı Zərərçəkmiş şəxsdur.Bir necə dəqiqədən sonra atası Fəxrəddin də xəstəxanaya gəlmişdir.Həmçinin, bir neçə dəqiqədən sonra polis işçiləri də xəstəxanaya gəlmişlər.Atası Fəxrəddin OPEL-VECTRA markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına,o isə avtomobilin qabaq sağ oturacağına əyləşmiş və polis işçiləri ilə birlikdə hadisə yerinə getmişlər. O, maşını hadisədən sonra saxladığı yerdə saxlamış və polis işçiləri hadisə yerinə baxış keçirmişlər.O, hadisə yerini polis işçilərinə göstərmişdir.Sonra isə polis işçiləri ilə birlikdə Lənkəran polis şöbəsinə gəlmişdir.Polis işçisi protokol və hadisə yerinin sxemini tərtib etmişdir.O, polis işçiləri və hal şahidləri ilə birlikdə protokola və hadisə yerinin sxeminə imza etmişdir.Baş vermiş hadisə zamanı avtomobili təxminən 60- 70 km/saat sürətlə idarə etmişdir. O, baş vermiş hadisədən əvvəl piyada Zərərçəkmiş şəxs təxminən 50 metr məsafədən görmüşdür.Baş vermiş hadisə zamanı idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır.Baş vermiş hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs son sözündə həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması və gənc olmasını nəzərə alaraq, məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində bildirmişdir ki, ailə üzvlərilə birlikdə Lənkəran rayonunun Girdəni kəndində yaşayır.Mərhum Zərərçəkmiş şəxs onun əridir. Əri Xeyrəddin qaynaq ustası olmuş və ölməmişdən əvvəl sifariş olanda həmkəndlilərinin və qonşu kənd sakinlərinin evinə gedib qaynaq işləri aparmışdır.Əri Xeyrəddin qaynaq aparatı ilə işlədiyi üçün son zamanlar gözləri zəifləmiş və onda tez-tez baş gicəllənməsi olmuşdur. 30 noyabr 2023-cü il tarixdə,saat 09 radələrində Xeyrəddin evdən çıxıb piyada işə getmişdir. Təxminən 30 dəqiqədən sonra qaynanası Ulduz yaşadıqları evə gəlmiş və ona, qaynı oğlu Raufun telefonla ona deməsinə görə Xeyrəddini Girdəni körpüsünə tərəf piyada gedərkən avtomobilin vurduğunu və X7 rayon xəstəxanasına apardıqlarını bildirib, xəstəxanaya getməyi təklif etmişdir. O, qaynanası Ulduzla birlikdə piyada asfalt yola çıxmış və polis işçilərinin, hazırda adlarını xatırlamadığı kənd sakinlərinin yolun kənarına toplaşdıqlarını görmüşdür.O və qaynanası Ulduz tanımadıqları yol maşınına əyləşib Lənkəran Mərkəzi rayon xəstəxanası getmişlər.Xəstəxanada əri Xeyrəddinin əmisi oğlu Rauf onlara yaxınlaşmış və ona, mağazada olduğu zaman maşın tappıltısı səsi eşidib mağazadan çölə çıxdığını və Girdəni körpüsü istiqamətində yolun sol tərəfində bir Opel-Vectra markalı maşının dayandığını və bir nəfər şəxsin yolun sağ kənarında yerə yıxıldığını,bir nəfər cavan oğlanın da onun yanında dayandığını görüb tez həmin yerə qaçdığını və yerə yıxılan şəxsin Xeyrəddin olduğunu və başından qan gəldiyini gördüyünü, Xeyrəddinin yanında olan cavan oğlanın ona, idarə etdiyi Opel-Vectra markalı maşınla Girdəni kəndi ərazisində Lənkəran şəhəri istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olduğu zaman Xeyrəddinin yolun sağ tərəfi ilə asfalt yolun üzərində Girdəni körpüsünə tərəf piyada getdiyini gördüyünü, amma avtomobili saxlaya bilməyərək,avtomobilinin qabaq sağ tərəfi ilə Xeyrəddini vurduğunu bildirdiyini, o da həmin oğlana, vurduğu şəxsin onun əmisi oğlu olduğunu bildirib,Xeyrəddini xəstəxanaya aparmaq üçün tez maşınını dayandıqları yerə sürməyini söylədiyini,həmin oğlan da ağlaya-ağlaya ona maşını idarə edə bilməyəcəyini bildirdiyini, bundan sonra, o, həmin oğlanın maşınını idarə edərək Xeyrəddinin yanına gəldiyini və həmin oğlanla birlikdə Xeyrəddini maşına qoyub xəstəxanaya gətirdiklərini bildirmişdir.O,Xeyrəddinin vəziyyətinin necə olduğunu Raufdan soruşmuşdur.Amma, Rauf, ona heç nə deməmiş və onu, qaynanası Ulduzu tanımadığı maşınla yaşadıqları evə göndərmişdir.Həmin günü günortadan sonra ona məlum olmuşdur ki,əri X8 rayon xəstəxanasına almış olduğu xəsarətlərdən ölmüş vəziyyətdə aparılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonu Girdəni kəndində yaşayır.Onun yaşadığı Lənkəran rayonu Girdəni kəndi ərazisində yerləşən mağazası vardır və o, fərdi ticarətlə məşğul olur.O, vergi ödəyicisidir.Onun Qazel markalı yük maşını və sürücülük vəsiqəsi vardır.Həmin mağazası Lənkəran şəhəri istiqamətində asfalt yolun sol kənarında Girdəni köpüsünün yaxınlığında yerləşir.Lənkəran rayonu Girdəni kənd sakini, mərhu Zərərçəkmiş şəxs onun doğma əmisi oğludur.O, nənəsi Qumranın soyadını daşıyır.Əmisi oğlu Xeyrəddin ölməmişdən əvvəl qaynaq ustası işləmişdir.O, 30 noyabr 2023-cü il tarixdə, saat 09 radələrində mağazasının qarşısında Xeyrəddinlə görüşmüş və Xeyrəddindən hara getdiyini soruşmuşdur. Xeyrəddin də həmkəndliləri Fəzilə nənin evinə işləməyə gedəcəyini,amma əvvəlcə sosial yardım pulunun kartına yüklənib-yüklənmədiyini yoxlamaq üçün yolun qarşı tərəfindəki mağazada olan bankomatın yanına gedəcəyini ona bildirmişdir.Söhbət əsnasında Xeyrəddin işlətdiyi qaynaq aparatının son zamanlar ona pis təsir etdiyini və başının tez-tez gicəlləndiyini ona bildirmişdir.Bundan sonra, Xeyrəddin yolun əks tərəfinə keçərək bankomat olan mağazaya tərəf getmişdir.O isə mağazaya daxil olmuşdur.Təxminən 5 dəqiqədən sonra yolda maşın tappıltısını eşitmiş və tez mağazadan çölə çıxmışdır.Həmin vaxtı Girdəni körpüsü istqamətində yolun sol kənarında, yəni onun mağazasının yaxınlığında bir Opel-Vectra markalı maşının dayandığını və yolun əks tərəfində, yəni Girdəni kəndi istiqamətində yolun sağ kənarında bir nəfər şəxsin yerə yıxıldığını və onun yanında da bir nəfər cavan oğlanın dayandığını görmüşdür.O, tez həmin yerə qaçmış və əmisi oğlu Xeyrəddinin yerə yıxıldığını, başının arxasından da qan gəldiyini görmüşdür.O, həmin oğlandan nə baş verdiyini soruşmuşdur. Həmin oğlan da Opel-Vectra markalı maşının ona məxsus olduğunu və o, həmin maşınla Lənkəran şəhəri istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olduğu zaman həmin şəxsin Girdəni kəndi istiqamətində yolun sağ hərəkət hissəsi ilə asfaltın üzərində piyada getdiyini gördüyünü, amma maşını saxlaya bilməyib onu arxadan vurduğunu ona bildirmişdir. O da həmin oğlana "bu şəxs mənim əmim oğludur,tez maşını bura gətir" bildirmişdir.Amma həmin oğlan ağlaya-ağlaya maşını idarə edə bilməyəcəyini və maşını onun idarə etməyini bildirmişdir.Bundan sonra, o, tez həmin maşını idarə edərək Xeyrəddinin uzanıqlı vəziyyətdə olduğu yerə gətirmiş və həmin oğlanla birlikdə Xeyrəddini maşının arxa salonuna uzatmışdır. Həmin vaxtı hiss etmişdir ki,Xeyrəddin ölmüşdür.O,həmin maşının sükanı arxasına əyləşmişdir.Həmin oğlan da maşının qabaq sağ oturacağına əyləşmiş və o, maşını Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır.Yolda ona məlum olmuşdur ki, Xeyrəddini maşınla vuran həmin oğlanın adı Ramazandır və o, Lənkəran rayonu Cil kənd sakinidir.O, maşını Lənkəran Mərkəzi rayon xəstəxanasının qarşısında saxlamış və həkimlər maşına yaxınlaşmışlar.Onlar Xeyrəddini maşından götürüb, xəstəxanada bir çarpayıya uzatmışlar.O, tez baş vermiş hadisə barəsində Xeyrəddinin anası Ulduzun mobil telefonuna zəng edib məlumat vermişdir.Həkimlər Xeyrəddini müayinə edən zaman bildirmişlər ki, Xeyrəddin ölmüşdür.Bir neçə dəqiqədən sonra polis işçiləri xəstəxanaya gəlmişlər və Ramazanla birlikdə hadisə yerinə getmişlər.Bir neçə dəqiqədən sonra Xeyrəddinin anası Ulduz və arvadı Səyalə xəstəxanaya gəlmişlər və o, baş vermiş hadisə barəsində Səyaləyə məlumat vermişdir.Sonra isə Ulduz və Səyaləni tanımadğı taksi maşını ilə yaşadıqları Girdəni kəndinə göndərmişdir. Xeyrəddinin meyiti həkimlər tərəfindən ekspertiza müayinəsindən keçirildikdən sonra, Xeyrəddinin meyitini Təcili tibbi yardım maşını ilə yaşadığı evə aparmışlar.O, baş vermiş yol-nəqliyyat hadisəsini,yəni Xeyrəddinin maşınla vurulduğunu görməmişdir.Həmçinin, o, mağazadan çıxıb Xeyrəddinin yanına gedəndə ondan başqa hadisə yerində və ətrafda heç kim olmamışdır.Amma 2-3 dəqiqədən sonra onların yanına bir neçə nəfər şəxs gəlmişdir.O, həmin vaxtı başı Xeyrəddinə qarışdığından və həyəcanlı olduğu üçün həmin şəxslərin kimliyini bilməmişdir. Məhkəmə istintaqında şahid Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-i inspektoru, polis baş serjantı Şahid4 ifadəsində göstərmişdir ki, o, 30 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-i inspektoru,polis baş serjantı Şahid5 ilə birlikdə xidməti avtomobillə Lənkəran rayonu ərazisində xidmət apardığı zaman ŞRPŞ-nin X5 rayonu Girdəni kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər.Onlar Lənkəran rayonu Girdəni kəndi ərazisində yerləşən körpünü keçdikdən sonra yolun kənarında X10un və iki polis nəfərinin, həmçinin bir neçə nəfər həmkəndlilərinin dayandıqlarını görmüş və Şahid5 xidməti avtomobili yolun kənarında saxlamışdır.Sonra isə o və Şahid5 avtomobildən yerə düşüb onlara yaxınlaşmışlar.Həmin vaxtı Opel-Vectra markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin Girdəni körpüsünün yaxınlığında, Lənkəran şəhəri istiqamətində yolun sol kənarında dayandığını görmüşdür.X10 yanında dayanmış sonradan adını bildiyi Lənkəran rayonu Cil kənd sakini Təqsirləndirilən şəxs göstərərək bildirmişdir ki,Ramazan 30 noyabr 2023-cü il tarixdə, saat 09 radələrində idarə etdiyi Opel-Vectra markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Girdəni kəndi ərazisində Lənkəran şəhəri istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olarkən, onunla eyni istiqamətdə yolun sağ hərəkət hissəsi ilə asfalt yolun üzərində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan vurmuş və Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən ölmüş vəziyyətdə Lənkəran Mərkəzi rayon xəstəxanasına aparılmışdır. X11, mərhum Xeyrəddini,Ramazanın idarə etdiyi maşınla, Ramazanla birlikdə Xeyrəddinin əmisi oğlu Raufun apardığını bildirmişdir.Bundan sonra,Əliağa Hüseynov, onun, Təqsirləndirilən şəxs,Şahid5,Lənkəran rayon prokurorunun müavini Zöhrab Verdiyevin, ŞRPŞ-nin İstintaq bölməsinin rəisi Elman Quliyevin, ŞRPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid2, polis serjantı Şahid3 və iki nəfər hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi Lənkəran rayonu Girdəni kəndi ərazisində Lənkəran şəhər istiqamətində yolun sağ hərəkət hissəsində asfalt yolun üzərində, yolun sağ kənarından içəriyə doğru 0,43 metr məsafədə yerləşir.Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi döngəli, düz, asfalt örtüyünün vəziyyəti quru olmuş və hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətt yoxdur.Yolnəqliyyat hadisəsi yerindən körpüyə çatmağa az qalmış "Yolun daralması" yol nişanı vardır.Hadisə yerində yol örtüyünün eni 7,1 metr, sağ ehtiyat hissəsinin eni 1,52 metr,sol ehtiyat hissəsinin eni isə 1,7 metrdir.Opel-Vectra markalı,** RO *** dövlət qeydiyyat nişanlı avtomobil piyadanın vurulduğu yerdən Lənkəran şəhəri istiqamətində 21,3 metr məsafədə yolun hərəkət hissəsinin sol kənarında düz vəziyyətdə dayanmışdır.Piyadanın vurulduğu yerdə həmin Opel-Vectra markalı avtomobilin qabaq buferinə aid sınmış hissələr olmuşdur.Həmin Opel-Vectra markalı avtomobilin qabaq alın şüşəsi və qabaq buferinin sağ yan tərəfi zədələnmiş və sınmış vəziyyətdə olmuşdur. Piyadanın vurulduğu yerdən Lənkəran şəhəri istiqamətində 9,4 metr məsafədə yolun sağ ehtiyat hissəsində torpağın üzərində qana bənzər ləkələr olmuşdur.X10 tərəfindən hadisə yerinin fotoşəkilləri çəkilmişdir.O və Şahid5 tərəfindən Opel-Vectra markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin Lənkəran ŞRPŞ-nin avtomobil duracağına gətirilməsi təmin olunmuşdur.X10 tərəfindən hadisə yerinə baxış keçirilməsi barədə protokol və sxem tərtib olunmuş və o, iştirakçılarla birlikdə həmin protokola və sxemə imza etmişdir. Məhkəmə istintaqında Şahid5 Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və sxemdən görünür ki, hadisə yeri,yəni piyada mərhum Zərərçəkmiş şəxs 30 noyabr 2023-cü il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Opel Vectra markalı,** RO *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulduğu yer Lənkəran rayonu Girdəni kəndi ərazisində Lənkəran şəhəri istiqamətində yolun hərəkət hissəsinin sağ kənarından içəriyə doğru 0,43 metr məsafədə asfaltın üzərində yerləşir.Hadisə baş vermiş yerdə, yol döngəli, düz, asfaltbeton örtüyə malikdir və hadisə baş verən zaman hava günəşli, yol quru vəziyyətdə olmuşdur.Hadisə yerində yolun hərəkət hissəsinin eni 7,1 metr,hərəkət zolaqlarının sayı 2 (iki), hər bir hərəkət hissəsinin eni isə 3,55 metrdir.Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətt yoxdur.Yolun hərəkət hissəsinə sağdan 1,52 metr enində ehtiyat hissə,soldan 1,7 metr enində ehtiyat hissə birləşir. Yolun hərəkət hissəsinin sağ tərəfində yaşayış evləri,sol tərəfində isə topdansatış mağazası yerləşir.Hadisə yeri yaşayış məntəqəsi daxilindədir.Hadisə yerindən Lənkəran şəhəri istiqamətində 28,3 metr məsafədə yolun hərəkət hissəsinin sağ kənarında "Yolun daralması" yol nişanı vardır.Opel Vectra markalı,** RO *** dövlət qeydiyyat nişanlı avtomobil piyadanın vurulduğu yerdən Lənkəran şəhəri istiqamətində 21,3 metr məsafədə yolun hərəkət hissəsinin sol kənarında düz vəziyyətdə dayanmışdır.Piyadanın vurulduğu yerdə Opel Vectra markalı,** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferinə aid sınmış hissələr vardır. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 07 yanvar 2024-cü il tarixli, 8/3869 nömrəli rəyindən görünür ki; istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Vectra markalı,** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Əkbərov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 32 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində-baş beyinin ağır dərəcədə əzilməsi,kəllə qapağı (ənsə,kəllə əsası) sümüklərinin sınması ilə müşaiyət olunan qapalı kəllə beyin travması,təpə-ənsə nahiyyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma,çənəaltı nahiyyəsində əzilmiş-cırılmış yara,sol almacıq,döş qəfəsi,sol diz qapağı nahiyyələrində sıyrıqlar,sol göz qapaqları-gözaltı nahiyyəsində qançır aşkar edilmişdir.Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki,həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər,avtomobil travması,o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30 noyabr 2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşınının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın ayaq üstə,sol arxa tərəfdən vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə-başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (ənsə,kəllə əsası) sınığı və baş beyinin ağır dərəcədə əzilməsi səbəb olmuşdur. 30 noyabr 2023-cü il tarixli, 001916 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə saat 10:45 dəqiqədə sərxoş olmamışdır. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin 31 yanvar 2024-cü il tarixli, 3-13-16-5/2-89/2024 nömrəli məktubundan görünür ki,BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Cil kənd sakini,xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə "BC" kateqoriyalı AE-445537 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuş, Opel-Vectra markalı avtomobili "BC" kateqoriyası ilə idarə edə bilər. Azərbaycan Respublikası DİN BƏSİİ-nin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunamışdır. Lənkəran ŞİHB-nın Şağlaser kənd inzibati ərazi dairəsində nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası və atası ilə Lənkəran rayon Cil kəndində yaşayır. Zərər çəkmiş şəxs X6 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, barışmışlar. Bu səbəbdən cəza təyin edilərkən təqsirləndirilən şəxsin şikayəti və tələbinin olmamasının nəzərə alınmasını və ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Təqsirləndirilən şəxs tutulmalı olan ekspertiza tədqiqatlarının 85 (səksən beş) manat məbləğində dəyəri dövlət büdcəsinin X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində göstərilir ki, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya çatdırması CMnin 59.1.11-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa nail olması CM-nin 59.1.12-ci maddəsinə əsasən, dəymiş ziyanı ödəməsini 59.1.13-cü maddəsinə əsasən, təqsirini etiraf etməsi, tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsi CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 263.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas olmasa da, CMnin 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-nin 263.2-ci maddəsinin sansksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməli, iş üzrə maddi sübut olan Opel markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə bir gün hesabı ilə azadlıqdan məhrumetmə cəzasının 2(iki) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRF********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İş üzrə maddi sübut olan Opel markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar