Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-11/2023 02.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə, saat 16:45 xx xxxxxx 1988-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri Bağbanlar küçəsi ev 2/1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı -0,08 qram olan narkotik vasitə metadonu əldə edib üzərində saxlayaraq daşımış, 14 mart 2022-ci il tarixdə, saat 16:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran şəhəri bazar ərazisində saxlanılaraq regional şöbənin Lənkəran şəhəri P.Təhməzov küçəsi 8-də yerləşən inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən sayda və miqdarda olan narkotik vasitə metadon əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Lənkəran şəhəri mərkəzi bazarda yerləşən geyim dükanında satıcı işləmişdir. Tutulanadək narkotik vasitə metadon həbi qəbul etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Arabir metadon həbi alıb qəbul etmişdir. 11 mart 2022-ci il tarixdə Şirvan şəhərində yaşayan tanışının toyunda iştirak etmək üçün ora getmişdir. Toyda iştirak edən və tanımadığı şəxslərdən biri ilə söhbət zamanı onun metadon həbi qəbul etdiyini bilmişdir. Bu zaman tanımadığı şəxs ona metadon həbilərinin olduğunu bildirmişdir. O da həmin şəxsə iki ədəd metadon həbinin ona satmasını istəmişdir. Bu zaman həmin şəxs ona qonaq olduğu üçün bir metadon həbinə görə 20 manat alacağını, digər birini isə pulsuz verəcəyini bildirdib, listdə iki ədəd metadon həbini ona vermişdir. O da razılaşıb həmin şəxsə 20 manat pul verib iki ədəd metadon həbini almışdır. Həblərdən qəbul etməyib ağrıları olacağı təqdirdə istifadə edəcəyini düşünüb həblər olan listi cibinə qoymuşdur. 14 mart 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb, Lənkəran mərkəzi bazarına gedən zaman metadon həbləri olan listi həmin gün qəbul etməsi üçün cibinə qoymuşdur. Həmin gün saat 16 radələrində bazar ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü şöbəyə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə regional şöbəyə gəlmiş, təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif edildikdə əynində olan gödəkçənin sol yan cibində saxladığı bir ədəd list kəsiyində olan iki ədəd metadon həblərini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən digər qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş metadon həbləri elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol tərtib edilmiş o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən peşman olduğunu, həm ibtidai istintaq, həm də məhkəmə ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis mayoru rütbəsindədir. İcraatına Lənkəran şəhəri, Bağbanlar küçəsi ev 2/1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və daşıması ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 İsabala oğlu və əməliyyat müvəkkili, polis leytenantı X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 14 mart 2022-ci il tarixdə, saat 16 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri bazar ərazisində, küçədə görüb, onu nəzarətə götürmüş və ona yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində X2 şəhəri P.Təməzov küçəsi 8-də yerləşən inzibati binasına dəvət etmişlər. Regional şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməyi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən list kəsiyində iki ədəd metadona həbinə bənzər həbləri təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi list kəsiyində narkotik vasitə olan metadon həbləri olduğunu, həmin həbləri istifadəsi üçün təxminən 2-3 gün əvvəl Şirvan şəhərində olan zaman tanımadığı şəxsdən birini 20 manata aldığını, digərini isə aldığı şəxsin ona pulsuz verdiyini bildirmişdir. Aşkar edilənlərdən başqa ondan narkotik vasitələrin olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman onun üzərindən 11 manat pul, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd metadona bənzər həblər elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. İş üçün əhəmiyyət kəsb etməyən əşyalar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində əldə edib üzərində saxlaması, gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olduğunu, lakin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. 14 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd list kəsiyində 02 (iki) ədəd narkotik vasitə metadon həbləri aşkar olunmuş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/335 nömrəli, 15 mart 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd metadona bənzər tablet qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon dərmanlardır və həblərinin təsiredici maddəsinin ümumi miqdarı -0,08 qramdır. 2 ədəd metadon həbindən 1 ədədi tədqiqata sərf edilmiş, 1 ədəd həb qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 17 mart 2022-ci il tarixli, 1025 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioid qrupundan olan metadondan istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 5(049)-87/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair 14 mart 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçmək haqqında 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2022ci il tarixdə saat 15:30-da həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 23 may 2022-ci il tarixli, 397 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Maddi sübut hesab edilməsi haqqında 25 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram (qalıq -0,04 qram ) olan narkotik vasitə metadon və Təqsirləndirilən şəxsnin üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 01 ədəd narkotik vasitə metadon həbi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk iş materiallarında saxlanılmışdır. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri Bağbanlar küçəsi ev 2/1-də anası və arvadı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran Rayon Məhkəməsinin 1(049)-291/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun barəsində axtarış elan edilmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-96/2-3179/2023 saylı məktubu və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30-da tutularaq Lənkəran ŞRŞP-nin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadəsi, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək, 29 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 07 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 14 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, CM-nin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd 0,04 qram narkotik vasitə metadon məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək, 29 yanvar 2023-cü u tarixdən 02 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 07 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 14 günə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 11 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan bir ədəd 0,04 qram çəkidə narkotik vasitə metadon məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. Ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-11/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-11/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver