Məhkəmə qərarları › İş №1(049)-110/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-110/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-110/2025 08.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: X10, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: X4 iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Lənkəran rayonu Darquba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sürücü, evli, məhkum olunmamış, Lənkəran rayonu Darquba kəndində qeydiyyatda olmaqla yaşamış X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, X10 xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Lənkəran rayonu, Darquba kəndində yerləşən yaşadığı evin qonaq otağında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərindən irəli gələn səbəblərdən baş vermiş mübahisə zamanı Səbinə Temurovanı əli ilə vurub sağ dirsək oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol said nahiyəsində sıyrıq, sol bazu oynağı nahiyəsində qançırla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X10 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə xx.xx.2015-ci ildə ailə həyatı qurmuş, əvvəllər münasibətləri yaxşı olmuşdur. Bir neçə aydır ailə münasibətləri zəmnində aralarında mübahisələr baş vermişdir. xx.xx.2025-ci il iarixdə saat 20 radələrində Lənkəran rayonu, Darquba kəndində yerləşən yaşadıqları valideyinlərinə məxsus evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ondan gizli istifadə etdiyi mobil telefonu qardaşı Şahid yanında mətbəxdən götürüb evdən çıxmaq istəyəndə ailə münasibətlərindən irəli gələn səbəblərdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs ilə əlbəyaxa olub, saçlarını yolmuş həmin vaxt qardaşı Arzuman bacısı Zərərçəkmiş şəxs onun əlindən almaq istəyəndə Səbinə beton pillələrdən həyətə yıxıldıqdan sonra, yenə də yerdə əlbəyaxa olub mobil telefonu əlindən almaq istəyəndə, qardaşı Şahid, Zərərçəkmiş şəxs onun əlindən almış və Səbinə qaçaraq küçəyə çıxmış arxasınca qaçsa da, lakin tuta bilmədiyini və bununlada dava-dalaşın başa çatdığını göstərmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla xx.xx.2015-ci ildə ailə həyatı qurmuşdur. Əvvəllər münasibətləri yaxşı olmuşdur.Təqsirləndirilən şəxsla birgə nikahdan iki azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs işdən sonra evdə mütəmadi spirtli içkini qəbul etdiyinə və heç bir səbəb olmadığından ondan xəbərsiz mobil telefon istifadə etməsini bəhanə gətirib qısqandığına görə əvvəllər aralarında dəfələrlə mübahisələr baş vermişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs işdən evə gəlib şam yeməyi yeyib spirtli içki qəbul etdikdən sonra, ona mobil telefon olmasını və həmin mobil telefonu uşaqlarına verməsini və uşaqları dərsdən yayındırmasını bəhanə gətirib onunla mübahisə etdiyi üçün o, qonşu otağa keçib Lənkəran şəhərində yaşayan qardaşı Şahid zəng vurub, Təqsirləndirilən şəxs yenə də spirtli içki qəbul edib onunla dava-dalaş etmək istəməsi barədə bildirib evə çağırmışdır. Qardaşı Şahid təxminən 8-10 dəqiqədən sonra onun evinə gəlib, nə baş verdiyini soruşanda, o, mətbəxə daxil olub, özünə məxsus bəzi əşyaları götürüb qardaşı Şahidla birlikdə evdən çıxmaq istəyəndə, Təqsirləndirilən şəxs qardaşının yanında onun üstünə hücum çəkib saçlarını əli ilə tutub yumruq zərbələri ilə baş və bədənin müxtəlif yerlərinə vurub dövən zaman qardası Arzuman İsmavılov onu Elburusun əlindən almaq istəyəndə evin girişində həyətə düşən 9 ədəd beton pillədən ibarət pilləkənin üstünə itələyərək həyətə yıxmışdır. Buna baxmayaraq arxasınca həyətə düşüb yenədə onunla əlbəyaxa olub vurmaq istəyəndə qardaşı Arzuman onu Elburusun əlindən almış o, ayaqyalın küçəyə qaçmış və bununla da dava-dalaş başa çatmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun saçını yolub baş və bədənin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə zərbə vurub qəsdən itələyərək pilləkənlərdən yerə yıxmışdır. Buna görə də DİN-in 102 xidmətinə məlumat verdikdən sonra Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Aralarındakı münaqişə 2-3 dəqiqə ərzində yaşadığı evdə baş vermiş, qardaşı Şahid başqa yaxınlıqda kənar şəxslər olmamışdır. Mübahisə zamanı kənardan ora gələnlər olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxs həyat yoldaşı olmaqla xx.xx.2015-ci ildə ailə həyatı qurmuşlar. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxsla bacısı Zərərçəkmiş şəxs ilə birgə nikahdan iki azyaşlı övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs avtobus sürücüsü işləyir, mütamadi olaraq spirtli içki qəbul edərək heç bir səbəb olmadan Zərərçəkmiş şəxs qısqandığından əvvəllər aralarında ailə münasibətləri zəmnində dəfələrlə müabhisələr baş verdiyi üçün o, Təqsirləndirilən şəxs dəfələrlə sakitləşdirib, bacısı Zərərçəkmiş şəxs evinə aparıb bir müddət saxladıqdan sonra Səbinə evinə qayıtmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 20 radələrində o, öz evində olan zaman Lənkəran rayonu, Darquba kəndində yaşayan bacısı Zərərçəkmiş şəxs ona zəng vurub, yenə də həyat yoldaşı Elburus Tenymurov spirtli içki qəbul edərək evdə münaqişə yaratması barədə bildirib təcili onun evinə getməsini xahiş etdiyi üçün dərhal özünə məxsus avtomaşınla 8-10 dəqiqə ərzində Zərərçəkmiş şəxs yaşadığı ünvana tək gəlmişdir. Evə daxil olub nə baş verməsini soruşanda, bacısı Səbinə qonşu otaqdan çıxıb mətbəxə daxil olub və bir dəqiqə ərzində mətbəxdən çıxıb onunla valideynlərinin evinə getmək istəyəndə, Təqsirləndirilən şəxs ani bir vaxtda onun yanında hücum çəkib Zərərçəkmiş şəxs saçlarını əli ilə tutub buraxmadığı üçün, Səbinənin saçlarını Elburusun əlindən zorla çıxarmaq istəyəndə, Elburus Səbinəni evin girişində 9 pillədən ibarət beton pillələrin üstünə itələmiş, Səbinə pilləkənlərin üstündən həyətə yıxılmışdır. Buna baxmayaraq Elburus yenə də yerə yıxılmış Səbinənin saçlarından tutan zaman, o, Səbinəni Təqsirləndirilən şəxs əlindən aldıqdan sonra, Səbinə küçəyə qaçmış və bununla da davadalaş başa çatmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs saçını yolub, qəsdən itələyərək pilləkənlərdən yerə yıxmışdır. Buna görə Zərərçəkmiş şəxs həmin vaxt DİN-in 102 xidmətinə məlumat verdikdən sonra Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsla həyat yoldaşı Zərərçəkmiş şəxs arasında 2-3 dəqiqə ərzində dava-dalaş baş vermiş, ora kənar şəxslər gəlməmiş və görməmişdir. İş materiallarının 22-23-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 255 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ dirsək oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi, sol said nahiyəsində sıyrıq, sol bazu oynağı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarının 17-21-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Lənkəran rayonu Darquba kəndində baş vermişdi. İş materiallarının 35-cı vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 372 saylı arayışından görünür ki, Lənkəran rayonu Darquba kəndində qeydiyyatda olmaqla yaşayan X1 Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarının 42-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, X10 rayonu Darquba kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, X5 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı övladları var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X10 tərəfindən yekun protokolda qeyd olunan cinayət əməlinin törədilməsi, özünün ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X5 elan olunmuş ittihamla özünü qismən təqsirli bilməsini, yəni Zərərçəkmiş şəxs yalnız saçından tutub yolmasını, Zərərçəkmiş şəxs qəsdən xəsarət yeritməməsini, əlindən çıxıb yıxılaraq xəsarət alması ilə bağlı göstərdiklərini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X5 cinayət məsuliyyətindən azad edilməsi və bəraət verilməsi üçün əsaslar yoxdur. Odur ki, X7 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. X5 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Məhkəmədə X5 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X7 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, X5 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində X5 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı X10 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, müki iddia və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar