Məhkəmə qərarları › İş №1(049)-111/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-111/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-111/2024 20.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi istirakları ilə, saat 12:55 xx.xx.1969-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin dekabr ayında Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,490 qram, 3,454 qram, ümumilikdə təmiz çəkisi 6,944 qram olan bitki mənşəli, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə biri-biriləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 13 dekabr 2023-cü il tarixdə, saat 19:50-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarın sağ yan cibində 2 ədəd kibrit qutusunun içərisində həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, bədənində ağrılar olduğu üçün qurudulumuş marixuana qəbul edir. Başqa narkotik vasitə qəbul etməmişdir. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata 2 kibrit qutusu marixuana almışdır. Həmin marixuananı qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 19 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi ilə piyada evinə tərəf gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Lənkəran ŞRPŞ-yə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və vəkil ilə təmin edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilmiş əşya və maddə olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibində saxladığı 2 ədəd kibrit qutusunda olan marixuananı çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin bükümə baxış keçirmişdir. Sonra kibrit qutuları elektron tərəzidə çəkildikdə qutuların ümumi çəkisi 13,00 qram olmuşdur. Onunla bu barədə sorğu-sual edildikdə, polis əməkdaşlarına üzərində aşkar olunmuş kütlənin marixuana olduğunu və özünə məxsus olmasını və marixuananı gündüz saatlarında Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Üzərində aşkar olunmuş həmin marixuana təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştarkçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu iştirakçılarla birlikdə imza etmişlər. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 13 dekabr 2023-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 19:50-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşıb birlikdə ŞRPŞ-yə gəlmişdir. Bu barədə raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz maddə olduğu halda təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs da həmin vaxt əynində olan idman şalvarının sağ yan cibindən 2 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin kibrit qutularına baxış keçirildikdə, qutuların içərisində narkotik vasitə olan qrudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin qutuların içərisində qurudulmuş marixuanaya bənzər maddə olan iki ədəd kibrit qutusu elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxsla bu barədə sorğu-sual edildikdə, o təqdim etdiyi kibrit qutularının içərisində aşkar olumuş kütlənin marixuana olduğunu və həmin marixuananı tutulduğu gün səhər saatlarında Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. 13 dekabr 2023-cü il tarixli şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 2 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin kibrit qutularının içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Məhkəmə-bioloji ekspertizasının 14 dekabr 2023-cü il tarixli 19/1041 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkisi -3,490 qr, -,3454 qram ümumi təmiz çəkisi 6,944 qram olan bitki mənşəlli, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və biloloji komponent tərkiblərinə görə biri-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 1089 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər Psixatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli, 480 №-li arayışından görünür ki, Məmmədov X1 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Məmmədov X1 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 01 ay 27 gün vaxtından əvvələ şərti olaraq cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət törədərkən məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə, saat 15:00-da saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY–dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd kağız paketdəki 6,944 qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, qalıq çəkisi 6,844 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi və 1 ədəd DVD diskin iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X1 şəhəri, Ş.Xiyabanı küçəsi ev 2/18–də qeydiyyatda olmaqla ailə üzvləri – arvadı xx.xx.1983-cü il təvəllüdlü X2, anası xx.xx.1941-ci il təvəllüdlü X3 və uşaqları – xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əməlini səmimi etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailənin yeganə gəlir gətirən şəxsi olmasını CM-nin 59.2ci maddəsinə əsasən onun onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 19:50-dən, 15 dekabr 2023-cü il saat tarixdə 15:00-dək 2 gün həbsdə olduğu müddət - bir günə iki gün hesablanmaqla, dörd gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 6,844 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il saat tarixədək iki gün şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi ev 2/18–də yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış – 6,844 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin icrası yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar