Məhkəmə qərarları › İş №1(049)-112/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-112/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-112/2023 26.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla ünvan 2də yaşamış, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 25 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş, barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanından oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin pəncərənin açıq olmasından istifadə edib evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan yataq otağında qoyulmuş masanın üzərindəki 280 (iki yüz səksən) manat nağd pulu yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, 2022-ci ilin noyabr ayında Lənkəran şəhərində, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,303 qram və 0,258 qram - ümumi təmiz çəkisi 0,561 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, B.Mirsalayev küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda isə təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatda olsa da, 8 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. O, bir müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində, adları və şəxsiyyətləri barədə hər hansı məlumatı olmadığı, üzdən tanıdığı şəxslərdən alır. O, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Zərərçəkmiş şəxs onların qonşuluğunda yaşayır və aralarında qonşuluq münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə o, Gövçəkgilə getmiş və söhbət əsnasında Gövçək ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə əri ilə birlikdə bazara paltar almağa gedəcəyini demişdir. Gövçəyin evində pul olduğunu ehtimal etdiyindən onlar evdə olmayan zaman evə girərək pulu götürüb çıxmağı düşünmüşdür. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Gövçəkgilin həyətinə hasardan tullanmaq yolu ilə daxil olmuşdur. Evin birinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu görüb evə girmişdir. Evin birinci mərtəbəsində olan yataq otağına daxil olduqda yataq otağında olan masanın üzərində pul olduğunu görmüşdür. Yaxınlaşıb pulu götürmüş və sayaraq 280 manat olduğunu müəyyən etmişdir. Həmin pul şəxsi ehtiyaclarına kifayət edəcəyindən evin başqa yerini axtarmamış və evdən çıxmışdır. Götürdüyü pulu şəxsi ehtiyacları üçün xərcləmiş və borclarını ödəmişdir. Sonradan Zərərçəkmiş şəxs ondan pul barədə soruşsa da, evdən pul oğurladığını boynuna almamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə yatdığı zaman polis əməkdaşları onların evinə gələrək onu və qardaşını Lənkəran şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinin inzibati binasında ondan Zərərçəkmiş şəxs evindən pul oğurlanması barədə soruşmuş və onun narkotik vasitələrdən istifadə etdiyi barədə də məlumatlarının olduğunu bildirmişlər. Eyni zamanda, polis əməkdaşları onun üzərinə iki ədəd xırda sellofan büküm qoyaraq içərisində narkotik vasitə olan heroin olduğunu, oğurluq cinayətini etiraf etməyəcəyi təqdirdə onun üzərində daha artıq miqdarda narkotik vasitə aşkar olunacağını bildirmişlər. Bu səbəbdən o, Zərərçəkmiş şəxs evindən pul oğurladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onun şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmiş və video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparmış, qardaşını isə sərbəst buraxmışlar. Şəxsi axtarış zamanı onun şalvarının sağ yan cibindən bir qədər əvvəl qoyulmuş narkotik vasitə bükümləri aşkar edilmişdir. Üzərində aşkar edilmiş iki bükümdə heroin elektron tərəzində çəkildikdə cəmi çəkisi 0,81 qram olmuşdur. Sonra həmin bükümlər ekspertizaya təqdim olunması üçün kağız zərfə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi də imza etmişlər. Üzərində axtarış aparılması ilə bağlı tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, o və müdafiəçisi həmin protokolu da imzalamışlar. O, narkotik vasitə istifadəçisi olsa da, şəxsi axtarış aparılan vaxt üzərində hər hansı narkotik vasitə olmamışdır və şəxsi axtarış aparılması barədə protokolda qeyd edilən narkotik vasitə ona məxsus deyildir. Polis əməkdaşlarından qorxduğu üçün narkotik vasitənin özünə aid olduğunu bildirmişdir. Eyni zamanda, şəxsi axtarış zamanı Gövçək adlı qadının evindən 100 manat pul oğurladığını deməsinə səbəb də qorxması olmuşdur, ancaq evdən 280 manat pul oğurlamışdır. Oğurluğu tək törətmiş, ona kömək edən şəxs olmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, 3 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində, adları və şəxsiyyətləri barədə hər hansı məlumatı olmadığı, üzdən tanıdığı şəxslərdən alır. O, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Lənkəran şəhəri 5 nömrəli tam orta məktəbin qarşısına gedib orada üzdən tanıdığı və əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsə yaxınlaşmışdır. Həmin şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində iki büküm narkotik vasitə heroin alıb ağrıları olan zaman qəbul etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Saat 10 radələrində yaşadığı ev istiqamətində hərəkətdə olan zaman evə çatmasına az qalmış mülki geyimdə olan, tanımadığı üç nəfər ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşlar kimi təqdim edərək ona narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu deyib onu polis şöbəsinin inzibati binasına gətirmişlər. Həmin binaya gətirilənədək polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan narkotik vasitə heroini özündən kənarlaşdırmaq imkanı olmamışdır. Polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər və polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da əynində olan gödəkçənin cibindən bir qutu “Argo” markalı siqaret, şalvarının sol yan cibindən isə bir qədər əvvəl aldığı narkotik vasitə olan heroin bükümlərini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmiş, ancaq hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Üzərində aşkar edilmiş iki bükümdə heroin elektron tərəzində çəkildikdə cəmi çəkisi 0,81 qram olmuşdur. O, həmin bükümlərdə olan maddələrin narkotik vasitə heroin olduğunu, Lənkəran şəhəri 5 nömrəli tam orta məktəbin qarşısında Loğman adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat qarşılığında aldığını demişdir. Sonra həmin bükümlərdə olan heroin ekspertizaya təqdim olunması üçün kağız zərfə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi də imza etmişlər. Üzərində axtarış aparılması ilə bağlı tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, o və müdafiəçisi həmin protokolu da imzalanmışdır. O, narkotik vasitəni özü istifadə etmək məqsədilə almış, lakin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı təsadüfi bir ad olaraq Loğman adlı şəxsin adını çəkmişdir. Əslində isə belə bir şəxs tanımır, narkotik vasitəni, həqiqətən də, adını bilmədiyi şəxsdən almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində, eyni zamanda, qeyd etmişdir ki, o, törətdiyi oğurluq cinayətini etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs yaşadığı evdən götürdüyü pul ödənilməklə ona dəymiş maddi ziyan tam şəkildə aradan qaldırılmışdır. O, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etmiş və zərərçəkmiş şəxs də onu bağışlamışdır. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onların qonşusudur. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evdən çıxaraq Lənkəran şəhərinin mərkəzi bazarına getmişdir. Evdən çıxarkən evin qapılarını bağlamış, lakin həyət qapısı və evin arxa tərəfindəki həyətə açılan pəncərə açıq olmuşdur. Bir qədər sonra bazardan evə qayıdaraq çantasında olan pulu yataq otağında olan ütü masasının üzərinə qoymaq istəyərkən bazara getməzdən əvvəl həmin masanın üzərinə qoyduğu 280 manat pulun yerində olmadığını görmüşdür. Pulu axtarsa da, tapa bilməmiş və oğurlandığını başa düşmüşdür. Bir gün əvvəl qonşusu Təqsirləndirilən şəxs onların evində olduğuna görə şübhələnib bu barədə ondan soruşsa da, Təqsirləndirilən şəxs evdən pul oğurlamadığını demişdir. Bundan sonra o, polisə müraciət etmişdir. Bir müddət sonra onun evindən pul oğurlayan şəxsin məhz Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək, eyni zamanda, göstərmişdir ki, onun evindən oğurlanmış pul tam şəkldə ödənilməklə ona dəymiş maddi ziyan məbləği aradan qaldırılmışdır. Onun hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, icraatına ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatların dəqiqliyi qərəzsiz mənbələr vasitəsilə yoxlanıldıqdan sonra o, polis şöbəsinin rəhbərliyinə müraciət edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsini xahiş etmişdir. Rəhbərlik tərəfindən müvafiq icazə verilmiş və əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmışdır. Əmrə əsasən o özü qrupun rəhbəri, bölmənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 isə qrupun üzvləri olmuşlar. Onlar xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçəyə - B.Mirsalayev küçəsinə çıxıb müşahidələr aparmağa başlamışlar. Az sonra Təqsirləndirilən şəxs küçədə olduğunu aşkar etmişlər. Təqsirləndirilən şəxs tək şəkildə piyada hərəkətdə olmuş, ona yaxınlaşan olmamış, o özü də heç kəsə yaxınlaşmamışdır. Onlar qısa müddət ərzində Təqsirləndirilən şəxs izləmiş, daha sonra yaxınlaşmağa qərar vermişlər. Əməliyyat müvəkkilləri ilə fikir mübadiləsi aparandan sonra çevik bir şəkildə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O, özünü və yanında olan şəxsləri polis şöbəsinin əməliyyat müvəkkilləri kimi təqdim etmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə olması ehtimalı vardır, bu səbəbdən də üzərində şəxsi axtarış aparılmalıdır. Lakin ətrafda intensiv hərəkət olduğundan onlarla birlikdə polis şöbəsinin inzibati binasına gəlməli və şəxsi axtarış orada keçirilməlidir. Təqsirləndirilən şəxs də onlarla razılaşmış və birlikdə polis şöbəsinin inzibati binasına gəlmişlər. Şöbədə araşdırmanın davam etdirilməsi təhqiqat bölməsinin təhqiqatçısı Emil Nurizadəyə həvalə edilmişdir. X3 Mürsəlliyə şübhəli şəxs qismində tutulduğunu elan edib vəkillərin siyahısını ona təqdim etmiş və özünün müdafiəsi üçün vəkil seçməsini təklif etmişdir. Təqsirləndirilən şəxs tərəfindən seçilmiş vəkil polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində daşınması, istifadəsi, saxlanması qanunla qadağan edilmiş hər hansı əşya olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bit qutu “Arqo” markalı siqaret, şalvarının sağ yan cibindən isə iki ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərində daşınması, istifadəsi, saxlanması qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Həmin bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və cəmi çəkisi 0,81 qram olmuşdur. Həmin bükümlər ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyulub möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümlərdə narkotik vasitə heroin vardır, həmin narkotik vasitəni Lənkəran şəhəri 5 nömrəli məktəbin yaxınlığında Loğman adlı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qonşusu Gövçək adlı şəxsin evindən pul oğurladığını etiraf etmişdir. Qeyd olunan hərəkətlər barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. İş üzrə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da məhkəmə iclasında Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini, evin giriş qapısını, yataq otağını, pulun saxlanıldığı yeri və həmin otaqdan 280 manat pulun oğurlandığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və qeyd edilən protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs Mürsəlli X2 şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini, evin həyətinə və evə daxil olduğu yeri, həmin otaqdan 280 manat pulu oğurladığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 10:50-dən başlayaraq Lənkəran ŞRPŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan iki ədəd şəffaf sellofan bükülü, həmçinin, şalvarının sağ yan cibindəki bükülüdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülülərin ona aid olduğunu, bükülülərin içərisindəki maddələrin narkotik vasitə olan heroin olduğunu, narkotik vasitələri Loğman adlı şəxsdən aldığını və özü istifadə etmək məqsədi ilə özündə saxladığını bildirmiş, həmçinin, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evindən xx.xx.2022-ci il tarixdə 100 manat pul oğurladığını etiraf etmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilərkən həmin kütlələrin ümumi çəkisinin 0,81 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlələr zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə polis əməkdaşlarının və vəkilin iştirakı ilə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və onun vəkili də protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X1 Regional Bölməsinin xx.xx.2022-ci il tarixli 19/1184 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd heroinə bənzər kütlə.....” sözləri və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,303 qram və 0,258 qram, ümumi təmiz çəkisi 0,561 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqat obyektlərinin hər birindən 0,05 qram - cəmi 0,1 qramdan ibarət hissələri tədqiqata istifadə olunduqdan sonra cəmi 0,461 qram çəkidə qalan narkotik vasitə olan heroin bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli 1202 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli qərardan və həmin tarixli tutulma protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 10:10-da Lənkəran şəhəri B.Mirsalayev küçəsində saxlanılmış, həmin gün saat 10:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdə saat 10:10-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci tarixli 958 nömrəli arayışından müəyyən edilir ki, Mürsəlli X2 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0.461 qram çəkidə narkotik vasitə olan heroin iş üzrə maddi sübut qismində tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti cəza olaraq 11 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 25 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci tarixdə cəza müddəti bitmiş, onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci tarixdə cəzanı çəkib qurtardığı vaxtdan hazırki cinayət əməllərini törətdiyi vaxtadək, yəni 18 və 19 noyabr 2022-ci tarixlərədək iki il müddət keçmədiyindən o, məhkumluğu ödənilməmiş hesab olunur və onun tərəfindən hazırki cinayətlərin törədilməsi Cinayət Məcəlləsinin 18.1 və 83.3.3-cü maddələrinin tələblərinə əsasən cinayətin residivini yaradır. Məhkəmə hazırki cinayət işi üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün həmin sübutların kifayət etməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafı və zərər çəkmiş şəxsin ifadəsi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətmədiyi barədə məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, ekspert rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bununla bağlı ifadəsində qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, onun ifadəsinin həmin hissəsi məsuliyyətdən azad olunmaq niyyəti ilə verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs oğurluq cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı könüllü olaraq aradan qaldırması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyini könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaratdığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilərək ittiham edildiyi maddələrdə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən onun törətdiyi cinayət əməllərində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq təqsirləndirilən şəxsə törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İşin faktiki hallarına əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ayrı-ayrılıqda təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxsə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanunamüvafiq hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin residivini yaratdığına və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hazırki cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Lənkəran ŞRPŞ-də saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0.461 qram çəkidə narkotik vasitə olan heroin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0.461 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar