Məhkəmə qərarları › İş №1(049)-112/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-112/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-112/2025 29.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Aslanov Murad Şamxal oğlu, Məhkəmə iclasının katibi: X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X4, Müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X4 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini ləkələyən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X5 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Hazırda məhkəməyə təqdim edilmiş şikayətdə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, cinayət qanununda 147-ci maddənin məhz hansı bəndi ilə məsuliyyətə cəlb edilməsi konkret olaraq göstərilməmişdir. Bu əsasa görə, yəni şəxsin hansı maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi konkret olaraq müəyyən olunmadığına görə məhkəmə hesab edir ki, CPM-nin 302.2.3-cü maddəsinə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar