Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-115/2023 10.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, narkotik maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin oktyabr ayında, Lənkəran rayonunda, istintaqa dəqiq məlum olmayan mənbədən və tarixdə, dörd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,177 qram, - 0,204 qram, -0,182 qram və - 0,167 qram, ümumi təmiz çəkisi -0,730 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 14:05-də Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsində olarkən saxlanılaraq şəhər-rayon polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən qeyd olunan bükümdə və çəkidə narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Orada ona fiziki və ya psixiki təsir göstərilməsə də, bildirmişlər ki, ibtidai istintaq zamanı onların dediyi kimi ifadə versin. O da onların dediyinə qulaq asaraq orada elə ifadə vermişdir. Əslində heç oxuya da bilmir, üzərində şəxsi axtarış aparılan zaman videoçəkilişin aparılmasını xatırlamır. Üzərindən aşkar edilmiş narkotik vasitəni qəbul etmək üçün üzərində gəzdirmiş, onu satmamış və satmaq niyyəti də olmamışdır. O, üzərində ümumiyyətlə tərəzi gəzdirməmişdir. Təqsirləndirilən şəxs son sözündə ədalətli hökm çıxarılmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə araşdırılmış, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, o, orada göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitədən istifadə etməyəndə bədənində ağrılar olur. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 25 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, “Kiçik Bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pulun müqabilində 04 bükümdə narkotik vasitə olan heroin almışdır. Aldığı bükümü əynində olan şalvarın sol yan cibinə qoyaraq gələcəkdə qəbul etmək məqsədilə üzərində saxlamışdır. O, narkotik vasitələri əldə etdikdə onu satan şəxs onu aldatmasın deyə onu tərəzidə çəkmişdir. Məhz buna görə də üzərində həmişə elektron tərəzi də olur. Sözügedən 04 ədəd bükümdə narkotik vasitə olan heroini aldıqdan sonra onu çəkərəkşalvarımın sol yan cibinə qoymuşdur. Həmin gün, yəni 25 oktyabr 2022-ci il Lənkəran rayonu Liman şəhəri, T.Bağırov küçəsi ilə yaşadığı evə tərəf piyada hərəkətdə olan zaman Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah edərək ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Liman polis bölməsinə dəvət etmişlər. O,polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmiş, orada ona hüquq və vəzifələri izah edilmiş, müdafiə hüququna əsasən öz istədiyi vəkillə təmin edilmiş, orada üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona təklif olunmuşdur ki üzərində narkotik vasitə və qanunla saxlanması qadağan olunmuş əşya, yaxud predmet varsa təqdim etsin. O da, əynimdə olan şalvarın sol yan cibindən 04 ədəd narkotik vasitə heroin olan büküm və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə 0,91 qram olmuş və zərfə qoyularaq qablaşdırılmışdır. Üzərində qeydlər aparılmış, polis əməkdaşı, o və öz istəy ilə ona təqdim edilmiş vəkili Vəliəhəd Həbibov tərəfindən həmin zərf imzalanmışdır. Ondan aşkar olunaraq götürülmüş 04 ədəd büküm özünə məxsusdur. Saxlanılarkən, polis şöbəsinə gətirilərkən, həmçinin gətirildikdən sonra ona qarşı heç kəs zor tətbiq etməmiş, heç kəs ona hədə-qorxu gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanıl verdiyi ifadəsini təsdi edir. Onlara dəfələrlə təqsirləndirlən şəxsin narkotik vasitələrdən istifadə etməsinə dair əməliyyat məlumatları daxil olmuş, buna görə də xx.xx.2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, günorta saatlarında təqsirləndirlən şəxs küçədə saxlanılaraq şəhər-rayon polis şöbəsinə gətirilmiş, orada üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən dörd bükümdə narkotik vasitə heroinə oxşar maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı narkotik vasitəni özünün istifadəsi üçün üzərində göstərdiyini bildirmişdir. O, sərbəst surətdə ifadə verdikdən sonra, suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə ilə elektron tərəzini üzərində gəzdirmiş, onun narkotik vasitəni satması ilə əlaqədar əməliyyat tədbirləri davam etdirilir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməliyyat müvəkkiləri Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanıl verdiyi ifadəsini təsdi edir. Onlara təqsirləndirlən şəxsin narkotik vasitələrdən satışı və istifadə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə təqsirləndirlən şəxs küçədə saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynindən dörd bükümdə narkotik vasitə heroinə oxşar maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı narkotik vasitəni özünün istifadəsi üçün üzərində göstərdiyini bildirmişdir. Lakin güman edir ki, təqsirləndirilən şəxs məhz satış məqsədilə narkotik vasitə ilə elektron tərəzini üzərində gəzdirmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan sarı rəngli şalvarın sol yan cibindən 4 ədəd büküm və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümləri həmin gün səhər saatlarında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, elektron tərəzini isə narkotik vasitəsinin çəkisini bilmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 19/1120 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 büküm kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,177 qram, -0,204 qram, -0,182 qram və - 0,167 qram, ümumi təmiz çəkisi -0,730 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra heroinin qalığı 0,530 qram olmuşdur. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin işləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqatatəqdim edilmiş heroinlərə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1119 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin maddələrinin satışı ilə məşğul olub-olmadığı, məşğul olması müəyyən edildiyi halda onun kimə (kimlərə) satması əməliyyat yolu ilə müəyyən edilməsi qeyd edilmişdir. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs son dövrlərdə narkotik vasitələri satışı məqsədi ilə əldə edərək həm istifadə etməyə başlamış, həm də onlaın satışı ilə məşğul olmuşdur. Lakin onları satdığı şəxs və ya şəxslərin kimliyi barədə məlumat əldə etmək mümkün olmamışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, sonuncu dəfə Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə dörd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,177 qram, -0,204 qram, -0,182 qram və - 0,167 qram, ümumi təmiz çəkisi -0,730 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdiyi təsdiqedici ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar, 25.10. 2022-ci il tarixli «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin və müdafiəçisinin çıxışlarının aşkar olunmuş narkotik vasitə heroinin, həmçinin elektron tərəzinin ona məxsus olmaması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və DVD diskdə olan videogörüntülərlə təkzib olunur. Belə ki, təqsirləndirlən şəxs ibtidai istintaq zamanı müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə istər şəxsi axtarış zamanı verdiyi ifadəsində, istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, həmçinin cinayət işinin materialları ilə tanış olan zamanı protokola etdiyi qeydlərdə üzərindən aşkar edilmiş narkotik vasitənin, həmçinin elektron tərəzinin ona məxsus olduğunu, lakin özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, yəni satış məqsədinin olmadığını bildirmişdir. Buna görə də məhkəmə aşkar edilmiş, dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrin, həmçinin elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olması hissəsində təqsirləndirilən şəxsin məhkəmə istintaqında deyil, ibtidai istintaq dövründə verdiyi ifadəsini inanadırıcı hesab edir. Məhkəmədə təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor və ya psixiki təsir göstərilməmişdir. Bu hal ona dəlalət edir ki, təqsirləndirlən şəxs heç bir təziqlə üzləşmədən sərbəst olaraq ibtidai istintaq zamanı ifadə vermiş və ondan aşkar olunmuş narkotik vasitə ilə elektron tərəzini özünə məxsus olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Habelə ona qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yənin əvvələr 2 dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı halları müəyyən etmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs sonuncu dəfə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhklumluğu ödənilmədiyi dövrdə o, hazırki cinayət əməlini törətmişdir. Buna görə də o, məhkumluğu olan şəxs hesab edilməlidir. Bununla yanaşı məhkumluğu dövründə hazırki cinayət əməlinin törətməsi cinayətin residivini yaratmır. Belə ki, Təqsirləndirilən şəxs təyin edilmiş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə əlaqədar olmadığından CM-nin 18.4.4-cü maddəsinə əsasən onun tərəfindən hazırki iş üzrə yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,530 qram olan narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,530 qram olan narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-115/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-115/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver