Məhkəmə qərarları › İş №1(049)-115/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-115/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-115/2025 04.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, subay, orta ixtisas təhsilli, ünvan 2 məktəbində müəllim işləyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində məhkəməyə verilmişdir, ondan ötrü ki, o, anası X1 xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə müraciətləri əsasında Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qüvvədə qalması ilə bağlı Lənkəran Rayon Məhkəməsininin xx.xx.2024-cü il tarixli qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət etmiş, həmin məhkəmənin hakimi Zərərçəkmiş şəxs icraatına daxil olan sözügedən şikayət əsasında qeydiyyata alınmış 6(106)-57/2024 nömrəli məhkəmə işi üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında anası Səhər Nəhmətovanın nümayəndəsi qismində prosesdə iştirak etdikdən sonra şikayəti təmin edilmədiyi üçün xx.xx.2024-cü il tarixdə saat 10:23-də yaşadığı Lənkəran şəhəri, Sabir küçəsi, dalan 1, ev 16-da olan zaman şəxsi istifadə etdiyi mobil telefonuna yüklədiyi “Elektron Məhkəmə” informasiya sisteminə daxil olub özünə məxsus elektron kabinetdə elektron imza ilə təsdiq edərək kabinetə yerləşdirməklə həmin məhkəmənin sədri X3 adına müraciət ünvanlayıb, ondan rüşvət istəmədiyi halda, şikayətinin təmin edilməsi müqabilində, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zərərçəkmiş şəxs guya ondan rüşvət istəməsi barədə, yəni hakim tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulan ağır cinayətin törədilməsi haqqında biləbilə yalan məlumat verib xəbərçilik etmişdir. Həmin cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək iş baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, cinayət qanunuverciliyinə görə bilə-bilə yalan xəbərçilik etmə cinayətinin ictimai təhlükəliliyi həmin əməlin törədilməsi nəticəsində məhkəmə, təhqiqat və ibtidai istintaq orqanının normal fəaliyyətinin, habelə, ayrı-ayrı şəxslərin əsassız olaraq cinayət təqibinə məruz qalmaqla əlaqədar rahatlığının pozulmasında ifadə olunur. Əsas obyekt qismində ədalət mühakiməsinin mənafeyi, əlavə obyekt qismində isə vətəndaşların hüquq və qanuni mənafeləri çıxış edir. Cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxsdir. Cinayətin edilməsi haqqında xəbərçilik etmə dedikdə, həm başa çatmış cinayət haqqında, həm də cinayətə hazırlıq və ya cinayəti etməyə cəhd haqqında məlumatların müxtəlif formalarda (şifahi, yazılı, telefonla, şəxsən, vasitəçinin köməkliyi ilə vəs.) müvafiq dövlət orqanlarına və ya vəzifəli şəxslərə çatdırılması başa düşülür. Cinayətin edilməsi haqqında xəbərçilik etmə o halda cinayət hesab edilir ki, verilən məlumat yalan olsun. Məlumatlar törədilməmiş, hazırlanmayan cinayət, habelə cinayəti törətməmiş şəxs barəsində olduqda yalan hesab ediləcəkdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 204.3-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs on altı yaşına çatmışsa, ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir. Göründüyü kimi, qanunun bu norması imperativ xarakter daşıyır. Lakin iş materillarından görünür ki, Təqsirləndirilən şəxs izahatı alınarkən qanunverciliyin tələbinə uyğun olaraq bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilməmiş və yazılı xəbərdarlığın məlumatı verən şəxs tərəfindən öz imzası ilə təsdiq edilməsi təmin edilməmişdir. İstintaq orqanı tərəfindən xx.xx.2025-ci ildə Təqsirləndirilən şəxs izahatı alınarkən “hakim Zərərçəkmiş şəxs sizdən rüşvət istəməsi barədə verdiyiniz faktın təsdiqini tapmadığı halda bilə-bilə yalan məlumat vermiş olduğunuzu dərk edirsinizmi” məzmunda sual verilməklə kifayətlənmişdir. Həm izahatında, həm də cinayət işi başlandıqdan sonra ibtidai istintaq zamanı da təqsirləndirilən şəxs “məhkəmədən, hakimin köməkçisi tərəfindən mənə iş vaxtından kənar dəfələrlə zəng vurularaq mənimlə danışmaq istənildiyi üçün mən zənn etmişəm ki, məndən rüşvət istəyirlər” məzmunlu ifadələr vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş obyektiv cəhətinin tərkib əlamətləri yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs ağır cinayətin törədilməsi haqqında bilə-bilə yalan məlumat verib xəbərçilik etməsinə dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunan əsaslara görə Təqsirləndirilən şəxs əməlində ağır cinayətin törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayəti olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə elan edilmiş ittihamın müdafiəsindən imtina edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının vəsatətinə münasibət bildirərək həmin vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib təqsirləndirilən şəxsin fikrini dinləyərək hesab edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı CM-nin 296.2-ci maddəsi ilə olan ittihamın müdafiəsindən imtina edilməsi barədə vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Həmin Məcəllənin 84.6 və 84.6.9-cu maddələrinin məzmununa görə məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokurorun bu Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə, həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina etdiyinə görə ona qarşı olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2, 41.3 və 305.1-ci maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2, 41.3, 300.1.7, 305.1, 305.2, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina etməsi barədə vəsatəti əsasında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2, 41.3 və 305.1-ci maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar