Məhkəmə qərarları › İş №1(049)-116/2022

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-116/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-116/2022 07.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 26 avqust 1975-ci il tarixdə Lənkəran rayonu, Veravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Lənkəran Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(049)-88/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərarına əsasən 2 ay müddətinə vaxtından əvvəl şərti azad edilmiş, 09 sentyabr 2020-ci il tarixdə cəzaçəkmə müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirməklə qaçırmış və satış məqsədi olmadan qanunsuz olaraq nаrkоtik vаsitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, о, 01 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində, Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin inzibati binasmın qarşısında, sahibi Zərərçəkmiş şəxs tərəfindən parklanmış halda nəzarətsiz saxlanılmış “Vaz 21065 minik” markalı **-CD- *** dövlət qeydiyyat nişanlı avtomobilin yanından piyada keçərkən açarının üzərində qaldığını görüb, qiyməti 4000 manat olan həmin avtomobili talama məqsədi olmadan, yəni Lənkəran şəhəri ərazisində gəzmək məqsədilə ələ keçirməklə qaçırmaq qərarına gələrək, bu niyyətlə yerdən götürdüyü daş parçası ilə avtomobilin ön sol qapısındakı şüşənin nəfəsliyinə vurmaqla aralayıb qapını açdıqdan sonra istifadə etməyə icazəsi və hüququ olmadan avtomobilin sükanı arxasında əyləşərək işə salıb, hərəkətə gətirərək, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçıraraq oradan uzaqlaşmış, qaçırdığı avtomobillə həmin gün, saat 14 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının xidməti avtomobildə hərəkət etdiklərini görüb yaxalanacağından ehtiyyat edib, avtomobili yüksək sürətlə idarə edərkən idarəetməni itirərək avtomobili həmin küçədə, yol kənarındakı maneəyə çırpıb avtomobilin sahibi Zərərçəkmiş şəxs 845 manat məbləğində ziyan vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətməsi səbəbindən avtomobildən düşərək hadisə yerini tərk etmişdir. Bundan başaqa o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,253 qram və 0,525 qram; ümumi təmiz çəkisi 0,778 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 01 oktyabr 2021-ci il tarixdə, qaçırdığı “Vaz 21065 minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə törətdiyi yol-nəqliyyat hadisəsi yerindən uzaqlaşdıqdan sonra həmin gün saat 14:25 dəqiqədə Lənkəran ŞRPŞ-nm əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümdə və çəkidə olan narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə CM-nin 185.1ci maddəsi ilə tam təqsirli, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o uzun müddət, təxminən 10 ildir ki, narkotik vasitədən istifadə etmişdir. Lakin tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. 01 oktyabr 2021ci il tarixdə, saat 10 radələrində Lənkəran Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının qarşısında **-CD-*** dövlət qeydiyyat nömrəli VAZ 21065 markal avtomobilin üzərində açarını görüb sürmək istəmiş və avtomobilin şüşəsini qırıb avtomobili işə salıb oradan uzaqlaşmışdır. Həmin gün saat 14 radələrində avtomobilin idarəetməsini itirib Lənkəran şəhəri, Koroğlu küçəsində avtomobili yol kənarındakı maneəyə çırpmışdır. Hadisə zamanı ayıq olmuş, üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı məcbur olub etirafedici ifadə vermişdir. İbtidai istintaq zamanı döyülmüş və bu barədə müraciətlər etsə də nəticəsi olmamışdır. Məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan məhkəmə iclasında elan edilməklə araşdırılmış təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və cinayət işinin 87-89-cu vərəqlərində olan ifadəsinin məzmunundan görünür ki, müdafiəçinin iştirakı ilə dindirilərkən Təqsirləndirilən şəxs ittiham olunduğu hər iki əməl üzrə özünü tam təqsirli bilərək 01 oktyabr 2021-ci il taruxdə, saat 14 radələrində qaçırdığı avtombillə hərəkət edərək Lənkəran şəhəri 5 saylı orta məktəbin yaxınlığında əvvəllər də üzdən tanıdığı şəxsdən 35 manata üç büküm narkotik vasitə heroin almışdır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs oğu ifadəsində göstərdi ki, Ona məxsus ağ rəngli, VAZ 21065 markalı, ** CD *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili vardır. xx.xx.2021-ci il tarixdə 10 radələrində VAZ 21065 markalı, ** CD *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobillə o, Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən Hərbi vətənbərvərlik və mütəxəssis hazırlığı MMC-nin 2 saylı Lənkəran filialının inzibati binasına işə gəlmişdir. Avtomobili inzbati binanın üzbəüz hissəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Lənkəran rayon şöbəsinin inzibati binasının qarşısında saxlamışdır. Avtomobildən düşdükdə avtomobilin açarını üzərində saxlamışdır. Təhlükəsizlik pultu ilə isə avtomobilin qapılarını bağlayıb iş yerinə getmişdir. Təxminən 10 dəqiqə sonra avtomobilinin təhlükəszilik (siqanlizasiyasının) səsinin gəldiyini eşitmişdir. Bu zaman 3-cü mərtəbədə yerləşən iş otağından çıxıb aşağı düşüb avtomobili saxladığı yerə tərəf getdikdə isə avtomobilinin orada olmadığını görmüşdür.Həmin zaman küçədə xeyli adam olduğunu görmüşdür. Onlardan avtomobili saxladığı yeri göstərərək, avtomobilin harada olduğunu soruşduqda, tanımadığı bir neçə şəxs ona bir nəfər şəxsin avtomobilinin yanında qalaraq öz avtomobilinin açarını itirdiyini və yerdən daş parçası götürərək, qabaq yan tərəfdən qabaq şüşəsini sındırdığını və sonra avtomobilini işə salıb uzaqşaldığını bildirmişdir. Həmin şəxsin zahiri əlamətləri barədə soruşduqda arıq, uzun bədən qurluşlu, üzündə saqqalı olan bir şəxsin olduğunu bildirmişdir. O da bu hadisədən dərhal sonra DİNin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Sonradan avtomobilini Lənkəran rayonu Şilavar kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını və avtomobili ilə Lənkəran şəhəri Koroğlu küçəsində maneəyə çırpılaraq yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Avtomobilinin 2001-ci il istehsalı, VAZ-2106 markalı olmaqla ağ rənglidir. Təxmini qiyməti 4000 manat qiymətindədir. Avtomobilinə vurulmuş ziyan ödənilməmiş, məcbur olub avtomobilini özü təmir etdirmişdir. Ona vurulmuş ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs avtomobili qaçırması, narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 01 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin edildikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdim etməsi təklif edildikdən sonra sonuncu şalvarının sağ yan cibindən iki ədəd bükümdə olan kütlə təqdim etmişdir. Təqdim edilən bükümə keçirilən baxış zamanı içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir, Lənkəran şəhərində, 5 nömrəli məktəbin yanında tanımadığı şəxsdən 35 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat baş müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs avtomobili qaçırması, narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı şöbənin əməliyyat müvəkkili Şahid2 icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 01 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edildikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdim etməsi təklif edildikdən sonra sonuncu şalvarının sağ yan cibindən iki ədəd bükümdə olan kütlə təqdim etmişdir. Təqdim edilən bükümə keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir, Lənkəran şəhərində, 5 nömrəli məktəbin yanında tanımadığı şəxsdən 35 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra bu barədə protokol tərtib edilərək imzalanmışdır. Cinayət işinin 54-59-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Hadisə yerinə baxış aparılması haqqında” 01 oktyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Lənkəran şəhəri, H.Abdullayev küçəsi, SHXÇDX-nin Lənkəran Rayon Şöbəsinin qarşıdır. Cinayət işinin 65-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 02 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, **-CD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 845 manatdır. Cinayət işinin 33-34-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, sonuncu həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində 5 saylı orta məktəbin yanında tanımadığı şəxsdən 35 manata aldığını bildirmişdir. Cinayət işinin 41-44-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 oktyabr 2021-ci il tarixli, 19/991 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş iki ədəd bükümdə 0.253 və 0.525 qram olmaqla ümumi təmiz çəkisi 0,778 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanan narkotik vasitə heroindir. Cinayət işinin 102-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 1077 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 104-105-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 977 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 124-125-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, tədqiqat keçirildikdən sonra qalan 0.678 qram çəkidə narkotik vasitə heroin isə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, VAZ 21065 markalı, **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsi axtarış zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, iş materialarında olan məhkəmə tibbi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 977 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi onun əvvəllər məhkum edilmiş şəxs kimi hüquq mühafizə orqanlarına qarşı neqativ yanaşmasının təzahürü olmaqla bərabər gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, mütəxəssis və ekspertiza rəylərini tədqiq edib CPM-nin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,778 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 185.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 19-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-97-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 03 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 128-129-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Nəzirov X2 rayon, Şilavar kəndində arvadı və iki oğlu ilə birlikdə yaşayır və yaşadığı müddətdə onun barəsində şikayət olmamışdır. Cinayət işinin 116-118-ci vərəqlərrndə olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə və hökmlə ilə müəyyən edilmişdir ki, Nəzirov X2 Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(049)-88/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərarına əsasən 2 ay müddətinə vaxtından əvvəl şərti azad edilmiş, 09 sentyabr 2020-ci il tarixdə cəzaçəkmə müddəti başa çatmışdır. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı tarixdən, yəni 09 sentyabr 2020-ci il tarixdən iki il keçməmiş 01 oktyabr 2021-ci il tarixdə hazırkı cinayət əməllərini törətdiyindən o, CM-nin 83.1-ci maddəsinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməl cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan bir il müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 185.1 və 234.1-ci maddələrinin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli, 1077 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.678 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalı, VAZ 21065 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılmaqla icra edilmiş hesab edilməlidir. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 185.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 185.1ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.678 qram qalıq çəkisi olan heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. VAZ 21065 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılmaqla icra edilmiş hesab edilsin. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxs vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar