Məhkəmə qərarları › İş №1(049)-116/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-116/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-116/2024 18.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və barəsində şikayət verilmiş şəxs X2 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə təqsirli bilinərək qanunla müəyyən edilmiş müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə təqsirli bilinərək qanunla müəyyən edilmiş müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, Osaküçə kənd sakini X4 barəsində dəfələrlə şikayət etdiyinə baxmayaraq yenidən hər gün ailəsinin şəxsi həyatına müdaxilələr edir. O, xx.xx.2023-cü il tarixində ona qarşı kütləvi insanların olduğu yerlərdə həmçinin Lənkəran şəhər mərkəzi bazar ərazisində təhqiramiz fikirlər söyləyərək onu ağır cinayət əməlinin törədilməsində ittiham etmişdir. Bu əməlləri törətməyə hələ də davam etməkdədir. Bu şəxs daha sonra isə ictimayyətin gözü önündə küçə söyüşləri ilə onu təhqir edir və əmlakına ziyan vurararaq bu əməlləri davamlı olaraq tətbiq edir. Həmin şəxs satdığı məhsulları yerə dağıtmış, ailə üzvlərinə əlaqə telefon vasitəsilə zəng edib təhqir etmişdir. xx.xx.2023-cü il 16:30 radələrində mülkiyyətində olan avtomobilin üzərini cızmışdır. O, bazarda bir vətəndaşa həyat yoldaşının nömrəsini verərək ona zəng etdirmişdir. Bunu etməkdə məqsədi onu hər hansısa bir cinayət törətməyinə sövq etməkdir. Bununla yanaşı bu kimi bir sıra cinayət əməlləri törədərək ümumilikdə əmlaklarına təqribən 3.000 (üç min) manat dəyərində talamaqla ziyan vurmuşdur. Eyni zamanda o, xx.xx.2023-cü il tarixində onu ölümlə hədələyərək şərəf və ləyaqətini alçaltmışdır. X5 ona qarşı törətmiş olduğu cinayət əməllərini dəfələrlə öz izahatlarında bildirsə də buna baxmayaraq onun barəsində Lənkəran Rayon Şəhər Polis şöbəsi tərəfindən bir tədbir görülməmişdir. Ona məlumdur ki, Cinayət Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən şəxs öz cinayət əməlini etiraf edərsə onunla bağlı cinayət işinə başlanılmalıdır. Hesab edir ki, İlhamə adlı şəxs barəsində cinayət işinin başlanılmaması təhqiqatçılar tərəfindən işin mülkiləşdirmə prinsipinin qərəzli şəkildə aparılmasından xəbər verir. Hər dəfə çıxarılan qərarlarda işin cinayət tərkibli olmadığı qərara alınır. Bu da onun hüquqlarının davamlı olaraq pozulmasına və ona qarşı fərqli cinayət əməllərinin davam etdirilməsinə yol açır. X1 qadağan olunan marqanis ilə saxlanılaraq polisə yalan məlumat vermiş və həmin marqanisi güya ki, ondan aldığını bildirmişdir. Polisin araşdırmaları nəticəsində aşkar olunmuşdur ki, onun bu cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Əvvəllər də etmiş olduğu şikayətlərdən və ərizəsinə əlavə etdiyi qərarlardan da məlumdur ki, X5 artıq uzun müddətdir ona böhtan atmağa davam etməkdədir. Lakin dəfələrlə şikayət etməyinə baxmayaraq, cinayət işinin başlanılmasına rədd qərarı verilir. Təqsirləndirilən şəxsin onun ünvanına yalan ifadələrlə böhtan ataraq cəmiyyət arasında böhtan xarakterli çıxışları etməklə artıq əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibini yaratmışdır. O, eyni hallarla təhqirlərə davam etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini də törətdiyi əməllərlə yaratmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barələrində şikayət verilmiş şəxs X3 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Barəsində şikayət verilmiş şəxs X5 məhkəmə hazırlıq iclasında iştirak edərək izahatında bildirdi ki, İsmayıl Əliyevin onun barəsində qeyd etdikləri tamamilə yalandır və həqiqəti əks etdirmir. Barəsində olan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.5-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği)», «şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi» göstərilməlidir. Həmçinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə X5 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin harada, nə vaxt və necə törədilməsi barədə ətraflı məlumat qeyd edilməmişdir və bu barədə məhkəməyə hər-hansı əsaslı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Eyni Məcəllənin 302.1.7-ci maddəsinə əsasən «şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsinin tələblərinə cavab vermir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə təqsirli bilinərək qanunla müəyyən edilmiş müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar