Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-117/2023 02.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi istirakları ilə, saat 12:10 xx.xx.1988-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında Lənkəran rayonu ərazisində, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda təmiz çəkisi, 5.454 qram və bir ədəd kazbek siqaretinin (papirosun) içərisində təmiz çəkisi, 0.591 qram olan bitki mənşəli tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış və 03 dekabr 2022-ci il tarixdə, saat 12:10 dəqiqədə Daxili İşlər Nazirliyi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Balıqçılar qəsəbəsində, küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman həmin kibrit qutusunda və bir ədəd papirosda narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən, bəzən də marixuanadan istifadə edir. Əldə etdiyi narkotik vasitələri adətən Lənkəran şəhəri ərazisində tanımadığı şəxslərdən alır. 03 dekabr 2022-ci il tarixdə, səhər saatlarında Balıqçılar qəsəbəsində olarkən orada bir nəfər üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün bir ədəd kibrit qutusunda və bir ədəd papirosda qurudulmuş marixuana alıb 30 manat pul vermişdir. Aldığı həmin vasitələri əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyub evinə doğru piyada gedərkən yolda bir neçə nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib üzərinə şəxsi axtarış keçirilməsindən ötrü onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Onlarla birlikdə polis şöbəsinə getmiş və şöbədə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşyalar saxladığı təqdirdə təqdim etməsi təklif olunmuşdur. O da istifadəsi üçün aldığı və əynində olan gödəkçənin sağ yan cibində saxladığı kibrit qutusunu və papirosu polis əməkdaşına təqdim edərək kibrit qutusunun içərisində marixuana olduğunu və istifadəsi üçün aldığını demişdir. Həmin kütlələr onun iştirakı ilə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİnin X6 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, icraatına Lənkəran rayon Balıqçılar qəsəbə sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlaması və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatla əlaqədar Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış və qrupa rəhbərliyi özü etmişdir. 03 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayon Balıqçılar qəsəbəsində piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özünü təqdim etmişdir. Sonra ona üzərində qanunsuz narkotik vasitə gəzdirməsində şübhələr olduğunu deyib üzərinə şəxsi axtarış keçirilməsindən ötrü şöbəyə dəvət etmişdir. Şöbədə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilmiş və axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar saxladığı təqdirdə təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu və 01 ədəd siqareti təqdim edərək kibrit qutusunda və papirosun içərisində şəxsi istifadəsi üçün aldığı narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı Balıqçılar qəsəbəsində 30 manata aldığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə və papiros ayrı-ayrı zərflərə qablaşdırılmış, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə, saat 12:10-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə barədə protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun və papirosun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin kibrit qutusunun və papirosun içərisində aşkar edilmiş qurudulmuş marixuananın özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini təsdiq edir. Məhkəmə-kimyəvi ekspertizasının 03 dekabr 2022-ci il tarixli 19/1232 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5.454 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və 1 ədəd istifadə üçün hazırlanmış kazbek siqaretinin (papirosun) içərisində təmiz çəkisi 0.591 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bittkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanadan 0.04 qramı tədqiqata sərf edilmişdir, qalıq çəkisi-6.005 qram, tütündən 0.02 qramı tədqiqata sərf edilmişdir, qalıq çəkisi- 0.350 qramdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd kibrit qutusundakı və 01 ədəd kazbek siqaretinin (papirosun) içərisindəki ümumi təmiz çəkisi:-6.045 qram olan qurudulmuş marixuanalar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə ambulator-narkoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 125 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür Lənkəran şəhər Psixitariya Xəstəxanasının 13 dekabr 2022-ci il tarixli 1032 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixitariya xəstəxanada qeydiyyatda deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdə, saat 12:00-da saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY–dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 5(049)-463/2022 saylı qərarı ilə Azərbaycan Respublikası DİN BNMİ-nin X6 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 03 dekabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Maddi sübut kimi tanınmaq haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 6,045 qram narkotik vasitə qurudulmuş marixuana və CD diskdə olan videogörüntü maddi sübut qismində tanınmış, qalıq çəkisi 6,005 qram narkorik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi və CD diskin iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran ŞİHB-nin Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Balıqçılar qəsəbəsində arvadı X4, uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan dörd uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə saat 12:10-dan, 05 dekabr 2022-ci il saat tarixdə 12:00-dək 2 gün həbsdə olduğu müddət - bir günə iki gün hesablanmaqla, dörd gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, narkoloji rəyə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 6.045 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə saat 12:10-dan, 05 dekabr 2022-ci il saat tarixdə 12:00-dək iki gün həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - narkomaniyadan müalicə kursu keçmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış – 6.045 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materillarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-117/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-117/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver