Məhkəmə qərarları › İş №1(049)-117/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-117/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-117/2024 02.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 11:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1979-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ali təhsilli, 27 yanvar 2022-ci ildə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü hissəsinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, Lənkəran Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün xeyli miqdarda, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,143 qram və 0,283 qram olmaqla, ümumi təmiz çəkisi 0,426 qram ağ kristallardan ibarət maddələr olan psixotrop maddə metamfetamini, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,194 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən 21 dekabr 2023-cü il tarixdə saat 13:12 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri Nizami küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən qeyd edilən bükümlərdə və çəkidə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün məhkum edilmişdir. Həbsdən azad edildikdən sonra arabir psixotrop maddə metamfetamindən istifadə etmişdir. 21 dekabr 2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən yaşadığı evin yaxınlığındə keçədə olarkən bir qrup polis əməkdaşının ona yaxınlaşdığını görərək qaçmağa başlamışdır. Həmin vaxt üzərində bir bükümdə psixotrop maddə metamfetamin olmuşdur. Polis əməkdaşlarının onun həbs edəcəklərindən qorxaraq üzərində olan metamfetamini ağzına atmışdır. Polis əməkdaşları onu qovaraq tutmuşlar. Polis əməkdaşlarını tanımış və polislər onu 2023-cü ilin yay ayında da tutmuşdular. Polislər onu tutduqdan sonra Ruhid adlı polis əməkdaşı onun ağzından psixotrop maddəni çıxarmışlar. Sonradan onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində cinayət axtarış şöbəsinin Səbuhi və Əlvan adlı polis əməkdaşları tərəfindən döyülərək, Altay adlı şəxsin mağazasından edilən oğurluğu boynuna alması ondan tələb edilmişdir. Sonradan Əlvan adlı polis əməkdaşı tərəfindən ona 3 ədəd bükümdə olan narkotik vasitə verilərək üzərində aparılacaq şəxsi axtarış zamanı özünə məxsus olmasını bildirməsi ondan tələb edilmişdir. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərilərək bildirilmişdir ki, həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirməsə evinə bir kiloqram narkotik vasitə qoyulacaq və onunla ittiham ediləcək. Məcbur olub üzərində aparılan şəxsi axtarış zamanı üç ədəd bükümdə olan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Lakin həmin narkotik vasitələr arasında tutularkən üzərində olan büküm olmamışdır. Belə ki, həmin bükümü o, tutularkən ağzına atdığından tüpürcəyi ilə islanmış və tamləğı pozulmuşdur. Lakin şəxsi axtarış zamanı təqdim etdiyi bükümlər arasında həmin əlamətlərə uyğun büküm olmamışdır. O, metamfetamini Lənkəran şəhərində yerləşən bazarda tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Həmçinin tutularkən və sonradan onun müqavilə əsasında vəkili Müdafiəçi ilə görüşünə icazə verilməyərək, buna imkan yaradılmamışdır. Ona dövlət hesabına vəkil təyin edilmiş, lakin o, əsasən müqavilə əsasında vəkilinin hüquqi xidmətindən istifadə etmək istəmişdir. Müqavilə əsasında vəkili Müdafiəçila yalnız barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata məhkəmədə baxılarkən görüşə bilmişdir. Belə ki, həmin işə baxılarkən hakim fasilə elan edərək, vəkili ilə görüşməsinə imkan yaratmışdır. Bununla da onun müdafiə hüququ istintaq orqanı tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Lənkəran şəhəri ünvan 3 ünvanda yaşayır. Ali təhsillidir. Ailəlidir. Bir azyaşlı uşağı vardır. O heç bir yerdə işləmir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə narkotik vasitələrdən istifadə etdiyi üçün 2021-ci ilin may ayında Lənkəran rayon Məhkəməsinin hökmü ilə 01 il 05 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin dekabr ayın əvvəllərində həbsdən azad olunmuşdur. 10 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri və psixotrop maddəni tanımadığı şəxslərdən alıb istifadə edir. Belə ki, 20 dekabr 2023-cü il tarixdə günorta saatlarında Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə tanımadığı şəxsdən 15 manata iki büküm metamfetamin və bir büküm narkotik vasitə heroin almışdır ki, istifadə etsin. Həmin narkotik vasitəni və psixotrop maddə metamfetamini əynində olan şalvarının sol yan cibində qoymuşdur ki, istifadə edər. 21 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Lənkəran şəhəri Nizami küçəsi ilə gedərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. O təhqiqatçısı polis mayoru Mircan Quliyev tərəfindən tutulmuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlamışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. O əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd nokia markalı mobil telefonu, şalvarının sol yan cibindən 2 büküm metamfetamini və bir büküm heroini və şalvarının sağ yan cibindən 5 manat pulu çıxarıb təqdim etmişdir. Nokia markalı mobil telefonda ona məxsus ***-***-**-**2 saylı mobil nömrə olmuşdur. Polis əməkdaşı üzərinə şəxsi axtarış keçirmişdir. Üzərindən başqa heçnə aşkarlanmamışdır. Pulu ona qaytarmışlar. Telefonu, metamfetamini və heroini götürmüşlər. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm metamfetamini və bir büküm heroini elektron tərəzidə çəkmişlər, metamfetaminin 0,64 qram, heroin isə 0,25 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm metamfetamini və bir büküm heroini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Həmin zərfin üstünü o və vəkili imzalamışlar. Bundan sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Tutduğu əməldən son dərəcə peşmandır. Psixotrop maddəni və narkotik vasitəni qəbul etməklə cinayət törətdiyini başa düşür, o narkotik maddələri və psixotrop maddələri heç vaxt satmamışdır. Psixotrop maddələrdən və narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində ona qarşı zor tətbiq edilməmiş və döyülməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 Bahəddin oğlu ifadəsində bildirdi ki, o, Lənkəran ŞRPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 dekabr 2023-cü il tarixdə Lənkəran şəhəri Nizami küçəsi ev 38-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 21 dekabr 2023-cü il tarixli qərarə əsasən o, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Lənkəran ŞRPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis mayoru Şahid2 birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 21 dekabr 2023-cü il tarixdə saat 12 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Nizami küçəsində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərmiş və buna baxmayaraq sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də, onu avtomobillə Lənkəran ŞRPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şöbənin baş təhqiqatçısı polis mayoru Mircan Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt polis baş leytenantı Şahid3 tərəfindən çəkiliş aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd nokia markalı mobil telefonu, şalvarın sol yan cibindən 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə və 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni, şalvarın sağ yn cibindən 5 manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdə metamfetaminə bənzər kütlə və bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlələrin çəkisi 0,64 qram, heroinə bənzər kütlənin çəkisi isə 0,25 qram olmuşdur. Daha sonra həmin heroinə və metmafetaminə bənzər kütlələr bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. 5 manat pul özünə qaytarılmışdır. Mobil telefonda ondan götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 2 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə isə narkotik vasitə heroin vardır, özünə məxsusdur, həmin kütlələri öz istifadəsi üçün 20 dekabr 2023-cü il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır. Bu barədə baş təhqiqatçı Mircan Quliyev tərəfindən protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edib götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kimdən alması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin narkotik vasitəni və psixotrop maddənin tanımadığı şəxsdən almışdır.Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadə etməsi, üzərində saxlaması barədə məlumatlar daxil olmuşdur. Onun narkotik vasitələrin və psixotrop maddələrin satması barədə məlumatlar daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və sonradan ona qarşı zor tətbiq edən və ya onu döyən olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 və Lənkəran ŞRPŞ-nin CABın əməliyyat müvəkkili Şahid3, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Lənkəran şəhəri Nizami küçəsi ev 33-də qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri Nizami küçəsi ev 45-də yaşadıyır. Təqsirləndirilən şəxs tanıdıyıq və onlar qonşudurlar. 21 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını və polis şöbəsinə gətirildiyini görməmişdir. Ruslanın polislər tərəfindən tutulduğunu onun atası Cəmildən eşitmişdir. İşin məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında ifadəsi elan edilməklə tədqiq edilmiş X6 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Cəlilabad Rayon Polis şöbəsinin Göytəpə polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis polkovnik-leytenantıdır. Bundan əvvəl Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin rəisi vəzifəsində işləmişdir. 21 dekabr 2023-cü il tarixdə Lənkəran şəhəri Nizami küçəsi ev 38də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə Lənkəran ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 məlumat əldə etmiş, sonuncu bölmənin digər əməliyyat müvəkkili Şahid3 və narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2lə birlikdə əməliyyat-axtarış tədbiri keçirib həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Nizami küçəsində saxlayıb Lənkəran ŞRPŞ-nə gətirmişlər. Lənkəran ŞRPŞ-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və üzərindən iki bükümdə 0,64 qram metamfetaminə bənzər kütlə və bir bükümdə 0,25 qram narkotik vasitə heroinə bənzər kütlə aşkarlanmışdır. O həmin tədbirdə iştirak etməmiş, lakin bölmə rəisi vəzifəsində işlədiyi üçün həmin tədbirdə iştirak edən əməliyyat müvəkkilləri bunu ona demişlər. Təqsirləndirilən şəxs ifadəsində onun və digər polis əməkdaşları tərəfindən döyülməsi barədə dedikləri yalandır. Belə ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə saat 13 radələrində saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində tutulduqdan sonra özü üzərində olan iki büküm metamfetamini və bir büküm heroini çəkiliş zamanı təqdim etmişdir. Həmin tədbirdə o iştirak etməmişdir. Polis şöbəsində ona hədə-qorxu gəlməmiş, üzərinə heç kim narkotik vasitə və psixotrop maddə qoymamışdır. Təqsirləndirilən şəxs döyməmiş və Altayın mağazasından edilmiş oğurluğu boynuna almasını da, deməmişdir. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunduğundan cinayət məsuliyyətindən azad olunmasından ötrü yalan danışır. O Təqsirləndirilən şəxs ilə bu barədə danışmamış və ona Altayın mağazasından edilmiş oğurluğu boynuna almasını və evindən 1 kq narkotik vasitə çıxaracağını da, deməmişdir. İşin məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında ifadəsi elan edilməklə tədqiq edilmiş X4 ifadəsində Lənkəran şəhəri Nizami küçəsi ev 33-də qeydiyyatda olmaqla, Lənkəran şəhəri Nizami küçəsi ev 45-də yaşadığını, Təqsirləndirilən şəxs tanıdığını və qonşu olduqlarını, 21 dekabr 2023-cü il tarixdə Bakı şəhərinə getdiyindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını və polis şöbəsinə gətirildiyini görmədiyini, sonuncunun polislər tərəfindən aparılmasını sonradan eşitdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X13 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə o, evdə olarkən qonşusu ona bildirmişdir ki, küçədə polis əməkdaşları oğlu Ruslanı həbs etmişlər. O, qızı Jalə ilə birlikdə küçəyə getmişdir və görmüşdür ki, polis əməkdaşları Ruslanı həbs edirlər. Oğlu Ruslan siqaret almağa gedərkən polis əməkdaşları tərəfindən həbs edilmişdir. Polis əməkdaşlarından Ruhid və Faiq adlı şəxsləri tanımışdır. Faiq ona bildirmişdir ki, yaxın gəlməsin. Ruhid adlı polis əməkdaşı əlində tüpürcəkli bir bükümü ona göstərərək bildirmişdir ki, həmin bükümü oğlunun ağzından çıxarmışlar. Oğlu mütəmadi olaraq narkotik vasitədən istifadə etmişdir. Lakin polis əməkdaşları oğlunu qonşusu Altay Tağıyevin evindən edilmiş oğurluqla əlaqadar həbs etmişlər. Həmin polis əməkdaşları 2023-cü ilin may ayında da oğlunu tutmuşdular və onlar oğlu ilə qərəzli münasibətdə olmuşlar. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X10 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 2023-cü ilin may ayında qardaşı Rusaln Lənkəran Şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. Sonradan onun şikayətlərindən sonra qardaşının barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, o, həbsdən azad edilmişdir. Bu səbəbdən polis əməkdaşları onun qərəzli münasibətdə olmuşlar. Əvvəllər qardaşı narkotikə aludə olduğu üçün ilk dəfə onu öz tanışları vasitəsilə həbs etdirmişdi. 2023-cü il dekabr ayının 21-də qonşusu atası Cəmilə bildirmişdir ki, qardaşı Ruslanı həbs ediblər. O, atası ilə birlikdə küçəyə gəlmişdir. Həmin vaxt polis əməkdaşlarının qardaşı Ruslanı yerə yıxdıqlarını görrmüşdür. Polis əməkdaşı Ruhid adlı şəxs əlində tutduğu tüpürcəkli bükümü onlara göstərmişdir, lakin o, bükümü dəqiq olaraq görməmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 21 dekabr 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən iki bükümdə 0,64 qram psixotrop maddə metamfetamini və bir bükümdə 0,25 qram narkotik vasitə heroini təqdim etmiş, o həmin psixotrop maddənin və narkotik vasitənin özünə məxsus olduğunu, 20 dekabr 2023-cü il tarixdə əldə edərək istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 21 dekabr 2023-cü il tarixli 19/1059 №-li rəyində göstərilmişdir ki, 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,194 qram olan maddə tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi: 0,143 qr; -0,283 qram olmaqla ümumi təmiz çəkisi 0,426 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı ı) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 25 dekabr 2023-cü il tarixli 1109 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından verilmiş tələbnamədən, hökmün surətindən və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra o, xx.xx.2021-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, xx.xx.2022-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü hissəsinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılıb, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə saat 13:40-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 28 dekabr 2023-cü il tarixli, 10111 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, 23 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnaməyə əsasən müəyyən edilir ki, Rəcəbli X5 şəhəri, Nizami küçəsi ev 38 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1 ədəd zərfdə 2 ədəd bükümdə ümumi 0,426 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə ümumi çəkisi 0,194 qram təşkil edən narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 1 ədəd zərfdə 2 ədəd bükümdə ümumi 0,326 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə ümumi çəkisi 0,144 qram təşkil edən narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması qərara alınmışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1258 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin başlanmasının rədd ediilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi ilə bağlı müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə sorğusu əsasında Ədliyyə Nazirliyi Penitensiat Xidmətin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş Təqsirləndirilən şəxs tibbi kartoçkasından görünür ki, o, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərkən bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. Məhkəmənin sorğusu əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Lənkəran şəhər sakini X2 əmlakının Təqsirləndirilən şəxs və digər şəxslər tərəfindən oğurlanması ilə əlaqədar olaraq Lənkəran ŞRPŞ-nin İstintaq bölməsinə daxil olan müraciətlər X2 əmlakının oğurlanması ilə əlaqadar başlanılmış cinayət işinə əlavə edilərək araşdırılır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ilkin olaraq oğurluq cinayətində ittiham edildiyi, bu cinayəti sübuta yetmədikdə isə polis əməkdaşlarının onu döyərək, narkotik vasitəni üstünə qoymaları, şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb etmələri, şəxsi axtarış zamanı üzərində olan narkotik vasitələrin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasən dindirilmiş şahidlər X13 və X7 ifadələrinə qiymət verərək, hesab edir ki, həmin şahidlər Təqsirləndirilən şəxs atası və bacısı olmaqla ifadələrində təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin şahidlər Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, təqsirləndirilən şəxsin üzərində qanunla qadağan edilmiş narkotik vasitənin olub-olmamasına deyil, yalnız Təqsirləndirilən şəxs polis əməkdaşlar tərəfindən tutulması yeri və saxlanılarkən ağzından bükümün çıxarılması ilə əlaqədar ifadələr vermiş, sonuncunun üzərində narkotik vasitələrin olub-olmamasından məlumatlı olmamışlar. Həmçinin məhkəmə qeyd etdikəri bükümü dəqiq təsvir edə bilməmişlər. Eyni zamanda X13 və X7 ifadələrində qeyd etdikləri xüsusatlar iş üzrə digər sübutlarla öz təsdiqini tapmamışdır. O cümlədən, digər şahid X1 Rəcəblinin polis əməkdaşları tərəfindən saxlanılması barədə ümumiyyətlə məlumatı olmamış, sonradan Ruslanın atası Cəmildən eşitmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 dekabr 2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1 ədəd zərfdə 2 ədəd bükümdə ümumi 0,326 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə ümumi çəkisi 0,144 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1 ədəd zərfdə 2 ədəd bükümdə ümumi 0,326 qram psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə ümumi 0,144 qram narkotik vasitə heroin məhv edilsin və 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar