Məhkəmə qərarları › İş №1(049)-12/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-12/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-12/2025 05.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ailəli, iki azyaşlı uşağı olan, hal hazırda ünvan 1 ünvanında yaşayan və barəsində 03 may 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 mart 2024-cü ildə saat 16:40 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21061” minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə, köhnə Ələt-Astara–İran sərhədi yolunun Liman şəhər ərazisindən keçən 186cı km\də Ələt qəsəbə istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli, yol hərəkəti üçün təhlükəli şərait yaratmamalı, düzünə hərəkətdə olan minik avtomobilin hərəkətinə üstünlük verərək buraxmalı və sonra dönmə əməliyyatına başlamalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun sol hissəsinə doğru manevr etməklə əks hərəkət zolağa çıxmış, bu zaman Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21013” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncu avtomaşında olan sərnişin X10 döş qəfəsinin deformasiyası, qabırğaların çoxsaylı sınıqları (sol İİ-Xİ, sağ İİ-X) hər iki ağciyərin, plevranın zədələnməsi, döş boşluğunda qanaxma (1250 ml), sol bud sümüyünün qapalı yerini dəyişən qəlpəli sınığı, çənə nahiyyəsində əzilmiş yara, sol diz qapağı nahiyyəsində sıyrıq kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən, həmçinin sürücü Zərərçəkmiş şəxs sağ diz qapağının sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozularaq, sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü özünü qism’n təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “Vaz 21061” minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla, həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi var. 19 mart 2024-cü ildə saat 16:40 radələrində idarə etdiyi “Vaz 21061” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda təxminən 60 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Liman şəhər ərazisində yerləşən “Sovxoz” küçəsi adlanan yola dönmək üçün avtomaşının sürətini saatda 15km\ə qədər azaltmış, daha sonra yolun əks hərəkət zolağına bir qədər çıxmışdır. Həmin vaxtda əks istiqamətdən Vaz 21013 minik markalı avtomaşının sağ zolaqla yüksək sürətlə hərəkətdə olduğunu gördüyündən avtomaşının əyləcini basmış, lakin əks zolaqda avtomaşınlar qarşı-qarşıya toqquşmuşlar. Belə ki, Vaz 21013 minik markalı avtomaşının sürücüsü avtomaşını təyin edilmiş sürət həddindən artıq sürətlə idarə etdiyindən o, hadisənin qarşısını ala bilməmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində Vaz 21013 minik markalı avtomaşının sürücüsünwn də t’qsiri olmuşdur. Hadisə zamanı avtomaşınında tək özü xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışmışdır, onun maddi ziyanını tam ödəmişdir və ondan heç bir şikayəti yoxdur. Himayəsində iki azyaşlı övladı vardır. Etdiyi əməldən peşmandır. İttih olunduğu maddənin sanksiyası həddində ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi kimi X7 ifadəsində göstərmişdir ki, Lənkəran rayon Boladi kənd sakini mərhum Davud Nəsirov onun əridir. 19 mart 2024-cü ildə yaşadığı evdə olduğu zaman əri Davudun Ələt-Astara yolunda yol qəzasına düşməsini eşitmiş, daha sonra isə Davudun yol qəzasında aldığı xəsarətlərdən vəfat etdiyini bilmişdir. Sonradan hadisə barədə soraqlaşanda, Pərviz adlı oğlanın idarə etdiyi “Vaz 21061” minik markalı avtomaşının Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olduğu zaman əks tərəfdən gələn “Vaz 21013” minik markalı avtomaşınla toqquşması nəticəsində əri Davudun ağır bədən xəsarətləri aldığını bilmişdir. Hazırda ona məlum olmuşdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində “Vaz 21013” minik markalı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs da təqsiri vardır. Belə ki, Zərərçəkmiş şəxs həmin vaxt avtomaşını yüksək sürətlə idarə etdiyi üçün Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla hadisənin qarşısını ala bilməmişdir və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir və həyat yoldaşı vəfat etmişdir. Belə ki, həyat yoldaşının ölməsində. Zərərçəkmiş şəxs da təqsiri vardır. Bu səbəbdən onun da məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, onun ziyanını tam olaraq ödəmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. Ümumiyyətlə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs günahkar hesab etmir,hadisənin əsas günahkarı Zərərçəkmiş şəxsdir. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “Vaz 21013” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi var. 19 mart 2024-cü ildə saat 16:40 radələrində idarə etdiyi “Vaz 21013” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Liman şəhər ərazisindən keçdikdə, əks istiqamətdən hərəkətdə olan sonradan adını bildiyi Pərviz adlı oğlanın idarə etdiyi “Vaz 21061” minik markalı avtomaşının ani anda əks yola çıxmaqla “Sovxoz” küçəsi adlanan əraziyə dönmək istədiyini görmüşdür. Həmin vaxtda dərhal avtomaşının əyləcini basmış, lakin məsafə az olduğundan hadisədən yayına bilməmiş, nəticədə avtomaşınlar qarşı-qarşıya toqquşmuşlar. Hadisə zamanı avtomaşında olan sərnişinlərlə birgə müxtəlif bədən xəsarətləri almışdır. Hal-hazırda müalicəsi davam edir. X16 vəfat etdiyini sonradan bilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona qarşı dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 19 mart 2024-cü ildə saat 16:40 radələrində tanışı Mirşahinin idarə etdiyi “Vaz 21013” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Həmin vaxtda arxa sərnişin oturacaqda əyləşmişdir. Liman şəhər ərazisindən keçdikdə, əks istiqamətdən hərəkətdə olan “Vaz 21061” minik markalı avtomaşının ani anda əks yola çıxmaqla “Sovxoz” küçəsi adlanan əraziyə dönmək istədiyini görmüş, bu zaman Mirşahin dərhal avtomaşının əyləcini basmışdır. Lakin məsafə az olduğundan Mirşahin hadisədən yayına bilməmiş, nəticədə avtomaşınlar qarşı-qarşıya toqquşmuşlar. Hadisə zamanı avtomaşında olanlarla birgə müxtəlif bədən xəsarətləri almışdır. X16 vəfat etdiyini sonradan bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilən: Lənkəran rayonlararası narkoloji xəstəxananın 19 mart 2024-cü il tarixli 000393 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. DİN-nin BDYPİ QİŞ-in 29 mart 2024-cü il tarixli 3-13-16\2-52124\2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə BD serialı 429448 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Lənkəran rayon “MTE və PA” şöbəsinin 09 aprel 2024-cü il tarixli 05 nömrəli tibbi rəyindən görünür ki, X1 meytində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin deformasiyası, qabırğaların çoxsaylı sınıqları (sol İİ-Xİ, sağ İİ-X) hər iki ağciyərin, plevranın zədələnməsi, döş boşluğunda qanaxma (1250 ml), sol bud sümüyünün qapalı yerini dəyişən qəlpəli sınığı, çənə nahiyyəsində əzilmiş yara, sol diz qapağı nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 19 mart 2024-cü ildə sərnişini olduğu minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə - döş qəfəsin küt travması ilə əlaqədar qabırğaların çoxsaylı sınıqları, ağciyərlərin zədələnməsi, döş boşluğunda qanaxma (1250 ml) səbəb olmuşdur. AZ-İİ seriyalı, 417641 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Ölümün səbəbi kimi travmatik qanaxma göstərilmişdir. Lənkəran rayon “MTE və PA” şöbəsinin 09 aprel 2024-cü il tarixli 341 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ diz qapağının sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 19 mart 2024-cü il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 24 aprel 2024-cü il tarixli 3-16- 16\2-8\886 nömrəli rəyindən görünür ki, “Vaz 21061” minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manatdır. İş üzrə müdafiə tərəfinin əsasında məhkəmə tərəfindən təyin edilmiş kompleks məhkəmə yol nəqliyyat hadisəsi və məhkəmə nəqliyyat-trassoloji ekspertizasına dair Azərbaycan respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 15 yanvar 2025-ci il tarixli 8/3042 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş “VAZ-21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinüzərində (kapotda, qabaq bamperdə, qabaq sol qapıda, qabaq sol qapıda, qabaq sol dirəkdə, qabaq sol təkərdə), “VAZ-21061” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq bamperdə, qabaq sağ qanadda, qabaq sağ qapıda, qabaq sol qanadda, qabaq sağ təkərdə) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrinin biribiriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə VAZ-21013 markalı 42CB110 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Təqdim olunmuş məlumatlara əsasən VAZ-21061 markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən yolnəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti hadisə yerində qalmış tormoz izinə görə müəyyən edilir. Lakin yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola və iş materillarına əsasən hadisə yerində avtomobillərə məxsus tormoz izi qalmadığından həmin avtomobillərin hərəkət sürətlərini yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyidir. Ekspertiza tədqiqatının dəyəri 250 manatdır. AZ-İİİ seriyalı, 849362 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il təvəllüdlüdür və atası Təqsirləndirilən şəxsdur. AZ-İV seriyalı, 207078 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il təvəllüdlüdür və atası Təqsirləndirilən şəxsdur. “Qətimkan tədbirinin seçilməsi haqqında”03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, “VAZ-21013” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı və “VAZ-21061” minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ-21013” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs və “VAZ-21061” minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədə qeyd etmişdir ki, hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsi, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmaması, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, ondan şikayətinin olmamasını, etdiyi əməldən səmimi peşmançılığını və himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. CM-nin 263.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam «qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmış “VAZ-21013” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs, “VAZ-21061” minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – “VAZ-21013” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs, “VAZ-21061” minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 378 (üç yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE **********0002088501, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar